Məhkəmə qərarları › İş №2(105)-1874/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1874/2020

20.08.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1874/2020 20.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X4 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Sadıqova Zibeydə Söhbət qızının, Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-322/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-322/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət zamanı maneələrin aradan qaldırılması və ünsiyyət müddətinin uzadılması tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Əliyev X2 Rəqsanə Nəsimi qızına qarşı uşaqla ünsiyyət zamanı maneələrin aradan qaldırılması və ünsiyyət müddətinin uzadılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından xx xxxxxxx 2014-cü il tarixdə anadan olmuş X7 və xx xxxxxx 2015-ci il tarixdə anadan olmuş X8 ilə hər həftənin şənbə günü səhər saat 10:00-dan bazar günü saat 16:00-dək maneəsiz və sərbəst şəkildə (cavabdehin iştirakı olmadan) ünsiyyətdə olmağı barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxx 2012-ci il tarixdə nikahı rəsmi qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxxx 2014-cü il tarixdə Cavad və xx xxxxxx 2015-ci il tarixdə Elmir adlı uşaqları anadan olmuşdur. Sonradan münasibətləri pozulduğu üçün ayrı yaşamağa qərar vermişlər və həmin vaxtdan da birgə nikahdan olan uşaqları cavabdehin himayəsində qalır. Cavabdeh onun uşaqlarla ünsiyyətinə razılıq vermədiyi üçün uşaqlarla görüş tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmiş və Quba Rayon Məhkəməsinin 2(027)-1417/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək uşaqları-xx xxxxxxx 2014-cü il tarixdə doğulmuş X7 və xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X8 ilə ünsiyyətdə olmağı üçün hər həftənin şənbə və bazar günləri saat 14:00-dan 16:00-a kimi görüş vaxtı müəyyən edilmişdir. Lakin cavabdeh mövcud qətnamədən sonra da onun hüquqlarını kobud şəkildə pozmuş, uşaqlarla sərbəst şəkildə ünsiyyətdə olmağına maneələr yaratmış, uşaqlarla özünün iştirakı ilə görüşməli olduğunu bildirmiş və hər dəfə uşaqlarla görüşə gəldikdə mübahisə yaradaraq ona mane olmuşdur. Hətta uşaqlarla görüşməyə gəldiyi vaxt cavabdeh onun avtomobilinə maddi ziyan vurmuş, bununla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılmış və hazırda avtomobilinə vurulmuş ziyan tələbinə dair mülki iş Quba Rayon Məhkəməsinin icraatındadır. Qeyd etdiyi hallar da bir daha təsdiq edir ki, cavabdeh onun uşaqlarla görüşməyinə maneə törədir. İcra mərhələsində uşaqlarla cavabdehin iştirakı ilə görüşməli olduğu ilə bağlı problemlər yarandığından icra məmuru tərəfindən qeyd edilən qətnaməyə izah verilməsi xahiş olunmuş və Quba Rayon Məhkəməsinin 2(027)-1417/2017 saylı, xx xxx 2019-cu il tarixli qərardadı ilə izah verilərək Quba Rayon Məhkəməsinin 2(027)-1417/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi, həmin qətnaməyə əsasən onun uşaqları ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günləri saat 14:00-dan saat 16:00-a kimi iş üzrə borclu Cavabdeh iştirakı olmadan görüşməsinin mümkün olması kimi izah verilmişdir. Lakin həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-3634/2019 saylı qərardadı ilə şikayəti təmin edilərək həmin qərardad ləğv edilmiş və qərardadda göstərilmişdir ki, Quba Rayon Məhkəməsinin qətnaməsi aydın, birmənalı çıxarılmış və qətnamədə izaha ehtiyac olan hər hansı bir ifadə işlədilməmişdir və ona görə də qətnaməyə izah verməyə heç bir ehtiyac yoxdur. Beləliklə, bir ata kimi öz uşaqları ilə sərbəst şəkildə ünsiyyətdə olmaq onun hüququ olsa da və bununla bağlı məhkəmə qətnaməsi çıxsa da, cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz doğma övladlarını sərbəst şəkildə görə bilmir. Onun uşaqları ilə ünsiyyət hüququnun həyata keçirilməsində cavabdehin iştirakı onun və uşaqların mənafeyinə uyğun deyildir. Belə ki, hər dəfə uşaqlarla cavabdehin iştirakı ilə görüşdükdə, cavabdeh mübahisə yaradır və uşaqların psixologiyasına təsir etməklə yanaşı, onun ünsiyyət hüququnu da pozur. Quba Rayon Məhkəməsinin 2(027)-1417/2017 saylı qətnaməsi ilə onun iddiası qismən təmin edilərkən uşaqların azyaşlı olması və ana nəvazişinə ehtiyacları olması nəzərə alınaraq ona hər həftənin şənbə və bazar günləri iki saat müddətində görüş verilmiş, uşaqlar böyüdükcə uşaqlarla ünsiyyət vaxtının artırılması ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qətnamənin qəbulundan iki ildən artıq müddət keçmiş və uşaqlar iki yaş daha böyümüşlər və uşaqların yaşı onunla daha uzun müddət ünsiyyətdə olmağa imkan verir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə iddia tələbini rədd edən zaman iş materiallarında olan fotoşəkilə istinad etmişdir. Həmin fotoşəkillə onun uşaqları ilə sərbəst və maneəsiz görüşməyini müəyyən etmək mümkün deyildir. Həmçinin görüş bir dəfə deyil, hər həftə altı və bazar günləri müəyyən edilmişdir ki, il ərzində ayları, həftələri və altı-bazarları nəzərə alınsa o, uşaqları ilə görüşəndə şəkil çəkdirə bilər və bu, uşaqları ilə maneəsiz ünsiyyətdə olmaq anlamına gələ bilməz. Məhkəmə iddia tələbini rədd edərkən Quba RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2020-ci il tarixli rəyini nəzərə almamış və ona sübut kimi istinad etməməsini əsaslandırmamışdır. Belə ki, uşaqla ünsiyyətdə olmanın, ünsiyyətdə olma vaxtının uzadılmasını və bunun mümkün olub-olmamasını, ailə şəraitlərini bu orqan müayinə edir və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinə əsasən məhkəmə hər hansı bir sübutu əsas tutmadığı, qiymətləndirmədiyi halda, bunu əsaslandırmalıdır. Məhkəmə iddia tələbini rədd edərkən onun uşaqlarla görüşməyinin psixi cəhətdən uşaqların inkişafına mənfi təsir göstərməsi, uşaqların mənafelərinə ziddi olmasını qeyd etmiş, həmçinin cavabdehin uşaqlarla görüşməyi zamanı ona maneə yaratmasının sübut edilmədiyini qeyd etmişdir. O, uşaqların atasıdır, uşaqlarla maneəsiz görüşmək də hüququdur. Cavabdehin uşaqlarla onun görüşünə mane olması valideynlik hüququnun məhdudlaşdırılmasına gətirib çıxaracaqdır. İş materiallarına əlavə etdiyi Quba Rayon Məhkəməsinin 2(027)-2648/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh uşaqlarla görüş zamanı ona maneə yaratmış, avtomobilinə ziyan vurmuş, bununla bağlı onun iddiasına əsasən Cavabdeh “VAZ 2109” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 270 manat, qiymətləndirilməyə görə “xxxxxxxx” MMC-nin hesabına ödənilmiş 50 manat pul, 70 manat hüquqi yardım xərci və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1417/2017 nömrəli, xx xxx 2019-cu il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(027)-1417/2017 saylı qətnaməsinə əsasən onun uşaqları xx xxxxxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxxxx 2015-ci il təvəllüdlü X8 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günləri saat 14:00-dan saat 16:00-a kimi iş üzrə borclu Cavabdeh iştirakı olmadan görüşməsinin mümkün olması qərara alınmışdır. Quba rayon Polis şöbəsinın Təhqiqat qrupunun təhqiqatçısı tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda uşaqla görüş zamanı Cavabdeh onun avtomobilinə ziyan vurması, uşaqla görüşə maneə yaratması öz əksini tapmış, Quba rayon İcra və probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx xxxxx 2019-cu il tarixli, xx xxx 2019-cu il tarixli, xx xxxxxx 2019-cu il tarixli aktlarda və onun şikayətləri nəticəsində müxtəlif orqanlara ünvanladığı cavablarda da Cavabdeh uşaqlarla görüşə maneə yaratması öz əksini tapmışdır. Əvvəlki məhkəmə vaxtı uşaqların 2 və 3 yaşı olmuş, hazırda isə 6 yaşlıdırlar. O, 4 ildən artıqdır uşaqlarla zülmlə görüşür. Hazırki vəziyyətdə bu cür ünsiyyət qaydası qanunla müəyyən olunmuş valideynlik hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Hər bir valideynin uşağı ilə kənar müdaxilə olmadan sərbəst şəkildə ünsiyyətdə olmaq, asudə vaxt keçirmək, tərbiyəsində iştirak etmək və s. hüquqları vardır və müəyyən müstəsna hallar olmadan (hüquqdan sui-istifadə, uşağın sağlamlığının təhlükə altında olması və s.) bu hüquqların məhdudlaşdırılması yolverilməzdir. Hazırki işdə isə belə hallar aşkar edilməmişdir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr ilk növbədə uşağın mənafeyini üstün tutmalı, valideynlər arasındakı ziddiyyətli münasibətləri uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidirlər. Hər bir uşaq öz valideynlərini tanımaq və onlarla ünsiyyətdə olmaq hüququna malikdir. Təsadüfi deyildir ki, valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi onların valideynlik hüququndan məhrum edilməsi ilə nəticələnə bilər. Hər bir valideyn uşağının mənəvi və fiziki inkişafı, təhsili və ictimai faydalı əməyə hazırlanması istiqamətində ona qayğı göstərməlidir. Valideyn uşağına cəmiyyətdə özünü idarəetmə qaydalarını izah etməli, uşaqla oynamalı, dərslərini hazırlamağa kömək etməli, onunla gəzməli, lazımi tibbi müayinələrdən keçirməli, maddi təminatında iştirak etməli və bu kimi etməli olduğu başqa hərəkətləri etməlidir. Uşaqla ünsiyyətdə olmadan isə göstərilənləri həyata keçirmək mümkün deyildir. Ona görə də uşaqlarından ayrı yaşayan valideyn kimi sadəcə həftədə bir neçə saat nəzarət altında görüş verilməsi heç bir məna kəsb etmir və bu qaydada ünsiyyətin davam etməsi ilk növbədə uşağın dünya baxışına mənfi təsir göstərə bilər. Ayrılan valideynlər maksimum dərəcədə münasibətlərini uşaqlarının mənafeyinə uyğun qurmalı, ziddiyyətli baxışlarını onlara ötürməməlidirlər. Uşaqların tam mənada sağlam böyüməsi ailədə aldıqları tərbiyədən asılıdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Sadıqova Zibeydə Söhbət qızı apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, iddiaçının uşaqlarla yalnız onun iştirakı ilə görüşməsinə razıdır. Belə ki, iddiaçı ünsiyyət zamanı uşaqlara psixi təsir göstərir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsQuba rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx xxxx 2012-ci il tarixdə Quba rayon qeydiyyat şöbəsində bağlanılaraq 185 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahından xx xxxxxxx 2014-cü il tarixdə X7 və xx xxxxxx 2015-ci il tarixdə X11 oğlu anadan olmuşlar. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1417/2017 saylı, xx xxx 2017ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı uşaqla görüş tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı uşaqları - xx xxxxxxx 2014-cü il tarixdə doğulmuş X7 və xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X8 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günləri saat 14:00-dan 16:00-a kimi görüş vaxtının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 17 saylı rəyindən görünür ki, komissiya iddiaçının öz uşaqları-xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək görüş vaxtı təyin edilməsini, görüş yerinin uşaqların istəyinə görə müəyyən edilməsini, həmçinin uşaqların ataları ilə təklikdə görüşmələrinə də şərait yaradılmasını məqsədəuyğun hesab etmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Polis şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısının xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon İcra və probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 16 may və xx xxxxxx 2019-cu il tarixli aktların surətlərindən görünür ki, Quba Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(027)-1417/2017 saylı icra sənədinin icrası ilə bağlı borclu Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq Quba rayon İcra və probasiya şöbəsinin inzibati binasına gəlməmiş, uşaqların gətirilməsini təmin etməmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon İcra Hakimiyyəti başçısının Alekseyevka İƏD üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli, 578 saylı xasiyyətnaməsindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Quba rayonu Alekseyevka kəndində anadan olub, hazırda ailəvi olaraq Alekseyevka kəndində yaşayır. Nümayəndəliyin təsərrüfatbaşına kitabına əsasən İddiaçı ali təhsillidir. İddiaçı özünün səmimiliyi, nümunəvi hərəkətləri və müsbət xarakteri ilə yaşadığı Alekseyevka kəndində məsuliyyətli kənd sakini kimi tanınır. İddiaçı barədə nümayəndəliyə istər rəsmi, istərsə də şifahi şikayət doğuran heç bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə görə uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsində göstərilir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 61.1-ci maddəsində göstərilir ki, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Həmin Məcəllənin 61.3-cü maddəsinə görə uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə görə valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasının 9-cu maddəsinin 3-cü bəndinə əsasən, iştirakçı dövlətlər valideynlərinin biri və ya hər ikisi ilə ayrılmış uşağın hər iki valideynlə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, bir şərtlə ki, bu münasibət və əlaqələr uşağın ən yaxşı maraqlarına zidd olmasın. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni onlar uşağın sağlam böyüməsi, tərbiyələnməsi, inkişaf etməsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi ilə bağlı eyni vəzifələr daşıyır, həmçinin uşaqla ünsiyyətdə olmaq və onların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdirlər. Uşaqla ünsiyyətdə olma hüququnun məhdudlaşdırılmasına isə müstəsna hallarda, yəni ünsiyyətin uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirdiyi hallarda yol verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi barədə razılıq olmadığından iddiaçı uşaqları ilə ünsiyyət müddətinin uzadılması barədə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iddiaçının tələb etdiyi qaydada görüş vaxtının müəyyən edilməsinin uşaqların fiziki və psixi cəhətdən inkişafına mənfi təsir göstərməklə, uşaqların mənafelərinə ziddi olmasına, uşaqların azyaşlı olmasına, ana qayğısına daha çox ehtiyaclarının olduğuna, fiziki və psixi cəhətdən sağlamlıqlarının təmin edilməsinin zərurətinə cavabdehin uşaqları ilə ünsiyyət zamanı iddiaçının hər hansı maneələr yaratmasının sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı deyildir, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.4-cü maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. İşdə olan Quba rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2020-ci il tarixli rəyi ilə müəyyən olunur ki, komissiya iddiaçının öz uşaqları-xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək görüş vaxtı təyin edilməsini, görüş yerinin uşaqların istəyinə görə müəyyən edilməsini, həmçinin uşaqların ataları ilə təklikdə görüşmələrinə də şərait yaradılmasını məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxxxxx 2011-ci il tarixli, 6 saylı qərarının 10-cu bəndinə görə valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Həmin qərarın 3-cü bəndinə əsasən uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. Göründüyü kimi, uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıyır və qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilərək iddia qismən təmin edilməli, İddiaçı uşaqları - xx xxxxxxx 2014-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 ilə hər həftənin şənbə günü saat 10:00dan 16:00-a kimi görüş vaxtı müəyyən edilməli, İddiaçı uşaqları ilə görüşüb ünsiyyətdə olmasına maneçilik törətməməsi Cavabdeh həvalə edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin qalan hissəsini əsassız hesab edir. Belə ki, hər iki istirahət gününü uşaqların iddiaçı ilə keçirməsi ananın da istirahət günlərini öz uşaqları ilə birgə keçirmək hüququndan məhrum etmiş olar. Məhkəmə iclasında Cavabdeh iddiaçının uşaqlarla yalnız onun iştirakı ilə görüşməsinə razı olduğunu, iddiaçının ünsiyyət zamanı uşaqlara psixi təsir göstərdiyini bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlə yanaşı, iddiaçı da uşaqlara münasibətdə bərabər hüquqa malikdir. İddiaçının öz övladları ilə təklikdə ünsiyyətdə olmaq hüququ uşaqlarla ünsiyyətinin hansı forma və qaydada həyata keçirilməsində iddiaçıya sərbəstlik verir. Həmçinin iddiaçıya uşaqla görüşün ananın iştirakı ilə verilməsi məhkəmə qətnaməsinin icrasını cavabdehin iradəsindən asılı vəziyyətə salır və iddiaçıya uşaqlarla ünsiyyətini sərbəst qurmağa imkan vermir. Bundan başqa, iddiaçının uşaqlarla təklikdə ünsiyyətinə mane ola biləcək onun şəxsiyəti, davranışı, mənzil şəraiti və s. ilə bağlı hər hansı hal məhkəmə araşdırılması zamanı müyyən edilməmişdir, iddiaçının valideynlik hüququ da məhdudlaşdırılmamışdır. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ünsiyyət zamanı iddiaçının uşaqlara hər hansı formada təsir göstərməsi də məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-322/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət zamanı maneələrin aradan qaldırılması və ünsiyyət müddətinin uzaldılması tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı uşaqları - xx xxxxxxx 2014-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan 16:00-a kimi görüş vaxtı müəyyən edilsin. İddiaçı uşaqları ilə görüşüb ünsiyyətdə olmasına maneçilik törətməməsi Cavabdeh həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar