Məhkəmə qərarları › İş №2(105)-1899/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1899/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1899/2021 27.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(074)-303/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(074)-303/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 qız və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 3816,82 manat məbləğində kredit borcu, 541,66 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4368,48 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutulması, 31.10.2018-ci il tarixli, 001L**********46 saylı uzunmüddətli kredit müqaviləsi və 31.10.2018-ci il tarixli, 001R********** saylı kredit razılaşmasının ləğv edilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir (hakim E.Z.Hümbətov) Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(074)-303/2020 saylı qətnaməsinin ona münasibətdə ləğv edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı AccessBank QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 3816,82 manat məbləğində kredit borcu, 541,66 manat məbləğində faiz borcu və 920,55 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5279,03 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 31.10.2018-ci il tarixli, 001L**********46 saylı uzunmüddətli kredit müqaviləsinin və 31.10.2018-ci il tarixli, 001R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1 qız və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 3816,82 manat məbləğində kredit borcu, 541,66 manat məbləğində faiz borcu və 920,55 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5279,03 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında onun iştirakı təmin olunmamışdır. Bundan başqa o, Cavabdeh1 bağlamış olduğu Kredit Xətti Müqaviləsi üzrə öhdəliklərini icra etməsi üçün zamin olmuş, bu müqaviləyə əlavə olaraq bağlanan kredit razılaşmalarından isə məlumatı olmayıb və həmin razılaşmalar barədə ona məlumat verilməyib. Bu razılaşmalar üzrə borcluya verilən pulun məbləği, məqsədi, faizlərin miqdarı və digər şərtlər barədə heç bir məlumatı yoxdur. Həmin razılaşmalar onun iştirakı olmadan və məlumat verilmədən bağlanmışdır. Onunla bağlanmış zaminlik müqaviləsində yalnız 001L**********46 saylı Kredit Xətti Müqaviləsinə istinad olunduğundan o, yalnız həmin müqaviləyə zaminlik daşıya bilər. Lakin iddiaçı hazırda borcluya və ona qarşı məlumatı olmadan bağlanmış 00İRİ830443456 saylı müqaviləyə əsasən verilmiş pulun tutulması tələbinə dair iddia qaldırmışdır. O, isə həmin müqavilə üzrə zamin olmadığına görə bu pulun ondan tələb edilməsi əsassızdır. Zaminlik müqaviləsi üzrə yaranan münasibətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 04 sentyabr 2012-ci il tarixli qərarında bir sıra mühüm şərtlər müəyyən etmişdir. AR Konstitusiya Məhkəməsinin Plenumunun bu qərarda əks etdirdiyi hüquqi mövqeyə əsasən “kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır”. AR Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən mövqeyindən də göründüyü kimi zaminlik müqaviləsi əsas öhdəliyə dair müqaviləyə istinad olunmaqla bağlanmalı və bu zaman zaminliyin təmin etdiyi əsas öhdəliyin bütün şərtləri aydın olmalıdır. İş materiallarında olan və onun zamin kimi təminat verdiyi 31.10.2018-ci il tarixli Kredit Xətti Müqaviləsinə əsasən Cavabdeh1 bank tərəfindən 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçının pul tələbinin əsası kimi istinad etdiyi kredit razılaşmasına əsasən iddiaçı borcluya aylıq faiz dərəcəsi 2,1667% olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit vermişdir. Göründüyü kimi zaminliklə təmin edilmiş Kredit Xətti Müqaviləsi ilə iddianın əsasını təşkil edən Kredit Razılaşması ayrı-ayrı müqavilələrdir və biri o birinin tərkib hissəsi ola bilməz. Zaminliklə təminat verilən öhdəlik üzrə müqavilənin müddəti 120 ay olduğu halda Kredit Razılaşması ilə daha qısa müddət - 24 ay müəyyən edilmişdir. Buna görə də Kredit Razılaşmasını zaminliklə təminat verilmiş öhdəlik hesab etmək mümkün deyildir. Kredit müqaviləsinin predmeti pul olduğundan bu müqavilənin ən mühüm şərtləri də elə pulun növü, məbləği, qaytarılması müddəti, şərtləri və faizlər hesab olunur. Göründüyü kimi zaminliklə təmin edilmiş müqavilənin və kredit razılaşmasının şərtləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Müqavilənin müddəti 120 ay olduğu halda kredit razılaşmasında 24 ay müddət nəzərdə tutulur və bu müddət barədə zaminə məlumat verilmir. Kredit xətti müqaviləsində faizlərin miqdarı göstərilmədiyi halda kredit razılaşmasında kifayət qədər yüksək faiz müəyyən edilir və bu barədə də zaminin razılığı alınmır. Bütün bunlar isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarında müəyyən etdiyi zaminliyin təmin etdiyi əsas öhdəliyin bütün şərtlərinin aydın olması prinsipinə ziddir. Bu baxımdan verdiyi zaminlik ümumiyyətlə kredit razılaşmasına aid edilə bilməz. Hətta bu zaminlik kredit razılaşmasına aid edilsə belə zaminliyə xitam verilməlidir. Çünki zaminin razılığı olmadan kredit xətti müqaviləsində müəyyənləşdirilmiş şərtlərdən kənara çıxılmışdır. (müddətlə bağlı şərtin pozulması). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(074)-303/2020 saylı qətnaməsinin ləğv edilməsi, borcun yalnız Cavabdeh1 tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(074)-303/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə iddiaçı «AccessBank” QSC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 qətnaməni yalnız iddianın ona qarşı təmin olunan hissədə mübahisələndiridiyi üşün kollegiya da Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə uyğun olaraq qətnaməni həmin hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(074)-303/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi Cavabdeh2 qarşı hissədə təmin edilməməlidir. Barəsində şikayət verilən qətnamədən görünür ki, birinci instansiya məhkəməsi iddianı cavabdeh (kredit müqaviləsi üzrə zamin) Cavabdeh2 qarşı qismən təmin edərkən iddiaçı «AccessBank” QSC-nin Cavabdeh1 oğlu arasında bağlanmış kredit sazişinə Cavabdeh2 zamin durmasına istinad etmiş, həmin hissədə gəldiyi nəticəni də Mülki Məcəllənin 472.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə cavabdeh (zamin) Cavabdeh2 qarşı iddianın təmin edilən hissəsində işin faktiki hallarına uyğun deyil və Cavabdeh2 qarşı iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, iş materiallarında olan 31.10.2018-ci il tarixli, № 001L**********46 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 31.10.2018-ci il tarixli, 001R********** saylı kredit razılaşma müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı QSC-dən 24 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit almışdır. İş materiallarında olan 11.02.2020-ci il tarixli, 2095 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 31.10.2018-ci il tarixli, 001R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə 30.01.2020-ci il tarixə 3816,82 manat əsas, 541,66 manat faiz və 920,55 manat cərimə olmaqla, ümumilikdə 5279,03 manat borcu vardır. İş materiallarında olan 31.10.2018-ci il tarixli, 001S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı QSC arasında 31.10.2018-ci il tarixli, 001L**********46 saylı kredit müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zaminlər kredit xətti müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası nərəzə alır ki, 31.10.2018-ci il tarixli, № 001L**********46 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır 31.10.2018-ci il tarixli, 001R********** saylı kredit razılaşma müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı QSC-dən 24 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit almışdır. Həmin müqavilənin 1.1-1.3-cü bəndlərinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 31.10.2018-ci il tarixli, 001S**********02 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra edilməsi üçün zaminin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyü və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığı müəyyən edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən borclu kredit xətti müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlər də daxil olmaqla borclunun kredit xətti müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Tərəflər arasında bağlanmış 31.10.2018-ci il tarixli, № 001L**********46 saylı uzunmüddətli kredit kredit müqaviləsində gələcəkdə bağlanacaq kredit sazişlərinin predmeti, müddəti, tərəflərin, o cümlədən də zaminlərin hüquq və vəzifələri öz əksini təfsilatı ilə tapmamış və kredit məbləğinə hesablanacaq faizlərin hansı məbləğdə müəyyən ediləcəyi əksini tapmamışdır. Bununla da sözügedən kredit xətti üzrə bağlanacaq kredit sazişləri bağlandıqda zaminlərlə hər dəfə müqavilənin bağlanması nəzərdə tutulur. İş üzrə İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsində tərəflər arasında kredit məbləğinə hesablanacaq faizlərin hansı məbləğdə olması öz əksini tapmamış və müəyyən edilməmişdir. Bundan başqa 31.10.2018-ci il tarixli, 001R********** saylı kredit razılaşması bağlanarkən zaminin razılığı alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır… Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir… Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.» Göründüyü kimi, qanunvericilik fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilmək hüququnu, müqavilənin ləğv edilmə qaydasını müəyyən etmiş, eyni zamanda öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə əməl etməli olmasını təsbit etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, zaminliyə xitam verilməsinin əsasları Mülki Məcəllənin 477-ci maddəsində nəzərə tutulmuşdur. Həmin normaya əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Zaminlik müqaviləsinə xitam verilməsinə dair əsaslardan göründüyü kimi zaminliyin təmin etdiyi öhdəliyə müqavilə üzrə nəzərdə tutulmuş kredit müqaviləsi üzrə 31.10.2018-ci il tarixli, 001R********** saylı kredit razılaşması bağlanılmış, həmim razılaşma üzrə zamin Cavabdeh2 razılığı olmadan həmin öhdəlik dəyişdirildiyindən, yəni müqavilə üzrə yeni qaydalar müəyyən edildiyindən, bu hal heç də kredit xətti üzrə müqavilənin davamı kimi qəbul edilməməlidir və zaminin həmin öhdəliklərin icrası kimi qəbul edilməsinə əsaslar verə bilməz. Məlum olduğu kimi zaminlik öhdəliklərin icrasının təmin edilməsi üsullarından biri kimi çıxış edir və daha çox bank-kredit münasibətlərində tətbiq olunması ilə xarakterikdir. Göründüyü kimi zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta, mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini istisna etməmişdir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi mülki məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliyin icrası üçün zəmanət verməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. Lakin işin hallarından da göründüyü kimi, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 31.10.2018-ci il tarixli, 001S**********02 saylı zaminlik müqaviləsi ümumi xarakter daşımış və gələcəkdə kreditorla borclu arasında bağlanacaq kredit razılaşmaları üzrə verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) icrasını təmin etmək məqsədini daşımışdır. Kredit xəttinin ümumi məbləği 100.000 manat, müddəti isə 120 ay təşkil etmişdir, özü də bu müddət öhdəliyin icrası müddətini yox, müqavilənin 1.3 -cü bəndinə görə, kredit razılaşmaları əsasında istənilən (tələb olunan) məbləğin 120 aydan gec olmayaraq verilməsini ehtiva etmişdir. Nəzərə almaq vacibdir ki, uzunmüddətli kredit müqaviləsi ilə yalnız kreditorun öhdəlikləri yaranır, belə ki, kredit xətti müqaviləsinə görə, kreditor müəyyən müddətədək bir və ya bir neçə dəfə borcluya kredit verməyi öhdəsinə götürür. Borclunun öhdəlikləri isə krediti aldıqdan sonra yaranır. O da nəzərə alınmalıdır ki, zaminlik müqaviləsinin özündə zaminliklə təmin edilən öhdəliyin yaranması kreditorla borclu arasında gələcəkdə bağlanacaq kredit razılaşmaları ilə şərtləndirilmiş, lakin zaminlik müqaviləsində gələcəkdə borcluya verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) məbləği, geri qaytarılması müddəti, faiz dərəcəsi, öhdəliyin pozulması halında məsuliyyətin ölçüsü (dəbbə pulu) və s. şərtlər öz əksini tapmamışdır. Halbuki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Tərəflər müqavilə bağlmaqda sərbəstdirlər və müqavilə şərtlərini müəyyənləşdirərkən iradələrinə uyğun hərəkət edirlər, ancaq, bağlanan müqavilələr qanunvericiliyin tələblərinə zidd olmamalı, qeyri-müəyyənliyə yol verilməməlidir. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən mahiyyəti aydın olmayan müqavilə şərtləri müəyyən edə bilməzlər. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi yanaşmaya görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə olduğundan, müvafiq olaraq həmin müqavilədə zaminliklə təmin edilmiş əsas öhdəliyin bütün mühüm şərtləri, əsasən də faiz dərəcəsi göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə həmin müqavilə çərçivəsində bağlanan kredit razılaşmasında faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğuladığı kimi, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Lakin, artıq qeyd olunduğu kimi, hər bir zaminlə gələcəkdə yaranacaq öhdəlik (öhdəliklər) üzrə zaminlik müqaviləsi bağlanaraq ümumi məbləğ və müddət göstərilsə də, faiz dərəcəsi əks olunmamışdır. Ona görə də banka lazım gəlirdi ki, kredit xətti müqaviləsi çərçivəsində borclu ilə kredit razılaşması bağlayarkən verilən kreditin faizi barədə zaminin razılığını alsın. Hazırki işin materiallarından isə görünür ki, razılaşma üzrə Cavabdeh2 zamin kimi razılığı alınmamışdır. Kredit razılaşmaları ilə bağlı ödəniş cədvəllərini yalnız bank və Cavabdeh1 imzalamışdır. Halbuki, ödəniş cədvəli kredit razılaşmasının (müqaviləsinin) tərkib hissəsi olduğundan və həmin cədvəldə faiz dərəcəsi, verilən kreditin məbləği, valyutası, öhdəliyin icra edilməməsi halında məsuliyyət tədbiri və s. barədə hallar öz əksini tapır. Beləliklə, zamin Cavabdeh2 ödəniş cədvəli ilə tanış olmamış, nə də faiz dərəcəsi onunla başqa qaydada razılaşdırılmamışdır. Belə razılığın alınmaması isə zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası Cavabdeh2 apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər iddia tələbinin zaminə münasibətdə təmin edilməməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin şərh olunan bu hallarına düzgün qiymət verməmiş və Cavabdeh2 qarşı iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının təbiqində səhvə yol vermişdir. Bu da qətnamənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu baxımdan, qətnamə iddia tələbinin Cavabdeh2 qarşı təmin edilən hissəsində ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi Cavabdeh2 dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 apelyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(074)- 303/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi Cavabdeh2 qarşı hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apelyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(074)-303/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin edilən hissəsində ləğv edilsin. İddia tələbi Cavabdeh2 dair hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar