Məhkəmə qərarları › İş №2(105)-1940/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1940/2022

11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1940/2022 11.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh İsaəhməd oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin e2(027)-784/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh İsaəhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Quba Rayon Məhkəməsinin e-2(027)-784/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2015-ci il tarixli 449 saylı müqavilənin ləğv edilməsi, Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə 10 dekabr 2015-ci il tarixli, 449 saylı müqavilə üzrə ödənilməmiş 1261,50 (bir min iki yüz altımış bir dollar əlli sent) ABŞ dolları əsas borc, əsas məbləğə hesablanmış faiz borcu 432,43 (dörd yüz otuz iki dollar qırx üç sent) ABŞ dolları, cərimə faizi 5 (beş) ABŞ dolları və dəbbə pulu 10 (on) ABŞ dolları olmaqla, cəmi 1708,93 (bir min yeddi yüz səkkiz dollar, doxsan üç sent) ABŞ dolları məbləğində (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 76,56 (yetmiş altı manat əlli altı qəpik) manat dövlət rüsumunun tutulması qət edilmişdir. (hakim R.Həsənov). Qətnamədən narazı qalan Cavabdeh İsaəhməd oğlu apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin e2(027)-784/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbi üzrə tələb edilən borc məbləğinin azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ İddiaçı BOKT MMC iddia ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2015-ci il tarixli, 449 saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixə hesablanmış kreditin əsas məbləğindən 1261,50 (bir min iki yüz altımış bir dollar əlli sent) ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 432,43 (dörd yüz otuz iki dollar qırx üç sent) ABŞ dolları, cərimə faizi 432,42 (dörd yüz otuz iki dollar qırx iki sent) ABŞ dolları, dəbbə pulu 1201,20 (bir min iki yüz bir dollar iyirmi sent) ABŞ dolları, cəmi 3327,55 (üç min üç yüz iyirmi yeddi dollar əlli beş sent) ABŞ dolları məbləğdə borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 76,56 (yetmiş altı manat əlli altı qəpik ) manat dövlət rüsumunun borclu Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC-nin Quba filialı ilə borclu Cavabdeh İsaəhməd oğlu arasında 10 dekabr 2015-ci il tarixli, 449 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh İsaəhməd oğluna İddiaçı BOKT MMC-nin Quba filialı tərəfindən məişət avadanlıqlarının alınması üçün 2800 (iki min səkkiz yüz dollar) ABŞ dolları məbləğində pul ayrılmışdır. Borclu Cavabdeh İsaəhməd oğlu illik 20% faiz olmaqla, 36 ay müddətinə kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə aylıq ödəniş 104,06 (bir yüz dörd dollar altı sent) ABŞ dolları ödəməli olduğu halda, ödənişi qrafikə uyğun yerinə yetirməmişdir. Ona edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Nəticədə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona, İddiaçı Bank Olmayan Kredit Təşkilatından 10 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 20 faiz olmaqla 2800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit üzrə 34 ay müddətində ümumilikdə 3000 manatdan çox ödənişlər etmişdir. Axırıncı iki ayın kredit qalan zaman təşkilatdan ona 2052 ABŞ dolları məbləğində kredit ödənişinin qaldığını bildirmişlər. Halbuki, o hesab edir ki, onun 500 manata yaxın borcu qalmışdır. Həmin borcu da ödəməkdən imtina etmir. Lakin ABŞ dollarının manata olan məzənnəsinin yüksəlməsi borcun ödənilməsində çətinlik yaratmışdır. Məhkəmə iclasının gedişində o, iş üzrə iddia tələbində qeyd olunan məbləğdə borcunun olması ilə bağlı razılaşmadığını, həmin məbləğin şirşirdilmiş məbləğ olmasına istinad edərək, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət vermiş, lakin məhkəmə həmin vəsatətə münasibət bildirməmiş, habelə iş üzrə ekspertiza təyin etmədən, iddia tələbinə uyğun qətnamə qət etmişdir. Halbuki o, iddiaçıya 2800 ABŞ dolları məbləğində borca görə 3000 manat məbləğində pul ödəmişdir. Buna baxmayaraq ondan 1708 ABŞ dolları məbləğində pulun tutulması əsassızdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən hesablanan borc süni şəkildə şişirdilmişdir. Belə ki, onun müqaviləsi üzrə kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşsə də, iddiaçı onun borcunu restruktruzasiya etməmişdir. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 şikayətin dəlillərini qəbul etmədiyini bildirərək, onun rədd edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı yekun məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar olunsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2015-ci il tarixli, 449 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı BOKT MMC-nin Quba filialı tərəfindən illik 20% faiz olmaqla, 36 ay müddətinə 2800 ABŞ dolları məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə PSG FİNANS” BOKT MMC-yə 1261,50 (bir min iki yüz altımış bir dollar əlli sent) ABŞ dolları əsas borc, əsas məbləğə hesablanmış faiz borcu 432,43 (dörd yüz otuz iki dollar qırx üç sent) ABŞ dolları, cərimə faizi 432,42 (dörd yüz otuz iki dollar qırx iki sent) ABŞ dolları, dəbbə pulu 1201,20 (bir min iki yüz bir dollar iyirmi sent) ABŞ dolları, cəmi 3327,55 (üç min üç yüz iyirmi yeddi dollar əlli beş sent) ABŞ dolları məbləğdə borcu vardır. Yenə də iş materiallarında olan xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli bildirişlərdən görünür ki, Xıdırov Elman İsahməd oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən borc məbləğinə əlavə cərimə hesablandığı və bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin e-2(027)-784/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2015-ci il tarixli, 449 saylı müqavilənin ləğv edilməsi, Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə 10 dekabr 2015-ci il tarixli, 449 saylı müqavilə üzrə ödənilməmiş əsas məbləğə hesablanmış 432,43 ABŞ dolları faiz borcu, 5 (beş) ABŞ dolları cərimə faizi və 10 (on) ABŞ dolları dəbbə pulu hissələrində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissələrdə təmin edilməməli, qətnamə Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə 10 dekabr 2015-ci il tarixli, 449 saylı müqavilə üzrə ödənilməmiş 1261,50 (bir min iki yüz altımış bir dollar əlli sent) ABŞ dolları əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı BOKT MMC-nin Quba filialı ilə borclu Cavabdeh İsaəhməd oğlu arasında 10 dekabr 2015-ci il tarixli, 449 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh İsaəhməd oğluna İddiaçı BOKT MMC-nin Quba filialı tərəfindən məişət avadanlıqlarının alınması üçün 2800 (iki min səkkiz yüz dollar) ABŞ dolları məbləğində pul ayrılmışdır. Borclu Cavabdeh İsaəhməd oğlu illik 20% faiz olmaqla, 36 ay müddətinə kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə aylıq ödəniş 104,06 (bir yüz dörd dollar altı sent) ABŞ dolları ödəməli olduğu halda, ödənişi qrafikə uyğun yerinə yetirməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc cavabdeh tərəfindən tam ödənilməmiş və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yaranmış mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmişdir. Narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Yaranmış mübahisə ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. AR Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Məhkəmə göstərilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, iddianın faiz borcu və cərimə hissəsində tələb təmin olunmamalıdır. Bundan əlavə iş materiallardan aydın olur ki, iddiaçı iddia tələbində tərəflər arasında bağlanmış 10 dekabr 2015-ci il tarixli, 449 saylı kredit müqaviləsinin ləğv edilməsini xahiş etmiş və məhkəmə də həmin tələbi təmin etmişdir ki, kollegiya məhkəmənin bu mövqeyini əsaslı hesab etmir, belə ki sözügedən müqavilə 36 ay müddətinə bağlanmışdır və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtda, artıq müqavilənin müddəti keçdiyindən, yəni müqavilə qüvvədə olmadığından, başqa sözlə onun ləğv edilməsi hər hansı hüquqi nəticə yaratmayacağı üçün, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Həmçinin kollegiya onu da qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh İsaəhməd oğlu həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Beləliklə onun iddiaçı bank olmayan kredit təşkilatı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, hazırkı halda Cavabdeh apellyasiya şikayətinin dəlillərini məhkəmə iclasında qismən sübuta yetirə bilmişdir. Onun kredit borcunun problemli kredit borcu kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi və bu səbəbdən də banka faiz borcunun olmaması barədə dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin e-2(027)-784/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2015-ci il tarixli, 449 saylı müqavilənin ləğv edilməsi, Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə 10 dekabr 2015-ci il tarixli, 449 saylı müqavilə üzrə ödənilməmiş əsas məbləğə hesablanmış 432,43 ABŞ dolları faiz borcu, 5 (beş) ABŞ dolları cərimə faizi və 10 (on) ABŞ dolları dəbbə pulu hissələrində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissələrdə təmin edilməməli, qətnamə Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə 10 dekabr 2015-ci il tarixli, 449 saylı müqavilə üzrə ödənilməmiş 1261,50 (bir min iki yüz altımış bir dollar əlli sent) ABŞ dolları əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 76,56 manat dövlət rüsumunun 38.28 manatı Cavabdeh alınaraq, İddiaçı BOKT MMC–yə ödənilməli, qalan 38.28 manatı isə iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısı yəni 13 manatı, İddiaçı BOKT MMC – dən tutularaq, Cavabdeh verilməli, qalan 13 manatı isə cavabdehin özünə aid edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 386, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin e-2(027)-784/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2015-ci il tarixli, 449 saylı müqavilənin ləğv edilməsi, Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə 10 dekabr 2015-ci il tarixli 449 saylı müqavilə üzrə ödənilməmiş əsas məbləğə hesablanmış 432,43 ABŞ dolları faiz borcu, 5 (beş) ABŞ dolları cərimə faizi və 10 (on) ABŞ dolları dəbbə pulu hissələrində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissələrdə təmin edilməsin. Qətnamə Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə 10 dekabr 2015-ci il tarixli, 449 saylı müqavilə üzrə ödənilməmiş 1261,50 (bir min iki yüz altımış bir dollar əlli sent) ABŞ dolları (ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə) əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 76,56 manat dövlət rüsumunun 38.28 manatı Cavabdeh alınaraq, İddiaçı BOKT MMC–yə ödənilsin, qalan 38.28 manatı isə iddiaçının özünə aid edilsin, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısı, yəni 13 manatı, İddiaçı BOKT MMC – dən tutularaq, Cavabdeh verilsin, qalan 13 manatı isə cavabdehin özünə aid edilsin. Qətnamə qətidir, dərhal qanuni qüvvəsini alır, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar