Məhkəmə qərarları › İş №2(105)-195/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-195/2023

07.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-195/2023 07.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Ələm oğluna qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qətnaməsindən Cavabdeh Ələm oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh Ələm oğlu İddiaçı məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, xx.xx.2020ci il qeydiyyat tarixli çıxarış əsasında Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0.209 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi Cavabdeh Ələm oğlunun hesabına boşaldılması, İddiaçı məxsus torpaq sahəsinə Cavabdeh Ələm oğlu tərəfindən yaradılmış maneələr aradan qaldırılması qət edilmişdir. Cavabdeh Ələm oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh Ələm oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ələm oğlunun ona məxsus zəbt etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, xx.xx.2020- ci il qeydiyyat tarixli çıxarış əsasında Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0.209 ha torpaq sahəsindən çıxarılmasını, həmin torpaq sahəsinin Cavabdeh Ələm oğlunun hesabına boşaldılması, ona məxsus torpaq sahəsinə Cavabdeh Ələm oğlu tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış əsasında Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsinin qarşısında Bakı-Quba yolunun kənarında Cavabdeh Ələm oğlu ikimərtəbəli tikili tikmişdir. Son il yarımdır ki, Cavabdeh Ələm oğlu həmin tikilinin arxa hissəsini ona məxsus torpaq sahəsini zəbt edərək, orada tikinti işləri aparır, onun torpaq sahəsini zəbt edərək orada hasar çəkir və başqa tikinti işləri aparır. O, Cavabdeh Ələm oğluna dəfələrlə torpaq sahəsindən çıxmağı, tikinti işlərinin dayandırmağı bildirsə də, cavabdeh buna əməl etməmişdir. Bundan sonra cavabdehə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək ona məxsus 0,08 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılmasını xahiş etmişdir. Lakin imkansızlıqdan özünə məxsus zəbt edilməmiş torpaq sahəsinin bir hissəsini satıb. Yerdə qalan 0,0209 ha torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış alıb. Hazırda ona məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Hacıyev X8 Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi ona məxsusdur. Belə ki, Alekseyevka Bələdiyyəsinin 14 iyun 2006-cı il tarixli, 09 saylı Protokolu ilə Quba-Bakı yolunun sağ tərəfindən 300 kvadrat metr torpaq sahəsi kommersiya məqsədilə istifadə etmək üçün alqı-satqı yolu ilə anası X1 qərara alınmışdır. Alekseyevka Bələdiyyəsinin üzvü N.Sultanova həmin torpaq sahəsini ölçərək təhkim edilməsi tapşırılmışdır. Eyni zamanda, DTXK-nin Quba rayon şöbəsindən, həmin torpaq sahəsinin qeydiyyata alınması cizgi xəritəsinin hazırlanmasında köməklik göstərilməsi xahiş edilmiş və bu məqsədlə Quba rayon Alekseyevka Bələdiyyəsi 18 iyul 2006-cı il tarixli, 106 nömrəli məktubla DTXK-nin Quba rayon şöbəsinin müdiri cənab A.Xudaverdiyeva müraciət edərək Quba rayon Alekseyevka kənd sakini X2 Alekseyevka Bələdiyyəsinin 14 iyun 2006-cı il tarixli, 09 saylı protokoluna əsasən Quba-Bakı yolunun sağ tərəfindən 300 kv.m. torpaq sahəsini kommersiya obyekti tikmək məqsədilə alqı-satqı yolu ilə satılmasına razılıq verilməsi barədə məlumat verilərək, həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına və cizgi xəritəsinin hazırlanmasında köməklik göstərilməsi xahiş olunmuşdur. Məlumat üçün qeyd etmək istəyir ki, yuxarıda qeyd etdiyi torpaq sahəsinin önündə, yəni yolun kənarında anası X2 məxsus 2 mərtəbəli kommersiya obyekti mövcuddur. Yuxarıda qeyd etdiyi 3,0 sot torpaq sahəsi 2 mərtəbəli kommersiya obyektinin arxa və sağ hissəsində yerləşir və o obyekt 1996-1997-ci illərdə tikilmişdir. Həmin obyekt tikilən zaman İddiaçı məxsus heç bir əmlak yox idi. İddiaçı torpaq sahəsini bir neçə ildən sonra qeyd etdiyi torpaq sahəsini almışdır. Sonradan iddiaçıya məxsus torpaq sahəsinin arxa hissəsində Diaqnostika xəstəxanası, önündə isə Quba şəhərinə girişində arka tikilmişdir. Lakin, onun torpaq sahəsinin forması düzbucaqlı dar uzun formada, Quba-Bakı yolunun 3 metrliyində yerləşdirdi və torpağın arxasında təpələr var idi və həmin təpələr heç kimə məxsus deyildi. Diaqnostika xəstəxanası tikildiyi üçün icra hakimiyyəti həmin təpələri dağıdaraq iddiaçıya vermişlər. Lakin, iddiaçı, qeyd etdiyi kimi torpaq sahəsi yolun 3 metrliyində torpaq sahəsini qəsdən qanunsuz olaraq 20 metrdən çox olaraq arxaya çəkmiş və qəsdən torpaq sahəsi ilə yolun arasında 20 metrdən çox ərazi saxlamasını istəyir. Bununla da iddiaçı qəsdən onun torpaq sahəsini zəbt etmək istəyir. Bundan əlavə tək onun torpaq sahəsi deyil, əlavə olaraq 2 qonşunun da torpaq sahəsini mənimsəmək istəyir. Qətnamə qüvvədə olan həm maddi, həm də prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün cavabdehin yazdığı izahatı, imzaladığı öhdəliyi, ödədiyi vəsaitləri nəzərə almayaraq prosessual hüquq normasını kobud şəkildə pozmuşdur. İşi tam, obyektiv və hərtərəfli araşdırmadığı üçün məhkəmənin gəldiyi nəticə səhvdir. Məhkəmə qətnaməsində güya iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməməsi göstərilmişdir. Halbuki, işin faktiki halları iddia tələblərini tam və şərtsiz sübut olunur. Bu onu göstərir ki, məhkəmə tərəfindən işin faktiki halları ümumiyyətlə araşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0.209 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, lakin işdə olan sənədlərdən və fotoşəkillərdən həmin torpaq sahəsinin Cavabdeh Ələm oğlu tərəfindən zəbt edilməsi və içində tikinti işlərinin aparılması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış əsasında Quba- Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi ilkin olaraq xx.xx.2015-ci il tarixdə və daha sonra xx.xx.2020-ci il tarixdə yerdə qalan 0,0209 ha hissəsinə Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı adına qeydə alınması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2., 157.4-cü maddələri təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Bu maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə mülki iş üzrə ekspertiza təyin etmiş, keçirilmiş ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi B.Əlistanovun mütəxəssis rəyində qeyd edilir ki, DƏDRX-nin **********40 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı məxsus olan Quba-Bakı yolunun kənarında Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 0.209 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə qonşu sərhədləri müəyyən edildi və mülkiyyətçinin faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşməsi aşkar olundu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi B.Əlistanovun mütəxəssis rəyində qeyd edilir ki, Quba rayonu, Alekseyevka bələdiyyəsinin qərarı ilə kənd sakini X3 Quba-Bakı yolunun sağ tərəfindən ayrılmış 300 kv.metr torpaq sahəsinə aid müvafiq sənədlər işə əlavə olunmadığı üçün hazırda cavadehin faktiki istifadəsində olan torpaq sahəsinin ölçülərini müəyyən edilməklə eyni və ya müxtəlif ərazilər olmasını müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi B.Əlistanovun mütəxəssis rəyində qeyd edilir ki, Quba rayonu, Alekseyevka bələdiyyəsinin qərarı ilə kənd sakini X3 Quba-Bakı yolunun sağ tərəfindən ayrılmış 300 kv.metr torpaq sahəsinə aid müvafiq sənədlər işə əlavə olunmadığı üçün iddiaçıya məxsus torpaq sahəsi ilə qonşuluq sərhədləri mövcudluğunu müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi B.Əlistanovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qərb sərhədinin 0.01 ha hissəsi cavabdeh tərəfindən mişar daşı ilə hasara alınaraq zəbt edilmişdir. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Torpaq Məcəlləsinin 49, 111-ci maddələri) Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,01 hektar hissəsi Cavabdeh tərəfindən zəbt olunaraq istifadə edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 0,01 ha hissəsindən istifadə etdiyi ekspert rəyində öz təsdiqini tapdığından, bu hal da iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, iddia tələbi torpaq sahəsinin 0,01 ha hissəsindən Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.4. maddəsi). Qanunun mənasından da göründüyü kimi bu maddədə əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsulu da nəzərdə tutulmuşdur. Bu iddia mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırılması haqqında mülkiyyətçinin tələbidir. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyətini pozur. Çünki əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Bu halda mülkiyyətçi belə hərəkətlərə son qoyulmasını tələb edə bilər. Lakin belə hərəkətlərə son qoyulmazsa, mülkiyyətçi onlara son qoyulmasını məhkəmə qaydasında tələb edə bilər. Mövcud vəziyyətdə iddiaçı cavabdeh tərəfindən ona yaradılan maneələrin nədən ibarət olduğunu təsdiq edən tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim etmədiyindən, eləcə də maneə olsa belə iddia tələbi torpaq sahəsindən çıxarılmaqla cavabdehin hesabına boşaldılması hissəsində təmin edildiyindən, artıq həmin hal aradan qalxmış olur. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı məhkəmə kollegiyası keçirilmiş ekspertiza xərci ilə bağlı qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh Ələm oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Ələm oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarış əsasında Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0.01 ha torpaq sahəsi Cavabdeh Ələm oğlunun hesabına boşaldımaqla, həmin torpaq sahəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Ələm oğlundan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (X4, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar