Məhkəmə qərarları › İş №2(105)-1917/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1917/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1917/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(060)-5865/2020 saylı qərardadından Cavabdeh verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(060)-5865/2020 saylı qərardadı ilə (hakim A.İ.İsmayılov) İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilib, mübahisə predmeti olan “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və Azərbaycan Respublikası DİN-nin Baş DYPİ-nin xüsusi mühafizə olunan cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. Cavabdeh şikayət verib, Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(060)- 5865/2020 saylı qərardadının qismən ləğv edilməsini və iddianın təmini tədbiri barədə ərizənin qismən təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı «etibarnamə əsasında verilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus “Opel Vectra” markalı, 50-BS312 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və həmin avtonəqliyyat vasitəsinin cərimə meydançasında saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 25 sentyabr 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbi pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qərardadı ilə qismən razılaşır və avtomaşının üzərinə həbs qoyulmasına heç bir etirazı yoxdur. Lakin mübahisə predmeti olan “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası DİN-nin Baş DYPİ-nin xüsusi mühafizə olunan cərimə meydançasına yerləşdirilməsi hissəsində qərardadla razı deyildir. Hesab edir ki, həmin hissədə qərardad qanunsuz və əsassızdır. Bəllidir ki, məhkəmə mübahisəsi aylarla davam edəcəkdir. Bu müddət ərzində avtomobilin Azərbaycan Respublikası DİN-nin Baş DYPİ-nin xüsusi mühafizə olunan cərimə meydançasında qalması tamamilə əsassızdır. Avtomobil işə məhkəmədə baxılan müddət ərzində yağış suyunun, günəş şüasının altında qalacaq, həmçinin avtomaşın uzun müddət işlək vəziyyətdə olmayacaq deyə mühərrik sıradan çıxacaq və yararsız vəziyyətə düşəcəkdir. Bu isə onun mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır. Həmçinin hazırkı qərardad avtomobildən istifadə hüququna da mane olur ki, bu da tamamilə əsassızdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının qismən ləğv edilməsini və iddianın təmini tədbiri barədə ərizənin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili S.E.Qasımov şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətə etiraz edib, birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş matreillarında olan “Elektron Notariat” X1 görünür ki, 12.12.2019-cu il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisində İddiaçı tərəfindən Cavabdeh “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etmək üçün 1 il müddətinə etibarnamə verilmişdir. “Elektron Notariat” X1 görünür ki, 12.12.2019-cu il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisində İddiaçı tərəfindən Cavabdeh “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı verilmiş etibarnaməyə 29.02.2020-ci il tarixdə xitam verilmişdir. 16.05.2020-ci il tarixli, ƏN-Vİİ 257735 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X2 mülki etibarnamə verilmişdir. 16.05.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili 7000 manata Cavabdeh satmışdır. Birinci instansiya məhkəməsi iddianın təmini tədbiri barədə ərizəni təmin etdikdə iş materiallarında olan sənədlərə istinad edərək göstərmişdir ki, iddianı təmin etmək üçün mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı və Azərbaycan Respublikası DİN-nin Baş DYPİ-nin xüsusi mühafizə olunan cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. İddianı təmin etmə tədbiri kimi əmlak üzərinə həbs qoyulması həmin əmlak üzərində borclunun sərəncam vermək hüququnun qadağan olunmasından ibarətdir. İddianı təmin etmək məqsədilə cavabdehə məxsus əmlaka həbs qoyulması həmin əmlak barəsində sərəncam vermək hüququnu bütün formalarda istisna edir. İş üzrə cavabdeh X5 mövcud vəziyyətdə mübahisə predmeti olan “Opel Vectra” markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. Avtomobillərin özgəninkiləşdirilməsi, idarə edilməsi və avtomobillərlə bağlı digər hərəkətlərin görülməsinin cavabdehə və başqa şəxslərə qadağan edilməsi kimi iddianı təmin etmə tədbiri ilə əlaqadar qərardadlar qəbul edilərkən avtomobillərin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi, bu işin icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə həvalə edilməsi kimi göstərişlər mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq deyildir. Belə ki, məhkəmənin iddianı təmin etmə tədbiri məqsədi ilə avtomobilin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi, bu işin icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə həvalə edilməsi avtomobilin istifadəsiz qalmaqla texniki cəhətdən yararsız hala düşməsinə səbəb olduğuna görə məqsədə müvafiq hesab edilmir. “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmaqla bərabər, eyni zamanda əlavə olaraq həmin avtomobilin saxlanılaraq DYP-nin xüsusi mühafizə olunan dayanacağına (xüsusi saxlanc yerlərinə) yerləşdirilməsi barədə ərizəsinin təmin edilməsi, hazırkı vəziyyətdə avtomaşının sahibi V.A.İsmayılovun sahiblik və istifadə hüququnun məhdudlaşdırılması və nəticədə mülkiyyət hüququnun pozulması deməkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulmaqla iddianı təmin etmək üçün tədbir görülə bilər. Həmin Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə əsasən məhkəmə, cavabdehə müəyyən hərəkətləri etməyi qadağan etməklə və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etməklə iddianı təmin etmək ücün tədbir görə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə predmeti olan “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası DİN-nin Baş DYPİnin xüsusi mühafizə olunan cərimə meydançasına yerləşdirilməsi nəticəsində həmin avtomaşının həm onun mülkiyyətiçisi olan cavabdeh, həm də digər şəxslər tərəfindən istismarının qadağan olunması barədə hissəsi ilə razılaşmır və nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənçam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququəmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməklə, sadalanan mülkiprosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də, Cavabdeh verdiyi şikayət təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(060)-5865/2020 saylı qərardadı qismən - «mübahisə predmeti olan “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası DİNnin Baş DYPİ-nin xüsusi mühafizə olunan cərimə meydançasına yerləşdirilsin» hissəsində ləğv edilib, İddiaçı iddianın təmini tədbiri barədə ərizə həmin hissədə təmin olunmamalı və «“Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun» hissəsində qərardad dəyişdirilmədə saxlanmalıdır. Azərbaycan Repsublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh verdiyi şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarizli, 2(060)-5865/2020 saylı qərardadı qismən - «mübahisə predmeti olan “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası DİN-nin Baş DYPİ-nin xüsusi mühafizə olunan cərimə meydançasına yerləşdirilsin» hissəsində ləğv edilsin. İddiaçı iddianın təmini tədbiri barədə ərizəsi həmin hissədə təmin olunmasın. Qərardad - «“Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun» hissəsində qərardad dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar