Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1952/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “Azərişıq” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(067)-220/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(067)-220/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlkin Xəlilov) iddiaçı “Azərişıq” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 564,92 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun “Azərişıq” açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Azərişıq” açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh istifadə edilmiş elektrik enerjisinə görə yaranan 564,92 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, abonent kodu **********00044 olan Cavabdeh cəmiyyətə elektrik enerjisindən istifadəyə görə 564,92 manat borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, ona məxsus evin qarşısında quraşdırılan ********** saylı sayğaca 18.01.2017-ci il tarixdə X2 əməkdaşları tərəfindən baxış keçirilərkən sayğacın giriş “sıfır” xəttinin dövrədən kənarlaşdırıldığı və sayğaca kənardan “sıfır” götürülməsi aşkar edilmiş, bu barədə 057916 saylı akt tərtib edilərək 550,14 manat məbləğində cərimə hesablanmışdır. Hazırda onun “Azərişıq” açıq səhmdar cəmiyyətinə 565,77 manat məbləğində borcunun olması göstərilir. Birinci instansiya məhkəməsində iştirak edib izahat verərkən iddiaçının dəlillərinə qəti etirazını bildirmiş, 18.01.2017-ci il tarixdə X2 əməkdaşlarının yaşadığı evin qarşısına gəlib sayğacı dəyişdirərək yenisi ilə əvəz edəcəklərini bildirdiklərini, buna görə ondan pul istədiklərini, o isə yeni sayğacların bütün abonentlərin evlərinə dövlət hesabına quraşdırıldığını bildirib, pul verməkdən imtina etdiyini göstərmişdir. Buna görə də X2 əməkdaşları qərəzli olaraq, onun iştirakı olmadan, başqa yerdə akt tərtib etmiş, onu aktla tanış etməmişlər. Onun həmin aktdan məlumatı olmamışdır. O, istifadə etdiyi elektrik enerjisinə görə pulu vaxtında ödəməklə, sayğaca heç bir müdaxilə etməmişdir. Digər tərəfdən, “Azərişıq” açıq səhmdar cəmiyyəti tərəfindən ona bu barədə heç bir xəbərdarlıq olunmamışdır. Bu barədə o, üç ildən artıq müddət keçdikdən sonra məhkəməyə dəvət olunan zaman bilmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı “Azərişıq” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “Azərişıq” açıq səhmdar cəmiyyətinin Şimal RETSİ-nin X2 əməkdaşları tərəfındən tərtib olunmuş 057916 saylı, 18.01.2017-ci il tarixli aktın surətindən görünür ki, Xaçmaz rayonu, Hacılar kəndində yaşayan Cavabdeh məxsus evdə sayğaca baxış keçirilən zaman sayğacın giriş “sıfır” xəttinin dövrədən kənarlaşdırıldığı və sayğacın kənardan “sıfır” xətti vasitəsilə idarə olunduğu müəyyən edilmişdir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, Cavabdeh akt üzrə 571,82 manat borc hesablanmışdır. İş materiallarında olan “Azərişıq” açıq səhmdar cəmiyyətinin 14.07.2020-ci il tarixli borc haqqında arayışından görünür ki, abonent kodu **********00044 olan Cavabdeh həmin tarixə istehlak edilmiş elektrik enerjisinə görə 564,92 manat borcu vardır. İş materiallarında olan aktın hesabatı və görüləcək işlər barədə tələblərdən görünür ki, Cavabdeh yaşadığı Xaçmaz rayonu, Hacılar kəndində yerləşən ev üzrə 057916 saylı, 18.01.2017-ci il tarixli akta əsasən itirilmiş elektrik enerjisinin sərfi 7832 kvt təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparılır. Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş üzrə araşdırılmış sübutlardan görünür ki, “Azərişıq” açıq səhmdar cəmiyyətinin Şimal RETSİ-nin X2 əməkdaşları tərəfındən Xaçmaz rayonu, Hacılar kəndində yaşayan Cavabdeh məxsus evdə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın giriş “sıfır” xəttinin dövrədən kənarlaşdırıldığı və sayğacın kənardan “sıfır” xətti vasitəsilə idarə olunduğu müəyyən edilmiş, bu barədə 057916 saylı, 18.01.2017-ci il tarixli akt tərtib olunmuşdur. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçının tələb etdiyi məbləğ iki min manatdan azdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(067)-220/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1952/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1952/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver