Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1937/2021 14.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X4, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddia tələbinin qismən təmin edilməsi, 07.06.2008-ci il təvəllüdlü X2 və 13.07.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 16.08.2019-cu il tarixli, 2(060)-4377/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 15 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 16.08.2019-cu il tarixli, 2(060)-4377/2019 saylı qətnaməsi ilə cavabdehdən 07.06.2008-ci il təvəllüdlü X2 və 13.07.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin məbləğini dəyişərək cavabdehdən hər ay uşaqların hər biri üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahlarından iki övladları olmuşdur: 07.06.2008-ci il təvəllüdlü X7 və 13.07.2010-cu il təvəllüdlü X8. Sumqayıt Şəhər Məhkəməsinin 16.08.2019-cu il tarixli, 2(060)-4377/2019 saylı qətnaməsi ilə onların nikahlarına xitam verilmiş, birgə nikahdan olan uşaqların iddiaçının yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay 10.04.2019cu il tarixdən başlayaraq qazancı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq 130 manat alimentin tutulması qət edilmişdir. Lakin, həmin məbləğ uşaqların saxlanması üçün kifayət deyildir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək cavabdehdən hər ay hər uşağa görə 175 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı nümayəndəsi S.E.Qasımlı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinə əsasən hazırda o, 200 manat aliment alır. Aldığı alimentlə övladlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların təlabatları da günü-gündən artır. İşə baxan məhkəmə iddia tələbini qismən təmin etmişdir. Onun tələbi alimentin sabit pul məbləğində olmuşdur, lakin məhkəmə alimentin miqdarını cəmi 283 manat 83 qəpik müəyyən etmişdir. Məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(060)-1189/2021 saylı qətnaməsini ləğv edib, müəyyən olunmuş alimentin miqdarını dəyişərək, cavabdehdən hər ay bir uşaq üçün 175 manat olmaqla ümumilikdə iki uşağa görə 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. O, 03 oktyabr 2018-ci il tarixdən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyətində avtobus sürücüsü vəzifəsində işləyir. Aylıq 250 manat məbləğində əmək haqqı alır. Aldığı əmək haqqı ilə müəyyən olunmuş aliment məbləgini ödəməyə imkanı yoxdur. Əgər maddi cəhətdən imkanı olarsa uşaqlarının saxlanılması üçün əlavə maddi yardım göstərərdi. Onun maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(060)-1189/2021 saylı qətnaməsinin iddia tələbi əsassız olduğuna görə təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili S.E.Qasımov apellyasiya şikayətini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını, cavabdehin apellyasiya şikayətini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən uşağın saxlanılmasına maddi köməklik edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilir ki, tərəflər 07 yanvar 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan 07 iyun 2008-ci il tarixdə Mətin və 13 iyul 2010-cu il tarixdə Ramiz adlı uşaqları anadan olmuşdur. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 16.08.2019-cu il tarixli, 2(060)-4377/2019 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan olan uşaqların iddiaçının yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay 10.04.2019-cu il tarixdən başlayaraq qazancı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq 130 manat alimentin tutulması qət edilmişdir. İşə əlavə olan “xxxx” MMC-nin 02.12.2020-ci il tarixli arayışında cavabdehin 03.10.2018-ci il tarixdən avtobus sürücüsü vəzifəsində çalışdığı və 250 manat əmək haqqı aldığı göstərilmişdir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən,valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanılmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanılması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2020-ci il üçün uşaqların saxlanılmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində müəyyən edilməsi barədə gəldiyi nəticəni məhkəmə kollegiyası düzgün hesab etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarından və iddia ərizəsindən görünür ki, İddiaçı məhkəməyə alimentin sabit pul tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh maddi vəziyyətinin pis olduğunu nəzərə alıb, alimentin dəyişdirilməməsi barədə dəlilini qəbul edilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin, Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 02 aprel 2021-ci il tarixli 2(060)-1189/2021 saylı qətnaməsi ləğv edilsin. 07.06.2008-ci il təvəllüdlü X2 və 13.07.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 16.08.2019-cu il tarixli, 2(060)-4377/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin, Cavabdeh 15 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini alandan sonra icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1937/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1937/2021
14.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver