Məhkəmə qərarları › İş №2(105)-1873/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1873/2020

04.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1873/2020 04.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)- 382/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-382/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsiilə iddia təmin edilməmişdir. (hakim R.Həsənov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərəkqətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 41 baş qoyunların və ya onların dəyəri olan 5500 manat maddi zərərin əvəzinin və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2017-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Quba rayonunun Yeni Giləzi kənd sakini X6 ilə aralarında bağlanmış şifahi razılaşma əsasında ondan 63 baş qoyunu 8500 manata alacağını bildirərək 3000 manat pulu nağd ödəməklə, qalan 5500 manatı isə sonradan çatdıracağlarını bildirərək, həmin qoyunlarını aparmışlar. 3000 manat pulu ona X6 ödəmişdir. Məlik Məmmədov tərəfindən 5500 manat pul ödənilmədiyi üçün xx xxxxxx 2017-ci il tarixdə rəsmi ərizə ilə Qusar rayon Polis şöbəsinə tərəfindən müraciət olunmuş, polis tərəfindən müvafiq araşdırma aparılmış, xx xxxxxx 2017-ci il tarixdə 149-19545B- 1217 saylı məktubla cavab verilmişdir. Qusar rayon Polis şöbəsi tərəfindən xx xxxx 2018ci il tarixli cavab məktubunda cavabdeh Məlik Məmmədov tərəfindən 63 baş qoyunun satın alınması, 3000 manat pulun ona ödənilməsi, caavbdehin ona 5500 manat borclu qalması təsdiqlənmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X2 41 baş qoyun və ya onların dəyəri olan 5500 manat məbləğində pulun ona ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, Məlik Məmmədov həmin heyvanları ondan təkbaşına almayıb. Bu zaman Cavabdeh1 və Cavabdeh2 ona şərik olmuşlar. Məlik Məmmədov öz payına düşən 3000 manatı ödəmiş, digər şəxsləri isə onlara düşən 41 baş qoyunların dəyəri olan 5500 manat pulu ödəməmişlər. Qətnamədə qeyd olunmuşdur ki, qoyunlar Cavabdeh1, Cavabdeh2, X6 və Zahid adında digər şəxslə şərik alınmışdır. Mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı iddia ərizəsi ilə eyi məzmunlu apellyasiya şikayəti verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(105)-1076/2019 nömrəli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X2 41 baş qoyun və ya onların dəyəri olan 5500 manat məbləğində pulun İddiaçı ödənilməsi qət edilmiş, apellyasiya məhkəməsi tərəfindən Quba Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilərək, İddiaçı cavabdeh X5 qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, İddiaçı ilə X6 arasında hər-hansı bir öhdəlik olması, iddiaçının həmi şəxsə 41 baş qoyunu satması, cavabdehin iddiaçıya 5500 manat borclu olması öz təsdiqini tapmamışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərə 41 baş qoyunu 5500 manata satdığını və həmin pulun ona ödənmədiyini bildirmiş, cavabdehlər isə onların arasında belə bir öhdəliyin olmadığını qeyd etmişlər. Cavabdeh öz tələbini apellyasiya məhkəməsinin qətnaməsində qeyd olunan X3 izahatları ilə sübut etməyə çalışmış, lakin həmin qətnamədən də göründüyü kimi, qeyd olunan hallar öz təsdiqini tapmamışdır. Əksinə, həmin qətnamədən məlum olur ki, iddiaçı indiki tələblə ilk olaraq Məlik Məmmədova qarşı iddia qaldırmış və izahatında hazırki cavabdehləri şahid kimi qeyd etmişdir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1 və76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçı tərəfindən hazırki iddiası ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İşə baxan məhkəmə iddianı aşağıdakı əsaslarla rədd etmiş, məhkəmə kollegiyası da həmin əsaslarla razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.1-ci maddəsində istinad edilən 427-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (maddə 427.1.). Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (maddə 427.2.). Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (maddə 427.3.). Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (maddə 427.4.). Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir (maddə 427.5.). Məcəllənin 601-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Sübutetmə yükü baxımından iddiaçı cavabdehlərin onun qarşısında öhdəlik daşıdığını və onlar tərəfindən yol verilmiş təqsirli hərəkət nəticəsində iddiaçıya maddi ziyan dəydiyini sübut etməlidir. Çünki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, öhdəliyin icra edilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür, lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə öz tələbini əsaslandırıcaq ağlabatan sübut təqdim etməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrəQuba Rayon Məhkəməsinin 2(027)-382/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar