Məhkəmə qərarları › İş №2(105)-1911/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1911/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1911/2023 29.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, zaminlik) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi X3 iştirakı ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)-379/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)240619-01 saylı güzəştli kredit müqaviləsindən görünür ki,“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq cavabdeh 30 aprel 2015-ci il tarixli 30042015/225943 nömrəli kredit müqaviləsi üzrə qalıq borcu olan 5819,76 manat məbləğində pulu 60 ay müdətinə,12 ay güzəşt müddəti tətbiq olunmaqla,illik 1% ödəməyi öhdəsinə götürmüşdür

2. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***- *******FİMSA(B)240619-01/ZM/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

3. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavadehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********780 nömrəli bildirişdən görünür ki,cavabdehlərə banka olan borcun 3 gün ərzində ödəmədikləri təqdirdə borc məbləği tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

4. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli **********778 nömrəli maliyyə arayışından görünür ki,Cavabdeh2 xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)240619-01 saylı güzəştli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında yerinə yetirilməmiş öhdəliyi 5253,39 manat əsas və 108,34 manat faiz olmaqla, ümumilikdə 5361,73 manat təşkil edir.

5. X7 Ödənilmiş xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 97,71 manat dövlət rüsumu ödəmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 TQS №027 saylı ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Cavabdeh2 şizofreniya paranoid forma fasiləsiz gedişli diaqnozu qoyulmuşdur.

7. Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışda qeyd edilmişdir ki, X6 barəsində fəaliyyət qabiliyyəti olmayan şəxslərin reyestri məlumat yoxdur.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada LPO İddiaçı ASC-nin xeyrinə 5253,39 (beş min iki yüz əlli üç manat otuz doqquz qəpik) manat məbləğində əsas borc,108,34 (yüz səkkiz manat otuz dörd qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 5361,73 (beş min üç yüz altmış bir manat yetmiş üç qəpik) manat məbləğində borcun və ödənilmiş 73,61 (yetmiş üç manat altmış bir qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Bakıxanov filialı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli MBNP 007- 7225943FİMSA(B)240619-01 saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq cavabdeh 30 aprel 2015-ci il tarixli 30042015/225943 nömrəli kredit müqaviləsi üzrə qalıq borcu olan 5819,76 manat məbləğində pulu 60 ay müdətinə,12 ay güzəşt müddəti tətbiq olunmaqla,illik 1% ödəməyi öhdəsinə götürmüşdür.Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli ***- *******FİMSA(B)240619-01/ZM/1 saylı zaminlik müqaviləsi imzalanmışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına,habelə xx.xx.2022 tarixli **********780 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2020-ci il tarixində 100 manat məbləğində ödəniş etmişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 5361.73 manat təşkil edir.Bundan 5253.39 manat əsas və 108.34 manat faiz borcu təşkil edir.Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır.

10. Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-379/2022 nömrəli qətnaməsi ilə iddia təmin ediərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5253,39 (beş min iki yüz əlli üç manat otuz doqquz qəpik) manat məbləğində əsas borc, 108,34 (yüz səkkiz manat otuz dörd qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 5361,73 (beş min üç yüz altmış bir manat yetmiş üç qəpik) manat məbləğində borcun və ödənilmiş 73,61 (yetmiş üç manat altmış bir qəpik) manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva).

11. Məhkəmə qeyd etmişdir ki, maddi hüquq normasının tələblərinə və xx.xx.2019-cu il tarixli ***-*******FİMSA(B)240619-01/ZM/1 saylı zaminlik müqaviləsinə əsasən,məhkəmə hesab edir ki, Cavabdeh1 bank qarşısında, digər cavabdeh olan Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 421.2, 427.3, 442, 445.2.1, 448.1, 449.1, 472.1, 472.2, 739.1 və 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh2 apellyasiya şikayəti verərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(077)-379/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri:

14. Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Məhkəmə Cavabdeh2 müqavilə bağlayarkən o, ağır dərəcədə şizofren olmasını, hansı əsasla müqavilə bağlaması halını aydınlaşdırmamışdır.

15. İddiaçı cavabdehin 2-ci qrup əlil olmasına və ağır dərəcəli şizofren olmasına baxmayaraq onunla müqavilə bağlamış, onun müqavilənin mahiyyətinin dərk edibetməməsinə, həmin öhdəliyin yerinə yetirilə bilməməsini bildiyi halda sözü gedən zərərin yaranmasına və artmasına şərait yaratmışdır. Cavabdeh2 fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilməmişdir və məhkəmə buna qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

23. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.

24. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

25. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

26. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

27. Maddə 477. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

32. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh2 Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)-379/2022 nömrəli nömrəli qətnaməsini tam ləğvini xahiş etsə də, kollegiya qətnaməni yalnız apellyanta aid hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi apellyanta aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Beləliklə, işin hallarına görə Cavabdeh2 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir.

42. Apellyasiya şikayətinin dəlili – iddiaçı cavabdehin 2-ci qrup əlil olmasına və ağır dərəcəli şizofren olmasına baxmayaraq onunla müqavilə bağlamış, onun müqavilənin mahiyyətinin dərk edib-etməməsinə, həmin öhdəliyin yerinə yetirilə bilməməsini bildiyi halda sözü gedən zərərin yaranmasına və artmasına şərait yaratmışdır.

43. Məhkəmə kollegiyasının araşdırması zamanı həmin dəlil öz təsdiqini tapmamışdır, cavabdeh istinad etdiyi diaqnoza dair sənəd təqdim etsə də, cavabdehin fəaliyyət qabiliyyətinin olmamasına və ya məhdudlaşdırılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Bununla belə, məhkəmə kollegiyasının araşdırması zamanı Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, Cavabdeh2 barəsində fəaliyyət qabiliyyəti olmayan şəxslərin reyestrində məlumat yoxdur.

44. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 aid hissədə iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

45. Bu baxımdan, məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

46. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)- 379/2022 nömrəli nömrəli qətnaməsi apellyanta aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)-379/2022 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar