Məhkəmə qərarları › İş №2(105)-1953/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1953/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1953/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X2, Cavabdeh: Cavabdeh2 iştirakları ilə, İddiaçı Ləğv Prosesində Olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə ona hesablanmış faiz məbləğinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 3004,54 (üç min dörd) ABŞ dolları 54 sent məbləğində əsas borc, 1135,50 (bir min yüz otuz beş) ABŞ dolları 50 sent məbləğində faiz borcu, ümumilikdə 4140,04 (dörd min yüz qırx) dolları 04 sent məbləğində borc, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat və 24 (iyirmi dörd) manat məbləğində notariat xərcinin tutulub iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ləğv prosesində olan «İddiaçı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3004,54 ABŞ dolları məbləğində əsas borc, 1135,50 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 4140,04 ABŞ dolları məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 24 manat notariat xərcinin tutulub iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanılmış 21.08.2015-cı il tarixli, 2582 SBFFK N-li «Kredit müqaviləsi»nə əsasən, şəxsi məqsədlər üçün 36 (otuz altı) ay müddətinə, 4500 (dörd min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə bank arasında bağlanmış 21.08.2015ci il tarixli, 2582 SBFFK N-li «Kredit müqaviləsi»nin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh2 zamin durmuşdur. Bu məqsədlə Cavabdeh2 ilə 21.08.2015-ci il tarixdə “Zaminlik” müqaviləsi bağlanmışdır. Cavabdehlər bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehlərin banka 04 sentyabr 2020-ci il tarixə 3004,54 ABŞ dolları məbləğində əsas borc, 1135,50 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 4140,04 ABŞ dolları məbləğində kredit borcu var. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı «Bildiriş»lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Həmçinin, 25 dekabr 2019-cu il tarixdə Bank tərəfindən cavabdehə bildiriş göndərilməklə Cavabdeh1 yeni güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanması təklif olunsa da cavabdeh yenə də Banka gəlməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Onun tərəfindən birinci instansiya məhkəməsinin adına ünvanlanmış yazılı ərizəsində İddiaçı-ti tələblə bağlı iddia müddətini keçirməsi və əsassız olaraq məhkəmədə iddia qaldırması barədə məlumat versədə bu hala heç bir hüquqi qiymət verilməmiş və nəticədə ədalətsiz nəticə verilmişdir. Məhkəmə heç bir araşdırma aparmadan qanunsuz qətnamə qəbul etmişdir. Quba Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(027)-200/2021 saylı qətnaməsinin ləğv edilməsini, işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş eti. İddiaçının nümayəndəsi M.Ş.Nəciyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin olunmalı, qətnamə qismən ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, tərəflər arasında kredit, zamin müqaviləsinin olmasına və cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 hissəsində qanuni və əsaslı deyil, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanılmış 21.08.2015-cı il tarixli, 2582 SBFFK N-li «Kredit müqaviləsi»nə əsasən bank borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 4500 ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan 21.08.2015-ci il tarixdə bağlanmış “Zaminlik” müqaviləsindən görünür ki, 2582 SBFFK nömrəli «Kredit müqaviləsi»nin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh2 zamin durmuşdur. İş materiallarında olan 21.08.2015-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 İddiaçı-nə ümumilikdə 4140,04 ABŞ dolları kredit borcu təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götörör, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qösurlarla və ya öhdəliyin məzmunu ilə möəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. İş materialları ilə müəyyən edilir ki, zaminlik müqaviləsi Cavabdeh2lə 21 avqust 2015-ci il tarixdə 36 ay müddətinə bağlanmış, həmin müqavilənin müddəti 21 avqust 2018ci il tarixdə bitdiyi halda, iddiaçı məhkəməyə iddia ərizəsi ilə 15 sentyabr 2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Bundan başqa zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir. Buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Buna baxmayaraq Cavabdeh2 birinci instansiya məhkəməsinə teleqramma göndərərək, iş üzrə iddianın qəbul edilməməsini və iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh2 tərəfindən ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə 19 mart 2021-ci il tarixli 2(027)-200/2021 saylı qətnaməsi Cavabdeh2 hissəsində ləğv edilsin. İddiaçı Ləğv Prosesində Olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə ona hesablanmış faiz məbləğinin geri qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1, 3004,54 (üç min dörd) ABŞ dolları 54 sent məbləğində əsas borc, 1135,50 (bir min yüz otuz beş) ABŞ dolları 50 sent məbləğində faiz borcu, ümumilikdə 4140,04 (dörd min yüz qırx) dolları 04 sent məbləğində borc, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat və 24 (iyirmi dörd) manat məbləğində notariat xərci tutulub iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Ləğv Prosesində Olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə ona hesablanmış faiz məbləğinin geri qaytarılması tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar