Məhkəmə qərarları › İş №2(105)-1926/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1926/2023

17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1926/2023 17.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Şabran şəhər bələdiyyəsinə və Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Şabran şəhər bələdiyyəsinə və Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-627/2023 nömrəli qətnaməsindən Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Dəvəçi şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış binası X2 adına qeydə alınmışdır.

2. İddiaçı həmin qeyri-yaşayış binasının söküldüyünə istinad edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehlər Şabran şəhər bələdiyyəsindən və Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən ona dəyən ziyan- 21.800 (iyirmi bir min səkkiz yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ona Dəvəçi (indiki Şabran) rayon XDS Rəyasət Heyətinin 30 may 1994-cü il tarixli 04 saylı qərarına əsasən şəhərin M.Ə.Rəsulzadə küçəsində kommersiya mağazası və xidmət mərkəzi tikintisi üçün 95 kv.m torpaq sahəsi ayrılmışdır. O, həmin ayrılan torpaq sahəsində mağaza binası və xidmət mərkəzi tikmişdir. Həmin tikililərə mülkiyyət sənədi olaraq qeydiyyat vəsiqəsi də almışdır. Lakin sonradan ona verilən torpaq sahəsi yolun qorunma zolağına düşür deyə şəhər bələdiyyəsi və şəhər nümayəndəliyi onu həmin tikililərini sökməyə məcbur etmişlər. Öhdələrinə götürmüşlər ki, həmin tikililərə görə dəyən ziyanı ödəyəcəklər. Lakin bu vaxta kimi dəfələrlə müraciət etməyinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Ona dəyən ziyanı ödəməkdən imtina etmişlər. O, həmin tikililərin qiymətləndirilməsinə dair ekspert rəyi də almışdır. Ekspertiza həmin tikililəri 21800 manat məbləğində qiymətləndirmişdir. O, cavabdehlərdən ona dəyən ziyanı ala bilmədiyi üçün məcbur olaraq məhkəməyə müraciət etmişdir.

4. Cavabdeh Şabran şəhər bələdiyyəsinin sədri X1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, eşitdiyinə görə İddiaçı Dəvəçi XD Rəyasət Heyətinin qərarı ilə M.Rəsulzadə küçəsində kommersiya mağazası və xidmət mərkəzi tikintisi üçün 95 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsində kommersiya mağazası və xidmət mərkəzi tikmişdir. Şəhərin abadlaşdırılması zamanı həmin tikililərin yolun qoruma zolağına düşməsi müəyyən olunmuşdur. Bu səbəbdən iddiaçıya məxsus kommersiya mağazası və xidmət mərkəzi sökülmüşdür. Onun özünə də məxsus olan tikilini həmin vaxt sökmüşlər. Həmin dövrdə o, bələdiyyə sədri olmamışdır. Məlumdur ki, rayonlarda bütün abadlaşdırma və söküntü işləri yerli icra hakimiyyəti tərəfindən aparılır. Eləcə də, Şabran rayonu ərazisində də abadlaşdırma işləri Şabran rayon İHB tərəfindən aparılmışdır. İddiaçıya mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə başqa yerdə torpaq sahəsi göstərilmiş, lakin sonradan həmin torpaq sahəsi də dövlət torpaqları olduğu üçün sənədləşdirmə işləri aparılması mümkün olmadığından, ona torpaq sahəsinin ayrılması mümkün olmamışdır.

5. Cavabdeh Şabran RİHB-nın Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, onda olan məlumata görə İddiaçı Dəvəçi XD Rəyasət Heyətinin qərarı ilə M.Rəsulzadə küçəsində kommersiya mağazası və xidmət mərkəzi tikintisi üçün 95 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsində kommersiya mağazası və xidmət mərkəzi tikmişdir. Şəhərin abadlaşdırılması zamanı həmin tikililərin yolun qoruma zolağına düşməsi müəyyən olunmuşdur. Bu səbəbdən iddiaçıya məxsus kommersiya mağazası və xidmət mərkəzi sökülmüşdür. Həmin kommersiya mağazası və xidmət mərkəzinin söküntü işləri Şabran Rayon İcra Hakimiyyəti başçısı tərəfindən aparılmışdır. Həmin vaxt o, Şabran İƏDsi üzrə nümayəndəliyində işləməmişdir.

6. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-627/2023 nömrəli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddia qismən təmin edilərək, cavabdeh Şabran RİHB-nın Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən 21.800 (iyirmi bir min səkkiz yüz) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddianın cavabdeh Şabran şəhər bələdiyyəsinə qarşı hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 16, 152.1, 157.1, 157.2, 157.9-cu maddələrinin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

8. Qətnamədən cavabdeh Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə söküntü işlərini Şabran Rayon İcra Hakimiyyəti başçısı tərəfindən aparılmasını qeyd etsə də, cavabdeh qismində Şabran RİHB-nın Şabran şəhər üzrə nümayəndəliyini cəlb edib, 21800 manat pulun ödənilməsini qət edir. Halbuki, məhkəmə araşdırmasının nəticəsi olaraq, söküntü işlərinin Şabran Rayon İcra Hakimiyyəti başçısı tərəfindən aparılmasını qeyd edir. Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinin tələblərinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə iddiaçının sözlərini subut kimi qəbul etmiş və əlavə subut təqdim etməsini tələb etməmişdir. Söküntülərin Şabran Rayon İcra Hakimiyyəti başçısı tərəfindən aparılmasını müəyyən etdiyi halda, bu barədə müvafiq qurumlara sorğu verib, söküntü ilə əlaqədar iddiaçının qarşısında hər hansı bir qurumun öhdəliyinin olmasını müəyyən etməmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı İddiaçı yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)

Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.

16. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

17. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

18. İş materiallarından görünür ki, Dəvəçi şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış binası X2 adına qeydə alınmışdır.

19. İşdə olan (səh.12) Dəvəçi rayon İHB-nın Dəvəçi şəhər üzrə nümayəndəsi tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, Dəvəçi şəhər ərazisində son günlərdə başlanmış yenidənqurma işləri ilə əlaqədar yeni layihələrin həyata keçirilməsi planlaşdırılmışdır. Belə ki, M.Ə.Rəsulzadə küçəsi boyunca bir sıra yolun qorunma zolağında yerləşən kommersiya mağazalarının və yaşayış binalarına yaxın zəbt olunmuş torpaq sahələrinin sökülüb boşaldılması, yerində müasir istirahət parklarının inşa olunması nəzərdə tutulmuşdur. Yolun qorunma zolağında tikdiyiniz kommersiya mağazasının təcili sökülməsinin təmin edilməsi tələb olunur.

20. Tərəflər arasında mübahisə tikilinin sökülməsi ilə bağlı yaranmışdır və iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, tikilinin sökülməsinə görə ona dəymiş zərəri tələb edir.

21. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı cavabdeh qismində inzibati orqan olan Şabran şəhər bələdiyyəsini və Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyini göstərmişdir.

22. Hazırkı mübahisə cavabdehlərin onlara həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsinin nəticəsində yaranmış, irəli sürülən tələb xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimlənir.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

24. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu halda, Şabran Rayon Məhkəməsinə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan halını nəzərə almadan iddia tələbini qismən təmin etmişdir. Halbuki, birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməli olduğu halda, iddia ərizəsini məhkəmənin icraatına qəbul edərək mahiyyəti üzrə baxmış, bununla da prosessual hüquq pozuntusuna yol vermişdir.

25. Sadalanan xüsusatlara və qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, irəli sürülən tələb xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimləndiyindən mövcud iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir.

26. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

27. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-627/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin, iddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-627/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar