Məhkəmə qərarları › İş №2(105)-1940/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1940/2023

01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1940/2023 01.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma və sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-237/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh xx.xx.1997-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar.

2. Tərəflər birgə nikah dövründə tərəflər Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsini, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi 0.5625 ha torpaq sahəsində yerləşən 2 saylı mənzili, Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi 15 saylı evin 13 saylı mənzili, Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 19/3 saylı evin 9 saylı mənzili əldə etmişlər.

3. Tərəflər arasında münasibətlər pisləşdiyindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və bu barədə tərəflərə nikahın xx.xx.2011ci il tarixdə ləğv edilməsinə dair Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli şəhadətnamə verilmişdir.

4. xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsində yerləşən 19/3 saylı evin 3 otaqlı 9 saylı mənzilini alıcı X4 58800 manata satmışdır.

5. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh Abşeron rayonu Fatmayı kəndində yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsini alıcı X3 79000 manata satmışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4429 saylı rəyindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində quraşdırma işləri aparılmaqla fərdi yaşayış evinin inşa edildiyi, lakin tikinti işlərinin tam başa çatmadığı müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Fatmayı kəndində yerləşən fərdi yaşayış evinin inşa edilməsi ilə əlaqədar yerinə yetirilmiş tikinti işlərinin dəyəri (torpaq işləri, tikinti materiallarının daşınma xərcləri, fəhlə əməyinin haqqı nəzərə alınmaqla) təqribən 82592,9 manat müəyyən edilmişdir. Yerinə yetirilmiş tikinti işlərinin həcmi və nədən ibarət olması rəyə əlavə edilmiş smetada ətraflı göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş tikinti materiallarının, həmin tikinti materialları olmadığı təqdirdə isə onların dəyərinin, yəni 69500 manat, ustalara ödənilmiş məbləğə görə 10000 manat, kommunal xətlərin çəkilməsi və rəsmi icazələrin alınmasına görə ödənilmiş 3000 manat olmaqla cəmi 82500 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdir ki, o, xx.xx.1997-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, nikahları 2011-ci ildə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində pozulmuş və bu barədə xx.xx.2011-ci il tarixli, AZ-1124639 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. O, cavabdeh ilə rəsmi boşandıqdan sonra cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2(005)- 3383/2010 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Abşeron rayonu, Fatmayı kəndində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsinin ½ hissəsinə onun mülkiyyət hüququ tanınaraq ½ hissəsinin ona verilməsi, həmin torpaq sahəsinin digər ½ hissəsinin isə Cavabdeh mülkiyyətində saxlanılaraq həmin hissənin cavabdehə verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində istifadədə olan 0,5625 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada 42 kv.m. ümumi, 32 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 saylı mənzilin ½ hissəsinə onun, həmin mənzilin digər ½ hissəsinin isə cavabdehin mülkiyyətinə verilməsi, göstərilən torpaq sahəsinin və mənzillərin ½ hissəsinin onun, digər ½ hissəsinin isə cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatının aparılması və tərəflərin hər birinə ½ hissədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermiş, həmin işə apellyasiya instansiyasında baxılarkən o və cavabdeh yenidən ailəni bərpa edib birlikdə yaşamaq şərtilə məhkəmədənkənar razılığa gəlmiş və bundan sonra cavabdeh iddiadan imtina etmiş və Bakı Apellyasiya Məhkəməsinin 21 aprel 2011-ci il tarixli qərardadı ilə iddiaçının iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3383/2010 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. O vaxtdan etibarən onlar 6-7 il birlikdə yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Hətta cavabdehlə barışıb qeyri-rəsmi də olsa birgə yaşadıqları üçün onu 28 iyun 2012-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Mayakovski küçəsi, 15 saylı evin, 13 saylı mənzilinə pasport qeydiyyatına saldırmışdır. Barışdıqdan sonra yenidən bir müddət birlikdə ailə kimi yaşayıb, təsərrüfatı birgə idarə edib, birgə yaşadıqdan sonra Cavabdeh təkrarən uşaqları da götürüb atasının ona bağışladığı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 77 kv.m. olan, 2 otaqlı mənzilə köçmüşdür. Bundan sonra da cavabdehlə yenidən ailəni bərpa etmək, barışıb birgə yaşamaqları mümkün olmamışdır. Ona görə o, min bir zəhmətlə əldə etdiyi əmlaklarını qaytarmaq üçün birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədə işə baxılarkən məlum olmuşdur ki, sözügedən Abşeron rayonu, Fatmayı kəndində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsini cavabdeh onun razılığı olmadan X1. Halbuki, həmin torpaq sahəsi üzərində onun tərəfindən 2012-2014-cü illər ərzində, rəsmi boşandıqdan sonrakı dövrdə qeyriyaşayış sahəsi tikilmişdir. Həmin alqı-satqı zamanı isə yalnız torpaq sahəsi satılmış, üzərindəki tikili isə satılmamışdır. Həmin torpaq sahəsi üzərindəki tikili ona məxsusdur, onun tərəfindən tikilmiş, onun mülkiyyətindədir, lakin torpaq sahəsi satılan zaman tikilinin aqibəti müəyyən edilməmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən torpağın üzərində tikilinin olmasına əhəmiyyət verilməmişdir. Həmin alqı-satqının etibarsızlığı ilə bağlı məhkəmə mübahisəsi hələ də davam etməkdədir. Cavabdehlə onun arasında gedən məhkəmə mübahisələri zamanı cavabdeh də etiraf etmişdir ki, onlar boşandıqdan sonra qeyri-rəsmi olaraq 6-7 il birlikdə yaşamışlar. Halbuki, onlar boşanmamışdan əvvəl birgə nikah dövründə, 2008-ci ildə onun öz adına aldığı ünvan 2 ünvanında yerləşən 4 otaqlı evini rəsmi boşandıqdan sonra (boşanma 2011-ci ilin yanvar ayında olmuş, lakin 2011-ci ilin aprel ayında barışmışlar), lakin barışıb birlikdə yaşadıqları vaxt, yəni, 03 aprel 2012-ci il tarixdə satmış və həmin alqısatqı zamanı cavabdehin razılığı olmuşdur. Baxmayaraq ki, onlar artıq rəsmi boşanmışlar və mənzil də onun adına idi, yenə də birgə nikah dövründə əldə olunduğuna görə və cavabdehin mülkiyyət hüququ olduğu üçün cavabdehin mənzilin satılmasına razılığı alınmışdır. Lakin sözügedən Abşeron rayonu, Fatmayı kəndində yerləşən torpaq sahəsini cavabdeh onun razılığı olmadan satmış və onun mülkiyyət hüququ pozulmuşdur. Belə ki, cavabdehlə birgə nikah dövründə əldə olunmuş əmlaklardan bir neçəsi, o cümlədən bələdiyyə qərarı ilə onun öz adına aldığı, Abşeron rayonu, Fatmayı kəndində yerləşən, 0,10 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən cavabdehin adına çıxarış almışdır. Belə ki, həmin torpaq sahəsini bələdiyyə qərarı ilə öz adına almışdır. Uzun müddətdən sonra çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və ona torpaq sahəsi bələdiyyə qərarı ilə onun adınadırsa, çıxarışın ona verilməsinin mümkün olmadığı bildirilmişdir. Ona görə də o, məcbur qalıb torpaq sahəsinə dair həmin vaxt keçmiş arvadı-cavabdehin adına çıxarış almışdır. Onların nikahı 2011-ci ildə rəsmi qaydada pozulduqdan sonra həmin torpaq sahəsində 2012-2014-cü illər ərzində tikinti işləri aparmışdır. Belə ki, qeyd olunan torpaq sahəsindəki tikinti işlərini Əliyar Əliyev küçəsində yerləşən 4 otaqlı mənzilinin 2012-ci ildə satılmasından əldə olunmuş vəsaitin hesabına həyata keçirərək, torpaq sahəsini hasara aldırmış, 3 mərtəbəli qeyri-yaşayış sahəsi tikdirmişdir. Bu hal onunla da sübut olunur ki, 4 otaqlı mənzili satdığı dövrdə adına heç bir əmlak almamış, yalnız Fatmayı kəndində qeyri-yaşayış sahəsini tikmiş və həmin pulun hamısını qeyd olunan torpaq sahəsindəki tikiliyə xərcləmişdir. Həmin tikinti işlərinin aparılması üçün icazənin verilməsinə dair Abşeron Rayon İcra Hakimiyyətindən sərəncam almış, tikintinin layihəsini çəkdirib, icra hakimiyyətində təsdiqlətmişdir. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən icazə almış, bütün bu sənədləşmələr üçün dövlət rüsumları ödəmiş, lakin həmin icazə sənədləri cavabdehdə qalmışdır. Qeyd olunan icazələrin alınması uzun zaman çəkdiyindən tikinti işləri 2012-2014-cü illəri əhatə etmişdir.

9. Cavabdeh iddia ərizəsinə qarşı etirazını bildirirərək qeyd etmişdir ki, cavabdeh birgə nikah dövründə əldə olunmuş Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 torpaq sahəsini alqı-satqı yolu ilə satmış, həmin pul vəsaitini isə Fransada magistratura təhsili alan oğlunun təhsil xərclərinə sərf etmişdir. Lakin hazırda, iddiaçı birgə nikah dövründə əldə olunmuş torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin tikintisinə sərf olunmuş tikinti materiallarının, onlar olmadığı təqdirdə isə dəyəri olaraq pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Abşeron Rayon Məhkəməsinin 2(012)-237/2021 nömrəli iş üzrə 28 dekabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş cəmi 79500 (yetmiş doqquz min beş yüz) manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim Habil Əhmədov) .

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sözügedən torpaq sahəsi tərəflərin nikah münasibətlərinin qüvvədə olduğu zaman kəsiyində alındığından tərəflərin birgə nikah dövründə əldə edilmiş, yəni, onların ümumi birgə mülkiyyəti kimi nəzərdən keçirilməli, lakin həmin torpaq sahəsi üzərindəki tikili isə tərəflərin nikah münasibətlərinə xitam verildikdən sonra inşa edildiyindən həmin fərdi yaşayış evi tərəflərin birgə nikah dövrü tarixinə təsadüf etmir. Bu səbəbdən də, iddiaçı həmin fərdi yaşayış evinin tikintisinə sərf olunmuş tikinti materialları, həmin materiallar olmadığı təqdirdə isə həmin materialların alınmasına, ustalara, həmçinin, rəsmi icazələrin alınması üçün ödənilmiş pul vəsaitinin yarı şəkildə deyil, məhz cavabdehdən tam şəkildə tutulmasına tələb etməkdə haqlıdır.

12. Məhkəmə qeyd etmişdir ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə inşa edilməmiş, həmin tikilinin inşasına sərf olunmuş tikinti materialları iddiaçının vəsaiti hesabına alınmış, tikilinin inşasını həyata keçirən ustaların əmək haqları iddiaçının vəsaiti hesabına ödənilmişdir ki, bütün bunlar da mülki iş materiallarına əlavə olunmuş qaimə fakturalar və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Araşdırma zamanı işin həqiqi hallarının müəyyən edilməsi məqsədilə tədqiq olunmuş şahid ifadələri, həmçinin, fotoşəkillər əsasında sözügedən fərdi yaşayış evinin tikintisi üçün gərəkli tikinti materiallarının iddiaçının maddi vəsaiti hesabına alındığı öz təsdiqini tapmışdır. İddiaçı iddia tələbində həmin tikinti materiallarının tikilinin onun vəsaiti hesabına sökülərək qaytarılmasına dair iddia tələbinə məhkəmə qiymət verərək qeyd etmişdir ki, müəyyən məbləğ qarşılığında inşa edilmiş tikilinin iddiaçının vəsaiti hesabına sökülməsi daha böyük miqdarda vəsait tələb edəcəyindən, nəticə etibarı ilə iddiaçı maddi itkiyə məruz qalacağından, həmçinin tikilinin inşasına sərf olunmuş tikinti materiallarının söküntü nəticəsində zərərə məruz qalacağı hallar nəzərə alınmaqla onların ilkin vəziyyətdə iddiaçıya təqdim edilməsinin mümkünsüzlüyü istisna edilmədiyindən iddia tələbi bu hissədə əsassız hesab edilərək təmin edilməməlidir.

13. Məhkəmə hesab etmişdir ki, fərdi yaşayış evi tərəflərin nikah münasibətlərinə xitam verildikdən sonra, yəni 2012-2014-cü illər arasında tikilmiş, torpaq sahəsi isə satıcı cavabdeh ilə alıcı X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin tarixdə sonuncuya satılmışdır. Məhkəmə iddiaçının hüququnun pozulduğu tarixi torpaq sahəsinin satıldığı tarix olaraq, yəni xx.xx.2018-ci il tarixi kimi nəzərdən keçirib ümumi iddia müddətini tətbiq etdikdə, iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir .

14. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 29, 32, 36-cı, Mülki Məcəllənin 373.1, 377.1, maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4, 218.3,-cü maddələrinə istinadla əsaslandırmışdır.

15. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətlərinin dəlilləri

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuş və həmin nikahdan iki övladları anadan olmuşdur. Xarakterləri uyğun gəlmədiyindən tərəflərin nikahı 2011-ci ildə pozulmuşdur, birgə nikah dövründə əldə etdikləri əmlaka hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Lakin sonradan tərəflər ailə nikah münasibətlərini bərpa etmək məqsədilə faktiki bir yerdə yaşamağa başlamış, barışığa gəlmiş, nəticədə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)-1522/2011 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3383/2010 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv olunmuşdur. O, birgə nikah dövründə əldə olunmuş Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 torpaq sahəsini alqı-satqı yolu ilə satmış, həmin pul vəsaitini isə Fransada magistratura təhsili alan oğlunun təhsil xərclərinə sərf etmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqinə səhvə yol vermiş, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29, 32, 36-ci maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad etmişdir. Hazırkı iş üzrə məhkəmə ilk növbədə öhdəliyin yaranma əsasını müəyyən etməli oldugu halda, hüquqi səhvə yol verərək, mübahisəyə tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakın bölgüsü kimi yanaşmışdır. Hazırkı mübahisəyə yalnız əsassız varlanma konteksində yanaşmaq mümkündür. Onlar boşanmadan sonra bir müddət birgə yaşamışlar və 2014-cü ildə yenidən faktiki olaraq ayrılıblar və 2018-ci ildə həmin torpaq sahəsi üzərində olan tikili ilə birlikdə satıbdır, lakin məhkəmə iddia müddətini tətbiq etməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə iddiaçı tərəfindən yazılı etiraz verilmişdir.

19. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayətində qeyd olunanlar həqiqətə uyğun olmayan əsassız mülahizələrdir. Hazırkı iddia ərizəsi əsasında mülki iş uzun müddət Abşeron Rayon Məhkəməsinin icraatında olmuş, məhkəmə iş üzrə kifayət qədər geniş, obyektiv və hərtərəfli araşdırma aparmış, tərəflərə bütün mümkün sübutların təqdim edilməsi üçün şərait yaratmış, sonda işin faktiki hallarına uyğun qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşə baxan məhkəmə öz qətnaməsində qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinad edərək Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin hüquqi rejiminə qiymət verərək belə qənaətə gəlmişdir ki, sözügedən torpaq sahəsi tərəflərin nikah münasibətlərinin qüvvədə olduğu zaman kəsiyində alındığından tərəflərin birgə nikah dövründə əldə edilmiş, yəni, onların ümumi birgə mülkiyyəti kimi nəzərdən keçirilməli, lakin həmin torpaq sahəsi üzərindəki tikili isə tərəflərin nikah münasibətlərinə xitam verildikdən sonra inşa edildiyindən həmin fərdi yaşayış evi tərəflərin birgə nikah dövrü tarixinə təsadüf etmir. Bu səbəbdən də, iddiaçı həmin fərdi yaşayış evinin tikintisinə sərf olunmuş tikinti materialları, həmin materiallar olmadığı təqdirdə isə həmin materialların alınmasına, ustalara, həmçinin, rəsmi icazələrin alınması üçün ödənilmiş pul vəsaitinin yarı şəkildə deyil, məhz cavabdehdən tam şəkildə tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə tamamilə haqlı olmuşdur. Göründüyü kimi məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmış və məhkəmə iş üzrə qanuni qətnamə qəbul etmişdir. Məhkəmə tikinti materiallarının dəyəri ilə bağlı hissədə iddia tələbini tam təmin etməsə də, işin faktiki hallarına münasibətdə qətnamə əsaslıdır. Apellyasiya şikayətinin heç bir əsaslı dəlili yoxdur. Şikayət əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1103/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, cavabdehdən 39750 manat pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

21. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Cavabdeh (X8) kassasiya şikayəti verərək qətnamənin qismən ləğv iddia tələbinin təmin olunması hissəd ləğv edilərək həmin hissədədə iddianın ləğv olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 5625/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv olunması, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (hakimlər Ələsgər Əliyev (məruzəçi), Mehparə Əhmədova və İsmayıl Xəlilov).

24. Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tikiliyə sərf edilmiş 79500 manat pul vəsaiti tərəflər arasında bərabər bölünməli, 39759 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Faktiki nikah münasibətlərində olma rəsmi nikah kimi qiymətləndirilmədiyindən, yəni rəsmi nikahın doğurduğu hüquq nəticələri yaratmadığından faktiki nikah müddətində tərəflərin birinin əldə etdiyi, yaxud inşa etdiyi əmlaka münasibətdə digərinə hər hansı hüquq yaratmır. Apellyasiya məhkəməsi isə qeyd edilən xüsusatlara qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə və mübahisənin maddi-hüquqi əsasını ümumiyyətlə düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçının tələbini qanuni əsasını Mülki Məcəllənin 1091, 1092, 1093-cü maddələri təşkil etdiyi halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə üzrə tətbiq edilməli olmayan qanunvericilik normaları tətbiq edilmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.

29. Məhkəmə kollegiyası digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 14.2 və 14.2.7 Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2-ci Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1 və 1092.1.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.2. İşdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. Maddə 101-1.1. İşdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-237/2021 nömrəli qətnaməsinin ləğv edilməsi iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

39. Qanunvericiliyin tələbini, eləcə də kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası hеsаb еdir ki, hazırkı iş üzrə müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə nəticə çıxararaq, iddiaçının iddia tələbi üzrə qanuni əsası kimi Mülki Məcəllənin 1091, 1092, 1093-cü maddələri tətbiq edilməlidir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

40. Əvvəla qeyd edilməlidir ki, tərəflər arasındakı mübahisə onların birgə nikahı dövründə əldə edilmiş torpaq sahəsi üzərində inşa edilmiş tikilli ilə bağlı yaranmışdır. Belə ki, iddiaçı Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş tikinti materiallarının, həmin tikinti materialları olmadığı təqdirdə isə onların dəyərinin, yəni 69500 manat, ustalara ödənilmiş məbləğə görə 10000 manat, kommunal xətlərin çəkilməsi və rəsmi icazələrin alınmasına görə ödənilmiş 3000 manat olmaqla cəmi 82500 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

41. Hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh 23 oktyabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 19 aprel 2011-ci il tarixdə onların nikah münasibətlərinə xitam verilmişdir. Tərəflər birgə nikah dövründə Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsini əldə etmişlər, həmin əmlak cavabdehin adına rəsmiləşdirilmişdir. Tərəflər arasındakı rəsmi nikah pozulduqdan bir müddət sonra onlar faktiki olaraq birlikdə yaşamağa başlamışlar. Həmin müddətdə 2012-2014-cü illərdə torpaq sahəsi üzərində tikili inşa edilmişdir, bununla belə tikinti işləri başa çatmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözügedən torpaq sahəsi 22 dekabr 2018-ci il tarixdə cavabdeh tərəfindən üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmişdir. Müqavilədə əmlakın dəyəri 79000 manat göstərilmiş, alıcı tərəfindən həmin məbləğ tam şəkildə ödənilmişdir.

42. İş üzrə alınmış ekspert rəyi ilə Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin inşa edilməsi ilə əlaqədar yerinə yetirilmiş tikinti işlərinin dəyərinin təqribən 82592 manat olması müəyyən edilmişdir.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).

44. Göründüyü ki, hazırkı iş üzrə mübahisəli əmlakın ər-arvadın birgə mülkiyyəti kimi sayılması üçün Konstitusiya Məhkəməsinin qərarlarında öz əksini tapmış hər hansı bir şərtin mövcudluğu müəyyən edilməmişdir.

45. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.

46. Apellyantın “tərəflərin ailə nikah münasibətlərini bərpa etmək məqsədilə faktiki bir yerdə yaşaması və Abşeron rayonu Fatmayı kəndində yerləşən torpaq sahəsinin alqısatqısı nəticəsində əldə olunmuş pul vəsaitini Fransada magistratura təhsili alan oğlunun təhsil xərclərinə sərf etməsi” ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

47. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmənin iddia müddətini tətbiq edilməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan iddia müddətinin tətbiqi barəsində ərizəsindən görünür ki, həmin ərizə (cild 1, səh.123-127) cavabdeh tərəfindən yox, üçüncü şəxs X5 tərəfindən verilmişdir. Belə ki, Mülki Məcəcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mülki-Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmədiyindən, cavabdehin həmin dəlili əsaslı hesab edilə bilməz.

48. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmiş, lakin iddiaçı öz iddia tələbinin əsasını təşkil etdiyi halları sübuta yetirə bilmişdir.

49. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, faktiki nikah münasibətlərində olma rəsmi nikah kimi qiymətləndirilmədiyindən, yəni rəsmi nikahın doğurduğu hüquq nəticələri yaratmadığından faktiki nikah müddətində tərəflərin birinin əldə etdiyi əmlaka münasibətdə digər tərəf hüquq əldə etmir.

50. Belə olan halda tərəflər arasındakı mülki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.

51. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli,

2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

52. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-237/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar