Məhkəmə qərarları › İş №2(105)-1938/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1938/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1938/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2(060)-5939/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2(060)-5939/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 1041,56 manat əsas borc, 185,42 manat faiz borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmiyyətin xeyrinə 1041,56 manat əsas borc, 185,42 manat faiz borcu olmaqla, cəmi 1226,98 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə bağlanmış 25.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 28 faiz ödəmək şərtilə 1100 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 21.09.2020-ci il tarixinə cəmiyyətə 1041,56 manat əsas borc, 185,42 manat faiz borcu olmaqla, cəmi 1226,98 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və cəmiyyət öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Belə ki, kreditor tərəfindən ona kredit verilməmişdən öncə maddi imkanı yaxşı olmuşdur. Lakin sonradan maddi imkanı pisləşmiş, kredit borcunu vaxtında ödəyə bilməmiş, bu barədə kreditoru məlumatlandırmış və ayrı-ayrı vaxtlarda qismən ödəniş etmişdir. Bundan başqa, kreditor tərəfindən əsas borca nisbətən yüksək məbləğdə faiz borcu hesablanmışdır. Həmin faiz borcu bank tərəfindən azaldılmalıdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, borcunun qalan hissəsinin hissə-hissə ödəməsi barəsində yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyəti və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, cavabdehin kredit xətti və bank hesabı müqaviləsində nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsinə və iddianın təmin edilməsi üçün əsasların olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 2137tkXRD/14 saylı, 25 iyun 2014-cü il tarixli kredit xətti və bank hesabı müqaviləsindən görünür ki, “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Xırdalan filialı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 28% ödəmək şərti ilə 1100 manat məbləğində kredit limiti ayrılmış, ona bank hesabı (cari, ssuda) açılmış və plastik kart təqdim edilmişdir. İş materiallarında olan “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin UB- BANK/PİKMD/914337 saylı, 21 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh həmin tarixə banka 2137tkXRD/14 saylı kredit müqaviləsi üzrə 1041,56 manat əsas borcu və 185,42 manat faiz borcu, cəmi 1226,98 manat borcu vardır. İş materiallarında olan “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 13 avqust 2020-ci il tarixli bildirişdən görünür ki, həmin tarixə yaranmış 1041,56 manat əsas borc, 155,490 manat faiz borcu olmaqla, cəmi 1197,46 manat borcunu 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini ləğv etmək təklif edilmiş, əks təqdirdə, məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş üzrə araşdırılmış sübutlardan görünür ki, Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Xırdalan filialı ilə bağlanmış 2137tkXRD/14 saylı, 25 iyun 2014-cü il tarixli kredit xətti və bank hesabı müqaviləsinə əsasən Cavabdeh 1100 manat məbləğində kredit limiti ayrılmış, ona bank hesabı (cari, ssuda) açılmış və plastik kart təqdim edilmişdir. “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh arasında bağlanmış 2137tkXRD/14 saylı, 25 iyun 2014-cü il tarixli kredit xətti və bank hesabı müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit 60 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit xətti və bank hesabı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, müqavilə üzrə ödənişləri ödəmə müddəti ərzində aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması mülki işin materialları və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə də inkar edilmədiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehdən 1041,56 manat əsas borc, 185,42 manat faiz borcunun tutulub iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə ödənilməsi nəticəsinə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində əsas borca yüksək məbləğdə faiz borcu hesablandığını qeyd etmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlil iş materiallarında olan UB- BANK/PİKMD/914337 nömrəli, 21.09.2020-ci il tarixli arayışla təkzib olunur. Cavabdeh apellyasiya şikayətində banka borcunun qalan hissəsinin hissə-hissə ödəməsi barəsində yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, borcun qalan hissəsinin hissə-hissə ödənilməsi qətnamənin icra mərhələsində mümkündür. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçının tələb etdiyi məbləğ iki min manatdan azdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2(060)-5939/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar