Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1934/2023 25.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X7 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2547/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2777/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 20 iyul 2011-ci il təvəllüdlü X5 və 10 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması, Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2777/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən 20 iyul 2011-ci il təvəllüdlü X5 və 10 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2777/2020 nömrəli, 14 dekabr 2020-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-2490/2020 nömrəli, 28 iyul 2020-ci il tarixli qətnaməsi qismən, Cavabdeh 20 iyun 2011-ci il təvəllüdlü X5 və 10 avqust 2014-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilərək, Cavabdeh 20 iyul 2011-ci il təvəllüdlü X5 və 10 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Qeyd etmək istəyir ki, son zamanlar ölkədə qiymətlərin artırılması iddiaçının maddi durumuna çox mənfi təsir göstərmişdir. İddiaçının aldığı aliment uşaqların ehtiyaclarını ödəmir. Bundan əlavə Cavabdeh hazırda Masallı rayonu, Lürən kənd orta məktəbində direktor vəzifəsində işləyir və orta aylıq əmək haqqı 1000 manat təşkil edir. Buna baxmayaraq cavabdeh uşaqların maddi ehtiyaclarını ödəməkdə heç bir köməklik göstərmir. İddiaçı bir tənha ana kimi uşaqların maddi ehtiyacların ödəməkdə çətinlik çəkir. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimum uşaqlar üçün 220 manat müəyyən edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu Lürən kənd orta məktəbində direktor vəzifəsində işləyir, aylıq maaşı sosial ödəmələr tutulduqdan sonra 915 manatdır. İddiaçı isə "xxxx" MMC-də pərakəndə satış üzrə menecer vəzifəsində işləyir və aylıq 420 manat rəsmi əmək haqqı, əlavə olaraq bonuslar alır. Belə olan halda uşaqları saxlamaq hər iki valideynin borcudur. Ümumiyyətlə Konstitusiyada kişi və qadın bərabər hüquqludur. Belə olanda aliment ödəmək vəzifəsində də kişi və qadın bərabər hüquqlu olmalıdır. Lakin məhkəmə uşaqların minimum təminatını qarşılamaq öhdəliyini onun üzərimə qoyur. Bu zaman Konstitusiyanın müdəaları məhkəmə tərəfindən pozulmuşdur. Həmçinin, normativ aktların kolliziyasına əsasən Ailə Məcəlləsi normativ akt olaraq Ali Məhkəmənin Plenum qərarından üstün qüvvəyə malikdir. Məhkəmə Ailə Məcəlləsinə yox, Ali Məhkəmənin tövsiyyə xarakterli Plenum qərarlarına istinad edərək hüququi mövqeyini əsaslandırmışdır. Həmçinin, onun işindən başqa heç nəyi yoxdur, atasının evində anasıyla yaşayır, atası vəfat etmiş, anasına özü baxır, evin xərclərini özü qarşılayır. Bundan başqa, onun uşağı görməməyi üçün iddiaçı uşaqları Bakı şəhərinə aparmışdır. İddiaçının atası uşaqları qaçırdığı üçün barəsində inzibati protokol tərtib olunmuş, lakin məhkəmə iclasında ünsiyyətə maneə yaratmayacağını bildirsə də, yenidən əməllərini davam etdirmişdir. O, uşaqları görmədiyi halda onların saxlanması üçün aliment ödəyir. Məhkəmə hazırda təkcə onun gəlirlərini araşdıraraq alimentin məbləğini artırmışdır. Halbuki, Ailə Məcəlləsinin imperativ normasıdır ki, məhkəmə hər iki tərəfin maddi və s vəziyyətin araşdırmalı və aliment məsələsini həll etməlidir. Lakin məhkəmə Ailə Məcəlləsinin normalarını kobud şəkildə pozmuşdur. Həmçinin, ailənin dağılmasına səbəb olan iddiaçıdır. İddiaçı ona deyir ki, Bakı şəhərində yaşamaq istəyir, karyeranı bitir gəl Bakı şəhərində X2 işlə və burada yaşa. Onun iş yeri və yaşayış yeri Masallı rayonudur, o, anasıyla birgə yaşayır, buna görə də o, Bakı şəhərində yaşamaq istəmir. Lakin iddiaçı öz istədiyi həyatı yaşamaq istəyir və onu da bu həyatı yaşamağa məcbur edir. Məhkəmə qeyd olunan halları araşdırmamış, alimentin məbləğini artırarkən işin faktiki hallarına qiymət verməmiş, tərəflərin maddi vəziyyətini ümumiyyətlə araşdırmamışdır. Bundan başqa, onun aylıq rəsmi gəliri olduğundan qanunvericiliyin tələbinə əsasən onun aylıq gəlirinin 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. 2020-ci ildə Abşeron Rayon Məhkəməsi işə baxarkən belə qətnamə qəbul etsə də, Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə əsassız olaraq iddiaçının təzyiqi ilə həmin qətnaməni ləğv edərək sabit pul məbləğində aliment tutmuşdur. Həmin məhkəmədə o, atasının vəfatı ilə bağlı iştirak edə bilmədiyi üçün teleqram göndərsə də, məhkəmə onun iştirakı olmadan, onu dinləmədən sübutlarını təqdim etmədən işə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, onun iş yeri 18 ildir ki, sabitdir, təhsil müəssəsində işləyir, aylıq rəsmi gəliri var, lakin məhkəmə həmin halları nəzərə almamışdır. Onun başqa gəlir yeri yoxdur, gəliri məktəbdən aldığı əmək haqqıdır. İddiaçı isə işləyir aylıq 420 manat əmək haqqı alır, əlavə olaraq satışdan bonuslar əldə edir, lakin məhkəmə işin bu hallarını nəzərə almamış, gözardına vurmuş, ya da ki iddiaçının təsiri ilə həmin halları nəzərə almaq istəməmişdir. Məhkəmə işin faktiki hallarını ümumiyyətlə araşdırmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2547/2023 nömrəli qətnaməsi Ailə Məcəlləsinin və Mülki Prosessual Məcəlləninin normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir, ədalətsiz və qanunsuzdur. Məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki halları ilə sübutlar düzgün qiymət verilməmiş, sübutlara iddiaçının xeyrinə qiymət verilmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Onun təqdim etmiş olduğu sübutlar araşdırılmamış, qətnamədə sübutlarına qiymət verilməmiş, onun və cavabdehin işləməsi barədə sübutlar ümumiyyətlə araşdırılmamışdır. Onun rəsmi gəlirindən başqa, hər hansı gəlirinin olması barədə iddiaçı tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır, lakin məhkəmə əsassız olaraq sabit pul məbləği ilə aliment tutmuşdur. İşin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlər məcmusunu, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəfləri hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İş üzrə halların aydınlaşdırılmasının tamlığı tələbi həm də məhkəmənin təkcə tərəflərin göstərdiyi halları deyil, həm də iş üçün əhəmiyyət kəsb edən digər hallarını araşdırılmasında əhatə edir. Eyni zamanda hakim tərəflərin iş üçün əhəmiyyət kəsb edən hər-hansı hal barəsində təqdim etdiyi məlumatları yoxlamaqdan və ya araşdırmaqdan imtina edə bilməz. Məhkəmə aliment üzrə borcun yaranmasını, aylıq sərfiyyatını, dolanışığını, anasının onun himayəsində olmasını, kommunal ödənişlərini, ailəsiz olmağını və ən əsası iddiaçının özünün işləyərək qazanc əldə etməsini nəzərə almamış, işin faktiki hallarına qiymət verməmişdir. İşin faktiki hallarını ümumiyyətlə araşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin işləməsi, maddi vəziyyəti müəyyən edilsə də, həmin hallar araşdırılmamış və həmin hallar sübuta yetirilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi ərazi aidiyyət qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni cavabdeh mübahisələndirmiş və bu nəticənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aidiyyət qaydalarını pozmaqla baxdığından, qanuni və əsaslı hesab etmir. Belə ki, baxılan iş üzrə iddia tələbi alimentin artırılması barədədir və mövcud iş üzrə hər iki tərəf Masallı rayonu, Ərkivan qəsəbə ərazi dairəsi, Ərkivan qəsəbəsində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2. maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddələrin tələbini pozaraq iddia ərizəsini icraata qəbul etməklə tələb üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi Abşeron Rayon Məhkəməsində deyil, cavabdehin qeydiyyatda olduğu yer üzrə Masallı Rayon Məhkəməsində baxılmalı olduğu halda, Abşeron Rayon Məhkəməsi ərazi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etməklə, MPM-nin 35.1. maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.4. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1. maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti prosessual hüquq normalarının pozulması hissəsində əsaslı olduğundan qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi ərazi aidiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 44.2.2., 45.2., 263, 264, 384.0.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1934/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1934/2023
25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver