Məhkəmə qərarları › İş №2(105)-194/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-194/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-194/2023 11.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 Cavabdeh Dəryaqqulu qızına qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: iddia ərizəsinin baxılmamış saxlanılması- prosessual pozuntu) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(060)-4124/2022 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İş materiallarında olan Cavabdeh Dəryaqqulu qızının izahatından görünür ki, 2019-cu ildə İddiaçı1 hissə-hissə ümumilikdə 70000 (yetmiş min) manat pulu faizə götürmüşdür. Həmin götürdüyü pulu qaytara bilməməsi səbəbindən Rəhimənin sayəsində Çiçək Əsədovanı tanımış və oda pul faizə verdiyini bilmişdir. O, da həmin pulları biri-birindən alaraq qaytarırdı. Hazırda onun İddiaçı1 70000 (yetmiş min) manat olan puldan heç bir borcu qalmamışdır. Çiçək Əsədovaya isə 7000 (yeddi min) manat pul borcu qalmışdır.

2. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin İddiaçı1 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ərizəsində köməklik göstərilməsini xahiş etdiyi məsələ Azərbaycan Respublikasının Mülki və Mülki-Prosessual Məcəllələrinin tələblərinə əsasən məhkəmələrin səlahiyətindədir. Odur ki, tələbin məhkəmə baxışı predmeti olduğundan məhkəməyə müraciət etmək hüquqlarının olmasını nəzərə çatdırılmışdır.

3. İş materiallarında olan Cavabdeh Dəryaqqulu qızının izahatından görünür ki, İddiaçı1 qızı Kəmalənin baldızıdır. Bu məqsədlə qohumluq əlaqəsi yaradırdı. 2019-cu ildə aralarında olan lotoreya əsasında iddiaçı ilə münasibət qurmuşdur. Həmin müddət oynadıqları lotoreyanın ümumi məbləği 2000 (iki min) idi. Lotoreyanı o, həm alırdı, həmdə verirdi. Rəhimənin ona başqa pul verməməsi səbəbindən onunla heç bir ünsiyyət qurmurdu. O, İddiaçı1 ümumiyyətlə pul almamışdır. İddiaçının onun barəsində qeyd etdikləri yalandır. O, nəinki İddiaçı1 başqa digər iddiaçılardan ümumiyyətlə heç bir pul borcu almamışdır və həmin şəxsləri ümumiyyətlə tanımır. Eyni zamanda onların qeyd etdikləri 70.000 (yetmiş min) manat məbləğ barəsində heç bir məlumatı yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1, İddiaçı2 və X6 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh X1 ümumilikdə 70.000 (yetmiş min) manat pulun və ödədikləri 365 (üç yüz altımış beş) manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar - iddiaçılar olaraq ümumilikdə cavabdeh - Cavabdeh Dəryaqqulu qızına 70000 (yetmiş min) manat pulu 2019-cu ilin noyabr - dekabr ayından 2021-ci ilin mart ayına qədər vermişlər. Cavabdeh bu pul məbləğini onlardan müxtəlif məqsədlər üçün almaqla, ümumilikdə 70.000 (yetmiş min) manatdan ibarətdir. Cavabdeh bu pulları 2021-ci ilin dekabr ayına qədər ödəyəcəyi barədə İddiaçı1 vədlər versə də, sonda heç birinin pulu ödənilmədən qalmışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

6. Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(060)-4124/2022 nömrəli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia tələbi təmin edilməmişdir

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 borc pulu İddiaçı1 vasitəsilə verdiklərini, eyni zamanda cavabdeh izahatında yalnız İddiaçı1 tanıdığını və iddiaçılar İddiaçı2 və İddiaçı3 ilə heç bir əlaqəsinin olmamasına görə iddiaçılar İddiaçı2 və İddiaçı3 hazırki iddia tələbi üzrə cavabdehə qarşı iddia qaldırmaqları üçün subyektiv hüquqa malik olmamasına, eyni zamanda iddiaçıların iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 739, 740, 421.2, 441, 448, 1096.1, 1097.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.2, 76.1, 77.1, 80 və 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçılar İddiaçı1, İddiaçı2 və X6 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, şikayətlərini onunla əsaslandırmışlar ki, Sumqayıt Şəhər Məhkəməsi 17 avqust 2022-ci il tarixli, 2(060)-4124/2022 nömrəli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 421.2, 425, 442, 448.1, 739, 1096.1, 1097.1-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 8.1, 14.1-ci madələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizənin təmin edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak etmiş İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, birinci instansiya məhkəməsinə təqdim etdikləri materiallar gizlədilmişdir. Hakim sübut kimi təqdim etdikləri səs yazılarını dinləməmişdir. Belə ki, həmin səs yazılarında Cavabdeh iddiaçılardan 70.000 manat məbləğində aldığı pulun 37.000 manat hissəsini müəyyən müddətdə, qalan hissəsini isə qalan müddətdə qayataracağını etiraf etsə də, məhkəmə iclasında verdiyi izahatında həmin pulu lotereya olaraq aldığını və həmin pulu qaytardığını bildirir, lakin cavabdehin həmin etirafı edərkən məhkəmə kameranı söndürmüşdür. Cavabdeh izahatında 4000 manat lotereya pulunun onda olduğunu etiraf edir, bu o deməkdir ki, dolayı yolla o, pulun onda olduğunu etiraf edir. Məhkəmə heç olmasa iddialarının həmin hissədə təmin edərdi, cavabdehin həmin pulu verməsini təsdiq edən sübutları tələb edərdi. Məhkəməni Gülnarəyə “70.000 manat pulu iddiaçılardan borc almısınızmı?” sualına o, “xeyr, almamışam” deyə cavab verir. Düzdür, özünün verdiyi 24.000 manat pulun 10.000 manat hissəsini faizlə qaytarmaq şərti ilə vermişdir, buna görə dövlətimiz tərəfindən veriləcək hər hansı cəza ilə razıdır. Gülnarənin oğlu verdiyi 24.000 manat pulun əvəzində ona xaricdən maşın gətirməli idi. Məhkəməyə təqdim etdiyi səs yazısında cavabdeh aldığı puldan 37.000 manat hissəsini qaytaracağını bildirir, lakin məhkəmə təqdim etdikləri səs yazısını dinləməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasını xahiş edir.

12. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak etmiş İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak etmiş İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh Dəryaqqulu qızı, onun nümayəndəsi və vəkili Vəkil kollegiyanın iclasına gəlməmiş, sonuncunun vəkili elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işin təxirə salınmasını xahiş etmişdir.

15. Cavabdeh tərəf rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 070 854 77 38 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.

16. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)

17. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

18. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir.

19. Qanunvericiliyin istinad olunan tələbini (o cümlədən mülki işin uzun müddət məhkəmənin icraatında olmasını), habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

Maddə 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 149.2.3. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Maddə 149.3 İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddə 152.1 və 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.1.7. Bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 259.0.12. Ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda hakim ərizəni baxılmamış saxlayır. Maddə 384.0. və 384.0.5. Apellyasiya instansiyası məhkəməs birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir;. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətindən görünür ki, iddiaçılar Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(060)-4124/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iddiaçı tərəfin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(060)-4124/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

23. Belə ki, iddia tələbinin mahiyyət və ifadə tərzindən göründüyü kimi iddiaçılar ayrı-ayrı şəxs olmaqla, cavabdehdən ümumilikdə 70.000 manat məbləğində pul tələb etmişlər.

24. Kollegiyanın qənətinə görə birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi icraata götürülərkən ümumiyyətlə prosessual qanunvericiliyin tələblərinə riyayət edilməmiş, MPM-in 149.2.3 və 152.1.7-ci maddələrinin tələbindən irəli gələn imperativ normalara xüsusi diqqət yetirilməmişdir.

25. Kollegiya qeyd edir ki, adətən bir iddia ərizəsində bir tələb irəli sürülür. Lakin iddiaçı bir-biri ilə əlaqəli olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirə bilər.İddia ərizəsinin qaytarılması müəyyən maneələri aradan qaldırmaq məqəsədi daşıyır. Həmin maneələrin siyahısı da MPM-in 152-ci maddəsində dəqiq müəyyən edilmişdir. Bu əsaslar bütünlüklə prosessual hüquqi xarakter daşıyır.

26. Lakin hazırki mülki işin başlanmasına əsas olmuş iddia ərizəsindən görünür ki, iddiaçılar ümumiyyətlə ayrı-ayrı şəxs olmaqla yanaşı, cavabdehdən tələb etdikləri pul məbləğinin hansına nə qədər ödənilməli olmasını iddia ərizəsinin “xahiş edirəm” hissəsində dəqiq göstərməmiş, həmçinin bir iddiaya münasibətdə dövlət rüsumu ödəmişlər. Onların tələblərinin bir-biri ilə əlaqəli olması, eyni zamanda dövlət rüsumunun məhz hansı iddia tələbi ilə bağlı olması da müəyyən edilmir.

27. Birinci instansiya məhkəməsi iddiaçıların hər biri tərəfindən cavabdehə yönəlmiş müstəqil tələblərə bir icraatda qəbul edərək, mahiyyəti üzrə baxmaqla mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

28. Belə ki, yuxarıda qeyd edildiyi kimi MPM-in 149.3-cü maddəsinin tələbinə görə, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır.

29. Yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, ilk növbədə qanunvericiliyin yuxarıda qeyd olunan imperativ tələbinə əsasən iddia verilməsinin qanunla müəyyən edilmiş qaydasına riayət olunmalıdır. Əgər belə qaydalara riayət olunmamışdırsa bu iddia ərizəsinin və ona əlavə olunmuş sənədləri geri qaytarılması üçün, geri qaytarılmadığı halda isə səhvən icraata qəbul edilibsə, bu halda ərizənin baxılmamış saxlanılması üçün əsasdır.

30. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd edilən bu prosessual hüquq normalarının da tələbinə əməl etməmiş, qeyd edilən iddia ərizəsini baxılmamış saxlamamış, iddia ərizəsi əsasında başlanmış işə mahiyyəti üzrə baxmış və yekun qərar olaraq iş üzrə qətnamə qəbul etmişdir ki, bu yol verilməzdir

31. MPM-in 4-cü, 5-ci, 149-cu, 216-cı və 218-ci maddələrinin mənasına görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada, yəni iddia ərizəsinin formasına və məzmununa riayət etməklə tərtib edilmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada imza edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yalnız bu halda məhkəmədə iş başlanılır və mahiyyəti üzrə baxılaraq sürülmüş tələb üzrə Azərbaycan Respublikası adından məhkəmə aktı – qətnamə qəbul edilir.

32. Lakin qeyd olunan nöqsanların apellyasiya icraatı zamanı aradan qaldırılması qeyri-mümkün olmaqla, apellyasiya instansiyasının səlahiyyətinə aid deyil. Ona görə də kollegiya birinci instansiya məhkəməsi tərəfindən buraxılmış bu nöqsanları davam etdirməyərək, iddia ərizələrinin baxılmamış saxlamaq qənaətinə gəlir.

33. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(060)-4124/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçı tərəfə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidiən müraciət etmək hüququ izah olunmalıdır.

34. Azərbaycan Respublikası MPM-in 260.3-cü maddəsinin tələbinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər.

35. Kollegiya qeyd edir ki, iş üzrə iddia baxılmamış saxlanıldığından ödənilmiş dövlət rüsumunun qaytarılması haqqında məsələyə də münasibət bildirilməlidir.

36. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1-ci və 114.1.5-ci maddələrinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılmışdırsa ödənilmiş dövlət rüsumu qaytarılır.

37. Ona görə də kollegiya hesab edir ki, AR Mərkəzi Bankı-Hökümət ödəniş portalı vasitəsilə ödənilmiş 365 (üç yüz altmış beş) manat dövlət rüsumu (tarix xx.xx.2022, mədaxil qəbzi 889820076, xəzinə hesabı AZ34CTRE**********00********) iddiaçılara geri qaytarılmalıdır.

38. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçılar İddiaçı1, İddiaçı2 və X6 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(060)-4124/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 Cavabdeh Dəryaqqulu qızına qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı1, İddiaçı2 və X6 tərəfindən “AR Mərkəzi Bankı-Hökümət ödəniş portalı vasitəsilə ödənilmiş 365 (üç yüz altmış beş) manat dövlət rüsumu (tarix xx.xx.2022, mədaxil qəbzi 889820076, xəzinə hesabı AZ34CTRE**********00********) geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar