Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1882/2023 02.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(059)-308/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. "xxxx" ASC-nin "Şabran" filialı ilə Allahverdiyev Bəhrəm Saat oğlu arasında 19 oktyabr 2020-ci il tarixdə bağlanmış BPM**********04 saylı tam kart çərçivə müqaviləsinə əsasən kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, Bəhrəm Allahverdiyevə 36 ay ərzində qaytarmaq şərti ilə illik 24% faizlə 500 manat məbləğində kredit verilmişdir.
2. "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, mərhum Allahverdiyev Bəhrəm Saat oğlunun 27 mart 2023-cü il tarixə Banka 285,43 manat əsas, 22,56 manat faiz olmaqla, cəmi 307,99 manat borcu vardır.
3. 07 sentyabr 2021-ci il tarixli, AZ-İİ seriyalı 204079 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Allahverdiyev Bəhrəm Saat oğlu 19 avqust 2021-ci il tarixdə Bakı şəhərində ölmüş və bu barədə 04 sentyabr 2021-ci il tarixli, 1510 nömrəli akt qeydi tərtib olunmuşdur.
4. Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 26 fevral 2022-ci il tarixdə reyestrdə 2V287 və 2V-288 nömrələrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 19 avqust 2021-ci il tarixdə vəfat etmiş Allahverdiyev Bəhrəm Saat oğlunun qanun üzrə vərəsələridir və onlar mərhum Bəhrəm Allahverdiyevə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından verilməli olan 4691,70 manat, eləcə də SOCAR İB-in “X6” Trestindən isə verilməli olan 1021,26 manat vəsaitdən (miras əmlakdan) ½ hissədə pay almalıdır.
5. Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 26 fevral 2022-ci il tarixdə reyestrdə 3M136 nömrə ilə qeyd edilmiş miras payının bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 “Asan Xidmət” mərkəzi notariat ofisinin xüsusi notariusu Azər Hacıyev tərəfindən verilmiş 26 fevral 2022-ci il tarixdə reyestrdə 2V-287 və 2V-288 nömrələrlə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən ona düşən miras payını Cavabdeh2 bağışlamışdır. İşdə olan bildirişdən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" ASC tərəfindən cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilmişdir.
6. Qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(059)-464/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 "xxxx" QSC-nin xeyrinə 2V-287 və 2V-288 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən miras aktivini təşkil edən 5712,96 manat puldan 5448,76 manat əsas, 167,37 manat faiz olmaqla, cəmi 5616,13 manat borcun, həmçinin ödənilmiş 130,54 manat dövlət rüsumunun 42%-i, yəni 54,83 manatının tutulması, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 58 %-i, yəni 58 manatın "xxxx" QSC-dən, 42%i, yəni 42 (miras aktivini təşkil edən 5712,96 manatın üzərindən) manatın isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 285,43 manat əsas, 22,56 manat faiz olmaqla, cəmi 307,99 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin "Şabran" filialı ilə mərhum Allahverdiyev Bəhrəm Saat oğlu arasında 19 oktyabr 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank sonuncuya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 500 manat məbləğində kredit vermişdir. Bundan sonra, Bəhrəm Allahverdiyev 19 avqust 2021-ci il tarixdə ölmüş, nəticədə 26 fevral 2022-ci il tarixdə mərhum Allahverdiyev Bəhrəm Saat oğlundan qalmış mirasa Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan əlavə, Bəhrəm Allahverdiyevin vəfat etdiyi tarixə Banka 307,99 manat kredit borcu qalmışdır. Cavabdehlər, mərhum Allahverdiyev Bəhrəm Saat oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Eyni zamanda, mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Odur ki, göstərilən halların nəzərə alınıb, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
9. Siyəzən Rayon Məhkəməsinin (hakim B.Ələkbərov) 24 iyul 2023-cü il tarixli, 2(059)- 308/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum Allahverdiyev Bəhrəm Saat oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İşin tədqiq olunan faktiki hallarından müəyyən edilmişdir ki, mərhum Allahverdiyev Bəhrəm Saat oğlunun "xxxx" ASC ilə bağlamış olduğu 19 oktyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 307,99 manat borcu qalmış, həmçinin 26 fevral 2022-ci il tarixdə reyestrdə 2V-287 və 2V-288 nömrələrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhumun arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 birinci növbədə vərəsə kimi mərhumun öldüyü məqamadək malik olduğu miras əmlak, o cümlədən miras aktivini təşkil edən 5712,96 manat pul üzərində bərabər pay hüquqlu vərəsəlik hüququ əldə etmişlər. Bundan sonra, mərhumun qanun üzrə vərəsəsi, oğlu Cavabdeh1 ona düşən miras payını anası Cavabdeh2 bağışlamış, bununla da, sonuncunun mərhum Bəhrəm Allahverdiyevin yeganə vərəsəsi kimi miras aktivini təşkil edən 5712,96 manat pula münasibətdə vərəsəlik hüququ yaranmışdır. Lakin, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə miras aktivini təşkil edən 5712,96 manat pul mərhum Bəhrəm Allahverdiyevin "xxxx" QSC-yə 06 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi yönəldilmiş, habelə bu məbləğin Cavabdeh2 "xxxx" QSC-nin xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi Cavabdeh2 mərhum Bəhrəm Allahverdiyevin borcuna görə məsuliyyəti miras əmlakın miqdarı ilə məhdudlaşmış, yəni 5712,96 manat təşkil etmiş, habelə qeyd olunan məbləğin daha əvvəl qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə mərhumun "xxxx" QSC-yə 06 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi məqsədilə adı çəkilən cavabdehdən həmin bankın xeyrinə tutulması qət edilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı, eləcə də Cavabdeh2 miras əmlakın dəyərindən artıq məbləğin iddiaçı bankın xeyrinə tutulması məqsədəmüvafiq hesab edilməməklə, istisna edilir. Yekun olaraq məhkəmə hesab etmişdir ki, iddia təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 741, 385.1, 442, 448.1, 1115.1, 1159.1.1, 1243.2, 1306.1-ci maddələrinə, “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2002-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 78.1 119.1, 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(059)-308/2023 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qətnamə əsassız və qanunsuzdur. Belə ki, Sumqayıt “Asan Xidmət” mərkəzi notariat ofisinin məktubu ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ciil tarixdə vəfat etmiş Allahverdiyev Bəhrəm Saatoğlundan miras qalmış əmlaka dair vərəsələri Cavabdeh2Ənvər qızı və Cavabdeh1 ərizəsi əsasında vərəsəlik işi açılmış və Allahverdiyev Bəhrəm Saat oğlundan qalmış mirası qəbul etmişlər. Bundan sonra iddiaçı mərhum Allahverdiyev Bəhrəm Saat oğlunun vərəsələrinə kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair bildirişlə müraciət etmiş, kredit müqaviləsi üzrə yaranmış borcun tam ödəməsi xahiş olunmuş, əks təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdətutulmuş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Allahverdiyev Bəhrəm Saat oğlundan miras qalmış əmlaka dair vərəsələri Cavabdeh2 və Cavabdeh1 ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Bununlada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mərhum xx.xx.2022-ciil tarixdə vəfat etmiş Allahverdiyev Bəhrəm Saat oğlunun vərəsəsi olduqlarını şəksiz formada nümayiş etdirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. İşə baxan məhkəmə qətnamə qəbul edərkən, göstərilən halları araşdırmadan, yalnız formal mülahizələrə əsaslanaraq qətnamə qəbul etmişdir ki, həmin qətnamə iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyindən apellyasiya qaydasında ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mərhum Bəhram Allahverdiyevin banka borcu olması işin mübahisəsiz halıdır. Mərhumun qanuni vərəsələri qismində hazırkı iş üzrə cavabdehlər çıxış edirlər. Mərhumdan miras qalan əmlak cavabdehlər tərəfindən qəbul edilmişdir. Belə olan halda mərhum borclunun müqavilə üzrə yaranmış borcunu ödəmək öhdəliyi də cavabdehlərin üzərinə düşür. Məhkəmə iddia tələbinin rəddi əsası kimi Siyəzən Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(059)-464/2022 saylı qətnaməsinə istinad etsə də, həmin qətnamənin qanuni qüvvəsini alıb-almaması, icra edilib-edilməməsi kimi hallar müəyyən edilməmişdir. Belə olan halda həmin qətnamənin sübut kimi heç bir hüquqi əhəmiyəti ola bilməz. Göstərilən hallara məhkəmə diqqət etməmiş, formal əsaslarla iddianı rədd etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz .
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Ona görə də kollegiya Siyəzən Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(059)- 308/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı bank hazırkı iş üzrə cavabdehlərə qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulmasını xahiş etmişdir.
24. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Hər şeydən əvvəl kollegiya hesab edir ki, mərhum Allahverdiyev Bəhrəm Saat oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.
26. Lakin öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, mərhum Allahverdiyev Bəhrəm Saat oğlunun "xxxx" ASC ilə bağlamış olduğu 19 oktyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 307,99 manat borcu qalmış, həmçinin 26 fevral 2022-ci il tarixdə reyestrdə 2V-287 və 2V-288 nömrələrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhumun arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 birinci növbədə vərəsə kimi mərhumun öldüyü məqamadək malik olduğu miras əmlak, o cümlədən miras aktivini təşkil edən 5712,96 manat pul üzərində bərabər pay hüquqlu vərəsəlik hüququ əldə etmişlər.
27. Bundan sonra, mərhumun qanun üzrə vərəsəsi, oğlu Cavabdeh1 ona düşən miras payını anası Cavabdeh2 bağışlamış, bununla da, sonuncunun mərhum Bəhrəm Allahverdiyevin yeganə vərəsəsi kimi miras aktivini təşkil edən 5712,96 manat pula münasibətdə vərəsəlik hüququ yaranmışdır. Qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə miras aktivini təşkil edən 5712,96 manat pul mərhum Bəhrəm Allahverdiyevin "xxxx" QSC-yə 06 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi yönəldilmiş, habelə bu məbləğin Cavabdeh2 "xxxx" QSC-nin xeyrinə tutulması qət edilmişdir.
28. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır.
29. Hazırkı işin tədqiq olunan faktiki hallarından müəyyən edildi ki, mərhum Bəhram Allahverdiyevdən 5712,96 manat pul miras qalmış və həmin əmlaka münasibətdə vərəsəlik hüququ mərhumun yoldaşına keçmiş, nəhayət məhkəmə qətnaməsinə əsasən mərhumun borcunun ödənilməsi məhz həmin miras əmlaka yönəldilmişdir.
30. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya bildirir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi maddi və prosessual hüquq normalarının pozulmasına və birinci instansiya məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir.
31. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlilləri qəbul etmir və qeyd edir ki, iş üzrə Cavabdeh2 mərhum Bəhrəm Allahverdiyevin borcuna görə məsuliyyəti miras əmlakın miqdarı ilə məhdudlaşmış, yəni 5712,96 manat təşkil etmiş, habelə qeyd olunan məbləğin daha əvvəl qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə mərhumun "xxxx" QSC-yə 06 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi məqsədilə adı çəkilən cavabdehdən həmin bankın xeyrinə tutulması qət edilmişdir. Belə olan halda, iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı, eləcə də Cavabdeh2 miras əmlakın dəyərindən artıq məbləğin iddiaçı bankın xeyrinə tutulması əsaslı mövqe hesab edilə bilməz.
32. Apellyasiya kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:
İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(059)-308/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.