Məhkəmə qərarları › İş №2(105)-1923/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1923/2021

27.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1923/2021 27.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(060)-5070/2020 saylı qərardadından ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(060)-5070/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Almaz Süleymanova) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)- 5070/2020 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətinin geri qaytarılması qərara alınmış, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-5070/2020 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair ilk, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə ilk iddia qismən təmin edilmiş, ilk iddia üzrə İddiaçı1, övladları 31.01.2012-ci il təvəllüdlü X2 və 06.12.2013-cü il təvəllüdlü X3 Sumqayıt şəhəri, Samur-ünvan 1 ünvanına istifadə hüquqlarının tanınması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədə qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 Sumqayıt şəhəri, Samur-ünvan 1 ünvanından çıxarılması, qarşılıqlı iddianın qalan hisssədə təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(060)-5070/2020 saylı qərardadı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-5070/2020 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, qərardadla razılaşmır, qərardadı əsassız hesab edir. Belə ki, qətnamə ona deyil, nümayəndəsi və vəkilinə rəsmi qaydada təqdim edilmişdir. Qətnamənin işdə iştirak edən şəxs kimi şəxsən ona təqdim edilməməsi, məhkəmə tərəfindən öz vəzifəsini başa çatdırmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 46-cı maddəsinə görə tərəflər (iddiaçı və cavabdeh), üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 61-ci maddəsinə görə isə işdə iştirak edən şəxslərdən başqa prosesdə şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər iştirak edə bilərlər (prosesin digər iştirakçıları). Normalardan da göründüyü kimi, məhkəmə qətnaməni nümayəndəsi və vəkilinə rəsmi qaydada vermək vəzifəsini daşımır. Belə ki, nümayəndə və vəkil işdə iştirak edən şəxs deyil, prosesin digər iştirakçısıdır. Məhkəmənin vəzifəsidir ki, işdə iştirak edən şəxs kimi qətnaməni ona rəsmi qaydada təqdim etsin. O, məhkəməyə müraciət edərək qətnamənin rəsmi olaraq verilməsini tələb etsə də, məhkəmə vəkilinə (nümayəndəsinə) qətnaməni təqdim etməklə kifayətləndiyini, qətnaməni almaq istədiyi halda, təkrar alma kimi rüsum ödəməli olduğunu bildirdi. Qətnamə çıxarıldıqdan sonra mövcud pandemiyaya görə vəkil ilə maksimum az görüşməyə çalışmış, nəticədə qətnamənin mətni ilə tanış ola bilməmişdir. Qətnaməni ona təqdim etmək vəzifəsini vəkili (nümayəndəsi) deyil, məhkəmə daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamə ona qeyri-rəsmi olaraq 19 aprel 2021-ci il tarixdə verilmişdir. Qətnaməni gec əldə etdiyi üçün apellyasiya şikayətini də bundan sonra vermişdir. Bu səbəbdən də apellyasiya şikayəti verilməsi üçün olan prosessual müddət ötürülməmiş hesab edilir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə yeni qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil2 şikayətdə göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qərardadının ləğv edilməsini xahiş etdi. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-5070/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti ötürülməmiş hesab edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)- 5070/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini geri qaytararkən, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qətnamənin surətini 23 dekabr 2020-ci il tarixdə rəsmi qaydada almasına, qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddətin ötürülməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-5070/2020 saylı qətnaməsinin surətini ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 23 dekabr 2020-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməklə şəxsən almışdır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımını, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-5070/2020 saylı qətnaməsinin surəti ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh rəsmi qaydada təqdim edilməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsi 18 noyabr 2020-ci il tarixli, 2(060)-5070/2020 saylı qətnaməsinin surətini 19 aprel 2021-ci il tarixdə almış, qətnamədən apellyasiya şikayəti 28 aprel 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-5070/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin ona təqdim edildiyi günün sabahı, yəni 20 aprel 2021-ci il tarixdən başlanmışdır. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-5070/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti 2021-ci ilin may ayının 20-də başa çatmışdır. Göründüyü kimi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-5070/2020 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmişdir. Birinci instansiya məhkəməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-5070/2020 saylı qətnaməsindən apellyasiya şikayətini geri qaytararkən qeyd edilən halları nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-5070/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti ötürülməmiş hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(060)-5070/2020 saylı qərardadı ləğv edilsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-5070/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti ötürülməmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar