Məhkəmə qərarları › İş №2(105)-193/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-193/2022

05.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-193/2022 05.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qubadlı Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 07.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1929,25 ABŞ dolları əsas borcu, 1360,46 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə 07.01.2018-ci il tarixdən 25.12.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 384,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3674,61 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddia tələbinin Cavabdeh2 qarşı yönəlmiş hissəsində rədd olunması, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 07.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1929,25 ABŞ dolları əsas borcu, 1360,46 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə 07.01.2018-ci il tarixdən 25.12.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 384,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3674,61 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştirakı olmadan baxılması və iddianı təmin edilməsini xahiş etmişdir. Öz ərizəsində iddiaçı göstərmişdir ki, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 07.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 18% olmaqla 36 ay müddətinə 4975 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Hazırda cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. 25 dekabr 2020-ci il tarixədək cavabdehin banka 07.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1929,25 ABŞ dolları əsas borcu, 1360,46 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə 07.01.2018-ci il tarixdən 25.12. 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 384,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3674,61 ABŞ dolları borcu var. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Qubadlı Rayon Məhkəməsinin 2(028)-88/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi R.N.Abdullayev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zaminlik müqaviləsinin olmasına və cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 07.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 18% olmaqla 36 ay müddətinə 4975 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılmışdır. İşdə olan maliyyə arayışından görünür ki, 25 dekabr 2020-ci il tarixədək Cavabdeh1 banka 1929,25 ABŞ dolları əsas borcu, 1360,46 ABŞ dolları faiz borcu, 384,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3674,61 ABŞ dolları var. "xxxx" ASC cavabdehlərə xəbərdarlıq məktubu göndərmişdir. Məktubda borcun “YeloBank» ASC-yə ödənilməsinin təmin edilməsi göstərilmişdir. Əks təqdirdə bağlanılmış kredit müqaviləsinin ləğv edilməsi və borcunun məcburi ödənilməsi üçün bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədlıyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.04.2019-cu il tarixli 8606 saylı rəyinin kserosurətinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 178-ci vərəqəsində olan "xxxx" İKB ASC ilə Cavabdeh2 adlarında olan 07.01.2015-ci il tarixli 4-M-2-0-12-15 saylı zaminlik müqaviləsində “Zamin” qrafasında Cavabdeh2 yazılarının aşağı tərəfindəki imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası cavabdehin işə onun iştirakı olmadan baxılması barədə gətirdiyi dəlili qəbul etmir, belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehə faktiki yaşadığı ünvana məktublar göndərilmişdir, lakin orada yaşamadığı üçün bildirişlər geri qaytarılmışdır (i.v.31, 41). Məhkəmə prosesi zamanı Cavabdeh1 "xxxx" İKB ASC arasında bağlanmış 07.01.2015-ci il tarixli kredit müqaviləsini onun tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmasını bildirmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2021-ci il tarixli 4/1550 saylı rəyindən müəyyən olunur ki, mülki işin 13-cü vərəqində olan 07 yanvar 2015-ci il tarixli № 4-M-2-0-12-15 nömrəli kredit müqaviləsinin 1-ci vərəqində «Borcalan» qrafasındakı imza və kredit müqavilənin arxa tərəfindən «Borcalan» qrafasındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin bu iş üzrə 06 aprel 2021-ci il tarixli 2(028)-88/2021 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 125 (yüz iyirmi beş) manat məbləğində pul Cavabdeh1 oğlundan alınaraq SAP (XİİS) hesabı X1 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar