Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-190/2025 22.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X5 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun onun vərəsəsindən tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X19 (sədrlik edən və məruzəçi), X6 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7, cavabdeh X3 nümayəndəsi X10 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3490/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X16 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********60 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 48 ay müddətində (xx.xx.2025-ci il tarixədək) 3500 manat məbləğində kreditdən istifadəyə görə illik 18 faiz ödəmək şərtilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi, habelə kreditinin 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.
2. "xxxx" ASC tərəfindən tərtib edilmiş 13 mart 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, X11 xx.xx.2024-cü il tarixədək 2898,05 manat əsas borc, 67,94 manat faiz borcu olmaqla, cəmi 2965,99 manat borcu vardır.
3. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X16 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********48 saylı Tam kart çərçivə müqaviləsindən görünür ki, müqaviləyə əsasən bank müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, müştərinin adına bank hesabları açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faiz ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə Tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmət haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış Kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür.
4. AZ-İİ 361564 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2023-cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 108 nömrə ilə qeyd edilmişdir.
5. X8 tərəfindən Notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 8V-195 nömrəli ərizədən görünür ki, xx.xx.2023-cü ildə ünvan 1 ünvanında yaşamış atası X11 öldüyünü, mirası qəbul etdiyini bildirmişdir.
6. "xxxx" Dövlət Şirkəti Sumqayıt “Üzvi-Sintez” Zavodunun Mənzil Komunal İdarəsi tərəfindən verilmiş 98 nömrəli orderdən görünür ki, “Üzvi-Sintez” Zavodunda traktorist vəzifəsində işləmiş X12 Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 8/12 saylı yataqxanadan yaşayış sahəsi ayrılmışdır.
7. Sumqayıt Şəhər Məhkəməsinin sorğu əsasında daxil olmuş X11 adına açılmış vərəsəlik işinin materiallarından görünür ki, kredit müqaviləsi üzrə X4nun qızı cavabdeh X8 notariat kontoruna atasına məxsus miras əmlakı qəbul etməsi ilə bağlı 02 iyul 2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. Lakin notariat kontoru tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.
8. Notariat orqanına "xxxx" Dövlət Şirkəti Sumqayıt “Üzvi-sintez” zavodunun Mənzil- Kommnunal-İdarəsinin 98 saylı, 6 oktyabr 2009-cu il tarixli orderdən göründüyü kimi həmin order 8/12 nömrəli yataqxanın 134 nömrəli evin 303 saylı otağına X11 adına 5 (beş) nəfər ailə tərkibi ilə order verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X5 qarşı iddia qaldıraraq cavabdeh X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 5000 manat məbləğində kredit borcu üzrə banka ödənilməmiş borcu 2898,05 manat əsas borc, 67,94 manat faiz borcu olmaqla, cəmi 2965,99 manat, 3500 manat məbləğində kredit borcu, banka ödənilməmiş borcu 1825,52 manat əsas borc olmaqla, cəmi 1825,52 manat olmaqla, ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 4791,51 manat məbləğində kredit borcunun və ödənilmiş 67,92 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 5000 manat məbləğində kredit borcu üzrə banka ödənilməmiş borcu 2898,05 manat əsas borc, 67,94 manat faiz borcu olmaqla, cəmi 2965,99 manat, 3500 manat məbləğində kredit borcu, banka ödənilməmiş borcu 1625,52 manat olmaqla, ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 4591,51 manat məbləğində kredit borcunun və ödənilmiş 67,92 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X16 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********48 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla 3500 manat məbləğində kredit verilmişdir. Bundan əlavə "xxxx" ASC ilə cavabdeh X16 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********48 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 5000 manat məbləğində kredit kartı verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində Notariat tərəfindən verilən məlumata əsasən mərhum X11 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixdə X5 vərəsəlik şəhadətnaməsi verilmişdir. Maliyyə arayışına əsasən, X11 5000 manat məbləğində kredit borcu üzrə banka ödənilməmiş borcu – 2898,05 manat əsas borc, 67,94 manat faiz borcu olmaqla, cəmi 2965,99 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, X11 3500 manat məbləğində kredit borcu banka ödənilməmiş borcu – 1825,52 əsas borc olmaqla, cəmi 1825,52 manat borcu qalmışdır. Ümumilikdə, X11 hər iki kredit müqaviləsi banka ödənilməmiş borcu 4791,51 manat borcu qalmışdır. Cavabdeh X1 Məjlum Qərib oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh X5 borcun qaytarılması haqqında tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 4791,51 manat olduğundan, tərəfindən 67,92 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir.
12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3490/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Vəfa Şirəliyeva).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 443.1, 448.1, 739, 1133.1, 1133.2, 1151.1, 1306.1, 1309-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinədair” 4 iyun 2018-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verib Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-3490/2024 nömrəli qətnaməsinnin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X3 xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən mərhum X9 qalan miras əmlakı Sumqayıt şəhəri, MİK 5, Yat 8/12, S.Vurğun küçəsi, ev 134, 303 saylı mənzili qəbul etmiş və ərizədə bunu etiraf etmişdir, beləliklə, miras payından tam hissədə pay almışdır. Cavabdeh X8 miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sözügedən iddia tələbi üzrə öhdəlik borclunun şəxsi iştirakı olmadan icra edilməsi mümkün olan öhdəliklər sırasına daxildir.
16. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
17. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Cavabdeh X8 miras əmlakı olan Sumqayıt şəhəri, MİK 5, Yat 8/12, S.Vurğun küçəsi, ev 134, 303 saylı mənzildə atası ilə yaşadığını və atası vəfat etdikdən sonra orada yaşayaraq, təsərrüfat apardığını məhkəmə iclası zamanı izahatı və notariat orqanına təqdim etdiyi ərizə ilə etiraf etmişdir.
18. Belə ki, X11 vərəsəsi X8 müəyyən edilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 2 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən göndərilən məktuba əsasən vərəsə X8 ərizə ilə müraciət edərək miras əmlakını qəbul etmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Cavabdeh X8 miras əmlakını yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul edərək, miras passivlərini (əmlak vəzifələrini) tam həcmdə qəbul etmişdir. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Lakin, məhkəmə qeyd edilən halları, nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
21. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X17 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəlləsi
22. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
24. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsi
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
26. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
30. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
31. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
32. “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür.
33. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
44. Apellyasiya şikayətindən görünür ki, iddiaçı "xxxx" ASC Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3490/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam həcmdə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə düzgün hüquqi nticəyə gəlmişdir.
47. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, X4 xx.xx.2023-cü ildə vəfat etmişdir. X8 tərəfindən Notariat ofisinə ərizə ilə müraciət edilərək xx.xx.2023-cü ildə ünvan 2 ünvanında yaşamış atası X11 öldüyünü, miras əmlakı qəbul etdiyini bildirmiş və mirasın tərkibinə daxil olan miras əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.
48. Qeyd olunan əmlaka münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ünvan 3 ünvanında yerləşən 303 nömrəli mənzil X11 mülkiyyətində olmadığından, miras əmlak kütləsinə daxil edilə bilməz.
49. Digər tərəfdən, məhkəmə araşdırmaları nəticəsində vəfat etmiş şəxsin adına hər hansı başqa daşınar və ya daşınmaz əmlakın mövcudluğu müəyyən edilməmişdir, notarius tərəfindən miras əmlak siyahıya alınmamışdır.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
51. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır.
52. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
53. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
54. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3490/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3490/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.