Məhkəmə qərarları › İş №2(105)-1875/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1875/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1875/2022 26.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) iddianın təmin edilməsi, Cavabdeh 3.900 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.900 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun qızı İİ qrup əlildir. O, qızına görə 2006-cı ildən güzəştli ev növbəsindədir. Onun tanışı Cavabdeh ona ev növbəsini önə çəkəcəyini yalan vəd edərək bunun müqabilində ondan 8.000 manat pul almışdır. Onun bibisi oğlu Əlimirzəyev Mətləb də 1-ci Qarabağ müharibəsi əlilidir. Bibisi oğlu da ev növbəsindədir. Cavabdeh sonuncu üçün də 6.000 manat almışdır. İddiaçı pulu ona şəxsən özü vermişdir. Lakin, cavabdeh verdiyi sözü tutmamış, vaxtı uzadıb heç bir iş görməmişdir. O və bibisi oğlu verdikləri pulu cavabdehdən geri istəmişdirlər. Cavabdeh müəyyən vaxtdan sonra puldan 10.100 manat qaytarmış, qalan 3.900 manatı qaytarmaqdan imtina edir. Sumqayıt Şəhər Baş Polis İdarəsinə 24 sentyabr 2021-ci ildə şikayət ərizəsi ilə müraciət etmişdir. Sumqayıt ŞPİ-nin müstəntiqi, polis baş leytenantı X3 işə baxmış, 05 oktyabr 2021-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi qərarını vermişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, onun varlanmasına, yəni iddiaçının 3900 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir və onun hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi qanunsuzdur. Çünki o, iddiaçının hesabına əmlak əldə etməmişdir. İddiaçı ona pul versə də, həmin pulu o, qaynanası Şüküfəyə vermişdir. Yəni o, ancaq vasitəçi olmuşdur. İddiaçıdan alınan pulun heç bir məbləği onun tərəfindən xərclənməmişdir. Ona görə də hazırkı iş üzrə Mülki Məcəllənin 1091-ci maddəsi tətbiq edilə bilməzdi. Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehin iddiaçıdan pul götürməsini etiraf etməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli Sumqayıt ŞPİ-nin müstəntiqi, polis baş leytenantı X2 qərarından görünür ki, İddiaçı şikayəti əsasında yoxlama aparılmış, şikayətdə göstərilən xüsusatlar mülki xarakter daşıdığından bununla bağlı olaraq iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah olunaraq cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahatı alınmış, o, izahatında göstərmişdir ki, “Azkompanit" zavodunda İddiaçı ilə birlikdə işləmişdir. Onunla daim münasibətləri yaxşı olmuşdur. 2017-ci ilin yay aylarında Rasim onun mobil telefonu ilə əlaqə saxlayaraq onunla görüşmək istədiyini bildirmişdir. O, Rasimlə Sumqayıt şəhəri ərazisində yerləşən kafelərin birində görüşmüşdür. Onlar ikilikdə əyləşib yemək yemişlər. Yemək əsnasında İddiaçı ona bildirmişdir ki, qızı Kəmalə Rəsulova İ qrup əlildir və ev növbəsinə durmuşdur. Lakin, evin verilməsi çox gecikir, tanış bir adam olsaydı ev növbəsini irəli çəkərdi ki, onlar evi tez bir zamanda alsınlar. O, elə bir tanış adamının olmadığımı bildirmişdir. Bundan sonra onlar yeməklərini bitirib oradan çıxıb sağollaşmışlar. Bir neçə gün keçdikdək sonra onlar yenidən görüşmüşlər. Rasim yenidən ev məsələsini açmış və o, Rasimə həll edə bilməyəciyi məsələ ilə bağlı söz verə bilməyəcəyini demişdir. Rasim ona ev növbəsini tez bir zamanda həll etməli olduğunu demişdir. O, Rasimə qohumlarının vasitəsi ilə tanıdığı Vəli adlı şəxsin bu məsələdə köməklik edə biləcəyini, həmin şəxslə görüşüb söhbət edəndən sonra söz deyə biləcəyini demişdir. Rasim onunla razılaşmış və bu görüşlərindən bir neçə gün keçdikdən sonra o, Vəli ilə görüşmüş və o, Rasimin şəxsiyyət vəsiqəsini istəmişdir ki, növbə ilə bağlı məlumatları əldə etsin. O, Rasimdən sənədinin surətini alıb Vəliyə vermişdir. Vəli həqiqətən də Rasimin ev növbəsində olduğunu ona demiş və o, arxayın olmuşdur. Vəli ona özünü DTX-nın əməkdaşı kimi özünü təqdim etmişdir. O da Vəliyə inanırmışdır. Həmin ərəfədə Rasim bibisi oğlu Mətləbin də ev növbəsində olduğunu və onunda növbəsini qabağa çəkmək lazım olduğunu bildirmişdir. O, Vəli ilə söhbət etmiş və Vəli ümumilikdə 14.000 min manat, Rasimin işi üçün 8.000 min manat, Mətləbin işi üçün 6.000 min manat lazım olduğunu demişdir. O, Vəlinin dediyi sözləri eynisi ilə Rasimə bildirmişdir. Bir neçə gün keçdikdən sonra o, Rasimlə görüşmüş, Rasim Mətləbin 6.000 manatını ona vermişdir. O, həmin 6.000 manat pulu işdə olduğu üçün qaynanasının yaşadığı evə aparıb vermişdir. Vəli ilə əlaqə saxlayaraq Mətləbin işi ilə bağlı məsələnin həll edilməsindən ötrü 6.000 manat pulu qaynanası Şükufəgilə qoyduğunu və oradan götürə biləcəyini demişdir. Bir neçə gün keçdikdən sonra Rasim onunla görüşmək istədiyini demişdir. O, Rasimlə Sumqayıt şəhərində görüşmüş və Rasim ona ev növbəsinin önə çəkilməsi üçün Vəliyə verəcəyi 8.000 manat pulu vermişdir. O, həmin pulu da qaynanasıgilə vermişdir ki, Vəli gəlib götürsün. Bundan sonra onun heç bir məsələdən xəbəri olmamışdır. 2020-ci ildə Vəli verdiyi vədə əməl etməmişdir və onun məlumatı olmuşdur ki, Vəlinin barəsində cinayət araşdırması vardır. Rasim onun yaşadığı evə teztez gələrək onu və ailə üzvlərini narahat etdiyi üçün iki dəfəyə 5.000 manat və bir dəfə 100 manat olmaqla, ümumilikdə 10.100 manat pul ödəmişdir. O, Rasimə qarşı heç bir dələduzluq etməmişdir. Bütün pul Vəliyə çatmışdır. O, Rasimə heç bir vəd verməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçıdan onun qızı və qohumunu ev növbəsində irəli çəkmək adı ilə 14.000 manat pul almış, sonra isə həmin məbləğdən 10.100 manat qaytarmışdır. Məhkəmə kollegiyası Cavabdeh iş üzrə məhkəmə tərəfindən onun varlanması barədə maddi normanın düzgün tətbiq edilməməsi barədə dəlili qəbul etmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tələb edilən pul cavabdehə verilmişdir və iddiaçının qarşısında o, məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, qətnamə ləğv edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 24 may 2022-ci il tarixli 2(060)-2185/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar