Məhkəmə qərarları › İş №2(105)-1872/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1872/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1872/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(012)-852/2019 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(012)-852/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə 368,40 manat və ödənilmiş dövlət rüsumuna görə 5,40 manat, cəmi 373,80 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2(105)-1192/2020 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(012)-852/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(102)-1242/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2(105)- 1192/2020 saylı qətnaməsi qismən-mübahisələndirilən hissədə, yəni iddianın rədd olunan hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 2040,8 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2070,8 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı Bakı X6 Departamentində qeydiyyatda olmaqla 13.09.2013-cü il tarixli, 34332 nömrəli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı tərəfindən **********04760 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1702AZ**********13 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh 09.03.2017-ci il tarixli, ******* saylı akt əsasında 518,4 manat və 20.01.2018-ci il tarixli ******* saylı akt əsasında 927 manat cəmi 1445,4 manat (3E proqramına keçirilən borcdan xaric) İddiaçınə ziyan vurmuşdur. Cavabdeh “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə görürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hazırda Cavabdeh təbii qazdan istifadə qaydalarını pozduğuna görə 2040,8 manat (3E proqramına keçən borcla) debitor borcu qalmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, Cavabdeh məxsus fərdi yaşayış evində istifadə edilmiş 2040,80 manat əvvəlki borcu 3E proqramına keçirilmişdir. 3E proqramı: istehlakçının mənzilində smartkart tipli qaz sayğacı quraşdırıldıqdan sonra xüsusi kart vasitəsi ilə istehlakçı öncədən ödənişlər aparır və təbii qazdan fasiləsiz istifadə edir. Əgər smartkartda sayğacdan əvvələ quraşdırılmış mexaniki qaz sayğacından istifadə nəticəsində debitor borc qalırsa, həmin borc məbləği xüsusi karta keçirilir və hər dəfə karta pul məbləği yüklənərkən 30% debitor borca (borc qurtaranadək), 70% təbii qazdan istifadə üçün yüklənir. Lakin Cavabdeh təbii qazdan qanunsuz istifadə edərək qaz xəttinə qanunsuz qoşulma yolu ilə özünə qaz təminatını həyata keçirmişdir. Belə ki, Cavabdeh 09.03.2017-ci il tarixli, ******* saylı akt əsasında 518,40 manat və 20.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 927,40 manat, cəmi 1445,40 manat (3E praqramına keçirilən borcdan xaric) İddiaçınə ziyan vurmuşdur. Cavabdeh “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə görürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hazırda Cavabdeh təbii qazdan istifadə qaydalarını pozduğuna görə 2040,80 manat (3E proqramına keçirilən borcdan xaric) debitor borcu qalmışdır. Cavabdeh məhkəmə iclaslarında qaz xəttinə qeyri-qanuni qoşulduğunu etiraf etmişdir. Lakin məhkəmə cavabdehin təbii qazdan qanunsuz istifadə etməyi nəticəsində İddiaçınə 368,40 manat dəyərində ziyanın dəyməsi barədə əsassız nəticəyə gəlmiş, bununla da prosessual qaydalar pozulmuşdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddianın rədd edilən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə ollaraq göstərdi ki, 2017-ci ildə yalnız bir dəfə rezin boru ilə qaz xəttinə qoşulmuş, lakin həmin vaxt qazdan istifadə etməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi bu hissədə təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 13.09.2013-cü il tarixli, 34332 saylı qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı 10.03.2017-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman qeyri qanuni olaraq sayğacdan kənar rezin boru ilə təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 17 mart 2017-ci il tarixli itirilmiş qazın bərpası üzrə tələblərin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 4635 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 20.01.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar diametri 15 mm olan rezin boru vasitəsi ilə təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa qaytararkən, apellyasiya məhkəməsinin iddianın rədd olunan hissəsində işə baxarkən maddi və prosessual normaların tələblərinin pozulmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təstiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 13.09.2013-cü il tarixli, 34332 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, Abşeron rayonu, Hökməli kəndində yerləşən cavabdehə məxsus evdə 23 oktyabr 2017-ci il tarixdə “Smart G-4 itron diafraqma” tipli sayğac quraşdırılmış, həmin evdə 4 gözlü qaz plitələri (PQ-4)(1/1) mövcuddur. Həmçinin işdən görünür ki, cavabdeh sayğacdan kənar rezin boru ilə qazpaylayıcı xəttə qanunsuz qoşulduğuna görə İddiaçınə 1.445,40 manat məbləğində maddi zərər vurmuşdur. Bu hal İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 10.03.2017-ci il tarixli, ******* nömrəli və 20.01.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla təsdiq olunur. Həmin aktlar üzrə hesablanmış müvafiq olaraq 518,40 və 927 manatdan əlavə, cavabdehin daha əvvəldən İddiaçınə ödənilməmiş 595,40 manat qalıq borcu olmuşdur. Birinci instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, iddia olunan 2.040,80 manat pul vəsaitinin tərkibini düzgün müəyyən etməmiş, 595,40 manat qalıq borcuna, ümumiyyətlə, münasibət bildirməmişdir. İş materiallarında olan Cavabdeh abonent saldosundan görünür ki, onun tərəfindən 2013-cü ilin dekabr ayında 50 kub.metr qaz sərfiyyatına görə smart qaz sayğacı vasitəsilə cəmi 5 manat ödəniş edilmiş, sonuncu ödəniş isə onun tərəfindən 2019-cu ilin iyul ayında cəmi 20 manat olmaqla aparılmışdır. Göründüyü kimi Cavabdeh tərəfindən 5 il 7 ay müddətində smart qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edilməmişdir. Qeyd edilən hallar isə cavabdehin uzun müddət sayğacdan kənar təbii qazdan istifadə etməsini təsdiq edir. Bundan başqa, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 aprel 2019-cu il tarixli Qərarına istinad edib, təbii qazın pərakəndə satış tarifinin əhali üzrə illik istehlak həcmi 1.500 kub.metrədək olduqda 10 qəpik, illik istehlak həcmi 1.500 kub.metrdən çox olduqda isə 20 qəpik təşkil etməsini əsas tutub, cavabdehin qanunsuz istifadə etdiyi 2.592 kub.metr həcmdə təbii qazın qiymətini sadə riyazi hesablama aparmaqla cəmi 368,4 manat müəyyən edərkən, tərəflər arasında 2017 və 2018-ci illərdə əmələ gəlmiş hazırki mübahisəli hüquq münasibətinə 30 aprel 2019-cu il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Qərarını tətbiq etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təstiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd edilən normadan da görünür ki, şəbəkəyə qanunsuz qoşulma halı qadağan edilməklə hüquqi məsuliyyət yaradır. İstehlakçı da “Qazdan istifadə Qaydaları”nın və müqavilə şərtlərinin pozulmasına görə qazpaylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. İstehlakçının təbii qaz xəttinə kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda, qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Qazpaylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq istehlakçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulması imkanı istisna deyildir. Odur ki, qazpaylayıcının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda, istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırmır. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir, yəni qanunsuz qoşulma nəticəsində məişət abonenti pozuntu aşkar edilən günədək istehlak etdiyi təbii qaza görə ödəməli olduğu məbləğdən daha az məbləğ ödəmişdir. Qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə təbii qazdan istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən, məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsi daşıyır. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə görə alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında за edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu a müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddiaçı tərəfindən məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın dəyəri hesablanaraq müvafiq aktlarda qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmamış hissəsində gəldiyi nəticə işin hallarına uyğun gəlməmiş, bu isə iş üzrə iddianın təmin olunmamış hissəsində düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci və apellyasiya instansiya məhkəmələrində iştirak edən Cavabdeh izahatında bir dəfə rezin boru ilə sayğacdan kənar qaz xəttinə qoşulduğunu etiraf etmişdir. Cavabdeh sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi iş materiallarında olan fotoşəkillərlə də təsdiq olunur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, Cavabdeh İddiaçı xeyrinə 1672,40 (2040,80-368,40) manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia bu hissədə təmin edilməlidir. Mməhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(012)- 852/2019 saylı qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi bu hissədə təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1672,40 manat (bir min altı yüz yetmiş iki manat 40 qəpik) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar