Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1951/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 120/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-120/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1799,89 manat məbləğində əsas, 975 manat məbləğində faiz, 100 manat cərimə borcunun və ödənilmiş 25 manat dövlət rüsumunun əvəzinin ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması, dövlət rüsumunun 5 manatının iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatına görə 130 manat məbləğində pulun Cavabdeh və 15 manatın isə iddiaçıdan alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir. (hakim A.Sadıqov) Qətnamədən iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-120/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək bankın iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 02 iyun 2015-ci il tarixli, 100/00/109714/15 saylı kredit müqaviləsi üzrə 1805,35 manat məbləğində əsas, 975,96 manat faiz, 4925,66 manat cərimə borcunun, 277,50 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan QSC "xxxx" KB-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB ilə cavabdeh arasında 02.06.2015-ci il tarixdə kredit müqavilə bağlanmış, Bank tərəfindən cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 1805,35 manat məbləğində əsas, 975,96 manat faiz, 4925,66 manat cərimə, 277,50 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilsə də, heç bir müsbət nəticəsi olmamışdır. Cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi banka zərər dəyməsi ilə nəticələnir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə tam razılaşmır. Bankın qaldırdığı tələbi sübut edən kifayət qədər sənəd iş materiallarında mövcud olduğu halda heç bir zərurət olmadan məhkəmənin təşəbbüsü ilə mühasibatlıq ekspertizası keçirilmiş və rəy alınmışdır. Bu rəy digər sübut növlərindən biridir və bütün sübutlar qarşılıqlı əlaqə şəklində müqayisə edilərək nəticəyə gəlinməlidir. Məhkəmə isə borcu müəyyən edərkən yalnız ekspert rəyinə istinad etmiş, səhv nəticəyə gəlmişdir. İddia ərizəsində bank tərəfindən müqavilənin vaxtından sonrakı dövr üçün illik 5 faiz tətbiq edilərək borcun tutulması müddəasına isə məhkəmə heç bir münasibət bildirməmişdir. Eyni zamanda, bank tərəfindən 4925,66 manat cərimə borcu tələb edilsə də, məhkəmə cavabdehdən nəyə əsasən 100 manat cərimə tutmasını da əsaslandırmamışdır. Bu hallara düzgün qiymət verilmədiyindən, qətnamə iddianın təmin edilməmiş hissəsində ləğv edilməli, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı Cavabdeh apelyasiya şikayətinin hər hansı bir mötəbər əsaslandırmaya malik olmadığından qətnamənin qüvvədə saxlanmasını xahiş etdi. İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan 02.06.2015-ci il tarixli, 100/00/109714/15 nömrəli kredit müqaviləsindən görünür ki, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş Ləğv prosesində olan QSC "xxxx" KB-nin 19.06.2020-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarış sənədindən görünür ki, Cavabdeh Ləğv prosesində olan QSC "xxxx" KB-yə 1805,35 manat məbləğində əsas, 975,96 manat məbləğində faiz, 4925,66 manat məbləğində cərimə, 277,50 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 7984,47 manat borcu var. Yenə işdə olan pretenziya məktublarından görünür ki, Bank tərəfindən cavabdehə mövcud borcun ödənilməsi barədə xəbərdarlıq bildirişi göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 21.01.2021-ci il tarixli 9/44 nömrəli rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 02 iyun 2015-ci il tarixli 100/00/109714/15 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 02 iyun 2017-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan ümumi borcu 3518,89 manat məbləğində, 14 iyul 2020-ci il tarixə (iddia ərizəsinin təqdim edildiyi tarixə) olan ümumi borcu isə 3014,09 manat məbləğində (əsas borca hesablanılan faiz dərəcəsi kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 14.07.2020-ci il tarixədək 5% dərəcəsi ilə hesablanmaqla) müəyyən edilir, o cümlədən 02.06.2017-ci il tarixə olan borc üzrə: əsas borc üzrə 2543,89 manat, faiz borcu üzrə 975,00 manat. 14.07.2020-ci il tarixə olan borc üzrə: əsas borc üzrə 1799,89 manat, faiz borcu üzrə 1214 manat. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-120/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi şikayətləndirilən hissədə də qismən təmin olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh QSC "xxxx" KB-dən 02 iyun 2015-ci il tarixdə illik 24 % dərəcəsilə 24 ay müddətinə 3000 manat məbləğində kredit götürmüşdür. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçı bankdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 1799,89 manat məbləğində əsas və 975 manat məbləğində faiz borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, bank hesabından çıxarışla, maliyyə arayışı ilə, ən əsası isə aparılmış ekspertiza tədqiqatının rəyi ilə təsdiq olunur. Məhkəmə mübahisənin obyektiv araşdırılması məqsədilə öz təşəbbüsü ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin rəyinə əsasən müqavilə üzrə əsas və faiz borcunu dəqiq müəyyən etmişdir. İddiaçının iş üzrə hər hansı ekspertizanın keçirilməsi üçün mütləq tərəflərin vəsatətinin olması barədə dəlili əsassızdır, çünki mövcud prosessual qanunvericiliyə əsasən məhkəmə bunu, öz təşəbbüsü ilə də edə bilər. Apelyasiya şikayətindən göründüyü kimi Fondun əsas şikayəti cərimə məbləğinin tənasübsüz dərəcədə azaldılması və kredit müddəti bitəndən sonra hesablanmış fazi borcu tələbinin təmin edilməməsindəndir. İşdən görünür ki, iddiaçı cərimə məbləği olaraq 4925,66 manat tələb etmiş, işə baxan məhkəmə isə tələb edilən dəbbə pulunu 100 manat məbləğinə qədər azaltmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən tələb edilən dəbbə pulunun minimal miqdara qədər azaldılmasında birinci instansiya məhkəməsi tam haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşdən göründüyü kimi cərimə məbləği olaraq tələb edilən 4925,66 manat ümumi iddia tələbinə (əsas borc tələbi 1805,35 manat və faiz borcu 975,96 manat) münasibətdə tənasübsüz surətdə yüksəkdir. Ona görə də işçə baxan məhkəmə həmin məbləği azaltmaqda haqlı olsa da, onu 100 manata endirməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, tələb edilən cərimə məbləğini 300 manata endirmək hər iki tərəfin əmlak vəziyyətinə uyğun olar. İddia tələbindən görünür ki, bank cavabdeh tərəfindən kredit öhdəliklərinin icrasını gecikdirdiyinə görə, gecikdirilmiş faiz borcunun ödənilməsinə dair hissədə iddia tələbini təmin etməmişdir. Halbuki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İş materiallarına əlavə edilmiş 19 iyun 2020-ci il tarixli maliyyə arayışından da görünür ki, cavabdehin 277,50 manat gecikdirilmiş faiz borcu vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə üzrə əsas borcun 1799,89 manat olduğu və müqavilənin bitdiyi tarixdən iddia qaldırılan tarixədək 3 il müddət keçdiyi nəzərə alınarsa tələb edilən gecikdirilmiş faiz borcunun məbləği əsaslıdır və bu borc da iddiaçı bankın xeyrinə tutulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı ilə müəyyən olunmuşdur ki, kredit münasibətləri müddətlidir və və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının AR MMin 445.7-ci maddəsinə istinad edərək ödənişin gecikdirilmiş vaxtı üçün əlavə olaraq 277,50 manat faiz məbləği tələb etməsi də əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, habelə apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual normaları pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmçinin həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, gecikdirilmiş faiz borcunun tutulmaması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia apelyasiya şikayətində göstərilən hissədə təmin olunmalı, eləcə də cərimə hissəsində qətnamə dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumları cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-120/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi gecikdirilmiş faiz borcunun tutulmaması hissəsində ləğv edilsin. Bu hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilsin. Cavabdeh 277,50 manat gecikdirilmiş faiz borcu tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına verilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-120/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi cavabdehdən 100 manat cərimə məbləğinin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 300 manat cərimə borcu tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına verilsin. Qətnamə qalan, yəni cavabdehdən 1799,89 manat məbləğində əsas, 975 manat məbləğində faiz borcunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması, ekspertiza tədqiqatına görə 130 manat məbləğində pulun Cavabdeh və 15 manatın isə iddiaçıdan alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi cəmi 45,80 (30,40+15,40) manat pul Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1951/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1951/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver