Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1883/2021 15.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin alınması tələbinə dair mülki iş üzrə Qobustan rayon məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(026)-87/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qobustan rayon məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Quliyev) iddianın qismən təmin edilməsi, 20 oktyabr 2005-ci il tarixdə anadan olmuş X3 və 16 fevral 2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 fevral 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 04 fevral 2021-ci il tarixdən tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı 20 oktyabr 2005-ci il tarixdə anadan olmuş övladı Aytac və 16 fevral 2008-ci il tarixdə anadan olmuş övladı Məhəmmədin yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş aliment miqdarının artırılaraq hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, 2015-ci il tarixdə ərizə verərək alimentdən imtina etdiyini, hazırda maddi vəziyyətinin pisləşdiyi üçün uşaqlarının saxlanılmasına görə Xəqaninin maddi yardımına ehtiyacı olduğunu, lakin Xəqaninin hazırda başqa qadınla evli olduğunu və iki uşağı olduğunu göstərərək Cavabdeh 20 oktyabr 2005-ci il tarixdə anadan olmuş Aytac və 16 fevral 2008-ci il tarixdə anadan olmuş Məhəmmədin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildə Cavabdeh ilə evlənmişlər, nikahlarını 16 avqust 2007-ci il tarixdə Cəlilabad rayonu Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahdan 20 oktyabr 2005-ci il tarixdə Aytac və 16 fevral 2008-ci il tarixdə Məhəmməd adlı iki uşaqları olmuşdur. Qobustan rayon məhkəməsinin 10 fevral 2010-cu il tarixli 2(026)-15/2010 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alinıb ona verilməsi qət edilmişdir. 2015-ci il tarixdə icra şöbəsində ərizə yazıb alimentdən imtina etmişdir. Lakin hazırda uşaqlar böyüyüb, onların təlabatlarını ödəməkdə çətinlik çəkir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Dəmirov X2 rayon məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin alimentin 150 manat hissəsində ləğv edilməsini və iddia tələbinin qismən edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, qətnamədə müəyyən olunmuş nəticələr işin hallarına uyğun gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 372.6. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslağını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin alimentin 150 manat hissəsində ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla aliment tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın aildə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələri). Ailə Məcəlləsinin 78.1. maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valideynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideynin övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşısa da, övladı yanında qalan valideyn övladının maddi və mənəvi tələbatının ödənilməsində daha artıq məsuliyyət daşıyır. İddiaçı övladının saxlanılması üçün alimentin təyin edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi bir uşaq üçün 100 manat olmaqla, 200 manat məbləğində alimentin tutulmalı olması qənaətinə gəlmişdir. Cavabdeh maddi imkanın aşağı olduğunu, himayəsində xəstə, yaşlı anası və ikinci nikahından iki övladı olmasını, qazancının az olmasını və başqa gəliri olmadığını əsas gətirərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Lakin cavabdehin maddi imkanının aşağı olması onun bir valideyn kimi məsuliyyətdən azad etməsə də, uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının təmin edilməsi, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balansın təmin edilməsi zəruridir. Çünki alimenti vaxtlı-vaxtında ödənilməməsi uşağın mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasına səbəb olacaqdır. Belə ki, alimentin vaxtında ödənilməməsi uşağın maddi tələbatının təmin edilməsində məhdudiyyətlər yaradacaqdır ki, bu da uşağın mənafeyinə uyğun hesab edilə bilməz. Çünki, uşağın saxlanılması, onun maddi tələbatının ödənilməsində hər iki valideyn birgə məsuliyyət daşıyır. Odur ki, uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının təmin edilməsi, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balansın təmin edilməsinin zəruriliyini və eləcə də iddiaçının əvvəlki məhkəmə qətnaməsinə əsasən uşağın 18 yaşına çatanədək saxlanılması üçün tutulmuş alimentin pulun tam alınması səbəbi ilə xitam verildiyini nəzərə alaraq məhkəmə kollegiyası Cavabdeh tutulmalı olan alimentin məbləğinin azadılması barədə dəlilini qismən əsaslı hesab edir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən alimentin miqdarı dəyişdirilməli, uşaqların tələbatının ödənilməsinin vaxtında təmin edilməsindən ötrü alimentin məbləği bir uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qobustan rayon məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə kollegiyası hesab edir ki, alimentin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə uyğun olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217.2, 234.2.1, 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan rayon məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh 20 oktyabr 2005-ci il təvəllüdlü X3 və 16 fevral 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 50 (əlli) manat, ümumilikdə 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1883/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1883/2021
15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver