Məhkəmə qərarları › İş №2(105)-195/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-195/2025

09.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-195/2025 09.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X6 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar söz: həkim səhvi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X14 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 Firovsi qızının, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X3 nümayəndəsi Nümayəndə2 və ekspert X1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(012)-1923/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X2 və həkim Cavabdeh1 ödənilən 15000 manat pulun və 135 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsasandırılmışdır ki, o, ilk dəfə 2022-ci ilin axırları ATU X3 plastik cərahiyyə üzrə şöbə müdiri Cavabdeh1 adlı həkimin yanında qəbulda olmuş, Adil həkimə qarın liposaksiyası, sarğı nahiyəsinin lipofilingi, üz nahiyələrinin lipofilingi, blefoplastika, mamoplastika əməliyyatlarını etdirmək istədiyini bildirmiş, daha sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən cərrahi əməliyyat olunmuş və bütün əməliyyatlara cəmi 15000 manat ödəniş etmişdir. Belə ki, o, Tərlan Əliyeva adlı ordinatorhəkimə 12000 manat məbləğində pul ödəmiş, ancaq sonradan həmin şəxsin pulu ödəmədiyi və özünə götürdüyü aydın olmuşdur. Qeyd edir ki, onun tərəfindən klinikaya 1800 manat məbləğində ilkin ödəniş edilmiş, əməliyyat aparılmasına görə Cavabdeh1 ilə 11250 manata razılaşmış, amma ona verilmiş çek ilə yalnız qeyd edilən məbləğin 1200 manatlıq hissəsinin klinikaya ödənildiyi öz təsdiqini tapır. Xəstəxana vergidən yayınmaq üçün onun ödədiyi pulun çeklərinin hamısını verməmiş, ancaq icra olunan iki əməliyyatı mamoplastika və abdominaplastika əməliyyatlarını qeyd etmiş, digər əməliyyatları isə qeyd etməmişdir. Əməliyyatdan əvvəl o, müayinə zamanı ona sinə implantını 475 mml ölçüsündə qoyulmasını istəmiş, lakin əməliyyat zamanı həkim onun sinə nahiyəsinə 425 mml ölçüsündə implant qoymuş, daha böyüyünün qoyulmasının mümkün olmadığını bildirmişdir. Daha sonra Cavabdeh1 öz izahatında sinə implantının 450 mml ölçüsündə qoyulmalı olduğunu qeyd etmişdir. Halbuki onda sinə implantının 475 mml ölçüsündə qoyulması ilə bağlı razılaşdıqlarını təsdiq edən yazışmalar da mövcuddur. Qeyd edir ki, Cavabdeh1 onun bədəninə köhnə implant yerləşdirmişdir. Bundan əlavə yan nahiyəsindəki kəsik və yanıq izləri də qalmış, göz əməliyyatı da müvəfəqiyyətli olmamışdır. Belə ki, göz üstü ət tam götürülməmiş, sağ gözün daxili küncündə kobud çapıq izi və saplar qalmışdır. Həmçinin onun üz nahiyəsinə, dodaq alın, yanaq, gözaltı nahiyələrinə korreksiya olunaraq piy vurulmalı olsa da həkim onu aldadaraq ancaq yanaq nahiyəsinə piy vurmuş, o da 12 gün sonra tam ərimişdir. Onun yan nahiyəsi eybəcərləşmiş, çökək olmuş, qarın nahiyəsindən isə piy çəkiləndən sonra diastazı daha da artmış, qarın nahiyəsindəki əzələ zədələnmişdir. Sinə nahiyəsində sallaqlıq, qoluq altına düşmə, asimmetriya isə aradan götürülməmişdir. Bu da bir daha keçirilən əməliyyatın uğursuz olduğunu sübut edir. Nəsimi rayon prokurorluğunda araşdırma zamanı həkim onun tərəfindən 12000 manat ödənildiyini etiraf etmişdir. Lakin Nəsimi rayon prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd edilmiş, əsas kimi də təyin olunmuş komisyon məhkəmə-tibbi ekspertizasının 791/KEŞ saylı rəyi götürülmüşdür. Həmin rəydə göstərilmişdir: “Əməliyyat texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Eybəcərləşmə məhkəmə-tibbi məfhum deyildir”. Onun etdirdiyi əməliyyat isə adı üstündə plastik əməliyyatlardır, yəni gözəlləşmək üçün edilən əməliyyatlardır. Buna isə ekspertiza rəy verə bilmədiyi üçün müştəri məmnuniyyəti əsas götürülməlidir. O isə müştəri kimi nəticədən məmnun deyildir. Bildirir ki, onun sağlamlığına zərər dəymiş, Cavabdeh1 tərəfindən düzgün texniki əməliyyat aparılmamış, onun bədənində hələ də qüsurlar vardır. Həmçinin iddia edir ki, ekspertiza zamanı onun bədəninə baxış keçirilməmiş və cavabdeh tərəf sənədləri saxtalaşdırmaqla çətin vəziyyətdən çıxmağa çalışırlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X10 və həkim Cavabdeh1 müştərək qaydada ödədiyi 15000 manat pul tutulub ona ödənilməlidir.

3. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X10 tərəfindən iddia tələbinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, iddia ərizəsindən göründüyü kimi tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan əmələ gələn öhdəliklə bağlıdır. Göründüyü kimi Nəsimi Rayon Prokurorluğunda da araşdırılma aparılmış və həkim Cavabdeh1 12000 manatın aldığını etiraf etmiş və həmin əməliyyatı da icra etmişdir. Qeyd etmək istərdi ki, həkim Cavabdeh1 Azərbaycan Tibb Universitetinin əməkdaşıdır. MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd olunanlara əsasən X7 cavabdeh siyahısından çıxarılması və icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(012)-1923/2024 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbi rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X3 həkimi Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X4 İddiaçı üzərində “Liposaksiyalipofilling, Mammoplastika implant ilə Blefaroplastika” cərrahiyyə əməliyyatları icra edilmişdir. İddiaçı müraciəti əsasında Bakı şəhəri Nəsimi rayon prokurorluğunda araşdırma aparılmış, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadənin 26 oktyabr 2023-cü il və 01 mart 2024-cü il tarixli, 421-C-23 nömrəli qərarları əsasında müvafiq olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X11” X16 xx.xx.2023-cü il tarixli, 791/KEŞ saylı və xx.xx.2024-cü il tarixli, 307/KEŞ saylı ekspert rəylərindən göründüyü kimi ekspert komissiyası İddiaçı üzərində icra edilmiş plastik əməliyyatların səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olaraq texniki cəhətdən düzgün yerinə yetirildiyi nəticəsinə gəlmiş, nəticədə Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadənin 10 may 2024-cü il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın ayrılaraq aidiyyəti üzrə göndərilməsi haqqında qərarına əsasən Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı bank hesab kartından pul vəsaitinin ələ keçirilməsi ilə əlaqədar hər hansı şəxsin əməlində Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin tərkib əlamətləri olub-olmamasına qiymət verilməsi üçün material ayrılaraq aidiyyəti üzrə Nəsimi RPİ-nin 20-ci PŞ-yə göndərilməsi, ATU-nun X8 həkimplastik cərrahı Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-in 213-cü maddəsinin tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməsi üçün materialın aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. Əməliyyatın uğursuz olması ilə bağlı iddiaçının iddia ərizəsində göstərdikləri, iddiaçının və nümayəndəsinin məhkəmədə verdiyi izahatları iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasını təstiq edən mötəbər sübutlar müəyyən edilməmiş, iddiaçı tərəfinin izahatları digər mötəbər sübutlarla təstiqini tapmamış, İddiaçı tərəfindən özəl kilinikadan alınaraq məhkəməyə təqdim etdiyi arayışda göstərilən xüsusutlar iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X11” X16 xx.xx.2024-cü il tarixli, 307/KEŞ saylı ekspert rəyi ilə təkzib olunmuş, həmin rəydə əməliyyatdan sonra iddiaçının bədənində diastaz (şişlik) və qüsurların olmadığı müəyyən edilmişdir. Bundan başqa İddiaçı izahatında onun bank hesab kartından pul vəsaitinin ələ keçirilməsi və həkim Cavabdeh1 tərəfindən vergidən yayınma halları ilə bağlı göstərdiyi xüsusatlara iş materiallarında olan Nəsimi rayon prokurorluğunun 10 may 2024-cü il tarixli qərarında qiymət verildiyindən məhkəmə yenidən həmin hallara qiymət verilməsinə zərurət görməmişdir.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.2, 1097.1, 1112-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(012)-1923/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sağlamlığına ciddi zərər dəymiş, Cavabdeh1 tərəfindən düzgün texniki əməliyyat aparılmamışdır. Bədənində hələ də qüsurlar vardır, yarımcan gəzir. İstintaq mərhələsində ekspertiza zamanı bədəninə baxış keçirilməmiş və cavabdeh tərəf sənədləri saxtalaşdırmaqla çətin vəziyyətdən çıxmağa çalışırlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödədiyi 15000 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X10 və həkim Cavabdeh1 müştərək qaydada tutulub ona ödənilməlidir. Onun üzərində abdominoplastika əməliyyatı deyil, liposaksiya əməliyyatı tətbiq edilmişdir. Əməliyyat nəticəsində səhhətində problemlər yarandığını və bədənində diastaz aşkar edildiyini təsdiq edən tibbi arayışlar mövcuddur. Nəsimi Rayon Prokurorluğunda aparılmış araşdırma nəticəsində cinayət işinin rədd edilməsi ilə bağlı qərar qəbul edilmiş, araşdırma zamanı verilmiş ekspert rəyində sağlamlığı ilə bağlı məsələlərə toxunulsa da bədənin estetik cəhətdən vəziyyəti ilə bağlı məsələlərə toxunulmamış, gözəlliyin ekspertiza predmeti olmadığı vurğulanmışdır. Sağlamlığına zərər vurulmadığı iddia edilsə də əməliyyatdan sonra bədənindəki tikişlərin normaya uyğun olmadığı, süd vəzləri arasındakı məsafənin 5 sm olduğu müəyyən edilmiş, başqa cərrahdan aldıqları rəydə iddiaçının qüsurlu əməliyyat olunduğu qeyd edilmişdir. Cavabdehlər külli miqdarda pulunu mənimsəmişdirlər. Məhkəmə yalnız cavabdehin təqdim etdiyi sənədlərə istinad etmiş, tərəfindən təqdim edilmiş mötəbər sənədlərə, o cümlədən səs yazılarına isə heç bir yerdə istinad etməmişdir. Halbuki, təqdim edilmiş sənədlərlə cavabdehlərin saxtakarlıqla məşğul olduqları açıqaşkar görünür. Hətta məhkəməyə ekspertiza keçirilməsi ilə bağlı verdiyi vəsatət belə heç bir səbəb olmadan rədd edilmişdir. Halbuki, ən azından məhkəmə tərəfindən ekspertiza təyin edilməli, qeyd edilənlər dəqiqləşdirilməli idi. Həmçinin, külli miqdardan pulunu əsassız şəkildə almalarını təsdiq edən qəbzlər, səs yazıları məhkəməyə təqdim edilmişdir. Artıq təqdim etdiyi sənədlərin məhkəmə tərəfindən məhv edildiyi şübhəsi də yaranmışdır. Növü və məqsədi nəzərə alındıqda iş üzrə aparılmış əməliyyatın uğursuz olub-olmaması pasientin sağlamlığına birbaşa zərər vurulması ilə şərtləndirilə bilməz. Hesab edir ki, məhkəmənin mövqeyi mülki qanunvericiliyin tələblərinə ziddir. Aydındır ki, tərəflər arasında qarın liposaksiyası, sarğı nahiyəsinin lipofilingi, üz nahiyələrinin lipofilingi, blefoplastika, mamoplastika əməliyyatlarının edilməsi barədə şifahi razılıq əldə edilmiş, bu razılıq əsasında əməliyyat baş tutmuşdur. Hətta ona hansısa sənədə imza etdirmişlər, həmin sənədi tələb etdikdə isə təqdim edilməmişdir. Qətnamədən aydın olur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X3 həkimi Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X4 İddiaçı qızının üzərində “Liposaksiya-lipofilling, Mammoplastika implant ilə Blefaroplastika” cərrahiyyə əməliyyatları icra edilmişdir. Həmçinin bu da aydındır ki, sözügedən əməliyyatlar plastik (estetik) əməliyyat hesab edilməklə xarici görünüşdə müsbət istiqamətdə dəyişikliyin baş tutmasını, əvvəlki görüntünün aradan qaldırılmasını hədəfləyir. Belə dəyişiklik olmadıqda əməliyyat uğursuz aparılmış hesab edilir, icraçı (həkim) isə öhdəliklərini tam və qaydasında yerinə yetirməmiş olur. Aparılan əməliyyyatların ilkin məqsədi sağlamlığın bərpası deyil, xarici görünüşdə mövcud olan qüsurların aradan qaldırılması olmuşdur. Hesab edir ki, keçirilən plastik əməliyyatlar uğursuz olmuş, xarici görünüşdə müsbət istiqamətdə dəyişikliyin baş tutması ilə yekunlaşmamışdır. Belə olan halda isə icraçı tərəf öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş hesab olunmlalıdır. Mülki qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında yazılı razılıq olmasa belə şifahi əqd olmuşdur. Cavabdeh tərəf isə şifahi razılaşma üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə ona zərər vurulmuşdur. Qarşı tərəf gözəlliyin nisbi məfhum olmasına əsaslansa da qeyd edilməlidir ki, iş üçün əhəmiyyətli olan hal həkimin əməliyyatı qaydasında icra edib-etməməsidir. Bu isə nisbi deyil, nəticələr əsasında konkret müəyyən edilə bilən haldır. Belə ki, həkim xarici görünüşdə mövcud qüsurları aradan qaldırmalı, qarın liposaksiyası, sarğı nahiyəsinin lipofilingi, üz nahiyələrinin lipofilingi, blefoplastika, mamoplastika əməliyyatları ilə sinə nahiyəsində sallaqları götürməli, mövcud görüntünü dəyişməli, arxa nahiyədə kəsik və yanıq izlərini aradan götürməli, göz üstü əti aradan qaldırmalı, dodaq alın, yanaq, gözaltı nahiyələrinə korreksiya olunaraq piy vurmalı idi və s. Habelə, pasient üzərində abdominoplastika əməliyyatı deyil, liposaksiya əməliyyatı tətbiq edilmişdir. Yəni burada hər hansı nisbilikdən, zövqlərdən, yaxud qeyri-müəyyənlikdən danışmaq mümkün deyil. Estetik əməliyyat qarşı tərəf bunu nə qədər nisbiləşdirməyə çalışsa da xüsusiyyətləri və icraçısının vəzifələri konkret müəyyənləşdirilmiş əməliyyat növüdür. Burada həkim qarşısına qoyulmuş və yuxarıda qeyd edilmiş vəzifələrin tam və lazımınca icra edilməsini həyata keçirir. İkinci halda tərəflərin iradə ifadəsi əsas götürülür. Məhz Abşeron Rayon Məhkəməsi də bunu ağlabatan mühakimə əsasında həyata keçirməli, tərəflərin hüquq və vəzifələrini doğru müəyyənləşdirməklə, cavabdehin öhdəliyini hansı qaydada yerinə yetirdiyini araşdırmalı idi. Belə olan halda öhdəliyin lazımınca icra edilməməsi nəticəsində vurulmuş zərər mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutulmalıdır. Aydındır ki, o, öhdəliklərini tam və lazımi qaydada icra etmiş, 12.000 manat miqdarında ödəniş edilmişdir. Həmin ödəniş cavabdehin bildirdiyi kimi ümumi mənada gözəlləşmək üçün deyil, həkim tərəfindən konkret öhdəliklərin icra olunması müqabilində həyata keçirilmişdir. Plastik əməliyyatın yekun məqsədi xarici görünüşdə hədəflənən dəyişikliyə nail olmaq, bunun üçün isə konkret hərəkətlər etməkdir. Əməliyyat nəticəsində onun bədəninə köhnə implant yerləşdirmişdir. Bundan əlavə onun arxa nahiyəsindəki kəsik və yanıq izləri də qalmış, göz əməliyyatı da müvəfəqiyyətli olmamışdır. Göz üstü ət tam götürülməmiş, sağ gözün daxili küncündə kobud çapıq izi və saplar qalmışdır. Həmçinin üz nahiyəsinə, dodaq alın, yanaq, gözaltı nahiyələrinə korreksiya olunaraq piy vurulmalı olsa da həkim onu aldadaraq ancaq yanaq nahiyəsinə piy vurmuş, o da 12 gün sonra tam ərimişdir. Xəstənin arxa nahiyəsi eybəcərləşmiş, çökək olmuş, qarın nahiyəsindən isə piy çəkiləndən sonra diastazim daha da artmış, qarın nahiyəsindəki əzələ zədələnmişdir. Sinə nahiyəsində sallaqlıq, qoluq altına düşmə, asimmetriya isə aradan götürülməmişdir. Belə olan halda hansı gözəlləşmədən, yaxud öhdəliklərin lazımi qaydada icrasından söhbət gedə bilər. Aydındır ki, plastik əməliyyat uğursuz olduğundan, yəni həkim tərəfindən məhz Mülki Məcəllənin 443-cü maddəsində qeyd edilən əvvəlcədən razılaşdırılmış şərtlərin pozulması, yerinə yetirilməməsi ilə icra edildiyindən iddiaçı tərəfə zərər vurulmuşdur. Habelə, cavabdeh tərəf razılaşdırılmış şərtlər əsasında öhdəliklərini həyata keçirməmiş, vicdanlılıqla bağlı Mülki Məcəlləsinin tələblərini pozmuşdur. O, xarici görünüşdə müəyyən dəyişikliklərin aparılması üçün Həkim Cavabdeh1 müraciət etmiş, sonuncusu isə öhdəliklərini lazımınca icra etməmişdir. Nəticədə, nəinki öz bədəni ilə bağlı bəyənmədiyi hallar aradan qaldırılmış, bəzi əməliyyatlar icra olunmamış (məsələn, üzərində abdominoplastika əməliyyatı deyil, liposaksiya əməliyyatı tətbiq edilmişdir) aparılan əməliyyatlar isə uğursuz olmuş, xarici görünüşündə vəziyyət ən yaxşı halda ya heç dəyişməmiş, ya da daha da pisləşmişdir. Belə ki, hətta bunun nəticəsində onun sağlamlığına belə zərər dəymişdir. Onun səhhətində problemlər yarandığını və bədənində diastaz aşkar edildiyini təsdiq edən tibbi arayışlar mövcuddur. Ümumilikdə götürdükdə isə dəyən zərərin əvəzinin ödənilməsi təkcə zərərin sağlamlığa vurulması ilə şərtləndirilə bilməz. Aydındır ki, yuxarıda qeyd edilən əməliyyatların həyata keçirilməsi üçün Cavabdeh1 ödəniş etmiş, cavabdeh isə öhdəliklərini lazımınca həyata keçirməmişdir. Aparılmış əməliyyatlar - “Liposaksiya-lipofilling, Mammoplastika implant ilə Blefaroplastika” konkret nəticənin əldə edilməsi məqsədilə aparılır. Həmin nəticələr əldə edilmədikdə əməliyyat uğursuz olur, həkim isə öhdəliklərini lazımınca icra etməmiş hesab edilir. Əməliyyat nəticəsində bədənində diastaz aşkar edildiyini təsdiq edən tibbi arayışlar mövcuddur. Belə ki, pasientin qarın nahiyəsindən piy çəkiləndən sonra diastazi daha da artmış, qarın nahiyəsindəki əzələ zədələnmişdir. Sağlamlığına zərər vurulmadığı iddia edilsə də əməliyyatdan sonra iddiaçının bədənindəki tikişlərin normaya uyğun olmadığı, süd vəzləri arasındakı məsafənin 5 sm olduğu müəyyən edilmiş, başqa cərrahdan alınan rəydə iddiaçının qüsurlu əməliyyat olunduğu qeyd edilmişdir. Məhkəmə qeyd edilmiş bu xüsusatlara münasibət bildirməmiş, ancaq istintaq mərhələsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X11” X19 tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş 307/KEŞ saylı ekspert rəyinə istinad etmişdir. Digər bir tərəfdən həmin ekspert rəyi qeyri-mötəbər və şübhəli olmaqla yanaşı, qüsurların olmadığını gözəlliyin tibbi-məhkəmə məfhumu olmadığına toxunmuşdur. Bununla bağlı olaraq bir daha bildirir ki, iddianın hüquqi əsası öhdəliyin lazımınca icra edilməməsi və nəticədə vurulmuş zərərin ödənilməsidir. Hər hansı nisbilikdən, zövqlərdən, yaxud qeyri müəyyənlikdən danışmaq mümkün deyil. Estetik əməliyyat həkim qarşısında qoyulmuş və yuxarıda qeyd edilmiş vəzifələrin tam və lazımınca icra edilməsidir. Klinika əməliyyat öncəsində də hüquq pozuntularına yol vermişdir. Belə ki, Klinika, mövcud qanunvericiliyə uyğun olaraq, tibbi komissiya toplamalı, aparılan əməliyyatın keyfiyyətini, tibbi sənədlərin doldurulma keyfiyyətini yoxlamalı və xəstənin tələbi ilə müayinə keçirməli və səbəblərə dair rəy verməli idi. Nəsimi Rayon Prokurorluğunda aparılmış araşdırma nəticəsində cinayət işinin rədd edilməsi ilə bağlı qərar qəbul edilmiş, araşdırma zamanı verilmiş ekspert rəyində sağlamlığı ilə bağlı məsələlərə toxunulsa da bədənin estetik cəhətdən vəziyyəti ilə bağlı məsələlərə toxunulmamış, gözəlliyin ekspertiza predmeti olmadığı vurğulanmışdır. Sağlamlığına zərər vurulmadığı iddia edilsə də əməliyyatdan sonra iddiaçının bədənindəki tikişlərin normaya uyğun olmadığı, süd vəzləri arasındakı məsafənin 5 sm olduğu müəyyən edilmiş, başqa cərrahdan aldıqları rəydə iddiaçının qüsurlu əməliyyat olunduğu qeyd edilmişdir. Cavabdeh bilərəkdən mübahisəni ümumi mənada gözəlləşmək kimi təqdim etməyə çalışmış, bununla əməliyyatın uğursuz icra edilməsi həqiqətini şüurlu olaraq gizlətmişdir. Əməliyyat sonrasında xəsdədə daha əvvəl müşahidə olunan şikayətlər aradan qalxmamış, hətta vəziyyət daha da ağırlaşmışdır. İstintaq mərhələsində aparılan ekspertizanın əməldə cinayət tərkibini istisna etməsi mülki hüquq pozuntusunu da istisna etmir. 1800 manat əməliyyatdan öncə həkimin köməkçisi Tərlan Əliyevanın şəxsi kartına göndərilib, belə ki, köməkçisi zəng edərək implantların pulunu ödənməsiylə bağlı səsli mesaj göndərib. Həmin səsli mesaj məhkəməyə təqdim edilib. Bununla yanaşı olaraq hər biri 200 manat olmaqla 5 dəfə qan köçürülməsi həyata keçirilmişdir. Əməliyyata girən zaman ondan ödənişin nağd qaydada alınacağı bildirildi, üzərində nəğd pul az olduğundan 1200 manat məbləği nağd şəkildə həyata keçirmişdir. Həmin şəxs daha sonra özbaşına kartını götürüb qəbzləri təqdim edəcəyini bildirdi. Ardınca əməliyyata girib. Sonradan aydın oldu ki, kartından özbaşına olaraq 6191 manat (1990+2000+1000+1000+201) çıxarılmışdır. Burada həmçinin mübahisənin insan sağlamlığı ilə bağlı olması ilə yanaşı, xüsusi olaraq uğursuz plastik əməliyyatların pasiyentlərda hansı ağır psixoloji sarsıntılara səbəb olduğu da nəzərə alınmalı idi. Aydındır ki, uğursuz estetik əməliyyat xəstəni özünəqəsd həddinə də çatdıra bilər. Həmçinin əməliyyatdan sonra iddiaçının səhhəti ilə bağlı bir sıra sənədlər, habelə şəxsin süd vəzilərində asimetriya, sol döşdə sallaqlıqla bağlı həkim arayışları məhkəməyə təqdim edilmişdir. Cavabdeh həmin sənədlərin estetik cərrahlar tərəfindən tərtib edilməməsini əsas gətirərək, məhkəmədən sübut qismində qəbul edilməməsini xahiş etmişdir. Baxmayaraq ki, pasientin süd vəzilərinin ultrasonoqrafik nəticəsi ilə bağlı xx.xx.2023-cü il tarixli protokol məhz radioloq doktor tərəfindən təqdim edilmiş, estetik əməliyyatların nəticəsi-süd vəzilərinin asimetriyası, normadan artıq məsafə, bədən nahamarlığı ilə bağlı 13 fevral 2024-cü il tarixli arayış isə cavabdehin idda etdiyinin əksinə, məhz estetik doktor tərəfindən tərtib olunmuşdur. Bu sənədlər estetik əməliyyatlar üzrə mütəxəssis olan həkimlər tərəfindən verilmişdir. Məhkəmənin hansı əsasla bu rəy və arayışları qəbul etməməsi anlaşılan deyildir

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X10 tərəfindən apellyasiya şikayətinə etiraz verilərək qeyd edilmişdir ki, apellyasiya şikayətindən göründüyü kimi tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan əmələ gələn öhdəliklə bağlıdır. Göründüyü kimi Nəsimi Rayon Prokurorluğunda da araşdırılma aparılmış və həkim Cavabdeh1 12000 manatın aldığını etiraf etmiş və həmin əməliyyatı da icra etmişdir. Həkim Cavabdeh1 Azərbaycan Tibb Universitetinin əməkdaşıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadənin 01 mart 2024-cü il tarixli, 421-C-23 nömrəli qərarı əsasında verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və X11” X16 xx.xx.2024-cü il tarixli, 307/KEŞ saylı ekspert rəyindən görünür ki, 1979-cu bi il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə "ATU-nun X10”na daxil olmuş və müvafiq müayinələrdən sonra ona "Qarının ön yan divar toxumalarının piylənməsi. Süd vəzilərinin ölçülərinin kiçik olması. Blefaroptoz” diaqnozu düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq "Liposaksiya-lipofilling. Mammoplastika implant ilə Blefaroplastika” cərrahiyyə əməliyyatları icra edilmişdir. Əməliyyat protokolunda qeyd olunan "Abdominoplastika” əməliyyatının adı və icrası xəstənin obyektiv müayinəsi zamanı aşkar edilməmişdir. Belə ki, əməliyyat protokolunda abdominoplastikaya ehtiyac olmaması qeyd edilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatlarından sonra İddiaçı 3 gün müddətində stasionar şəraitdə müalicə olunmuş və xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı üzərində icra edilmiş plastik əməliyyatlar səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olaraq taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı onda keçirilmiş cərrahiyyə əməliyyatlarından sonra hər hansı bir ağırlaşma və ya fəsad müəyyən edilməmiş, əməliyyat yaraları isə birincil sağalmışdır. Eybəcərləşmə məhkəmə-tibbi məfhum deyil. Odur ki, Abşeron Rayon Məhkəməsinin e2(012)- 1923-2024 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qanunu və əsaslı olması, maddi və prosessual hüquq normalarının pozulmaması və düzgün tətbiq edilməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılması, Abşeron Rayon Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməsi sübuta yetirilir və bu səbəbdən qətnamə qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi işə qeyri-obyektiv baxmış, qətnamə qanunsuz və əsassızdır. Təxminən 20-yə qədər həkim müayinəsindən keçmiş, müayinələrindən keçməyini təsdiq edən bütün sənədləri məhkəməyə təqdim etsə də həmin sübutlara qiymət verilməmiş, qətnamədə bu barədə qeyd olunmamışdır. Birinci instansiya məhkəməsində məhkəməyə iş materialları ilə tanış olmaq üçün müraciət etsə də bunun üçün şərait yaradılmamışdır. İşə prokurorluq tərəfindən araşdırılarkən birinci dəfə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarılmış, növbəti dəfə isə qismən rədd edilmə barədə qərar qəbul edilmişdir. Cinayət işi araşdırılarkən onu tanımayan həkimlər izahat vermiş və imza çəkmişlər. İkinci qərar hələ gəlib ona çatmasa da telefon əlaqəsi vasitəsilə vergidən yayınma faktının aşkara çıxdığı bildirilmişdir. İki ilə yaxın müddətdir ki, hadisənin həkim səhlənkarlığı ucbatından baş verdiyini bildirir, əlindəki sübutları müvafiq orqanlara təqdim edir. Bir dəfə əməliyyat olunmuş, əməliyyat uğursuz olduğundan həkim onu ilk əməliyyatdan 5 ay sonra çağıraraq ikinci dəfə əməliyyat etmək istəmiş, həmin gün özü də səhlənkarlığını etiraf etmişdir. Bununla bağlı onda əməliyyat paketindən keçmə sənədləri, analizlər, müayinə jurnalında müayinələrdən keçməyi ilə bağlı qeydlər, həkimin əməliyyat sonrası yaranan qüsurları ikinci əməliyyatla aradan qaldıracağına dair yazışmalar var. Bütün bu sübutlara rəğmən iş prokurorluq tərəfindən araşdırılarkən cavabdeh əməliyyatın uğurlu keçdiyini və heç bir qüsurun olmadığını bildirərək tamamilə yanlış ifadə vermişdir. Sənədlərdə diastaz olduğu, assimetriya yarandığı və qüsurların mövcudluğu, bu səbəbdən təkrar əməliyyatın zəruri olduğu qeyd olunmuşdur. Arıq biri olmuş, qarın nahiyəsində qabarıqlıq olub, həkimə müraciət etmiş, ultrasəs müayinəsi vasitəsilə qarnındakı qabarıqlığın piy vəzi yaxud bağırsaq köpü olduğunu müəyyənləşdirə biləcəyi halda, müayinə etmədən qabarıqlığın piy vəzi olduğunu bildirmiş və əməliyyatla uğurlu nəticə alınacağını söyləmişdir. Öncədən qabarıqlığın bağırsaq köpü olduğunu bilməmiş, piy olduğunu düşünmüş və klinikanın plastik cərrahiyyə şöbəsinə müayinəyə getmişdir. Əməliyyatdan sonra qabarlıqlıq qalmağa davam etmiş, tibb bacılarının danışığı əsasında qalanın köp olduğunu eşitmişdir. Həmin qabarıqla bağlı həkimə müraciət edəndə, o, əməliyyat zamanı götürülənin piy olmadığını, yalnız su çıxarıldığını, əməliyyatın uğurlu keçmədiyini, yaranan qüsurları növbəti əməliyyatla aradan qaldıracağını bildirmişdir. Bundan əlavə gözünün üst hissəsində əlavə ətlərin götürülməsi nəticəsində həmin hissədə aylarla ip qalmış, yırtıq yaranmış, həmçinin assimetriya meydana gəlmişdir ki, hazırda gözlərindən biri digərindən kiçik görünür. Sinə nahiyəsində də assimetriya var, ölçü baxımından fərqlidirlər. Süd vəziləri arasında olan məsafə normativlərə əsasən 1-1,5 sm arasında olmalı olduğu halda, əməliyyat zamanı implantlar elə yerləşdirilmişdir ki, məsafə 5 sm uzunluğunda olmuşdur. Bununla yanaşı, öncədən sağrı nahiyəsində çökəkliklər olduğundan qarın nahiyəsindən çıxarılan piylərlə həmin çökəkliklərin doldurulmasını, göz ətrafına gel əvəzinə piy vurulmasını təklif edərək uğurlu nəticə alınacağını bildirmişdir. Əməliyyatdan sonra qarının düz əzələlərinin diastazı əmələ gəlmiş, nəticədə skolioz, bel ağrısı meydana gəlmiş, ginekoloji problemlər, kistalar, bağırsaq pozğunluğu yaranmışdır. İş prokurorluqda araşdırılarkən klinikadan ödəniş qəbzlərinin əldə olunmasını tələb etmiş, klinika qəbzləri təqdim etməyib, buna baxmayaraq prosedurlarla bağlı blanklar var. Pulu Tərlan adlı xanıma verirdi, o aşağı mərtəbədə ödənişi edirdi. 1200 manat palata, 1800 manatı isə sinə implantları üçün üçün ödəniş etmiş, bununla bağlı faktura mövcuddur. Müayinə zamanı həkim əməliyyat qiymətləri ilə bağlı əlyazma təqdim etmişdir. Həmin əlyazmaların əsli var. Hazırda həmin əlyazmaları xəttşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı prokurorluq tələb edir. İki əlyazma mövcuddur, hər ikisi əməliyyat qiymətləri ilə bağlıdır, birində endirim paketinin qiymətləri əks olunmuşdur. Tərlanın kartından 6000 manat məbləğində pulu çıxarmasından xəbəri olmuşdur. Tərlan əməliyyat pulunu çıxardığını, əlavə çıxarmadığını bildirmişdir. Bununla bağlı səs yazıları mövcuddur. Birinci instansiya məhkəməsində həmin səs yazıları vəkili tərəfindən məhkəməyə təqdim olunmuş, ehtiyac olduğu təqdirdə səs yazılarını məhkəməyə təqdim edə bilər. İş prokurorluq tərəfindən araşdırılarkən ekspertiza keçirilmiş, həkimlər bədənini görmüş, fotoşəkillərini çəkmiş və əməliyyatın uğursuz olduğunu, həmçinin bədənində qüsurların yarandığını bildirmişlər, həmçinin kistaların meydana gəldiyini toxunaraq hiss etmişlər. Lakin ekspert rəyində tamamilə əksini qeyd etmişlər. Əməliyyat nəticəsində həm sağlığına zərər dəymiş, həm də estetik cəhətdən uğurlu nəticə alınmamışdır. Sinə implantlarının ölçüsü, hətta implantların firmaları belə fərqlidir. Cavabdeh mənə Almaniyanın Politex firmasına məxsus implant qoyacağını bildirsə də İngiltərə firmasına məxsus Mentor firmasının implantlarını qoyub, hansı ki, həmin implantlar allergik reaksiya verir. Həmçinin tikişləriin estetik olduğu bildirilsə də, qeyriestetikdir. Abdominaplastika əməliyyatının keçirilməsinə gəldikdə isə mənə birinci dəfə təqdim olunan epikrizdə həmin əməliyyatın keçirildiyi qeyd olunsa da, ikinci dəfə təqdim olunmuş arayışda həmin əməliyyatınn adı siyahıdan çıxarılmışdır. Bədənində gözlə görünən estetik və cərrahi fəsadlar var, müayinələr göstərir ki, sinə implantarı götürüməli, diastaz problemi həll edilməli və əməliyyatdan sonra yaranan digər fəsadlar bərpa edilməlidir. İmplant hərəkət etdikcə ona ağrı verir. Fəsadların yaranması ilə bağlı bütün sübutları məhkəməyə təqdim etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahat verib bildirmişdir ki, 2023-cü ildə aparılmış əməliyyatdan sonra təmsil etdiyi şəxs ancaq müayinələrdə olub, məhkəməyə təqdim etdiyimi müayinə sənədləri əməliyyatın uğursuz olduğunu göstərir. Eyni zamanda, əməliyyatdan sonra fəsadlar yaranıb, iddiaçı maddi və mənəvi ziyan çəkib. 12000 manat ödənişin qarşılığında bədəni pis hala düşüb. Odur ki, həmin pulu geri alaraq fəsadlarını bərpa etdirmək istəyir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasının xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, briinci instansiya məhkəməsi işi kifayət qədər araşdırmış və əsaslı qərar qəbul etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi arayışlar plastik cərrah tərəfindən tərtib olunmamış, ona görə də həmin sənədlər sübut olaraq qiymətləndirilməməlidir. Təmsil etdiyi şəxs Səhiyyə Nazirliyininin təsdiq etdiyi 42 plastik cərrahdan biridir. İddiaçının izahatında vurğuladığı məsələlər estetika ilə, gözəlliklə bağlı məsələlərdir, hansı ki, estetika anlayışı hər kəs üçün fərqlidir, bunu müəyyən edən ekspert yoxdur. Prokurorluqda araşdırılarlən iki dəfə ekspertiza keçirilmiş, ikisində də əməliyyatın normal qaydada keçirildiyi qeyd olunmuşdur. Həmçinin, məhkəmə tərəfindən də keçirilən ekspert rəyi ilə də iddianın əsassızlığı sübut olunur. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.

13. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X3 nümayəndəsi Nümayəndə2 izahatında biildirmişdir ki, Nəsimi rayon prokurorluğunda təyin edilmiş ekspertizanın nəticəsində həkimin işində qüsur olmadığı aşklara çıxıb, eyni zamanda, klinikada iddiaçıya lazımi qulluq və xidmətlər göstərilib. Ödənişlə bağlı məsələyə gəldikdə isə kassaya nə qədər ödəniş olubsa, qəbzlər həm iddiaçıya, həm də Abşeron Rayon Məhkəməsinə təqdim edilib. Həkim Tibb universitetinin əməkdaşıdır, universitetin nəznində olan klinikada fəaliyyət göstərir, plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən azsaylı həkimlərdən biridir. Cavabdeh1 kafedranın əməkdaşıdır, həm pedoqoji fəaliyyətlə məşğuldur, həm də müstəqil həkim kimi çalışır. Liposaksiya əməliyyatı elə bir əməliyyatdır ki, piylərin sovurulması ilə həyata keçirilir, əməliyyat sonrasında xəstə öz idmanına, qidalanmasına fikir vermədiyi təqdirdə yeyilənlər sovurulmuş hissəyə dolmağa başlayır. Sözügedən kistaların yaranması səbəblərindən biri kimi hormonal dəyişiklik, süd kanallarının tıxanması və sair səbələrdən yaranır. İmpantın isə süd kanalları ilə əlaqəsi yoxdur və orada tıxanma yarada bilməz. Həmçinin sözügedən kistalar millimetrlə ölçülür, hansıki bü ölçüdə kistalarla bağlı cərrahi müdaxiləyə ehtiyac yoxdur. Həkim qabaqcadan xəstə ilə əməliyyatla bağlı danışıqlar apara bilər, lakin əməliyyat müddətində xəstənin orqanizmi, dərisi və digər amillərlə bağlı olaraq gedişat dəyişə bilər. Həmçinin əməliyyatdan bir neçə il keçib həmin müddəti iddiaçı kökələ də bilər. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.

14. Məhkəmə kollegiyasının iclasında dindirilmiş ekspert X5 izahatında bildirmişdir ki, iddiaçıda cərrahi müdaxiləyə ehtiyacı olan diastaz və digər kütlələr olmamışdır. Diastaz vizual olaraq görünmür. Şəxsin istəyinə uyğun onu bütün müayinə metodları ilə yoxlamaq səlahiyyətimiz yoxdur, yalnız təqdim olunan sənədlər əsasında rəy verirlər. Doğuşdan sonra dərialtında lipomalar yazana bilər ki, o da kistik kütlələrdən fərqlidir. Bu tip əməliyyatların 99 faizində xəstə əməliyyatdan narazı qalır, buna psixoloji faktorlar da təsir edir. İddiaçının süd vəzilərinə qoyulan implantların ölçüləri eynidir, lakin anatomik cəhətdən insan bədəni assimmetrik olduğundan implantların qoyulmasından sonra xəstə özündə simmetrik olmayan görünüş hiss edə bilər, lakin obyektiv müayinələr zamanı ölçülərin bərabər olduğu müşahidə olunur. Bundan əlavə xəstənin əməliyyat sonrası bərpa müddətində qida və idman rejiminə düzgün əməl etməməsi də mənfi nəticələrə səbəb ola bilər. İddiaçı da aparılmış əməliyyat sonrası hər hansı fəsad yoxdur, mamoplastika və liposaksiya əməliyyatı aparılıb, abdominaplastika aparılmayıb, düz qarın və döş qəfəsləri tamamilə fərqli yerlərdə yerləşir, onların anatomik cəhətdən də bir-biri ilə əlaqəsi yoxdur. USM ilə müayinə metodudur, onunla ən aşağı və yuxarı ölçülər müəyyən edilə bilsə də, mütləq qiymət müəyyən edilə bilməz. Bu metodla yad cisimlər müşahidə edilir. İnsan bədəni elə bir quruluşdadır ki, regenerasiya prosesi bütün hissələrdə eyni gedə bilməz, süd vəzilərinə gəldikdə isə, anatomik cəhətdən heç bir qadının süd vəziləri eyni ölçüdə deyil, odur ki, fərqli ölçüdə olan süd vəzi yataqlarına eyni ölçüdə implant qoyulan zaman simmetriya yarandığından xəstə özündə assimetriya, ölçü fərqliliyi hiss edə bilər, lakin obyektiv baxımdan ölçülər eynidir. İmplant qoyulması nəticəsində sinir zədələnməsi baş verə bilməz, implant hərəkətli, yumşaq olmalıdır. USM kütlələrin kistik kütlə olduğunu bildirə bilməz. Kütlənin mənşəyinin öyrənilməsi üçün biopsiya proseduru icra edilməlidir. Qarının düz olması üçün abdominaplastika əməliyyatı aparılır, həmin əməliyyat zamanı sol qalça tinindən 50-60 sm kəsik açılır, dəri, dəraltı toxumalar açılır, əzələlərdə dalğavari tikişlər aparılır, düz əzələnin fiksasiyası həyata keçirilir, bu isə insanın gələcək həyatında diskomfort yaradır, sözügedən əməliyyat isə iddiaçıda aparılmamışdır.

İşdə olan sübutlar

15. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqinin qərarı əsasında verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X11” X16 xx.xx.2023-cü il tarixli, 791/KEŞ saylı ekspert rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə “ATU-nun X10”na daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Qarının ön yan divar toxumaların piylənməsi, Süd vəzilərinin ölçülərinin kiçik olması. Blefaroptoz” diaqnozu təyin edilmiş və diaqnoza uyğun “Liposaksiya-lipofilling. Mammoplastika implant ilə. Blefaroplastika” cərrahiyyə əməliyyatları icra edilmişdir. Əməliyyat protokolunda qeyd olunan “Abdominoplastika” əməliyyatının adı və icrası xəstənin obyektiv müayinəsi zamanı aşkar edilməmişdir. Belə ki, əməliyyat protokolunda abdominoplastikaya ehtiiyac olmaması qeyd edilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatlarından sonra İddiaçı 3 gün müddətində stasionar şəraitdə müalicə olunmuş və xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. 2.6. İddiaçı üzərində icra edilmiş plastik əməliyyatlar səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olaraq texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 3-5. İddiaçı mütəxəssis müayinəsi zamanı onda keçirilmiş cərrahiyyə əməliyyatlarından sonra hər hansı bir ağırlaşma qeyd edilməmiş, əməliyyat yaraları isə birincili sağalmışdır. Eybəcərləşmə məhkəmə-tibbi məfhum deyil.

16. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadənin 26 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

17. Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən qəbul edilmiş 06 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması barədə qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın əsassız olduğundan ləğv edilməsi və əlavə araşdırma aparılması qərara alınmışdır.

18. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqinin qərarı əsasında verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X11” X16 xx.xx.2024-cü il tarixli, 307/KEŞ saylı ekspert rəyindən görünür ki, 1979-cu bi il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə “ATU-nun X10”na daxil olmuş və müvafiq müayinələrdən sonra ona “Qarının ön yan divar toxumalarının piylənməsi. Süd vəzilərinin ölçülərinin kiçik olması. Blefaroptoz” diaqnozu düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq “Liposaksiya-lipofilling. Mammoplastika implant ilə. Blefaroplastika” cərrahiyyə əməliyyatları icra edilmişdir. Əməliyyat protokolunda qeyd olunan "Abdominoplastika” əməliyyatının adı və icrası xəstənin obyektiv müayinəsi zamanı aşkar edilməmişdir. Belə ki, əməliyyat protokolunda abdominoplastikaya ehtiyac olmaması qeyd edilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatlarından sonra İddiaçı 3 gün müddətində stasionar şəraitdə müalicə olunmuş və xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. 2.6. İddiaçı üzərində icra edilmiş plastik əməliyyatlar səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olaraq taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 3-5. İddiaçı mütəxəssis müayinəsi zamanı onda keçirilmiş cərrahiyyə əməliyyatlarından sonra hər hansı bir ağırlaşma və ya fəsad müəyyən edilməmiş, əməliyyat yaraları isə birincili sağalmışdır. Eybəcərləşmə məhkəmə-tibbi məfhum deyil.

19. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadənin 10 may 2024-cü il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və material ayrılaraq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı bank hesab kartından pul vəsaitinin ələ keçirilməsi ilə əlaqədar hər hansı şəxsin əməlində Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin tərkib əlamətləri olub-olmamasına qiymət verilməsi üçün material ayrılaraq aidiyyəti üzrə Nəsimi RPİ-nin 20-ci PŞ-nə göndərilməsi, ATU-nun X8 həkim-plastik cərrahı Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-in 213-cü maddəsinin tərkib əlamətlərinin olubolmamasına qiymət verilməsi üçün materialın aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilməsi qərara alınmışdır.

20. xx.xx.2025-ci il tarixli, 263/KEŞ saylı məhkəmə-tibbi eskpert rəyindən görünür ki, “ATU-nun X12”nda plastik cərrah Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə pasinet X9 üzərində “Liposaksiya-lifofilling. Mammoplastika implant ilə. Blefaroplastika” cərrahiyə əməliyyatı icra edilmişdir. İddiaçı Oktay qızına tətbiq edilmiş plastik əməliyyatlar səhiyyə sistemində mövcud olan cərrahi profilli təlimat qaydalarının tələblərinə uyğun həcmdə taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı keçirilmiş cərrahiyyə əməliyyatlarla bağlı hər hansı bir ağırlaşma və ya fəsad (kistik kütlə, qarın əzələsinin diastazı) müəyyən edilməmişdir. Hər iki gözün üst qapaqlarında və süd vəzilərinin alt dəri büküşü hüdudunda postoperasion yaraların birincili sağalması hesabına incə çapıqlaşma inkişaf etmişdir. Qarının ön divarında abdominoplastika əməliyyatı ilə əlaqədar postoperasion çapıq aşkar edilmədi. İddiaçı bədəninin fiziki, antropometrik göstəricilərinə uyğun seçilmiş, ölçüsü “425 cc Mentor” markalı implantdan istifadə edilmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

22. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

23. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(012)-1923/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(012)-1923/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edimişdir ki, iddiaçı ilə ATUnun X12 arasında xx.xx.2023-cü il tarixdə tibbi xidmət müqaviləsi bağlanılaraq, həmin müqavilə əsasında plastik cərrah Cavabdeh1 tərəfindən İddiaçı Oktay qızının üzərində “Liposaksiya-lifofilling. Mammoplastika implant ilə və Blefaroplastika” cərrahiyə əməliyyatı icra edilmişdir. İddiaçı həmin tibbi xidmətin estetika baxımından gözlənilən nəticə vermədiyini və həmin xidmət nəticəsində sağlamlığına zərər dəydiyini iddia edərək, müqavilə üzrə ödədiyi pul məbləğini geri qaytarılmasını tələb etmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericlikdə tibbi xidmət nəticəsində şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi nəzərdə tutulmuşdur ki, iddiaçının şikayəti əsasında ibtidai istintaq orqanları tərəfindən, o cümlədən məhkəmə kollegiyası tərəfindən keçirilmiş ekspertiza nəticəsində əldə edilmiş ekspert rəyləri ilə, iddiaçıya göstərilmiş tibbi xidmətin səhiyyə sistemində mövcud olan cərrahi profilli təlimat qaydalarının tələblərinə uyğun həcmdə taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməsi müəyyən edilmiş, həmçinin cərrahiyyə əməliyyatlarla bağlı hər hansı bir ağırlaşma və ya fəsad (kistik kütlə, qarın əzələsinin diastazı) müəyyən edilməmişdir. Hərçənd ki, tərəflər arasında bağlanmış tibbi xidmət müqaviləsinin 4.1-ci bəndində iddiaçı üzərində həyata keçiriləcək tibbi xidmətin yüksək risk daşıması, ehtimal olunan fəsadlarını qəbul etmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin orqanizminin fərdi olması baxımından hər hansı bir tibbi xidmət zamanı, əsasən də cərrahi əməliyyatlar nəticəsində şəxsin sağlamlığında müəyyən fəsadların yaranması və buna müvafiq olaraq da sağlamlığa zərərin dəyməsi mümkün olan hal hesab olunur. Lakin, bu zaman tibbi xidmət göstərən şəxs o zaman məsuliyyət daşıyır ki, qeyd olunan zərər onun təqsiri üzündən baş vermiş olsun. Həkim göstərdiyi tibbi xidməti səhiyyə sistemində mövcud olan təlimat qaydalarına və klinik tövsiyyələrə uyğun həyata keçirdiyi təqdirdə onun məsuliyyəti də istisna olunur. Hazırkı iş üzrə də cavabdeh tibb müəssisəsinin və cərrahi əməliyyatları icra etmiş həkimin məsuliyyətini müəyyən edən hal müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi əməliyyat sonrası ultrasəs müayinəsinin nəticələri və özəl tibb müəssisəsinin arayışları isə yuxarda qeyd olunan əsaslara görə iddianın təmin edilməsi üçün əsas hesab oluna bilməz. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.

28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının hazırkı tələbinin əsasını göstərilən tibbi xidmətin gözlənilən nəticə verməməsi və sağlamlığına zərər dəyməsi təşkil etmişdir ki, həkim və ya onun köməkçisi tərəfindən xidmət müqaviləsindən kənar artıq məbləğdə pul alınması hazırkı mübahisənin hüquqi və faktiki əsasını təşkil etməmişdir. Buna görə də məhkəmə kollegiyası tərəfindən qeyd edilən əsas üzrə müvafiq araşdırma aparılmamış və hüquqi qiymət verilməmişdır.

29. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(012)- 1923/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(012)-1923/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar