Məhkəmə qərarları › İş №2(105)-1953/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1953/2022

28.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1953/2022 28.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(027)-1603/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddianın qismən təmin edilməsi, 28 may 2009-cu il təvəllüdlü X3 və 09 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli iş № 2(027)-1394/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa hər ay 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Hüquqi yardım ilə əlaqədar 50 manat Cavabdeh tutularaq, İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(027)-1394/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq 28 may 2009-cu il təvəllüdlü X3 adlı və 09 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 26 iyul 2008- ci il tarixdə rəsmi nikahı qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından 28 may 2009-cu il təvəllüdlü X3 adlı və 09 yanvar 2013-cü il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə aralarında olan problemlər səbəbindən nikahları pozulmuşdur. Bundan sonra o, uşaqların saxlanılması ilə bağlı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli. 2(027)-1394/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28 may 2009-cu il tarixdə anadan olmuş X2 və 09 yanvar 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Cavabdeh hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin 01 may 2019-cu il tarixdən başlayaraq tutulub ona verilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Hazırda qət edilmiş aliment məbləği bir uşaqların bir aylıq təlabatını belə ödəmir. Uşaqlar məktəblidir. Onların ehtiyacları günügündən artır. Hazırki vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşaqlarının qanuvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. O, alimentin artırılması və digər tələblərə dair işin məhkəmədən kənar qaydada həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasına gəlməmiş, ona görə də ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 06 may 2022-ci il tarixli, MŞİİ1-17363 nömrəli arayış verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quba Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə faktları, uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi üçün alimentin artırılaraq ən azından ölkə üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumuna çatdırılmalı olmasını və bununla bağlı cavabdehin hər cür imkanının olmasını nəzərə almamış, uşaqların saxlanılması üçün hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin tutulmasını qət etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş alimentin məbləği uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmaqla onların maddi təminatlarını ödəmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni yetkilik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə iddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd etmək lazımdır ki, aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşaqların marağı təmin edilməlidir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır. Hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahlarından olan övladının saxlanılması üçün müəyyən edilən alimentin məbləği Quba Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin maddi və ailə vəziyyəti nəzərə alınaraq, alimentin məbləği 150 manata qədər artırılmış, lakin iddiaçı bu nəticədən narazı qalaraq qətnaməni mübahisələndirmişdir. Həmin qətnamənin çıxarıldığı vaxtdan iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il müddətə ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasına, yəni bu alimentin miqdarının tələb olunan məbləğdə artırılması üçün Cavabdeh maddi vəziyyətində dəyişiklik olmamış, yəni onun gəlirləri artmamışdır. İddiaçı Cavabdeh maddi vəziyyətindəki dəyişiklə bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1. maddəsinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb birinci instansiya məhkəməsi tərəfindən hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat miqdarında alimentin artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat miqdarda tutulması təşkil edir (386-240=146 manat). Həmin artımın bir il ərzində məcmusu isə (146 X 12 ay = 1752 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar