Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1913/2023 17.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi X2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 2009-cu il tarixdə faktiki, xx.xx.2014-cü il tarixdə isə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı iki övladları var. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə aralarında olan xx.xx.2014-cü il tarixli nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 iddiaçının yanında qalması, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatandək saxlanılmaları üçün hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin təyin olunması qət edilmişdir. Elə həmin tarixdən də cavabdeh 300 manat aliment göndərməklə valideynlik borcunu bitmiş hesab edir. İddiaçı üçün övladlarının saxlanılması çox çətindir. İddiaçı övladları ilə birlikdə maddi sıxıntı içində yaşayır. Keçən iki il ərzində yaşayış minumumu dəfələrlə artsa da, cavabdehin yaşayış səviyyəsində kifayət qədər artım baş versə də, aliment miqdarını artırmamışdır. İddiaçı övladları ilə birlikdə kirayədə yaşayır. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Valideynlik borcunu dərk etmir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4326/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 300 manat sabit pul məbləğində aliment miqdarının artırılaraq hər ay iddiaçının xeyrinə bir uşağın saxlanması üçün 220 manat olmaqla, iki uşağın saxlanılması üçün cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. İddia ərizəsinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4326/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay, hər uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəf hər ay sabit pul məbləğində 440 manat miqdarında alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə maddi imkanının olduğunu, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və idia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
7. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə xx.xx.2014-cü il tarixli nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 onun yanında qalmaları, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatandək saxlanmaları üçün hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin təyin olunması qət edilmişdir. Elə həmin tarixdən də cavabdeh 300 (üç yüz) manat aliment göndərməklə valideynlik borcunu bitmiş hesab edir. Övladlarının saxlanması onun üçün çox çətindir. Övladları ilə birlikdə maddi sıxıntı içində yaşayır. Keçən iki il ərzində yaşayış minumumu dəfələrlə artsa da, cavabdehin yaşayış səviyyəsində kifayət qədər artım baş versə də o, aliment miqdarını artırmamışdır. Artan qiymətlər- bahalaşan ərzaq məhsulları, uşaqların digər saxlanılma xərcləri maddi durumunu kifayət qədər çətin vəziyyətə salır. Həmçinin övladları ilə birlikdə kirayədə yaşayır. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. O, yalnız özü üçün yaşayır. O, valideynlik borcunu dərk etmir. Məhkəmə öz qərarında ailə və maddi vəziyyəti, bununla birgə nikahdan olan uşaqların üstün maraqlarını, minumum təminat almaq hüquqlarını nəzərə aldığını desə də, ona məlum olmayan səbəblərdən bugünkü gün üçün minumum təminatı təmin eləməkdən boyun qaçırır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehin maddi imkanı yaxşıdır, sürücü işləyir, əmək haqqısı formal yazılıb. Alimenti övladları üçün ödəyir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdiki, sürücü işləyir, 500 manat əmək haqqı alır, gələcəkdə evlənəcək. Odur ki, apellaysiya şikayətinin təmin edilməməsini xahiş edir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
15. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
16. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini yalnız alimentin məbləği hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini müəyyən olunmuş alimentin məbləğinə dair hissədə müzakirə edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. İş materiallarından müəyyən edilir ki, tərəflərin birgə nikahından 25 iyun 2014-cü il tarixdə Fatimə və 15 iyun 2019-cu il tarixdə Mədinə adlı uşaqlar doğulmuşdur.
22. İş materiallarından görünür ki, tərəflər arasıdna nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. 23.İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4326/2021 saylı icra sənədinə əsasən Cavabdeh İddiaçı Sərvaz qızının xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulmalı, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir.
24. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00836 saylı arayışa əsasən, tərəflər xx.xx.2023-cü il tarixə saat 11:30-a təyin olunmuş prosesdə iştirak etmişlər, lakin Cavabdeh prosesin davam etdirilməsinə razılıq bildirməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
25. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, Cavabdeh foraminal protruziya, arxa-mərkəzi protruziya, xroniki babasilin kəskinləşməsi xəstəlikləri mövcuddur.
26. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəf hər ay sabit pul məbləğində 440 manat miqdarında alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə maddi imkanının olduğunu, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
27. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək hər uşaq üçün 190 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir.
29. Konstitusuya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir.
30. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün müəyyən edilmiş 150 manat məbləğindəki aliment xx.xx.2021-ci ildə, yəni uşaqların 7 və 2 yaşları olanda tutulmuşdur.
31. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna iki dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. 32.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki tərəfin maddi vəziyyətini nəzərə almaqla alimentin məbləğini dəyişdirərək bir uşaq üçün 190 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir.
33. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə, cavabdehin 220 manat aliment ödəmək qabiliyyətinin olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçı qeyd edilənləri təsdiq edəcək hər hansı sübutu təqdim etməmişdir.
34. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən uşaqları saxlamaq hər iki valideyinin borcu olduğundan yaşayış minimumu ilə müəyyən edilmiş 220 manat məbləğinin 190 manat hissəsi ata tərəfindən ödənildiyindən qalan hissə də ana tərəfindən ödənilməlidir.
35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas sayıla bilməz.
36. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.