Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1895/2023 23.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(060)-3932/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 2600 (iki min altı yüz) manat borcun, 46 manat dövlət rüsumunun tutularaq iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" ASC-dən xx.xx.2015-ci il tarixdə 24 ay müddətinə illik 26 faizlə 3120 manat məbləğində kredit götürmüş və o, cavabdehə zamin durmuşdur. Lakin cavabdeh bank qarşısında öhdəliyi yerinə yetirməmiş, onun borcu yaranmış və Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli məhkəmə qətnaməsinə əsasən cavabdehin banka olan 2548,55 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu və icra xərci onun tərəfindən ödənilmişdir. Həmin bu kredit götürülərkən ona digər Cavabdeh2, yəni dostu ondan xahiş etmişdir ki, Saabxanım ilə iş quracaqlar və bu pulu da qısa zamanda həll edəcəklər. Lakin onlar vermiş olduqları vədlərinə belə əməl etməmişlər. Sonuncu ödənişi də 19 may 2023-cü il tarixində 73 manat kredit məbləğindən, 20 manat isə arayış üçün ödəməklə banka olan bütün pul vəsaitini tam ödəmişdir. O, cavabdehlərə həmin pulu ona qaytarmasını bildirsə də, cavabdehlər pulu ona ödəməmişdir. Bu səbəbdən də o həmin pulu və ona dəymiş ziyanı cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, o, Cavabdeh2 evində işləmişdir. Uşağına baxmışdır. Sonuncunun xahişinə əsasən o bankdan pul götürmüş, Xətai ona zamin durmuşdur. Pulu bankdan götürdükdən sonra elə oradaca pulu sayaraq Bəhruza təhvil vermişdir. Hazırda, onun imkanı yoxdur ki, həmin məbləği geri qaytarsın. Birinci instansiya məhkəməsində iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, 30 oktyabr 2015-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında “Mikro-kredit” müqaviləsi bağlanmış və kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı kimi həmin tarixdə İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Hazırda həmin şəxslərin bank qarşısında heç bir öhdəlikləri yoxdur, götürülən kredit tam ödənilmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxırlar. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(060)-3932/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilərək Cavabdeh1 kredit borcuna görə ödənilmiş 2600 (iki min altı yüz) manat və dövlət rüsumunun əvəzi olaraq 46 (qırx altı) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin Cavabdeh2 qarşı hissədə təmin edilməməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(060)-3932/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsini, iddiaçı tərəfindən iddia olunan 2600 manat pulun və 46 manat dövlət rüsumunun digər Cavabdeh2 tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 2600 (iki min altı yüz) manat borcun, 46 manat dövlət rüsumunun tutularaq iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" ASC-dən xx.xx.2015-ci il tarixdə 24 ay müddətinə illik 26 faizlə 3120 manat məbləğində kredit götürmüş və o, cavabdehə zamin durmuşdur. Lakin cavabdeh bank qarşısında öhdəliyi yerinə yetirməmiş, onun borcu yaranmış və Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli məhkəmə qətnaməsinə əsasən cavabdehin banka olan 2548,55 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu və icra xərci onun tərəfindən ödənilmişdir. Həmin bu kredit götürülərkən ona digər Cavabdeh2, yəni dostu ondan xahiş etmişdir ki, Saabxanım ilə iş quracaqlar və bu pulu da qısa zamanda həll edəcəklər. Lakin onlar vermiş olduqları vədlərinə belə əməl etməmişlər. Sonuncu ödənişi də 19 may 2023-cü il tarixində 73 manat kredit məbləğindən, 20 manat isə arayış üçün ödəməklə banka olan bütün pul vəsaitini tam ödəmişdir. O, cavabdehlərə həmin pulu ona qaytarmasını bildirsə də, cavabdehlər pulu ona ödəməmişdir. Bu səbəbdən də o həmin pulu və ona dəymiş ziyanı cavabdehlərdən tələb edir. Məhkəmədə iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə o, ifadə verərək bildirmişdir ki, Cavabdeh2 evində işləmiş və uşağına baxmışdır. Sonuncunun xahişinə əsasən o bankdan pul götürmüş, Xətai də ona zamin durmuşdur. Pulu götürdükdən sonra elə oradaca pulu sayaraq Bəhruza təhvil vermiş və həmin pulu da Bəhruz ödəməlidir. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Lakin məhkəməyə teleqram ünvanlamış və həmin teleqramda qeyd edilən məbləğin ondan hissə-hissə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Qanuni nümayəndə məhkəmədə iştirak edən zaman bildirmişdir ki, 30 oktyabr 2015-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında “Mikro-kredit” müqaviləsi bağlanmış və kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı kimi həmin tarixdə İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Hazırda həmin şəxslərin bank qarşısında heç bir öhdəlikləri yoxdur, götürülən kredit tam ödənilmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxırlar. İşə baxan məhkəmə iddia tələbini təmin etməklə ondan iddiaçının xeyrinə 2600 manat pulun və 46 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarmışdır. AR MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və qanunla müdafiə olunan başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. AR MM-nin 1097-ci maddəsinə görə isə həmin zərər zərərvuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Göründüyü kimi məhkəmə araşdırması zamanı İddiaçı iddia etdiyi pulun əslində Cavabdeh2 olması və bank tərəfindən kredit ona verilən anda həmin vəsaiti sayaraq Bəhruzə verməyi öz təsdiqini tapmış və bu vəsaitin onda olmasını iddiaçı da bildiyi üçün onu da bu iddia üzrə cavabdeh kimi qoymuşdur, bundan başqa cavabdeh məhkəməyə ünvanladığı məktubda da, həmin vəsaitin onda olmasını etiraf etmiş və məhkəmədən həmin vəsaitin hissə-hissə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə bu məktubu-teleqramı mötəbər sübut kimi qəbul etməyərək borcun yalnız ondan tutulmasına qərar vermişdir. Mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Məhkəmə işdə olan mötəbər sübutları-cavabdehin iddia olunan vəsaitin olmasına dair etirafını, bununla bağlı məhkəməyə ünvanladığı teleqramını nəzərə almamış və qanunsuz, ədalətsiz bir qətnamə çıxarmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilərək borc məbləğinin Cavabdeh2 onun xeyrinə tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh2 və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14764/2016 nömrəli, 25 oktyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və İddiaçı Niyab oğlundan müştərək qaydada xx.xx.2015-ci il tarixli sm5190-RES1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2130 manat, faiz borcuna görə 398,55 manat, cərimə borcuna görə 20 manat, cəmi 2548,55 (iki min beş yüz qırx səkkiz manat əlli beş qəpik) məbləğdə borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin hesabına tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin №8(060)-148/2018 saylı, 2 fevral 2018-ci il tarixli qərardadının surətindən görünür ki, təqdimat qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-14764 saylı xx.xx.2016-cı il tarixli sənədi üzrə tələb icra olunanadək Cavabdeh1 Azərbaycan Respublikasından getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 19 may 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli sm5190 saylı kredit müqaviləsinə əsasən 5000 (beş min) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixində sm5190 saylı kredit müqaviləsi üzrə qalıq borc tam bağlanmışdır. xx.xx.2014-cü il tarixinə Cavabdeh1 göstərilən müqavilə üzrə "xxxx" ASC-yə heç bir kredit, faiz və zaminlik öhdəliyi yoxdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qərarında haqlı olaraq onunla əsaslandırmışdır ki, iddia tələbi qismən təmin edilməli və tələb edilən məbləğ Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi Cavabdeh2 qarşı hissədə təmin edilməməlidir. Belə ki, cavabdehin izahatında və iş sənədlərindən də aydın olur ki, iddiaçı bank qarşısında öhdəlik olaraq Cavabdeh1 zamin dayanmış və sonuncunun yaranmış borcunu iddiaçı ödəmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından və cavabdehin özünün məhkəmədə verdiyi izahatından da görünür ki, o, Cavabdeh2 evində işləmiş və uşağına baxmışdır. Sonuncunun xahişinə əsasən o, bankdan pul götürmüş, Xətai də ona zamin durmuşdur. Pulu götürdükdən sonra elə oradaca pulu sayaraq Bəhruza təhvil vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 bank qarşısında öhdəliyi yerinə yetirməmiş, bankın borcunu zamin ödədiyindən onun iddiaçıya borcu yaranmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə Cavabdeh1 əvəzinə banka ödədiyi borcun reqres qaydada ona geri qaytarılmasını tələb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi ilə bankdan götürdüyü məbləği sonradan hazırkı iş üzrə cavabdeh olan Cavabdeh2 verməsi, kredit müqaviləsi üzrə bank qarşısında öhdəliyin Cavabdeh2 keçməsi üçün əsas deyildir. əksinə bank qarşısında zamin öhdəliyi icra etməsinə görə Cavabdeh1 qarşı reqres qaydada tələb hüququ zaminə keçmişdir. Bununla əlaqədar Cavabdeh1 verdiyi pul məbləğinin qaytarılmasına dair Cavabdeh2 qarşı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(060)-3932/2023 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1895/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1895/2023
23.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver