Məhkəmə qərarları › İş №2(105)-192/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-192/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-192/2022 02.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(074)-39/2021 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şamaxı Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(074)-39/2021 saylı qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddiaçı “AGBank" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması və tutumanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilib, 28.02.2014-cü il tarixli, 108.LN.2005.280214.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 17860,42 manat əsas borc, 9849,01 manat faiz borcu, 100 manat artırılmış faiz (cərimə) və 357,20 manat kredit üzrə 1 faiz komissiya olmaqla, cəmi 28166,63 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 və Cavabdeh2 məxsus Şamaxı rayonu, Əngəxaran kəndində olan 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 120.000 manat müəyyən edilməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması, əmlakın açıq hərracda satılması hesabına 17860,42 manat əsas borc, 9849,01 manat faiz borcu, 100 manat artırılmış faiz (cərimə) və 357,20 manat kredit üzrə 1 faiz komissiya olmaqla, cəmi 28166,63 manat və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanlar Cavabdeh1 və Cavabdeh2 ipoteka qoyulmuş yaşayış evini bir ay ərzində tərk etməsi, fərdi yaşayış evinin boşaldılması, fərdi yaşayış evinə istifadə hüququqlarının itirilməsi, Cavabdeh3 keçirilmiş ekspertizaların dəyəri olan 100 manat pulun alınıb X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesabına köçürülməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 21 aprel 2021ci il tarixli, 2(074)-39/2021 saylı qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 17860,42 manat əsas borc, 9849,01 manat faiz borcu, 4439,37 manat artırılmış faiz (cərimə) və 357,20 manat kredit üzrə 1 faiz komissiya olmaqla, cəmi 32506 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 və Cavabdeh2 məxsus Şamaxı rayonu, Əngəxaran kəndində 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka əmlakının ilkin satış qiymətinin 40000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin Cavabdeh3 ümumi qaydada tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində evin boşaldılması, Cavabdeh1 və Cavabdeh2 yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 28.02.2014-cü il tarixli, 108.LN.2005.280214.00001 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 illik 22 faizlə, 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq 28.02.2014-cü il tarixli 108.CL.280214.00001/c saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 məxsus Şamaxı rayonu Əngəxaran kəndində olan 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka qoyulmuşdur. İddia ərizəsinə əlavə edilmiş Roveks Konmark konsalting şirkətinin fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatından göründüyü kimi, ipoteka əmlakı olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə 40000 manata qiymətləndirilmişdir. Borclu müqavilə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, müqavilə müddəti bitən tarixə, yəni 28.02.2017-ci il tarixə banka 17860,42 manat əsas borc, 9849.01 manat faiz borcu, 4439,37 manat artırılmış faiz (cərimə) və 357,20 manat kredit üzrə 1 faiz komissiya olmaqla, cəmi 32506 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ipoteka qoyanlara bildiriş göndərilmiş, bildiriş reyestr orqanında ərizə ilə qeydə alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi 21 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC və Cavabdeh3 arasında bağlanmış 28.02.2014-cü il tarixli, 108.LN.2005.280214.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC tərəfindən illik 22 faizlə, 36 ay müddətinə 20.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.8-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdə borcalan kreditin ümumi məbləğindən 1 faiz miqdarında və hər ilin eyni tarixində həmin günə banka olan kredit borcunun 1 faizi miqdarında kreditora komissiya ödəyir. 28.02.2014-cü il tarixli, 108.CL.280214.00001/c saylı ipoteka müqaviləsinin surətindən görünür ki, kreditin təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 məxsus Şamaxı rayonu Əngəxaran kəndində olan 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. 20 noyabr 2020-ci il tarixli, **********860 saylı maliyyə arayışından görünür ki, Cavabdeh3 28.02.2014-cü il tarixli, 108.LN.2005.280214.00001 saylı kredit müqaviləsi üzrə 13.11.2020-ci il tarixə banka 1786.42 məbləğində əsas borc, 5409,64 manat məbləğində faiz borcu, 12414,32 manat faiz (cərimə), gecikdirilmiş vaxt üçün hesablanan faiz 3305 manat olmaqla, cəmi 38990,22 manat məbləğində borcu vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 məxsus Şamaxı rayonu, Əngəxaran kəndində olan 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 28.02.2014-cü il tarixli, 108.LN.2005.280214.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “Roveks Konmark” konsalting şirkətinin fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatından göründüyü kimi, ipoteka əmlakı olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə 40000 manata qiymətləndirilmişdir. Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi Xidməti MMC-nin 01 iyun 2020-ci il tarixli, 15 saylı rəyinə əsasən Cavabdeh1 və Cavabdeh2 məxsus Şamaxı rayonu, Əngəxaran kəndində olan 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 120000 manat məbləğində qiymətləndirilmişdir. 06.02.2020-ci il tarixli, 19/361 saylı ərizədən görünür ki, İddiaçı ASC ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 16.01.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı ASC tərəfindən borcun qaytarılması barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli, 9/39935 saylı ekspert rəyindən görünür ki, 13.01.2020-ci il tarixə 28.02.2014-cü il tarixli, 108.LN.2005.280214.00001 saylı kredirt müqaviləsi üzrə Cavabdeh3 İddiaçı ASC-yə əsas borc üzrə 18138,96 manat, faiz borcu üzrə 12235,24 manat təşkil edir. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2022-ci il tarixli, 9/134 saylı təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən İddiaçı ASC və Cavabdeh3 arasında bağlanmış 28.02.2014-cü il tarixli, 108.LN.2005.280214.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 28 fevral 2017-ci il tarixə İddiaçı ASC-yə olan borcu ümumilikdə 27.771,76 manat məbləğində müəyyən edilir. Həmin məbləğin 18138,96 manat hissəsi əsas borc və 9632,80 manat hissəsi faiz borcudur. “PATRON-L MMC”-nin 11 fevral 2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 və Cavabdeh2 məxsus Şamaxı rayonu, Əngəxaran kəndində olan 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 125.000 manat və likvid dəyəri 110.000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış, cavabdehlər öz üzərlərinə götürmüş olduqları öhdəliyi icra etməmiş və onlar birlikdə bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyırlar. Bu borc işdə olan obyektiv sübutlarla, maliyyə arayışı, hesabdan çıxarış və ekspert rəyləri ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2022-ci il tarixli, 9/134 saylı təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən İddiaçı ASC və Cavabdeh3 arasında bağlanmış 28.02.2014-cü il tarixli, 108.LN.2005.280214.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 28 fevral 2017-ci il tarixə İddiaçı ASC-yə olan borcu ümumilikdə 27.771,76 manat məbləğində müəyyən edilir. Həmin məbləğin 18138,96 manat hissəsi əsas borc və 9632,80 manat hissəsi faiz borcudur. Göründüyü kimi ekspertin rəyi ilə kredit müqaviləsi üzrə borcalanın banka olan kredit üzrə əsas və faiz borcu iddiaçının tələb etdiyi məbləğdən yüksək olduğu üçün qeyd olunan müqavilə üzrə əsas və faiz borc dəyişdirilmədən iddiaçının tələb etdiyi məbləğdə, müəyyən edilməlidir. Əks təqdirdə ekspertin rəyi ilə əsas borc hissəsində razılaşan məhkəmə kollegiyası iddia tələbindən kənara çıxmış olar. Bu isə məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərinə zidd olardı. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqavilələri üzrə tələb edilən əsas və faiz borcu hissələrində dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi idiaçı bank tərəfindən 28.02.2014-cü il tarixli, 108.LN.2005.280214.00001 saylı kredit müaviləsinə əsasən hesablanmış 357,20 manat dəbbə pulunu azaltmaqla 100 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan qaydada cərimə borcunun müəyyən edilməsi qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İddia ərizəsi üzrə tələb edilən borc məbləğinin ipoteka predmeti olan Cavabdeh1 və Cavabdeh2 məxsus Şamaxı rayonu, Əngəxaran kəndində olan 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 120.000 manat müəyyən edilməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması, əmlakın açıq hərracda satılması hesabına borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanlar Cavabdeh1 və Cavabdeh2 ipoteka qoyulmuş yaşayış evini bir ay ərzində tərk etməsi, fərdi yaşayış evinin boşaldılması, fərdi yaşayış evinə istifadə hüququqlarının itirilməsi barədə nəticəyə hüquqi münasibət bildirən birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə dair ipoteka predmeti olan əmlakın Bank qarşısında öhdəliklərin icrası kimi qəbul edərək həmin münasibətlərin tənzimlənməsini əsaslandıran halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1; 319.6; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33; 34.1.1; 34.1.2, 39.3.3; 59.3.1; 59.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.6-cı maddəsinə əsasən Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İş materiallarından göründüyü kimi iş üzrə tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə qiymətləndirmə ekspertizaları təyin edilmiş, ipoteka predmeti olan əmlakların orta bazar qiyməti müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə “PATRON-L MMC”-nin 16 may 2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə Cavabdeh1 və Cavabdeh2 məxsus Şamaxı rayonu, Əngəxaran kəndində olan 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin dəyəri reallığı özündə əks etdirdiyinə görə ipoteka predmeti olan əmlakın dəyərinin müəyyən edilmiş hissəsində də dəyişdirimədən saxlanmalıdır. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmaması hallarını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Ona görə də apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyıb, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2022-ci il tarixli, 9/134 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. “PATRON-L MMC”-nin 16 may 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ekspertiza tədqiqatının dəyəri 500 (beş yüz) manatdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayəti təmin edilmədiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına və 500 manat alınıb "xxxx" ASC-nin VÖEN **********, KOD 505141 müxbir hesab AZ 82 NABZ013501**********71944 SWİFT BİK PAHAAZ22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(074)-39/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat pul Cavabdeh1 alınıb "xxxx" ASC-nin VÖEN **********, KOD 505141 müxbir hesab AZ 82 NABZ013501**********71944 SWİFT BİK PAHAAZ22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar