Məhkəmə qərarları › İş №2(105)-191/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-191/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-191/2025 06.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma, sübutetmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3, cavabdehlərin nümayəndəsi və vəkili X1 (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4292/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2023-cü il tarixli əlyazma ilə yazılmış iltizamdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı birlikdə 100000 manat borc aldıqlarını və həmin borcu 8 ay ərzində hissə-hissə qaytaracaqlarını bildirmişdirlər.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 (yüz min) manat və ödədiyi 391 (üç yüz doxsan bir) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Hüseynov Tural Ələddin oğlu onun tanışıdır. Cavabdhelər ondan borca pul istəmişdilər. O, cavabdehlərə 10 noyabr 2023-cu il tarixdə 100.000( yüz min) manat borca pul verişdir. Cavabdehlər həmin məbləği hissə-hissə 8 ay müddətində geri qaytaracığına dair üzərlərinə öhdəlik götürmüşlər. Hətta bununla bağlı öz aralarında yazılı qəbz tərtib etmişlər. Dəfələrlə cavabdehlərə pulunu geri qaytarılmasını tələb etsə də, pulu ödəməkdən boyun qaçırırlar, nə vaxt ödəyəcəkləri barədə dəqiq vaxt demirlər. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4292/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100000 (bir yüz min) manat məbləğində borcun və ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2.1, 500, 739.1, 742-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 217.4-cü maddələrinə istinad etməklə ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflərə bildiriş göndərmədən tələsik işə baxaraq hərtərəfli qaydada cavabdehlərin iştirakı olmadan işə baxaraq, cavabdehlərin sübut təqdim etmə səlahiyyətlərini məhdudlaşdırmışdır. Cavabdehlərin Konstitusiya ilə qorunan hüquqları pozulmuşdur.

8. Məhkəmə bəsit formada tərtib edilmiş qəbzin, həmin şəxslərə məxsus olub olmamasını, ekspertiza ilə müəyyən etmədən bu qədər pulun bir qəbzlə verilməsinin mümkünsüzlüyünün nə üçün şahidlərin olmamasını araşdırmadan iddiaçının xeyrinə heç bir əsaslı dəlil olmadan qətnamə qəbul etmişdir. Qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia rədd edilməlidir. İddiaçı cavabdelərin özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qeyri qanuni yuyucu vasitələr istehsalı edən sexdə fəhlə və işə nəzarətçi kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə AR DİN Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsi tərəfindən sexin tutulmasından sonra özünün sahibkarlıq etdiyi sexin məsuliyyətdən qurtarmaq üçün hər 2 cavabdehin özü vəzifəsindən və sahibkarlığı ilə inandıraraq, hədə-qorxu ilə onlara borc müqaviləsi imzalatdıraraq, cinayət məsuliyyətindən yaxa qurtadıqdan sonra cırıb atacağı vədi ilə yazdırmışdır. Həmin qəbzlərdən istifadə edərək cinayət işi üzrə qeyri-qanuni istehsalat sexinin onun tərəfindən deyil, ondan pul borc almış Tural və Vüsal tərəfindən işlətdiyini bildirib, cinayət məsuliyyətindən uzaq durmuşdur. İddiaçı sonradan bu qəbzlərin əsaslı olmasını sübut etmək üçün verilməyən pulu qeyri-leqal reallaşdırmaq istəyərək, məhkəməyə müraciət etmişdir, əks təqdirdə birinci polisə şikayət edərdi. Etdiyi əməlin üstü açılmasın deyə məhkəməyə müraciət etmişdir. Əsl həqiqətdə İddiaçı pul vermədən qəbz almışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3, cavabdehlərin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

11. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

13. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.

14. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

15. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

17. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

21. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

22. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

23. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

29. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

30. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Apellyasiya şikayətindən görünür ki cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4292/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

34. Bu səbəbdən kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

36. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirdikləri və mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir.

37. Baxılan işin hallarına görə İddiaçı cavabdehlər Cavabdeh1 və Hüseynov Tural Ələddin oğluna 10 noyabr 2023-cu il tarixdə 100.000 ( yüz min) manat pul vermişdir. Cavabdehlərin həmin məbləği hissə-hissə 8 ay müddətində geri qaytaracağına dair üzərlərinə öhdəlik götürmələri barədə cavabdehlər yazılı qəbz tərtib etmişlər. Pulu geri qaytarılmayan iddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

38. İddianı təmin edən birinci instansiya məhkəməsi isə tərəflər arasındakı mübahisəni borc müqaviləsindən irəli gələn mübahisə kimi qiymətləndirmiş, öhdəliyin icra edilməməsi və borc müqaviləsinə dair Mülki Məcəllənin müvafiq normalarına istinad edərək iddianı təmin etmişdir.

39. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işə onları məlumatlandırmadan və iştirakı olmadan işə baxmış, sübut təqdim etmələri üçün şərait yaratmamışdır. Qeyd edilən dəlillə yerindəcə münasibət bildirən Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarında olan (iş vər. 17, 19, 20, 27, 28, 29, 36, 37, 39, 47, 48, 50) SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişlərdən, eləcə də iş materiallarının 21, 22 və 52-ci vərəqlərində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən aydın olur ki, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışlar.

40. Cavabdehlərin digər dəlili isə ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi bəsit formada tərtib edilmiş qəbzin, həmin şəxslərə məxsus olub-olmamasını, ekspertiza ilə müəyyən etmədən bu qədər pulun bir qəbzlə verilməsinin mümkünsüzlüyünü, nə üçün şahidlərin olmamasını araşdırmadan iddiaçının xeyrinə heç bir əsaslı dəlil olmadan qətnamə qəbul etmişdir. İddiaçı onları öz vəzifəsi və sahibkarlığı ilə inandıraraq, hədə-qorxu ilə onlara borc müqaviləsi imzalatmış, cinayət məsuliyyətindən yaxa qurtadıqdan sonra cırıb atacağı vədi ilə yazdırmışdır. Həmin qəbzlərdən istifadə edərək cinayət işi üzrə qeyri-qanuni istehsalat sexinin onun tərəfindən deyil, ondan pul borc almış Tural və Vüsal tərəfindən işlətdiyini bildirib, cinayət məsuliyyətindən uzaq durmuşdur. İddiaçı sonradan bu qəbzlərin əsaslı olmasını sübut etmək üçün verilməyən pulu qeyri-leqal reallaşdırmaq istəyərək, məhkəməyə müraciət etmişdir, etdiyi əməlin üstü açılmasın deyə məhkəməyə müraciət etmişdir. Əsl həqiqətdə iddiaçı pul vermədən qəbz almışdır.

41. Cavabdehlər apellyasiya şikayətinin dəlillərində, eləcə apellyasiya baxışı zamanı qəbzi iddiaçıdan pul almadan imzaladıqlarını bildirsələr də buna dair hər hansı sübut təqdim etməmişlər.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

43. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

44. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

45. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

46. X6 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

47. Beləliklə, iddiaçı cavabdehlərə pul verməsini sübut etdiyi halda cavabdehlər həmin pulu almadıqlarını, sözügedən qəbzi formal olaraq imzalamalarını sübuta yetirə bilməmişlər.

48. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı mübahisənin borc müqaviləsindən irəli gəlməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlış olmuşdur.

49. Hazırki iş üzrə isə yazılı borc müqaviləsi olmadığı halda, iş materiallarında olan qəbz borc müqaviləsi kimi qiymətləndirilə bilmədiyindən kolllegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olmayan maddi hüquq normasını tətbiq etmişdir. Qeyd edilən hal isə qətnamənin ləğvi üçün əsasdır.

50. Xüsusi diqqətə alınmalı olan məsələ ondan ibarətdir ki, əvəz edilən əşya olan pulun iddiaçı tərəfindən verilməsi hazırki iş üzrə yazılı qəbz ilə öz təsdiqini tapdığından, İddiaçı həmin pulun geri tələb etməkdə haqlı olmuşdur. İddia tələbinin qanuni əsasını isə əsassız varlanmaya dair qanunvericiliyinin müddəaları təşkil edir. Lakin birinci instansiya məhkəməsi tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmişdir.

51. Beləliklə, tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etirazın qanuni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyən edilərək iddia həll edilməlidir.

52. Belə olan halda tərəflər arasındakı mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.

53. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli,

2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

54. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4292/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməlidir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4292/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100000 (bir yüz min) manat məbləğində pul vəsaiti və ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar