Məhkəmə qərarları › İş №2(105)-190/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-190/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-190/2024 15.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit borcunun gecikdirilməsinə görə faiz) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 Cavabdeh2, onun vəkili Vəkil iştirakı ilə İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə faiz borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(012)- 571/2021 nömrəli qətnaməsindən iddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 24% dərəcəsi ilə 35000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin edilməsi məqsədi ilə Cavabdeh1 borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında zamin olaraq cavabdehlik daşımağı öhdəsinə götürmüş, eyni zamanda mülkiyyətində olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18V ünvanında yerləşən 4 otaqlı, 23 saylı mənzili ipoteka ilə yüklü etmişdir.

3. Abşeron Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2013-cü il tarixli, 119557-1-9915 saylı kommersiya kredit müqaviləsinə əsasən yaranmış 28772,02 manat əsas, 1036,99 manat faiz borcunun, 500 manat cərimənin, cəmi 30309,01 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı ASC-nin hesabına köçürülməsi, ödəmənin 26 noyabr 2013-cü il tarixli, 119607-NEDVİJ-2005 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18V ünvanında yerləşən ümumi sahəsi 101,5 kv.metr, yaşayış sahəsi 77,0 kv.metr, yardımçı sahəsi 24,5 kv.metr olan 4 otaqlı 23 nömrəli mənzilə yönəldilməsi və ilkin satış qiymətinin 61000 manat müəyyən edilməklə, əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin isə Cavabdeh1 verilməsi qət edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli qətnaməsi – “Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18V ünvanında yerləşən ümumi sahəsi 11,5 kv.metr, yaşayış sahəsi 24,5 kv.metr olan 4 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 61000 manat müəyyən edilsin” hissəsində dəyişdirilmiş; Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18V ünvanında yerləşən ümumi sahəsi 11,5 kv.metr, yaşayış sahəsi 24,5 kv.metr olan 4 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 92000 manat məbləğində müəyyən edilmiş; qətnamə – İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2013-cü il tarixli, 119557-1-9915 saylı kommersiya kredit müqaviləsinə əsasən - yaranmış 28772,02 manat əsas, 1036,99 manat faiz borcu, 500 manat cərimə, cəmi 30309,01 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı ASC-nin hesabına köçürülməsi, ödəmə 26 noyabr 2013-cü il tarixli, 119607- NEDVİJ-2005 saylı, ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18 V ünvanında yerləşən ümumi sahəsi 11,5 kv.metr, yaşayış sahəsi 24,5 kv.metr olan 4 otaqlı 23 nömrəli mənzilə yönəldilməsi, əmlak açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi və satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi isə Cavabdeh1 verilsin” hissələrində dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh1 məxsus Xırdalan şəhəri, məhəllə 27, ev 18V ünvanında yerləşən ümumi sahəsi 101,5 kv.m, yaşayış sahəsi 77,0 kv.m, yardımçı sahəsi 24,5 kv.m olan 4 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 85000 manat müəyyən edilmiş, İddiaçı ASCnin kassasiya şikayəti qalan hissədən təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2015-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmış, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmişdir.

6. Abşeron Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası təmin edilərək, Cavabdeh2, Cavabdeh1, X3, X5, X6 və X7 ünvan 2 ünvanında yerləşən 23 saylı mənzildən məcburi qaydada çıxarılmaları və həmin evin boşaldılaraq İddiaçı ASCyə təhvil verilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ASC (bundan sonra – Bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank ilə Cavabdeh2 arasında bağlanmış 119-557-1-9915/1 saylı, xx.xx.2013-cü il tarixli kommersiya krediti müqaviləsindən irəli gələn və Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-408/2015 saylı qətnaməsi ilə müəyyən edilən pul öhdəliklərinin vaxtında icra edilməməsi səbəbindən həmin müqavilənin şərtlərinə əsasən hesablanmış 14.462,77 manat məbləğində faiz borcu və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ondan kredit borcunun tutulmasına dair məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verməklə qətnamənin icrasını qəsdən gecikdirmiş, onun məqsədli hərəkətləri nəticəsində pul öhdəlikləri vaxtında icra olunmamış və bunun nəticəsində kredit müqaviləsi üzrə faizlər yığılmışdır. Kredit müqaviləsindən irəli gələn və Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilən pul öhdəlikləri vaxtında icra olunmadığı üçün yaranmış 14462,77 manat borc məbləğində faiz borcu cavabdehlərdən tutularaq Banka qaytarılmalıdır.

9. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə faiz borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 tərəfindən iddiaçıya məxsus borc pul məbləğindən hər hansı şəkildə faydalanması və ya həmin məbləği əsassız əldə etməsi sübuta yetirilmədiyindən, digər cavabdeh isə ipotekaqoyan olduğundan və onun məsuliyyəti ipoteka predmeti ilə məhdudlaşdırıldığından iddia tələbi əsassızdır və təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 445.7, 449.1, 448.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2789/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Quliyevin sədrliyi və məruzəsi ilə, Gülnarə Tağızadə və Lətifə Məmmədovadan ibarət tərkibdə) iddiaçının şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 1347/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev məruzəçi, Elşanə Vəliyeva və Aqil Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari,Şəmsəddin Abasov və Telman Məmmədovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh2 119-557-1- 9915/1 saylı, xx.xx.2013-cü il tarixli kommersiya krediti müqaviləsi üzrə hesablanmış 14462 manat 77 qəpik məbləğində faiz borcu və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin Cavabdeh1 aid hissədə rədd edilməsi qət edilmişdir.

e) kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli 2(105)- 1207/2022 nömrəli qətnaməsinin iddia tələbinin Cavabdeh1 aid hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilərək 14.462,77 AZN məbləğində faizin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutulması və ona ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 5775/2022 nömrəli iş üzrə 11 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər İlqar Xələfovun məruzəsi ilə, İsmayıl Xəlilov və Ələsgər Əliyevdən ibarət tərkibdə) kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

f) kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat

19. Cavabdeh2 da Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1207/2022 nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən – ondan 119-557-1-9915/1 saylı, xx.xx.2013-cü il tarixli kommersiya krediti müqaviləsi üzrə hesablanmış 14462 manat 77 qəpik məbləğində faiz borcu və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 2711/2023 nömrəli iş üzrə 12 sentyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)- 1207/2022 nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı "Bank VTB (Azərbaycan)" ASCnin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə əsassızdır. İddiaçı hazırkı tələbində cavabdehdən İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2013-cü il tarixli, 119557-1-9915 saylı kredit müqaviləsi üzrə ödənilməmiş faiz borcunu tələb edir. İş materiallarında olan maliyyə arayışına əsasən tələb edilən faiz borcu hesablanmışdır. Hesab edir ki, qeyd olunan müqavilə üzrə iddiaçı tərəfindən hesablanmış müqavilə üzrə faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin Vəkil izahatında bildirdi ki, kredit müqaviləsi "Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh2 arasında bağlanmış, kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh1 məxsus əmlak bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər tərəfindən borc vaxtında ödənilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında icra sənədi üzrə ipoteka predmeti olan mənzil hərrac vasitəsilə 53.000 manat məbləğinə satılaraq, əldə edilən vəsait borcun ödənilməsinə yönəldilmiş, artıq qalan məbləğ mənzilin sahibi olan Cavabdeh1 qaytarılmışdır. Bundan sonra bank həmin mənzili yenidən 61.000 manata Cavabdeh1 özünə satmışdır. Hazırda mənzil onun mülkiyyətindədir. Daha sonra isə bank ödənilməmiş faizlərin olduğuna əsaslanaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin mənzil satılarkən cavabdehin banka olan borcu tam şəkildə ödənilmiş, hazırda onun banka borcu qalmamışdır. İş üzrə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “iddiaçı bankın kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair ən azı məhkəmədə (bundan əvvəlki mülki iş üzrə) iddia qaldırdığı tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün Cavabdeh2 müqavilə faizi tələb etməsi yolverilməzdir”. Belə olan halda iddiaçının hazırkı tələbi anlaşılan deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirdi ki, kredit müqaviləsi "Bank VTB (Azərbaycan)" ASC ilə cavabdeh onun arasında bağlanmış, kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh1 məxsus əmlak bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə borc məhkəmə qətnaməsinə əsasən tam şəkildə ödənilmişdir. Hazırkı iddia tələbi tamamilə əsassızdır. Onun banka heç bir borcu yoxdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edirək bildirdi ki, hazırda ipoteka predmeti olmuş mənzilii geri almışdır. Mənzil onun xüsusi mülkiyyətindədir. Apellyasiya şikayətinin ona heç bir aidiyyəti yoxdur, ona görə də şikayətin təmin edilməməsini xahiş etdi.

26. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

27. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Apellyasiya baxışının hədləri

29. İddiaçı ASC Abşeron Rayon Məhkəməsinin 2(102)-571/2021 nömrəli, 05 aprel 2021ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

30. Məhkəmə kollegiya iş üzrə Ali Məhkəmənin yuxarıda göstərilmiş müvafiq qərarlarını nəzərə alaraq, hazırkı halda apellyasiya şikayətinin dəlillərini Cavabdeh2 gecikdirilmiş vaxta görə faiz borcunun tutulması hissəsində yoxlamağı vacib hesab edir. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə apellysiya şikayətinin yalnız Cavabdeh2 münasibətdə həddi və dəlilləri ilə bağlıdır.

31. Digər Cavabdeh1 münasibətdə araşdırılma aparılmır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh2 münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

33. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəlik Cavabdeh2 tərəfindən pozulduğuna görə bank daha əvvəllər də iddia qaldırmış, müqavilə üzrə bütün borcun (əsas, faiz və cərimə) tutulmasını tələb etmişdir.

34. Məhkəmə qərarları ilə bu tələb qismən təmin olunmuş və cavabdehlərdən 28772,02 manat əsas, 1036,99 manat faiz, 500 manat cərimə olmaqla, ümumilikdə 30309,01 manat kredit borcu tutulmuşdur.

35. İş üzrə sonuncu məhkəmə aktı - Ali Məhkəmənin Mülki kollegiyasının qərarı 04 mart 2016-cı il tarixdə qəbul edilməklə qüvvəyə minmiş və icrası 29 iyul 2016-cı ildə təmin edilərək qeyd olunan borc ödənilmişdir.

36. Mübhisələndirilən qətnamə üzrə iddiaçı 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsindən yaranan borca dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin qəbul edildiyi vaxtdan beş ilə yaxın müddət keçdiyini, borcun yönəldiyi ipoteka predmetinin boşaldılması haqqında Abşeron Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixdə çıxardığı qətnamənin də vaxtında icra olunmadığını vurğulayaraq, pul öhdəliyinin vaxtında yerinə yetirilməməsinə görə 14.462,77 manat faiz borcunun tutulmasını tələb edir.

37. İddianı rədd edən birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh2 tərəfindən iddiaçıya məxsus borc pul məbləğindən hər hansı şəkildə faydalanması və ya həmin məbləği əsassız əldə edilməsi sübuta yetirilmədiyindən, digər cavabdeh isə ipotekaqoyan olduğundan və onun məsuliyyəti ipoteka predmeti ilə məhdudlaşdırıldığından iddia tələbi əsassızdır və təmin edilməməlidir.

38. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

39. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunanlara xüsusi diqqət yetirilməlidir.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh2 münasibətdə gəlmiş olduğu hüquqi mövqe ilə razılaşmır və bununla bağlı nəticəni əsaslı hesab etmir.

41. İlk növbədə qeyd olunmalıdır ki, faiz bir qayda olaraq kreditorun pul vəsaitindən istifadə edilməsinin qarşılığı kimi hesablanan məbləğdir. Bununla yanaşı kredit borcuna hesablanması mümkün olan faizlər mahiyyət etibarilə bir-birindən fərqlənir. Məsələn, tərəflər arasında bağlanmış kredit müqaviləsi qüvvədə olduğu dövrdə həmin əqdlə razılaşdırılmış müqavilə faizi (əsas kapitaldan istifadə faizi) və müqavilə ləğv edildikdən sonra tələb edilən gecikdirmə faizi (MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faiz) ayrı-ayrı faizlərdir.

42. Baxılan işdə birinci instansiya məhkəməsi iddianı rədd edərkən, qət etdiyi qətnamədə tələb edilən faizin “borc pul məbləğindən hər hansı şəkildə faydalanmama” kimi adlandırsa da iddiaçının tələb etdiyi 14.462,77 manatın müqavilə, yoxsa gecikdirmə faizi olmasına ümumiyətlə qiymət verməmişdir.

43. Apellyasiya şikayətinin dəlillərini, həmçinin Ali Məhkəmənin qərarında qeyd olunmuş göstərişlər əsasında araşdırmanı davam etdirən kollegiya ilk olaraq müqavilə faizinə dair açıqlama verərək qeyd edir ki, həmin faiz ancaq tərəflər arasındakı müqavilənin qüvvədə olduğu dövr üçün tələb edilə bilər. Müqavilə ləğv olunduqda isə bu faizin hesablanması və tələb olunması yolverilməz sayılır. Ləğvdən sonrakı dövr üçün kreditor faiz formasında zərərin - real zərərin əvəzini və əldən çıxmış faydanı tələb etməyə haqlıdır.

44. Yuxarıda qeyd edildiyi kimi MM-in 445.7-ci maddəsində göstərilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

45. Bu hal göstərilən tarixdən də əvvəl, yəni əgər bank bütün borcun qaytarılmasına dair borcluya pretenziya məktubu göndərmişsə həmin tarixdən, bunu etməyibsə ən azı iddia ərizəsinin məhkəməyə təqdim olunduğu tarixdən sözügedən kredit müqaviləsinin ləğv olunduğuna dəlalət edir

46. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir.

47. Sözügedən Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd etmişdir ki, “müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. ...Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”

48. Belə olan halda, iddiaçı bankın kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair ən azı məhkəmədə (bundan əvvəlki mülki iş üzrə) iddia qaldırdığı tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün Cavabdeh2 müqavilə faizi tələb etməsi yolverilməzdir

49. Kollegiyanın qənaətinə görə bank həmin tarixdən etibarən borcun tam qaytarıldığı xx.xx.2016-cı ilədək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (ən azı illik beş faizin) ödənilməsini tələb edə bilər.

50. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin

51. Məhkəmə kollegiyası hesab edir ki mübahisənin mahiyyətinə qanunvericiliyə uyğun qaydada qiymət vermədən iddianın həllinə dair qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir

52. Məhkəmə kollegiyası Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərarının 71 və 72-ci bəndlərində qeyd olunanlar üzrə araşdırma apararaq hazırki mübahisədən əvvəlki mülki iş üzrə iddianın nə vaxt verilməsini araşdırmış və müəyyən edilmişdir ki, sözügedən iddia Abşeron Rayon Məhkəməsininə xx.xx.2014-cü il tarixdə daxil olmuşdur.

53. Belə olan halda kollegiya hesab edir ki, əsas borc 28.772,02 manat üzrə öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin- illik beş faizin hesablanması xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı ilədək olan dövrü, yəni 1 il, 7 ay 17 günü əhatə etməlidir.

54. Kollegiya sonda qeyd olunan dövr üzrə illik beş faizin hesablanması ilə bağlı qeyd edir ki, bu açıq riyazi hesablama olduğuna görə xüsusi bilik tələb edən ekspertizanın keçirilməsinə də zərurət yoxdur. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi işin süni şəkildə uzanması ilə nəticələnə bilər.

55. Beləliklə açıq riyazi hesablama qaydasında 28772,02 manatın 1 il, 7 ay 17 günə illik beş faizi hesablandıqda alınan məbləğ 2341.75 manat müəyyən edilir. (28772,02%5=1438.60 (bir il), 1438.60:12=119.88 (1ay) x 7=835.66 (7 ay), 119.88:30=3.99x17 (gün)=67.49 (17.gün). cəmi məbləğ -1438.60+835.66+67.49=2341.75)

56. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(012)-571/2021 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə tam ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi ona münasibətdə qismən təmin edilməklə, sonuncudan 2341.75 manat alınaraq "Bank VTB (Azərbaycan)" ASC-yə ödənilməlidir. İddia tələbi Cavabdeh2 münasibətdə qalan hissədə təmin edilməməlidir.

57. Kollegiya sonda qeyd etməyi vacib bilir ki, cavabdehdən tutulamlı olan məbləğ 5000 manatdan az olduğundan sonuncunun kassasiya şikayəti vermək hüququ yoxdur.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385.1.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni Cavabdeh2 münasibətdə tamamilə ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia Cavabdeh2 münasibətdə qismən təmin edilsin. Cavabdeh2 illik beş faiz hesablnmaqla 2341.75 (iki min üç yüz qırx bir manat 75 qəpik) manat tutularaq (alınaraq) İddiaçı ASC-yə ödənilsin. İddia Cavabdeh2 münasibətdə qalan hissədə təmin edilməsin. Qətnamədən, iddiaçı tərəf, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar