Məhkəmə qərarları › İş №2(105)-1948/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1948/2020

23.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1948/2020 23.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-701/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-701/2020 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh qarşı “maddi zərər” tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh 1250 (bir min iki yüz əlli) manat və rüsuma görə 15 manat pulun alınıb İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-701/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 2019-cu il tarixdə sifariş etdiyi “Lexus GS 300” minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qeyd edilən avtomobilin sürücüsü Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi ilə Z.Əhmədbəyov küçəsinin kəsişməsinə çatanda yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə xəsarət almışdır. O, xəsarət alması ilə əlaqədar 1 saylı X3 aparılmış və 1 gün müalicə aldıqdan sonra evə buraxılmışdır. Lakin səhəri günü xx xxxxxxx 2019-cu il tarixdə özünü pis hiss etdiyi üçün “Ege Hospitalı”na aparılmışdır. Xəsarət alması ilə əlaqədar 3500 manat pul xərcləmiş, 1 saylı X2 mülalicə olunması ilə əlaqədar xərclədiyi pullara dair sübutları olmasa da, “Ege Hospitalı”na 2000 manat ödənilməsi barədə ödəniş qəbzi vardır. Məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 156 nömrəli rəyində onun adına “Ege Hospitalı”nda tərtib edilmiş xəstəlik tarixlərində qeyd edilən xəsarət - kəllə-beyin travması, beyin silkələnməsi küt əşyanın təsirindən törənməsi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx xxxxxxx 2019-cu il tarixində yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilməsi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Ona görə də, Cavabdeh onun xeyrinə 3500 (üç min beş yüz) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, “Ege Hospitalı”nın hesabına depozit olaraq ödənilmiş 2000 manatın hansı miqdarını İddiaçı müalicəsinə sərf edilməsini aydınlaşdırmaq üçün “Ege Hospitalı”na sorğu verilməsi ilə bağlı vəsatətlə müraciət etsə də, məhkəmə vəsatəsini təmin etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azəbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096, 1097.1, 108.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, “Ege Hospitalı” tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli ödəniş qəbzi ilə müəyyən olur ki, İddiaçı müalicə alması ilə əlaqədar həmin hospitala 2000 manat pul ödəmiş və Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin ekspert rəyi əsasında İddiaçı yolnəqliyyat hadisəsi nəticəsində yüngül dərəcəli xəsarət alması ilə əlaqədar sığortaçı tərəfindən 750 manat pul ödənilmişdir. İddiaçı müalicə alması ilə əlaqədar hospitala ödəmiş olduğu 2000 manat puldan 750 manat hissəsi “xxxxxxxxxxxx” ASC tərəfindən ödənilmişdir. Qalan məbləğ Cavabdeh tərəfindən İddiaçı ödənilməmişdir. Ona görə də, 1250 manat maddi ziyana görə pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi maddi və prosesual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin edilmiş hissəsində ləğv edilib, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin xx xxxxxx 2019-cu il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı» ilə müəyən olur ki, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Ə.Hüseynzadə küçəsi ilə Z.Əhmədbəyov küçəsisinin kəsişməsinə çatanda yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobildə olan İddiaçı xəsarət alması ilə əlaqədar barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə (cinayət tərkibi olmadığı) əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Ege Hospitalı”n xx xxxxxxx 2019-cu il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı müalicə alması ilə əlaqədar həmin hospitala 2000 manat pul ödəmişdir. “xxxxxxxxxxxx” ASC-nin PXA55973 saylı sığorta aktından müəyyən edilir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin ekspert rəyi əsasında İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində yüngül dərəcəli xəsarət alması ilə əlaqədar 750 manat pul ödənilmişdir. Məhkəmə kollegiyasının iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı əsasında “Ege Hospital”ın xx xxxxxxxx 2020-ci il tarixli, 279 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə 76959 nömrəli qəbzlə “Ege Hospital”ın hesabına 2000 (iki min) manat məbləğində avans ödəmiş, onun müalicəsinə 571,46 manat sərf olunmuş və qeyd olunan avans məbləğinin 1428,54 manat hissəsi geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh xx xxxxxxx 2019-cu il tarixdə idarə etdiyi “Lexus GS 300” minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi ilə Z.Əhmədbəyov küçəsinin kəsişməsinə çatanda yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə taksi xidmətindən istifadə etmiş İddiaçı xəsarət (kəllə-beyin travması) almışdır. Bundan sonra səhəti ilə bağlı “Ege Hospital”ına müraciət etmiş, əvvəlcədən müalicəsi ilə əlaqədar xx xxxxxxxx 2019-cu il tarixdə 76959 nömrəli qəbzlə “Ege Hospital”ın hesabına 2000 (iki min) manat məbləğində avans ödəmiş, onun müalicəsinə 571,46 manat sərf olunmuş və qeyd olunan avans məbləğinin 1428,54 manat hissəsi geri qaytarılmışdır. Bununla yanaşı İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində yetirilmiş xəsrət ilə bağlı “xxxxxxxxxxxx” ASC-nin PXA55973 saylı sığorta aktına əsasən 750 manat sığorta ödənişi edilmişdir. Göründüyü kimi İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində yetirilmiş xəsarət ilə bağlı onun müalicəsinə 571,46 manat sərf olunmuş, “xxxxxxxxxxxx” ASC-nin PXA55973 saylı sığorta aktına əsasən 750 manat sığorta ödənişi almış, lakin buna baxmayaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 3500 manat maddi ziyan tələb etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan halları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, iddia tələbinin əsası olmadığı halda birinci instansiya məhkəməsi iddia ərizəsini qismən təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mülki hüquq pozuntusu (delikt) nəticəsində İddiaçı vurduğu zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilmiş və Cavabdeh vurduğu zərər nəticəsində heç bir öhdəliyi qalmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləlikıə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – «Cavabdeh 1250 (bir min iki yüz əlli) manat və rüsuma görə 15 manat pul alınıb İddiaçı verilsin» hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməməli və qətnamə - «iddia tələbi qalan hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-701/2020 saylı qətnaməsi qismən – «Cavabdeh 1250 (bir min iki yüz əlli) manat və rüsuma görə 15 manat pul alınıb İddiaçı verilsin» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə - «İddia tələbi qalan hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlansın. İddia ərizəinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 30 (otuz) manat iddiaçı tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar