Məhkəmə qərarları › İş №2(105)-1867/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1867/2023

10.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1867/2023 10.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X11 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Quba Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(027)-1398/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-643/2017 saylı 24 fevral 2017-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək, 27 sentyabr 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər 220 manat sabit pul məbləğində alimentin, ödədiyi 50 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Quba Rayon Məhkəməsinin 24 fevral 2017-ci tarixli qətnaməsi ilə 27 sentyabr 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 24 yanvar 2017-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Belə ki, həmin məbləğin müəyyən olunmasından altı ildən artıq müddət keçmişdir. 100 manat məbləğində aliment bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün 220 manat nəzərdə tutulmuşdur. Qeyd olunan məbləğ hazırki bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşağın yeməyini, geyimini və digər maddi tələbatlarını ödəmir. Övladı məktəblidir. Maddi tələbatları artmışdır. Övladın maddi tələbatlarını valideynləri qarşılayır. Cavabdehin 2 ha gilas və başqa meyvələrdən ibarət bağı vardır. Otuz-qırx min manat gəlir əldə edir. Bundan başqa cavabdeh bənnadır. Aylıq gəliri 1000 (bir min) manat təşkil edir. Lakin övladının mənafeyi, dolanışığı, maddi tələbatları ilə maraqlanmır. Qeyd edir ki, cavabdeh ilkin həyat yoldaşı ilə birgə nikahlarından doğulmuş 2 övladına aliment vermək üçün formal qətnamə çıxartdırmış, hansı ki, uşaqlarından biri öz yanında, digəri isə sabiq həyat yoldaşının himayəsindədir. Bu da onu göstərir ki, cavabdeh alimenti ödəməkdən yayınmaq istəyir. Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 50 manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir.

3. İddia tələbinə dair etiraz daxil olmamışdır.

4. Quba Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(027)-1398/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)643/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ilkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manatın Cavabdeh tutularaq iddiaçı X2 verilməsi, alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim Vüqar Seyidov).

5. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56, 75, 78.1, 112.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 31 iyul 2023cü il tarixli, 2(027)-1398/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə birgə nikahdan bir övladı olmaqla yanaşı, X9 ilə nikahından da Aliyə və Murad adlı uşaqları var. İddiaçı 100 manat məbləğində aliment ödəməklə yanaşı, digər nikahdan olan övladlarının saxlanması üçün X7 da Sumqayıt Apellyasiya Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(105)- 1448/2020 saylı qətnaməsi ilə hər ay iki uşağın saxlanması üçün hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment ödəyir. Bir ata kimi övladlarını saxlamağa borclu olduğunun və bununla bağlı vəzifələrinin olduğunun fərqindədir. Lakin heç bir yerdə işləmədiyi və maddi imkanı olmadığı üçün yuxarıda qeyd etdiyi aliment məbləqlərini çətinliklə ödəyir. Alimentin miqdarının artırılaraq 160 manat məbləğində müəyyən olunması isə iddiaçı ilə birgə nikahdan olan azyaşlı övladının təlabatlarının ödənilməməsinə səbəb ola bilər. Quba Rayon Məhkəməsinin diqqətinə yuxarıda qeyd etdiyi bütün halları çatdırmağına, maddi vəziyyətinin yaxşılaşmasına səbəb olan hər hansı halın baş verməməsinə, hətta X4 filialında işsiz kimi qeydiyyatda olmağına, rəsmi heç bir gəlir yerinin olmamasına, digər nikahdan olan övladlarının saxlanması üçün də aliment ödəməyinə baxmayaraq iddiaçının iddiası qismən təmin edilərək aliment məbləği 100 manatdan 160 manata qədər artırılmışdır. Hazırki vəziyyətdə maddi vəziyyətinin yaxşılaşmasına səbəb olan hər hansı hal mövcud deyil, əksinə maddi vəziyyəti daha da ağırlaşmışdır. Lakin Quba Rayon Məhkəməsi tərəfindən qeyd etdiyi hallar nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 8.İddiaçı məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, cavabdehin rəsmi iş yeri olmasa da fərdi təsərrüfatla məşğuldur, 2 ha gilas bağı var, 30000-40000 manat gəliri olur, özü bənnadır, aylıq 1000 manat qazanır. Birinci nikahından olan uşağın biri özü ilə, biri də arvadı ilə yaşayır. Özü isə heç bir yerdə işləmir, maddi vəziyyəti aşağıdır. Övladı məktəblidir, maddi tələbatı artıb. Təyin edilmiş 160 manat aliment də uşağın tələbatlarını ödəmir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, fəhlə işləyir. Başqa övladlarına da 240 manat aliment verir. Aliment məbləğinin azaldılmasını xahiş edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(027)-1398/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edirəm.

10. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maadə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

14. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir.

15. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3. Aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısının izahalartını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə Aytən adlı uşaq doğulmuşdur;

19. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-643/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı Mövludğa qızı ilə X8 arasında 27 sentyabr 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 24 yanvar 2017-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir;

20. xx.xx.2023-cü il tarixli, MŞQ-MT-027-2023-00403 saylı ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, X3 ilkin mediasiya sessiyasında iştriak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödədi.

21. Birinci instansiya məhkəməsi uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə yetkilik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb hesab edir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanmalıdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razışaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir.

23. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

24. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün müəyyən edilmiş 100 manat məbləğindəki aliment 2017-ci ilin fevral ayında, yəni uşağın 3 yaşı olanda tutulmuş, hazırda isə uşağın 9 yaşı var.

25. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna 6 dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır.

26. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə artırılmış alimentin tutulma vaxtının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı olması barədə gəldiyi nəticədə haqlı olmuşdur.

27. Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz.

28. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır.

29. Həmçinin iddia tələbi qismən təmin edildiyi və iddiaçı dövlət rüsumu ödənilməsindən azad olduğu üçün ödənilmiş mediasiya xərci və ödənilməli olan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. 30.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilməsinə baxmayaraq alimentin məbləğini dəyişdirərək 160 manat müəyyən edərkən işin hallarına, eləcə də cavabdehin maddi vəziyyətinə uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir.

31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə, maddi vəziyyətinin aşağı olması, birinci nikahından 2 uşağının olması, onlara 240 manat aliment ödəməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, göstərilən dəlillər cavabdehin uşağını saxlamaq öhdəliyindən azad etmir.

32. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas sayıla bilməz.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(027)- 1398/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Quba Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(027)-1398/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar