Məhkəmə qərarları › İş №2(105)-1909/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1909/2021

16.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1909/2021 16.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(027)-278/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 manat borcun 2,2 mislinin, yəni 59 manat məbləğində pulun və əlavə xərc olaraq 100 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(027)-278/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Quba Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(027)-278/2021 saylı qətnaməsindən iş üzrə İddiaçı apelyasiya şikayəti vermiş, həmin məhkəmənin 11 mart 2021-ci il tarixli, 2(027)-278/2021 saylı qərardadı ilə həmin apelyasiya şikayəti dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadığından geri qaytarılmışdır. Daha sonra, İddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməklə yenidən Quba Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(027)-278/2021 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş, həmin məhkəmənin 29 mart 2021-ci il tarixli, 2(027)-278/2021 saylı qərardadı ilə həmin apelyasiya şikayəti surət təqdim edilmədiyindən geri qaytarılmışdır (hakim R.Həsənov). Hazırda İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin məhkəmənin 30 mart 2021-ci il tarixli, 2(027)-278/2021 saylı qərardadının ləğv edilməsi, Quba Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(027)-278/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətinin təmin edilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(027)-278/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, həmin məhkəmənin 29 mart 2021-ci il tarixli, 2(027)-278/2021 saylı qərardadından verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilmişdir. Qanunla müəyyən qaydada şikayət verilmədiyindən, məhkəmə kollegiyası şikayətin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. İç üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyanının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apelyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 266.1-ci maddəsinə əsasən məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 267-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. İş üzrə İddiaçı şikayətindən görünür ki, o, Quba Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(027)-278/2021 saylı qərardadının ləğv edilməsi, Quba Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(027)-278/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətinin təmin edilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Halbuki, iş materiallarında belə qərardad mövcud deyildir. Belə ki, iş üzrə qəbul edilmiş qərardadların tarixi 11 mart və 29 mart 2021-ci ildir. Mövcud olmayan qərardaddan şikayət verilməsi isə prosessual qanunvericiliyə ziddir. Lakin birinci instansiya məhkəməsi bu məsələlərə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, iddiaçı tərəfindən verilmiş şikayətdəki yanlışlığı aradan qaldırmaq əvəzinə, onun 29 mart 2021-ci il tarixli qərardaddan verilmiş şikayət kimi qəbul edərək mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir, halbuki yuxarıda da qeyd edildiyi kimi, məhkəmə həmin yanlışlığın aradan qaldırılması üçün iddiaçıya şərait yaratmalı, bu mümkün olmadıqda isə həmin əsasla onun şikayətini geri qaytarmalı idi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətdəki yanlışılıq məsələsini müzakirə etməmiş, nəticədə iş materiallarında mövcud olmayan məhkəmə aktından verilmiş şikayəti baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayət üzrə məhkəmə aktının düzgün tarixi məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş şikayətə apellyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 361, 365, 366, 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(027)-278/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və o, qəbul olunmamış hesab olunsun. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar