Məhkəmə qərarları › İş №2(105)-1922/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1922/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1922/2021 27.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(060)-342/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(060)-342/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 683,52 ABŞ dolları əsas borc, 133 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 102,45 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 50 ABŞ dolları cərimə olmaqla, cəmi 968 (doqquz yüz altmış səkkiz) ABŞ dolları 97 (doxsan yeddi) sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının manata olan ekvivalentində manatla) və ödənilmiş 15 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim E.Abdullayev) Qətnamədən narazı qalan Cavabdeh1 ondan apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(060)-342/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1072,52 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 05.08.2017-ci il tarixinə 522,82 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 160,50 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1104,90 ABŞ dolları cərimə borcunun, cəmi 2860,74 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 05.08.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Sumqayıt filialı Cavabdeh1 24 ay müddətinə, illik 28% olmaqla, 1910 ABŞ dolları məbləğində kredit vermişdir. Bankla Cavabdeh2 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Cavabdeh1 kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş və onun kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə borcu yaranmışdır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu tərəfindən bu günədək borcun tam ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır. Belə ki, o, 05.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən kredit üzrə ödənişləri vaxtlı-vaxtında həyata keçirmiş və həmin ödənişlərin bir qismi məişət texnikasını aldığı «Technom» mağazasının sabiq əməkdaşları olmuş və sonradan həbs edilmiş X4 və X2 ödənilmişdir. Lakin adları qeyd edilən şəxslər öz qulluq mövqelərindən sui- istifadə etməklə həmin pulun bir qismini mənimsəmiş və banka mədaxil etməmişlər, halbuki ona ödənişlərin aparılması ilə bağlı qəbzlər verilmişdir. O, iddiaçının zərərçəkmiş kimi tanındığı cinayət işi ilə bağlı 65 ədəd ödəniş qəbzlərinin əsillərini və ödəniş qrafiklərini (3 vərəqdə) istintaqa təqdim etmişdir. Həmin qəbzlər də onun bank qarşısında götürmüş olduğu öhdəliyi yerinə yetirməsinə və kredit borcunun qalmamasına sübutdur. Qeyd edilən cinayət işi üzrə iddiaçı zərərçəkmiş qismində tanınmış və təqsirləndirilən şəxslər barəsində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 30.09.2019-cu il tarixli hökmdə iddiaçı-bankın mülki iddia tələbləri də təmin edilməklə onlardan müştərək qaydada onun ödədiyi, lakin banka mədaxil edilməmiş 1206 manat məbləğində pulun tutulması qərara alınmışdır. Bir məhkəmə qərarı ilə həmin pulun kim tərəfindən ödənilməli olması müəyyən edildiyi halda iddiaçı bu dəfə ona qarşı hazırkı iddianı qaldırmışdır. Artıq məhkəmə hökmü ilə həmin pulun banka kim tərəfindən və hansı məbləğdə ödənilməli olması müəyyən edilmişdir. İddiaçı icra məmuru vasitəsi ilə həmin borcun təqsirləndirilən şəxslərdən alınaraq bankın xeyrinə ödənilməli olmasını tələb etmək əvəzinə ona qarşı bu iddianı qaldırmış, məhkəmə də bu mühüm məsələyə göz yumaraq əsassız iddianı təmin etmişdir. Hətta onun banka bütün borcu ödəməsinə, lakin həmin borcun başqa şəxslər tərəfindən mənimsənilməsinə baxmayaraq məhkəmə onu əlavə faiz, cərimə və digər öhdəliklərə də cəlb etmişdir ki, bu yanaşma tamamilə qanunsuzdur. Məhkəmə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-291/2019 saylı cinayət işini tələb edib araşdırsaydı, məlum olardı ki, o, 65 ədəd qəbz əsasında aldığı məişət texnikasının dəyərini faizləri ilə birlikdə artıqlaması ilə ödəmişdir və borc qalmamışdar. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamış, həmin sübutları düzgün tədqiq edib qiymətləndirməmiş və bu səbəbdən də qanunsuz nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv olunmalı, iddianın rədd edilməsinə dair qətnamə şıxarılmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh1 ilkin olaraq apelyasiya şikayətini müdafiə edərək onun təmin ediməsini, Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(060)-342/2021 saylı qətnaməsinin ləğv edilməsini, ona qarşı qaldırılmış iddianın isə təmin edilməməsini xahiş etsə də, sonuncu məhkəmə iclasında borcunu qismən qəbul etdiyini və hissə-hissə ödəyəcəyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 şikayətlə razılaşmadı və əlavə etdi ki, doğrudan da cavabdehin dediyi hallar olmuşdur və məhkəmə hökmü ilə vurulmuş ziyanın bir hissəsi banka ödənilmişdir. Lakin həmin hökmdən də göründüyü kimi, cavabdehin cəmi ödədiyi 2333 manat olmuş və həmin pulun 1206 manatı mənimsənilmişdir. Onun borcu isə bu məbləğdən çoxdur. Bank hazırda qalan məbləi tələb edir. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh2 heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış İKM 01 saylı, 05.08.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank Cavabdeh1 istehlak məqsədilə 24 ay müddətinə, illik 28%-lə 1910 ABŞ dolları kredit verilmişdir. Yenə iş materiallarında olan İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Yenə də iş materiallarında olan 14 iyul 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 göstərilən kredit müqaviləsi üzrə banka olan borcu əsas borc üzrə 1072,52 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10.07.2020-ci il tarixinə faiz borcu üzrə 522,82 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış borcu 160,50 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1104,90 ABŞ dolları cərimə borcu olmaqla cəmi 2860,74 ABŞ dolları təşkil edir. İşdə olan kredit müqaviləsinə əlavədən görünür ki, İKM 01 saylı, 05.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka hər ay 104,84 ABŞ dolları, sonuncu ay isə 104,75 ABŞ dolları ödəməli idi. İş materiallarında olan 27.11.2017-ci il və 20.07.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 05.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunu qısa zamanda banka ödənilməsi və əks təqdirdə bank tərəfindən mülki qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Yenə iş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin 2-1(81)-1594/2016 saylı, 16 avqust 2016-cı il tarixli qərardadının surətindən görünür ki, lisenziyaları ləğv olunmuş və müflis elan edilmiş İddiaçı ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. İşə əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-291/2019 saylı, 30 sentyabr 2019-cu il tarixli hökmündən görünür ki, X6 və X5 AR CM-nin 308.1 və 313-cü maddələrilə təqsirli bilinmişlər. Həmin hökmdən məlum olur ki, qeyd edilən cinayət işi üzrə iddiaçı bank zərərçəkmiş şəxs kimi tanınmış, cavabdehin kredit borcu üçün ödədiyi 2333 manat pul vəsaitinin 1206 manatı təqsirləndirilən şəxslər tərəfindən mənimsənilmişdir. Bankın cinayət işi üzrə mülki iddiası təmin edilmiş, təqsirləndirilən şəxslər tərəfindən mənimsənilmiş hazırki cavabdeh və digər şəxslərin banka olan kredit borcları üçün ödədikləri cəmi 49294,14 manat pulun(istintaqın gedişində təqsirləndirilən şəxslər tərəfindən 50000 manat bankın depozitinə ödənilmişdir) bankın xeyrinə tutulması hökm edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(060)-342/2021 saylı qətnaməsi dəyişdirilməli, kredit müqaviləsi üzrə cavabdehlərdən tutulan borc azaldılmalıdır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, bu hissədə qətnamə hazırda apelyasiya baxışının predmeti hesab edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 05.08.2015-ci il tarixli, İKM 01 saylı istehlak krediti müqaviləsinə əsasən iddiaçı LPO İddiaçı ASC-nin “Sumqayıt” filialı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28 % ödəmək şərti ilə 1910 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh1 krediti qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 05.08.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməkdən yayınaraq müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə 05.08.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. AR MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşdən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə bir sıra ödənişləri, razılaşdıqları kimi, istehlak malı aldığı “Technom” mağazasının məsul şəxsləri vasitəsilə banka ödəsə də, bu ödənişlərin bir hissəsi banka təqdim edilməmişdir. Mağazanın əməkdaşlarının cinayət əməllərilə bağlı cinayət təqibi aparılmış və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-291/2019 saylı, 30 sentyabr 2019-cu il tarixli hökmü ilə X6 və X5 AR CM-nin 308.1 və 313-cü maddələrilə təqsirli bilinmişlər. Bu hökmdən görünür ki, cavabdeh tərəfindən kredit borcu əvəzinə ödənilmiş cəmi 2333 manatın 1206 manat hissəsi həmin şəxslər tərəfindən mənimsənilmişdir. Hökmdən görünür ki, həmin şəxslər tərəfindən mənimsənilmiş cəmi 49294,14 manat pul vəsaiti zərərçəkmiş LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ödədiyi 1206 manat vəsait nəzərə alınmalı və ümumi kredit borcundan çıxılmalıdır. Bankın 14.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 banka 1072,52 ABŞ dolları əsas borcu qalmışdır. Mənimsənilmiş 1206 manat vəsaitin Cavabdeh1 tərəfindən təqribən 2015-2017-ci illər ərzində edildiyi (1 ABŞ dolları=1,55 manat) nəzərə alınsa, ödənilən məbləğin 778,06 ABŞ dolları təşkil etdiyi müəyyənləşir. Beləliklə də, 05.08.2015-ci il tarixli, İKM 01 saylı istehlak krediti müqaviləsinə əsasən Cavabdeh1 banka əsas borcu 294,46 (1072,52-778,06) ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə son ödəmə tarixinin 01 aprel 2017-ci il, onun bitmə tarixinin isə 05.08.2017-ci il olması nəzərə alınarsa, bu müddət üçün (124 gün) cavabdehin 28,40 ABŞ dolları faiz borcunun olduğu müəyyən olunur. Belə ki, kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 28 % olduğundan gündəlik faiz dərəcəsinin 0,229 % olduğu aydın olur və 124 gün üçün faiz borcunun 28,40 ABŞ dolları təşkil etdiyi məlum olur. Müqavilə müddətinin bitdiyi tarixdən illik bank uçot dərəcəsi tətbiq edilməklə tələb edilən faiz borcun gəldikdə isə, bu borcun 43,66 ABŞ dolları məbləğində olması müəyyənləşir. Belə ki, kredit müqaviləsinin bitmə tarixindən (05.08.2017-ci il) iddia qaldırılan tarixədək (24.07.2020-ci il) zaman aralığının 1070 gün olması nəzərə alındıqda, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış borcun 43,66 ABŞ dolları təşkil etdiyi məlum olur (294,46x5%/360x1070). Cavabdehə tətbiq edilən cərimə borcu ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsinə görə illik cərimə əsas borca 2,33 % tətbiq edilməklə hesablanır. Bununla da cavabdehin 3 illik cərimə borcunun 20,60 ABŞ dolları (294,46x2,33%x3) təşkil etdiyi məlum olur. Beləliklə də, iş materialları ilə müəyyən edilir ki, 05.08.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi üzrə hazırda Cavabdeh1 banka olan əsas borcu 294,46 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 05.08.2017-ci tarixinə faiz borcu 28,40 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 43,66 ABŞ dolları, cərimə borcu isə 20,60 ABŞ dolları olmaqla, cəmi 387,12 ABŞ dolları təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi qeyd olunan borc məbləğini hesablayarkən səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə borcun hesablanmasında səhvə yol versə də, mübahisə üzrə Azərbaycan Respublikası MM-nin 385.1, 442, 462, 477 və 739-cu maddələrinə istinad etməklə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası, həmçinin işə baxan məhkəmənin iddia tələbinin zaminə aid hissədə rədd edilməsi barədə gəldiyi nəticə ilə də razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi və razılaşmalar üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə borcun tutulması hissəsində qətnamə dəyişdirilməli, Cavabdeh1 cəmi 387,12 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata olan ekvivalentində manatla) məbləğində kredit borcu tutulmaqla, LPO İddiaçı ASC-yə verilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1, 119.5-ci maddələrinin tələblərinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(060)-342/2021 saylı qətnaməsi 05.08.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi üzrə borcun tutulması hissəsində dəyişdirlsin. Cavabdeh1 əsas borc üzrə 294,46 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 05.08.2017-ci tarixinə faiz borcu üzrə 28,40 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu üzrə 43,66 ABŞ dolları, cərimə borcu üzrə 20,60 ABŞ dolları olmaqla, cəmi 387,12 ABŞ dolları(ödəniş günü ABŞ dollarının manata olan ekvivalentində manatla) tutularaq LPO İddiaçı ASC-yə verilsin. Qətnamə ödənilmiş 15 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar