Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1945/2022 31.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı bağ evinə istifadə hüququnun tanınması tələbinə dair Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(012)-496/2022 nömrəli qərardadından Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə istifadə hüququnun tanınması qət edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(012)-496/2022 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(012)- 496/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılması, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-496/2022 saylı qərardadından verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası Cavabdeh mülkiyyətçisi olduğu Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə onun istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən sözügedən qətnamədən xx.xx.2022-ci il tarixində **********48 saylı apellyasiya şikayəti verilmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-496/2022 saylı qərardadı ilə 4 saylı Abşeron Ərazi İdarəsinin apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardadda şikayətin geri qaytarılma əsası kimi hansı məhkəməyə ünvanlanmasının qeyd olunmadığı vurğulanmışdır, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin möhürü ilə təsdiq edilmiş apellyasiya şikayətində qətnamədən Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət ünvanlandığı qeyd olunmuş və həmin şikayət elektron məhkəmə portalına əlavə edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılmasını apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanının göstərilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 357.1.3-cü maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir (Mülki Prosessual Məcəllənin 361.1., 361.1.1., 361.1.2., 361.1.3., 361.1.4. və 361.1.5. maddələri). Qanunun mənasına görə apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayət verən şəxsin işdə prosessual vəziyyəti, barəsində şikayət verilən məhkəmə aktının tarixi, eləcə də şikayət verən şəxsin tələbi göstərilməlidir. Apellyasiya şikayətindən görünür ki, şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ünvanlanmaq əvəzinə, Abşeron Rayon Məhkəməsinə ünvanlanmış, qətnamənin qəbul edilmə tarixi öz əksini tapmamış, şikayət verən şəxsin işdəki prosessual vəziyyəti göstərilməmiş, eləcə də qətnamənin ləğvi xahiş olunsa da, mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələbini dəqiq bildirməmişdir. Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayət qanunvericiliyin tələbinə uyğun formada verilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli və onunla bağlı 02 avqust 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1945/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1945/2022
31.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver