Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1881/2020 14.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və X3 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İlkin iddiaçı “xxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsinin ləğvi, kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh1 “xxxxxxxx” ASC-yə qarşı kredit müqaviləsinin şərtlərinin uyğunlaşdırılmasına dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-66/2020 saylı qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) ilkin və qarşılıqlı iddiaların qismən təmin edilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, 1861/1492İPN saylı kredit müqaviləsinin ləğv edilməsi, əsas borc üzrə 22399,17 ABŞ dolları, faiz borcu üzrə 11947,71 ABŞ dolları, cərimə üzrə 100 ABŞ dolları olmaqla, cəmi 34446 (otuz dörd min dörd yüz qırx altı) ABŞ dolları 88 (səksən səkkiz) sent məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) Cavabdeh1 tutularaq iddiaçı “xxxxxxxx” ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1-də yerləşən 14 nömrəli mənzilə yönədilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 “xxxxxxxx” ASC-yə olan borcunun ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh1 ümumi qaydada tutularaq “xxxxxxxx” ASC-yə ödənilməsi, “xxxxxxxx” ASC-yə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh1 qaytarılması, ünvan 1-də yerləşən 14 nömrəli mənzilin ilkin satış qiymətinin 43000 (qırx üç min) manat məbləğində müəyyən edilməsi, ilkin və qarşılıqlı iddiaların qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 manatın 45 manatı iddiaçı “xxxxxxxx” ASC-dən, 100 manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlkin İddiaçı İKB ASC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 22399,17 ABŞ zolları əsas borc, 11947,71 ABŞ dolları faiz borcu, 314,84 ABŞ dolları cərimə olmaqla, cəmi 54661,72 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus olan ünvan 1-də yerləşən 14 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tələb Cavabdeh1 məxsus mənzilə yönəldikdə və o, satıldıqdan sonra cavabdehlərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi və tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçının “Sumqayıt” filialından illik 16 faizlə, 240 ay müddətinə 26000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavid Dədirovun mülkiyyətindəki Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən, 2 otaqlı, 50,01 kvadrat metr ümumi, 30,06 kvadrat metr yaşayış sahəsindən ibarət 34 nömrəli binanın 14 nömrəli mənzili xx xxxxxx 2007-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh David Qədirovun xx xxxxx 2019-cu ilədək kredit müqaviləsi üzrə banka 22399,17 ABŞ dolları əsas borc, 11947,71 ABŞ dolları faiz borcu, 314,84 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34661,72 ABŞ dolları məbləğində borcu vardır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Qarşılıqlı iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış kredit müqaviləsinin şərtlərinin xx xxxxxx 2009-cu ildə bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin şərtlərinə uyğunlaşdıraraq 26000 ABŞ dollarının 21983 manat kimi dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin müddəti 240 ay (20 il) göstərilmişdir. Lakin, istehlak krediti göstərilən müddətə verilə bilməz. xx xxxxxx 2007- ci il tarixli, 1434 nömrəli yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən ünvan 1də yerləşən 14 nömrəli mənzil alıcı-ipoteka qoyanın mülkiyyətinə verilmişdir. Mənzilin satış qiyməti 30 861 AZN (36 500 ABŞ dolları), müəyyən edilmişdir. Sənədlərdən görünür ki, onunla ipoteka predmetinin əvvəlki mülkiyyətçisi və bank arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Bank cavabdehə istehlak krediti verməyib, ona ipoteka predmetinin alınması məqsədilə manat ekvivalenti ilə ipoteka krediti verib. Bütövlükdə cavabdeh banka 39113,8 ABŞ dolları pul ödəmişdir. Ondan faiz borcu kimi 37 000 ABŞ dolları, əsas borc kimi isə 2106 ABŞ dolları çıxmışlar. Hal-hazrda da iddiaçı ondan 34661,72 ABŞ dolları tələb edir. Cavabdeh tələb olunan məbləği də ödəsə, ümumilikdə banka 73 775,52 ABŞ dolları ödəmiş olar. Hal-hazırda Sumqayıt şəhərində 5-ci mərtəbədə, təmirsiz, 2 otaqlı mənzilin dəyəri 30000-35000 manatdır ki, bu da təqribən 19- 20 500 ABŞ dolları edir. xx xxxxxx 2015-ci il tarixdə Azərbaycan manatı ABŞ dollarına münasibətdə 30% devalivasiyaya uğramış, sonrakı dövrdə yenidən devalivasiyaya uğrayaraq 1 ABŞ dolları 1,7 manat dəyərində dayanmışdır. Deməli, yuxarıdakıları analiz etdikdə belə nəticəyə gəlmək olar ki, xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi və manatın ABŞ dollarına nisbətdə devalivasiyaya uğraması cavabdehin vəziyyətini pisləşdirmişdir. Bundan başqa yaranmış münasibətləri kredit müqaviləsi deyil xx.xx.2007-ci il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqaviləsi tənzimləyir. Kredit müqaviləsi alqısatqı və ipoteka müqaviləsinə uyğunlaşdırılmalıdır. Çünki alqı-satqı və ipoteka müqaviləsində evin dəyəri 30861 manat göstərilmişdir. Həmin məbləğin 8878 manatını cavabdeh, 21983 manatını isə bank ödəmişdir. Bu baxımdan kredit müqaviləsində göstərilmiş 26000 ABŞ dolları ipoteka müqaviləsində göstərildiyi kimi 21983 manat kimi götürülməli və onun ödədiyi məbləğ də həmin puldan çıxılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Qədirov X7 şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunvericiliklə nəzərdə tutulan maddi və prosessual hüquq normalarını pozmuşdur. Qətnamə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. Sübutlara düzgün qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, ilkin iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qismən təmin edilməsini cavabdehlərin müqavilə üzrə öhdəliyi lazımınca icra etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən qarşılıqlı iddiaçı Cavabdeh1 apellyasiya şikayəti vermiş və şikayətin məzmunundan göründüyü kimi o, ilkin iddianı təmin edilən hissəsində, qarşılıqlı iddianı isə bütövlükdə mübahisələndirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissələrdə baxılaraq hüquqi qiymət verilməlidir. İşdən görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı öhdəliyi yerinə yetirərək, pulu cavabdehə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi icra etməyərək, müqavilənin şərtlərini pozmuşdur. İlkin iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliklərin icra edilməsindən ötrü pretenziya qaydasında müraciətlər edilməsinə baxmayaraq, öhdəlik icra edilməmiş və nəticədə ilkin iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 öz növbəsində qarşılıqlı iddia tələbi üzrə müraciət edərək, ilkin iddiaçı ilə bağlanmış kredit müqaviləsinin şərtlərinin xx xxxxxx 2009-cu ildə bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin şərtlərinə uyğunlaşdıraraq 26000 ABŞ dollarının 21983 manat kimi dəyişdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hər iki iddianı qismən təmin etmiş, bu nəticədən narazı qalan qarşılıqiı iddiaçı apellyasiya şikayəti vermişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 385.1., 386.1. maddələri). Mülki Məcəllənin 739.1. maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 425.1., 442, 445.1. və 448.1. maddələri). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir (Mülki Məcəllənin 743-cü maddəsi). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.2. maddəsi). Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (Mülki Məcəllənin 317.1. maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Mülki Məcəllənin 319.1. və 319.6. maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qanunun mənasına görə əsas öhdəlik icra edilmədikdə və ya müqavilə üzrə nəzərdə tutulmuş qaydada lazımınca icra edilmədikdə, öhdəliyin icrasının təminatı olan ipoteka müqaviləsinə yönəldilmə edilərək əsas öhdəliyin icrası təmin edilə bilər. Məhkəmə kollegiyası apelyyasiya şikayətinin dəlillərini nəzərə almaqla hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin Cavabdeh1 tərəfindən icra edilmədiyindən, kredit müqaviləsinin ləğv edilməsi, əsas borc, ona hesablanmış faiz və ipoteka predmetinə tutmanın yönəldilməklə mənzilin açıq hərracda satılması, əldə edilmiş vəsait hesabına borcun ödənilməsi hissəsində iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddia tələbinin 34661,72 ABŞ dolları məbləğində cərimə məbləğinin tutulması hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Məhkəmə kollegiyası götürülmüş kreditin, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edib, əsas borcu və ona hesablanmış faizləri cavabdehin ödəyə bilmədiyi halda, cavabdehdən 34661,72 ABŞ dolları cərimənin tutulması kredit müqaviləsi üzrə öhdəliyi icra edə bilməyən cavabdeh tərəfin maddi vəziyyətinə ağırlaşdırmasını, əsas borcu və ona hesablanmış faizi əldə edə bilməyən məhkəmə qaydasında hüquqları bərpa edilən iddiaçının hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cavabdeh barəsində 34661,72 ABŞ dolları məbləğində hesablanan cərimənin məbləğinin azaldılaraq, 100 (yüz) ABŞ dolları məbləğində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü ipoteka predmeti olan əmlakın likvid qiymətinin müəyyənləşdirilməsindən ötrü təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş A-04/365 saylı xx xxxxxxxx 2020-ci il tarixli ekspertiza rəyi ilə ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilin xx xxxxxxxx 2020-ci il tarixinə bazar dəyəri 45000 (qırx beş min) manat, likvid dəyəri isə 40000-42000 (qırx min – qırx iki min) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilin ilkin satış qiyməti 42.000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği cavabdehdən ümumi qaydada tutulmalı hissəsinə gəldikdə isə hesab edir ki, bu hissədə iddia tələbi qeyri-müəyyən olduğundan, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmalı və ilkin iddia tələbi bu hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddianı qismən təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmamış və hansı hissənin təmin edilməsi qətnamənin nəticə hissəsində göstərməmişdir. Bu da Ali Məhkəmənin Plenumunun xx xxxx 2003-cü il tarixli məhkəmə qətnaməsi haqqında 3 saylı qərarının tələblərinə uyğun deyil. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki material əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir.” Bu mənada məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan anlaşılmazlıq düzəldilməlidir. Odur ki, məhkəmə kollegiyası qarşılıqlı iddiaçının tələbində göstərdiyi dəlillərə gəldikdə isə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan və məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmadığından təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, ilkin iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edildiyindən, əvvəlki ekspertiza tədqiqatının dəyəri 145 manat qarşılıqlı iddiaçı Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22), 500 (beş yüz) manat alınaraq S-X5 Mərkəzi MMC-nin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, 1861/1492İPN saylı kredit müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 22399,17 ABŞ dolları, faiz borcu üzrə 11947,71 ABŞ dolları, cərimə üzrə 100 ABŞ dolları olmaqla, cəmi 34446 (otuz dörd min dörd yüz qırx altı) ABŞ dolları 88 (səksən səkkiz) sent məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) Cavabdeh1 tutularaq iddiaçı “xxxxxxxx” ASC-yə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1-də yerləşən 14 nömrəli mənzilə yönədilsin, həmin mənzil açıq hərracdan satılsın, mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 “xxxxxxxx” ASC-yə olan borcu ödənilsin. ünvan 1-də yerləşən 14 nömrəli mənzilin likvid dəyəri 42000 (qırx iki min) manat məbləğində müəyyən edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh1 məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************), 500 (beş yüz) manat alınaraq S-X5 Mərkəzi MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1881/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1881/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver