Məhkəmə qərarları › İş №2(105)-1907/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1907/2021

01.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1907/2021 01.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı İddiaçı-nin əmlakına (ticari mal və ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(027)-131/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) Cavabdeh maddi ziyanın əvəzi kimi 13267 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı-nin bank hesabına ödənilməsi, iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6” MMC-nin Cavabdeh tərəfindən ödənilməmiş 13267 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, ümumilikdə 13297 manat məbləğində pulun Cavabdeh alınaraq Cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında 21.06.2017-ci il tarixdə satıcı-kassir vəzifəsinə 03 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi, o cümlədən “tam maddi məsuliyyət” haqqında müqavilə bağlanmışdır. Daha sonra 06.10.2017-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş və 18.01.2019-cu il tarixdə cavabdehin işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 19.12.2018-ci il tarixində planlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabından 13443 manat məbləğində malın çatışmazlığı və yoxlamadan keçən dövrdə 176 manat Cəmiyyət xəzinəsinə mədaxil etməklə 13267 manat qalıq borcu qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir ödəniş həyata keçilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikası Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun iştirakını təmin etmədən əsassız olaraq qətnamə qəbul etmişdir. Məhkəmə maddi və prossesual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış, düzgün nəticəyə gəlməmiş və bununla da qanunsuz qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini zərərin mövcud olmasının öz təsdiqini tapması, zərərin məhz cavabdehin qanunsuz hərkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran Cavabdeh təqsirli olmasının öz təsdiqini tapması ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21.1., 21.2., 1096.1, 1097.1, 1115, Əmək Məcəlləsinin 191.1., 194.1, 194.2, 199, 202-ci maddələrinə istinad etmişdir. Cavabdeh bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmiş və şikayətinin dəlillərindən biri də məhkəmə iclası barədə məlumatlandırılmaması olmuşdur. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası keçirilmiş, Cavabdeh məlumatlandırılmadan, xəbərnamə əldə edilmədən, onun iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). İşdən göründüyü kimi mübahisəyə baxılarkən cavabdehin iştirakı lazımı qaydada təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi vurulmuş ziyanın ödənilməsi barədədir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında 21.06.2017-ci il tarixdə müddətsiz əmək müqaviləsi, o cümlədən tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Əmək müqaviləsinə isə öz xahişi ilə 18.01.2019-cu il tarixdə xitam verilmişdir. İşin aşağı instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından görünür ki, Cavabdeh iddiaçı MMC-də administrator vəzifəsində işlədiyi müddət ərzində mal çatışmazlığı müəyyən edilmiş və bu hal məhkəmə əmtəəşünaslıq ekspertizasının 29.01.2021-ci il tarixli 9/4857 saylı ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası zərərin mövcud olmasını, eləcə də zərərin məhz Cavabdeh qanunsuz hərəkəti nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olmasını və zərər vuran cavabdehin təqsirli olmasının öz təsdiqini tapdığını nəzərə alaraq hesab edir ki, Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndi, 194-cü maddəsinin 1 və 2-ci bəndləri, 199-cu maddəsi, Mülki Məcəllənin 21.1, 21.2, 1115-ci maddələrinin tələbləri baxımından iddia tələbi edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təqsirli əməli öz təsdiqini tapdığından, onun təqsirli əməli nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi iddiaçının tələbində göstərdiyi məbləğ, yəni 13267 (on üç min iki yüz altmış yeddi) manat və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı ekspertiza xərci 100 (yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 13267 (on üç min iki yüz altmış yeddi) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı-yə ödənilsin. Cavabdeh ekspertiza xərci 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar