Məhkəmə qərarları › İş №2(105)-19/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-19/2022

12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-19/2022 12.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər X8 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(060)-11/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(060)-11/2018 nömrəli qətnaməsi ilə (hakim N.İ.Abıyev) İddiaçı ASC-nin cavabdehlər X8 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 8321,50 ABŞ dolları əsas, 2434,49 ABŞ dolları faiz, 77,95 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10833,94 ABŞ dolları borcun (manat məzənnəsilə) tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən iş üzrə Cavabdeh2 apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İş materiallarında olan 10 avqust 2016-cı il tarixli, AZ-İ 818574 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, borclu X8 həmin tarixdə vəfat etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) cavabdehlər X5 və X14 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X2 və X9 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 8.321,50 ABŞ dolları əsas borc, 2.434,49 ABŞ dolları faiz borcu və 777,95 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11.533,94 ABŞ dollarının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli 2(028)-11/2018 nömrəli qərardadı ilə Cavabdeh2 cavabdeh X10 hüquqi varisi kimi cavabdeh qismində işə cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək göstərmişdir ki, cavabdeh X7 07 avqust 2016-cı il tarixdə ölmüşdür. Bundan başqa cavabdeh X15 26 mart 2016-cı il tarixdə ölmüşdür. Qubadlı rayon məhkəməsi Cavabdeh2 X11 vərəsəsi kimi işə cavabdeh kimi cəlb edərək İddiaçı ASC-nin xeyrinə qanunsuz və əsassız olaraq müştərək qaydada 8.321,50 ABŞ dolları əsas, 2434, 49 ABŞ dolları faiz, 77,95 ABŞ dolları cərimə cəmi 10.833 ABŞ dolları 94 cent məbləğində borc tutulmasını qət etmişdir. X12 vərəsəsi Cavabdeh2 vərəsə kimi qəbul etdiyi miras əmlak S.Rəhimlinin vəfatı ilə əlaqədar olaraq almadığı 16.625.03 manat pensiyadan ibarətdir. Bu barədə 27 sentyabr 2016-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni işə əlavə etmişdir. Bu barədə şəhadətnamənin özündə göstərilmişdir. Cavabdeh2 2-ci qrup əlildir, şəkərli diabet xəstəsidir. Qubadlı Rayon Məhəməsinin 2(028)-l 1/2018 saylı 24 dekabr 2018-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilərək işin icratma xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, borcun tutulması hissəsində dəyişdirilməli, eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2 (105)-19/2022 saylı qərardadı ilə Qubadlı Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(060)-11/2018 saylı qətnaməsinin cavabdeh X6 münasibətdə ləğv edilməsi və ona münasibətdə iş üzrə icraata xitam verilməsini nəzərə almalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, Qubadlı Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(060)-11/2018 nömrəli qətnaməsilə (hakim N.İ.Abıyev) İddiaçı ASC-nin cavabdehlər X8 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 8321,50 ABŞ dolları əsas, 2434,49 ABŞ dolları faiz, 77,95 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10833,94 ABŞ dolları borcun (manat məzənnəsi ilə) tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan 22 dekabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Yasamal filialı tərəfindən X5 illik faiz dərəcəsi 20 faiz olmaqla 24 ay müddətinə 12.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 2.5-ci bəndinə görə gecikdirilən borc məbləğinə cərimə kimi illik 40 % dərəcəsi ilə, aylıq isə 3,33 faiz dərəcəsi ilə hesablanır və “Borcalan” tərəfindən “Kreditor”a ödənilir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə X7 (borcalan) və X15 (zamin) arasında 22 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi 22 dekabr 2014-cü il tarixli 440004995/ZM №li zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan zaminlik müqaviləsinə görə zamin bu müqaviləyə əsasən bank qarşısında xx.xx.2014-cü kredit müqaviləsi irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 12.800 ABŞ dolları məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müqavilənin 4.1-ci bəndinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra etmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 22 dekabr 2014-cü il tarixli ********* nömrəli zaminlik müqaviləsinin 1 saylı Əlavəsinə əsasən zamin X15 borcalan X7 ilə 22 dekabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə görə kreditor (bank) qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, X5 verilmiş kreditin xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək faiz ödənişi cəmi 2.837,73 ABŞ dolları, kreditin əsas məbləğinin ödənişi 12.800 ABŞ dolları, cəmi 15.637,73 ABŞ dolları təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu X3 ödənilməmiş əsas borcu 8.321,50 ABŞ dolları, faizlər üzrə 2.434,49 ABŞ dolları və cərimə üzrə borcu 777,95 ABŞ dollarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh X5 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda X3 banka olan 8.321,50 ABŞ dolları əsas borc, 2.434,49 ABŞ dolları faiz borcu və 777,95 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11.533,94 ABŞ dolları borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borcverən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borcalanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borcverənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərdən 8.321,5 ABŞ dolları əsas və 2.434,49 ABŞ dolları faiz borcunun tutulması barədə tələb əsaslıdır, lakin dəbbə pulu yüksəkdir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsaslanaraq 777,95 ABŞ dolları məbləğində dəbbə pulunu 77,95 ABŞ dollarına qədər azaltmışdır. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 8.321,50 ABŞ dolları əsas, 2.434,49 ABŞ dolları faiz, 77,95 ABŞ dolları cərimə, cəmi 10.833,94 ABŞ dolları məbləğində borc tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlsə də, borcun məbləğini müəyyən etməkdə, habelə cavabdeh X1 börcun tutulması barədə qərar qəbul etməkdə səhvə yol vermişdir. Belə ki, məhkəməyə təqdim edilmiş 10 avqust 2016-cı il tarixli, AZ-İ 818574 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, borclu X8 həmin tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş mərhum cavabdeh X4 qardaşı xx.xx.1945-ci il tarixdə Laçın şəhərində anadan olmuş və Laçın rayonunun Laçın kəndində qeydiyyatda olan X13 göstərmişdir ki, X17 1983-cü ildə boşanıb, X19 ilə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nərimanov küçəsi, ev 8, 14 nömrəli mənzildə yaşamışlar. Hazırda Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nərimanov küçəsi, ev 8, 14 nömrəli mənzil X19nın adınadır. X19 11 may 2020-ci il tarixdə vəfat etmişdir. Hazırda ünvan 1-də qardaşı Fazil Məmmədov yaşayır. Anasının ölümündən sonra ünvan 1 heç kimin adına rəsmiləşdirilməyib. X17 kredit götürdüyü vaxtı ünvan 1-də təmir işləri getmişdir. Azərbaycan Respublikası MPM-nin 254.1.1-ci maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə hakim iş üzrə icraatı dayandırmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2019-cu il tarixli 2(105)-1429/2019 nömrəli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər X8 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə icraat X4 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Məhkəmə kollegiyası tərəfindən ünvan 1 ünvanında yaşamış, mərhum X4 hüquqi varisinin müəyyən edilib-edilməməsi, habelə onun adına hər hansı daşınmaz əmlakın olub-olmaması barədə mərhumun yaşadığı yer üzrə Bakı şəhər 8 saylı Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə sorğular verilmiş, lakin onun adına hər hansı bir əmlak aşkar edilməmiş, habelə mirasın qəbulu barədə hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2(105)-19/2022 nömrəli qərardadı ilə hazırki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(060)-11/2018 nömrəli qətnaməsi cavabdeh X6 münasibətdə ləğv edilmiş, ona münasibətdə iş üzrə icraata xitam verilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli problemli kreditlərin kompensasiyası sənədindən görünür ki, X3 01 mart 2019-cu ilə Banka olan 14146.55 manat kredit borcu azaldılaraq 8783.30 manat həddində müəyyən olunmuşdur. Yəni Qubadlı Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(060)-11/2018 saylı qətnaməsilə müəyyən edilmiş 10.833,94 ABŞ dolları məbləğində borc azaldılaraq 8783.30 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, borcun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə tutulması qət edilən borcun məbləği 8783.30 manat həddində müəyyən edilməlidir. Məhkəmə kollegiyası hazırki qətnaməni qəbul edərkən Sumqayıt Apellyasiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2(105)-19/2022 nömrəli qərardadı ilə Qubadlı Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(060)-11/2018 nömrəli qətnaməsinin cavabdeh X6 münasibətdə ləğv edilməsi və ona münasibətdə iş üzrə icraata xitam verilməsini nəzərə alır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qubadlı Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(060)-11/2018 nömrəli qətnaməsi qismən, borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulması qət edilən borcun məbləği 8783.30 manat həddində müəyyən edilsin. Qubadlı Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(060)-11/2018 nömrəli qətnaməsinin cavabdeh X6 münasibətdə ləğv edilməsi və ona münasibətdə iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Ali Məhkəmənin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar