Məhkəmə qərarları › İş №2(105)-1915/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1915/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1915/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(034)-14/2021 saylı qərardadından iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(034)-14/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Gülsarə İmanova) iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(034)-14/2021 nömrəli qərardadından iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmiyyətin xeyrinə 18.07.2017-ci il tarixli, 29-18-07-2017-RA-RA nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 124494,65 manat əsas borc, 12977,74 manat faiz borcu, cəmi 137472.39 manat borcun, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğində pul vəsaitinin tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmiyyətin xeyrinə tutulmalı olan məbləğin 14.03.2018-cı il tarixli, 5640 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A, M4, 1 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait cəmiyyətin tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(034)-14/2021 saylı qərardadı ilə iş üzrə Cavabdeh1 iddianı təmin tədbiri barədə ərizəsi təmin edilmiş, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinə Cavabdeh1 məxsus ******************** nömrəli hesabdan hər ay əmək haqqının tam məbləğdə tutulmasına qadağan qoyulması və hesaba qoyduğu məhdudiyyətin (blokun) bank tərəfindən aradan qaldırılması qərara alınmışdır. Zəngilan Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(034)-14/2021 saylı qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(034)-14/2021 saylı qərardadından iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, qərardadı əsassız və qanunsuz hesab edir. Məhkəmə 23.02.2021-ci il tarixli qərardadın məhkəmə baxışı zamanı nümayəndəyə elan olunduğunu əsas gətirərək, şikayət vermə müddətinin də qeyd olunan tarixdən hesablandığını bildirmişdir. Halbuki məhkəmə baxışı zamanı hakim nə qərardadın qəbul olunma əsaslarını, nə də onun yekun nəticəsini elan etməmiş, bununla da prosessual pozuntuya yol vermişdir. Digər tərəfdən, məhkəmə prosessual qanunvericiliyi əsas gətirərək qərardadın məhkəmə iclas zalında elan olunduğunu və şikayət vermə müddətinin bu vaxtdan hesablandığını əsas gətirirsə, bu zaman məhkəmə 23.02.2021-ci il tarixli qərardadı qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində banka göndərməli idi. Belə ki, Mülki Prosessual Məcəllənin 266.1ci maddəsinə əsasən məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Halbuki məhkəmə son müddət kimi 28.02.2021-ci il tarixdə qərardadı rəsmi qaydada verməli olduğu halda, yalnız qərardad qəbul olunduqdan 15 gün sonra poçt xidmətinə vermiş, nəticə etibarı ilə iddiaçının ən azından qərardadın elan olunma anından belə şikayət vermə hüququnun qəsdən ötürülməsinə zəmin yaratmışdır. Hətta məhkəmə öz qərardadında qeyd edir ki, iddiaçı bank şikayəti ən geci 04.03.2021-ci il tarixdə verməli idi. İddiaçı olaraq qərardad onlara məhkəmə zalında elan edilmədiyindən hesab etmişlər ki, qərardaddan şikayət vermə müddəti onun rəsmi olaraq banka daxil olma vaxtından hesablanmalı və buna görə şikayəti 18.03.2021-ci il tarixdə müvafiq poçt xidmətinə rəsmi qaydada vermişlər. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi xahiş edilmişdir. İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. İşdən görünür ki, birinci instansiya məhkəməsi qərardaddan şikayəti geri qaytararkən iddiaçı tərəfindən qərardaddan şikayət vermə müddətinin ötürülməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, Cavabdeh1 iddianı təmin tədbiri barədə ərizəsinə 23 fevral 2021-ci il tarixdə baxılarkən məhkəmə iclasında iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin nümayəndəsi iştirak etmiş, iddianı təmin tədbiri barədə ərizənin rədd edilməsini məhkəmədən xahiş etmiş və həmin tarixdə də mübahisələndirilən qərardad qəbul edilmişdir. Göründüyü kimi, Zəngilan Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(034)- 14/2021 saylı qərardadı iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin nümayəndəsinin iştirakı ilə elan olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsində göstərilir ki, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 268.2-ci maddəsinə görə qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 268.2-ci maddəsi qərardaddan şikayət verilməsi ilə bağlı 10 günlük müddətin axımını, qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, elan olunduğu vaxtdan hesablanması ilə əlaqələndirmişdir. Yuxarıda qeyd edildiyi kimi, Zəngilan Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2 2(034)-14/2021 saylı qərardadı ondan şikayət vermək hüququ olan şəxsin-iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin nümayəndəsinin iştirak etdiyi məhkəmə iclasında elə həmin gün elan edilmişdir. Belə olan halda, qərardaddan şikayət verilməsi üçün qanunda nəzərdə nəzərdə tutulmuş 10 günlük müddətin axımı qərardadın elan olunduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına görə prosessual müddətin axımı o halda qətnamənin (qərardadın) təqdim olunduğu (alındığı) andan hesablanır ki, bununla bağlı qanunda nəzərdə tutulmuş istisnalar olmasın. Lakin Azərbaycan Respublikası MPM-nin 268.2-ci maddəsi belə bir istisnanı nəzərdə tutaraq, qərardaddan şikayət verilməsi müddətinin axımını qərardadın ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilməsi vaxtı ilə müəyyən etmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi qərardaddan şikayət verilməsi müddətinin axımının onun elan olunduğu vaxtdan hesablanmalı olması və bu əsasla da müddətin keçməsinə görə şikayətin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Məhkəmə kollegiyası qeyd olunan prosessual hüquq normalarını nəzərə almaqla, iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, Zəngilan Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, ( 2(034)-14/2021 saylı qərardadından şikayət vermə müddətinın axımı qərardadın elan olunduğu günün sabahı, yəni 24 fevral 2021-ci ildən başlamış və həmin müddət 2021-ci ilin mart ayının 6-da qurtarmışdır. İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin Zəngilan Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(034)-14/2021 saylı qərardadından şikayəti 19 mart 2021-ci il tarixdə poçt xidmətinə, 30 mart 2021-ci il tarixdə isə Zəngilan Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, Zəngilan Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(034)- 14/2021 saylı qərardadından iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti tərəfindən şikayət 10 gün müddətində deyil, 24 gündən sonra verilmiş və qanunla müəyyən edilmiş şikayətin verilməsi müddəti 14 gün buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti tərəfindən Zəngilan Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(034)- 14/2021 saylı qərardadından şikayət verilmə müddətinin bərpa olunması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual müddətin keçməsi əsası ilə şikayəti geri qaytararkən prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin şikayəti təmin edilməsin. İş üzrə Zəngilan Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(034)-14/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar