Məhkəmə qərarları › İş №2(105)-1931/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1931/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1931/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilənin ləğvi və borcun tutulması dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)7/2021 saylı, 11 mart 2021-ci il tarixli qərardadından ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 02.09.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və bu kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 1125,01 ABŞ dolları əsas borc, 137,33 ABŞ dolları faiz borcu və 29,64 ABŞ dolları cərimə olmaqla, cəmi 1291,98 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)7/2021 saylı, 11 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı 02.09.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və bu kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 1125,01 ABŞ dolları əsas borc, 137,33 ABŞ dolları faiz borcu və 29,64 ABŞ dolları cərimə olmaqla, cəmi 1291,98 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair mülki iş üzrə icraata cavabdeh öldüyü üçün xitam verilməsi qərara alınmışdır (hakim Emin Abdullayev). Qərardaddan iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən şikayət verilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)7/2021 saylı, 11 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, cavabdeh 07.04.2016-cı ildə vəfat etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin vəfatından 5 ilə yaxın müddət keçməsinə baxmayaraq onun hüquqi varisi müəyyən edilmədiyi üçün hazırki iş üzrə icraatın dayandırılmış vəziyyətdə saxlanmasına lüzum yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun 04.06.2018-ci il tarixli qərarında deyilir: “borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclu kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.” Buradan da görünür ki, cavabdeh öldüyünə görə onun öhdəliklərinə xitam verərək, hüquqi varislərinin müəyyən edilmədən cavabdehlərin sırasından çıxarılması qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 254.1.1-ci maddəsinə əsasən, işdə tərəf olan şəxs öldükdə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə, hakim iş üzrə icraatı dayandırmalıdır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)7/2021 saylı, 11 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi cavabdeh öldüyü üçün onun hüquqi varisinin müəyyən edilənə kimi icraatın dayandırılmasını, iş üzrə icraatın 3 ildən çox dayandırılmasına baxmayaraq, eləcə də cavabdehin vəfatından 5 ilə yaxın müddət keçməsinə baxçmayaraq cavabdehin hüquqi varisinin müəyyən edilmədiyi üçün iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh 07.04.2016-cı ildə vəfat etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17803/2017 saylı, 13.10.2017-ci il tarixli qərardadı ilə iş üzrə icraat cavabdehin hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. İş materiallarından görünür ki, cavabdehin vəfatından 5 il müddət keçmişdir. Eləcə də iş üzrə icraatın dayandırılmasından 4 ilə yaxın müddət keçmişdir. İş materiallarından görünür ki, cavabdehin vəfatından 5 il müddət keçməsinə baxmayaraq hazırki günədək cavabdehin hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdehin vəfatından 5 ilə yaxın müddət keçməsinə baxmayaraq onun hüquq varisi müəyyən edilmədiyi üçün hazırkı iş üzrə icraatın dayandırılmış vəziyyətdə saxlanmasına lüzum yoxdur. Bu səbəbdən birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini qanunvericiliyin tələblərinə uyğun hesab edir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)7/2021 saylı, 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)7/2021 saylı, 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar