Məhkəmə qərarları › İş №2(105)-1903/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1903/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1903/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(067)-397/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(067)-397/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuş, təbii qazdan istifadəyə görə yaranmış 1608,35 (min altı yüz səkkiz manat, otuz beş qəpik) manat məbləğində əsas borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi qət olunmuşdur.(hakim İ.Xəlilov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(067)-397/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1608,35 manat məbləğində əsas borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh istifadə etdiyi təbii qaza görə 1608,35 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehə rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, onun tərəfindən borc hələ də ödənilməmişdir. Abonentin borcu onun mənzilində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Bu barədə müvafiq çıxarış ərizəyə əlavə edilmişdir. Cavabdeh onunla bağlanmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Abonentin istifadə etdiyi təbii qazın haqqının ödənilməsi, borclu kimi onun mübahisə edilməyən vəzifəsidir. Belə ki, həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitələri ilə tam ödənilməlidir. Cavabdeh tərəfindən borcla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni araşdırarkən yalnız iddiaçı tərəfin dəlillərini nəzərə almış, natamam nəticəyə gəlmişdir. 2014-2015-ci illərdə onun evində köhnə sayğac var idi və ondan qaz sızırdı. Dəfələrlə Qaz İdarəsinə bu barədə müraciətlər etmişdir, ona bildirmişlər ki, məsələni həll edəcəklər. Sonra sayğacı yenisi ilə əvəz etdilər, köhnə sayğaca isə müdaxilə olunduğunu bildirdilər və ona 509,40 manat ziyan hesablandı. O, məhkəmədə iddia qaldıraraq, həmin borcu sildirmişdir. Hazırda onun debitor borcu var, lakin iddia ərizəsindəki kimi deyil. Həmin borcu da banklardan aldığı kreditlərin ödənişləri ilə bağlı yaranmışdır və borcunu ödəyəcəkdir. Qaz sayğacı 6-7 il əvvəl qaz buraxırdı, yəqin hazırkı borc da ona əsasən yaranmışdır. Sayğacın artıq sərfiyyat yazmasını təsdiq edən sübutu yoxdur. Onun təbii qazdan istifadəyə görə 700-800 manat debitor borcu vardır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X2 apelyasiya şikayətilə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Xaçmaz RQİİ və Cavabdeh arasında bağlanmış 02.05.2012-ci il tarixli müqavilədən görünür ki, qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Yenə iş materiallarında olan Xaçmaz RQİİ-nin 21.10.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh təbii qazın dəyərini tam şəkildə ödəmədiyinə görə, onun 20.10.2020-ci il tarixə 1608,35 manat borcu yaranmışdır. Abonentə qanunvericiliyin tələbləri izah olunmaqla həmin borcun 5 gün ərzində ödənilməsi, əks halda bu barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Abonentin saldosundan görünür ki, Cavabdeh təbii qazdan istifadəyə görə sentyabr 2020-ci il tarixinə 1608,35 manat, may 2021-ci il tarixinə 1919,55 manat borcu vardır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(067)-397/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh təbii qazı istehlak etmiş, lakin dəyərini ödəməmiş, nəticədə onun İddiaçınə cəmi 1608,35 manat borcu yaranmışdır. Ona görə də iddiaçı hazırda həmin borcu tələb edir. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla, qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələblərinə görə qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir İşdən görünür ki, abonent tərəflər arasında imzlanmış 02.05.2012-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmiş və onun qazdan istifadəyə görə borcu yaranmışdır. Bu borc isə yuxarıda göstərilən normaların tələbinə görə ödənilməlidir. Borcun məhz 1608,35 manat təşkil etməsi işdəki mötəbər sübutlarla, o cümlədən abonentin saldosu ilə təsdiq edilir. Bu məbləğdən az miqdarda borcun olması barədə isə Cavabdeh isə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən onun şikayətinin dəlilləri də əsassız hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yoxdur. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçı təşkilatın apelyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Yenə həmin Məcəllənin 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(067)-397/2021 saylı qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar