Məhkəmə qərarları › İş №2(105)-1928/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1928/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1928/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Şuşa Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(077)-83/2021 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Şuşa Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(077)-83/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Allahverən Həsənov) iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş,İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03 avqust 2015-ci il tarixli, 005 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 1345,66 ABŞ dolları əsas borc, 491,77 ABŞ dolları faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonrakı müddət üçün hesablanmış 199,50 ABŞ dolları faiz borcunun, 6 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2042,93 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın zamin Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmiş, iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 1345,66 ABŞ dolları əsas borc, 491,77 ABŞ dolları faiz borcu,199,50 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, 1066,41 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3103,34 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağlanmış 03.08.2015-ci il tarixli, 005 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 20 ay müddətinə, illik 24% ödənilmək şərti ilə 2665 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin banka ödənilməmiş 1345,66 ABŞ dolları əsas, 491,77 ABŞ dolları faiz, 1066,41 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 199,50 ABŞ dolları olmaqla, cəmi 3103,34 ABŞ dolları məbləğində borcu mövcuddur. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi cərimə borc üzrə 1066.41 ABŞ dolları olduğu halda, məhkəmə cavabdehdən 6 ABŞ dolları məbləğində cərimə tutmuşdur. Bu hissədə məhkəmə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uygun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə, hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1 faizi cərimə və vaxtı keçmiş kredit üzrə 44% ödəyir. Cavabdeh1 tərəfindən 03.08.2015-ci il tarixli kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub basa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən haqlı tələb olan 1066,41 ABŞ dolları cərimə borcunu tam təmin etməmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə məbləğinin təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə cərimə borcuna aid hissədə dəyişiklik edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsini cərimə borcuna aid hissədə mübahisələndirdiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 03 avqust 2015-ci il tarixli, 005 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Cənub filialı tərəfindən Cavabdeh1 illik 24 faiz olmaqla, 20 ay müddətinə 2665 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin Cənub filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 03 avqust 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Cənub filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün zamin kimi Cavabdeh2 məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 27 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 cəmiyyətə 03 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən həmin tarixə 1345,66 ABŞ dolları əsas, 491,77 ABŞ dolları faiz, 1066,41 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 199, 50 ABŞ dolları olmaqla, cəmi 3103,34 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan 27 fevral 2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə olan borcunu tam ödəməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, 03 avqust 2015-ci il tarixli, 005 saylı kredit müqaviləsin əsasən İddiaçı açıq səhmdar cəmiyyətinin Cənub filialı tərəfindən Cavabdeh1 illik 24 faiz olmaqla, 20 ay müddətinə 2665 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (1 saylı əlavə) uygun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (1 saylı əlavə) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə, hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 44% ödəyir. İşdən görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehdən 1066,41 ABŞ dolları cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi isə cavabdehdən 6 ABŞ dolları cərimə borcu tutmuşdur. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 6 ABŞ dolları cərimə borcu tutması iddiaçının əmlak və əsaslı mənafelərinə uyğun deyildir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə cərimə borcuna aid hissədə dəyişiklik edilərək cavabdehdən 50 ABŞ dolları cərimənin tutulmasını məhkəmə kollegiyası ədalətli hesab edir və bunu həm iddiaçı təşkilatın əmlak, həm də bütün əsaslı mənafelərinə, həmçinin cavabdehin maddi və əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə cərimə borcuna aid hissədə dəyişiklik edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şuşa Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(077)-83/2021 saylı qətnaməsinə cərimə borcuna aid hissədə dəyişiklik edilsin. Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 50 (əlli) ABŞ dolları cərimə borcu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar