Məhkəmə qərarları › İş №2(105)-196/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-196/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-196/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə5 və Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2(060)-5593/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq, X4 mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********78 saylı tam kart çərçivə müqaviləsinə əsasən 395,92 manat əsas borc, xx.xx.2022-ci il tarixli, BPM**********77 saylı kredit müqaviləsinə əsasən 3985,3 manat əsas borc olmaqla, ümumilikdə 4381,22 manat pul vəsaitinin, həmçinin ödənilmiş 63,82 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********78 saylı tam kart çərçivə müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 400 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********77 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 21 faiz ödəmək şərtilə 4800 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ № 385247 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 2 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 963 saylı məktubuna əsasən X4 mirası qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlarından görünür ki, X4 xx.xx.2024-cü ilədək banka xx.xx.2021-ci il tarixli, BPM**********78 saylı tam kart çərçivə müqaviləsi üzrə ödənilməmiş 395,92 manat əsas borcu, xx.xx.2022-ci il tarixli, BPM**********77 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 3985,3 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2- 23966/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliklərini bugünədək tam şəkildə yerinə yetirməmişdir.

3. Cavabdehə iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2(060)-5593/2024 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 3050 (üç min əlli) manat pul vəsaiti və ödənilmiş 63,82 manat dövlət rüsumunun 50 (əlli) manat, 50 (əlli) qəpik hissəsinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış BPM**********77 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana 48 ay müddətində 4800 manat məbləğində kreditdən istifadəyə görə illik 21 faiz ödəmək şərtilə kredit verməyi öhdəsinə götürmüşdür. X2 xx.xx.2023-cü ildə vəfat etmişdir. Şirinov Cavabdeh Şəlalə Kamil qızının qanun üzrə vərəsəsi təyin edilmiş və o, Əmək və “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X13 “Sumqayıt Tibb Mərkəzi” X13inin xx.xx.2023-cü il tarixli, 18-1-66/2-1588/2023 nömrəli məktubuna əsasən mərhum X4 adına ödənilməmiş 3050 manat pul məbləğindən ibarət miras əmlakdan tam hissədə pay almışdır. Sözügedən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən X4 vərəsəsi Cavabdeh bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 425.1, 1151-ci,1306.1, 1309-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

7. İddiaçı"xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2(060)-5593/2024 nömrəli qətnaməsinin dəyişdirilərək X5 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 3985.3 manat əsas borcu, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən kart limiti üzrə 395.92 manat əsas borcu olmaqla, cəmi 4381.22 manat borcunun və ödənilmiş 63.82 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2(060)-5593/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsə Cavabdeh miras əmlakından tam hissədə pay almışdır. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sözügedən iddia tələbi üzrə öhdəlik borclunun şəxsi iştirakı olmadan icra edilməsi mümkün olan öhdəliklər sırasına daxildir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, X5 vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 2 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzinin notariat ofisi tərəfindən göndərilən məktuba əsasən vərəsə miras əmlakından tam hissədə pay almaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Beləliklə, X5 vərəsəsi Cavabdeh olduğu, ondan savayı heç bir vərəsə müəyyən edilmədiyi qeyd edilmişdir. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul edərək, miras passivlərini (əmlak vəzifələrini) tam həcmdə qəbul etmişdir. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməldir.

10. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixində 6-2-22/2-23966/2024 nömrəli xəbərdarlıq məktubuna rəsmi xx.xx.2024-cü il tarixli məktubla cavab vermişdir. Dəfələrlə telefon danışıqları ilə qeyd etdiyi halları bildirmiş, görüş keçirtmək üçün müraciətlər etmişdir. Məhkəmə tərəfindən Mülki Prosessual Məcəlləsinin tələbləri pozularaq qanunsuz olaraq məhkəmə proseslərində iştirakı təmin edilməmişdir. Onun faktiki olaraq müxtəlif banklara 747,14, manat və 4205,84 manat, ümumilikdə isə 4952,98 manat borcu vardır. Pensiyaçıdır, 68 yaşı var. 360 manat pensiya alır. Sumqayıt şəhər “Zəngəzur” mərasim zalı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2 saylı arayışa əsasən həyat yoldaşı X4 3-7 yas mərasimləri xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər “Zənzəgur” Mərasim-Zalında keçirilmişdir. Yas ehsan məsarimində 400 nəfər ziyarətçı iştirak etmiş, həmin yas mərasiminə tərəfindən 4000 manat məbləğində vəsait xərclənmişdir. Quba rayon Ağbil Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 44 saylı arayışında qeyd edilir ki, Sumqayıt şəhər sakini X6 xx.xx.2023-cü il tarixdə vəfat edib. X6 xx.xx.2023-cü Quba rayonu Əlibəyqışlaq kənd qəbiristanlığında dəfn edilib. Dəfn xərcləri, qəbir üstü abidənin və il mərasiminin onun tərəfindən ödənilmiş vəsaiti hesabına keçirildiyini qeyd etmişdir. (Arayışda göstərilməsə də dəfn, qəbrüstü abidəyə və il mərasiminə tərəfindən 1250 manat vəsait xərcləmişdir). X1 ağır xəstə olduğu nəzərə alınmalı və ona kredit verilməməli idi. Digər tərəfdən kredit müqaviləsi üzrə girov və zaminlik müqavilərləri yoxdur. Qanunvericiliyin tələblərinə görə verilən kredit məbləği sığortalanmalı idi. Şirinova Şəlalənin başqa kredit borcları olduğu halda onun gəlir və xərclərinin mütənasibliyi nəzərə alınmadan kredit verilmiş və bütün bunlar bank tərəfindən qanunun pozulması deməkdir. Şəlalə Şirinova həmin müddətdə ağır onkoloji xəstə olub, qrup əlil idi. Respublika Onkoloji Mərkəzində qeydiyyatda idi. Şəlalə Mahmudovanın müalicəsi Azərbaycan Respublikasında o, cümlədən Türkiyə Respublikasının müvafiq xəstəxanalarında aparılmışdır. Onun bütün müalicə xərcləri ailə başçısı və həyat yoldaşı kimi heç nə düşünmədən tərəfindən ödənilmişdir. Vərəsə kimi ona çatan 3050 manatın üzərinə əlavə vəsaitlər gəlinərək onun yas mərasimi keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbəd, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Qanunun və şərhin tələbindən açıq aydın görünür ki, miras payı həcmində miras qoyanın kreditorlar qarşısında birgə öhdəliyi var. Ümumilikdə 5250 manat dəfn və s. yas mərasimi ilə bağlı xərc çəkmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə5 izahat verib bildirmişdir ki, Ali Məhkəmənin sübutetmə yükünün mütənasib bölünməsi, həmçinin sübutetmə yükünün vərəsələrin üzərinə qoyulması ilə məhkəmə təcrübəsinə müvafiq olaraq apellyasiya şikayətlərinin tam təmin olunması, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayətinə etiraz edərək bildirdirmişdir ki, arvadı birinci qrup əlil olmuş, xx.xx.2017-ci il tarixdə xərçəng xəstəliyindən əməliyyat olmuş, ondan sonra xəstəxanada tibb bacısı kimi çalışmağa başlamışdır. Ona xəbər vermədən kredit götürmüş, həminin verilmiş kredit sığortalanmamışdır. İşlədiyi sonuncu 4 ay üçün 3050 manat məbləğində yığılmış maaşını notariusa müraciət edərək miras əmlak kimi qəbul etmişdir. Həmin məbləği mərhumun yas və dəfn mərasimi, qəbirüstü abidəsinin hazırlanması üçün xərcləmişdir. Yas və dəfn mərasimi və qəbirüstü abidənin hazırlanması ilə əlaqədar ümumilikdə 5500 manat məbləğində pul vəsait xərcləmişdir. Arvadı ona xəbər vermədən götürdüyü kreditə görə bankın ona qarşı iddia qaldırmasını ədalətsiz hesab edir. Arvadının yığılmış 3050 manat maaşından başqa heç bir əmlakı olmamışdır. Adına heç bir əmlak olmamış, hazırda qaynının evində kirayədə yaşayır. Arvadının əvvəllər qızıları olub, sonra hamısı satılıb, öləndə heç bir qızılı olmayıb. Arvadı ilə münasibətləri çox yaxşı olub, kredit götürməsi ilə bağlı ona məlumat verməməsi hələ də onun üçün sual olaraq qalıb. Xəbərim olsa idi, iddianı qəbul edərdi. Lakin nə onun, nə də övladlarının götürülən kreditdən xəbəri olub. xx.xx.1979-cu il tarixdən evli olmuş, iki övladı olmaqla, onlar da Türkiyə Respublikasında yaşayır. Vaxtilə evləri olmuş, sonradan evi ipotekaya qoyulması ilə əlaqədar satılmışdır. Hazırda kirayədə qaldığı evdəki bütün əşyalar qaynına məxsusdur.

İşdə olan sübutlar

14. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış BPM**********78 nömrəli, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsindən görünür ki, bank müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və cari hesab) açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faizədək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə ayrılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür.

15. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış BPM**********77 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 48 ay müddətində 4800 manat məbləğində kreditdən istifadəyə görə illik 21 faiz ödəmək şərtilə kredit verməyi öhdəsinə götürmüşdür.

16. BPM**********77 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, həmin kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti 13 yanvar 2023-cü il tarixdən 13 dekabr 2026-cı il tarixədək müəyyənləşdirilmişdir.

17. AZ-İİ 385247 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2023-cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 21.11. 2023-cü ildə 186 nömrə ilə qeyd edilmişdir.

18. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur, o, miras əmlakdan tam hissədə pay almalıdır, şəhadətnamə əsasında verilən miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 261 nömrəli məktubuna əsasən Əmək və “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X13 “Sumqayıt Tibb Mərkəzi” X13inin xx.xx.2023-cü il tarixli, 18-1-66/2- 1588/2023 nömrəli məktubuna əsasən mərhum X4 adına ödənilməmiş 3050 manat pul məbləğindən ibarətdir.

19. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə nağd kredit və kredit kart müqaviləsi üzrə yaranmış öhdəliyini 3 gün müddətində tam şəkildə yerinə yetirməyi tələb edilmiş, əks halda tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

20. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, X4 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 395,92 manat əsas borc, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3985,3 manat əsas borcu vardır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

739. Borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1254. Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ərarvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

24.“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarı

6.36. Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. 6.40.Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2-ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

25. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

26. Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2(060)-5593/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətləri üzrə tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2(060)-5593/2024 nömrəli qətnaməsi qismən, iddia tələbinin təmin edilməməsi hissəsində, buna müvafiq olaraq tutulmayan dövlət rüsumu hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış BPM**********78 nömrəli, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsindən görünür ki, borcalana 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 400 manat kredit xətti açılmış, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətində 4800 manat məbləğində kreditdən istifadəyə görə illik 21 faiz ödəmək şərtilə kredit verilmişdir. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu xx.xx.2023-cü il tarixdə ölmüş, nəticədə müqavilə üzrə öhdəliklər icra edilməmiş qalmışdır. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən isə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh mərhum X3 miras qalmış 3050 manat pulu qəbul etmişdir.

29. Birinci instaniya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 1306.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarını tətbiq edərək, cavabdehin mirası qəbul etdiyi həcmdə, yəni 3050 manat olmaqla iddia tələbini qismən təmin etmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbini qismən təmin etməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, əvvəla Cavabdeh mərhum borcalan X4 əri olmuşdur ki, birgə nikah dövründə mərhum X4 iddiaçı qarşısında yaranmış öhdəliyi ər-arvadın ümumi öhdəliyi olmuşdur. Buna görə də cavabdeh həmin öhdəlik üzrə həmçinin, birgə borclu qismində məsuliyyət daşımışdır. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən halına münasibətdə mübahisəyə Mülki Məcəllənin 500-cü maddəsini tətbiq etməli olduğu və “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarındakı yuxarıda qeyd olunan hüquqi mövqeni nəzərə almalı olduğu halda, bunu etməmiş və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Hərçənd ki, qeyd edilən halda mərhumdan miras qalmış pul məbləği ər-arvadın ümumi öhdəliyi qismində ona düşən pay üzrə kifayət etmişdir.

31. Bundan başqa Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Həmçinin, cavabdeh Mülki Məcəllənin 1254-cü maddəsinin tələbinə müvafiq olaraq mirasın siyahıya alınmasını təmin etməmişdir. Halbuki, cavavdeh miras açıldıqdan sonra mirasın sıyahıya alınmasını həyata keçirmək imkanına malik olmuşdur.

32. Məhkəmə kollegiyasının iclasında cavabdeh miras əmlak kimi yalnız arvadının işlədiyi müəssisədən 4 aylıq əmək haqqının qarşılığında 3050 manat məbləğində pul aldığını, bundan başqa arvadından hər hansı başqa miras əmlakın qalmadığını, qızıl əşyalarının olmadığını, bigə nikah dövründə əldə edilmiş daşınar əmlaklarını da evləri ilə birlikdə qohumlarına satıldığını iddia etmişdir ki, məhkəmə kollegiyası cavabdehin qeyd olunan izahatını inandırıcı hesab etməmişdir. Belə ki, adəti üzrə qadınlar müəyyən qızılzinət əşyalarına malik olmaqla, birgə nikah dövründə əldə edilmiş daşınar ev və ya fərdi əşyaların hamısının satılması ağılabatan hesab olunmur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı tam təmin etməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

33. Məhkəmə kollegiyası cavabdehin mərhum X4 ağır xəstə olmasının nəzərə alınmadan ona kredit verilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münsibətdə isə qeyd edir ki, müqavilə tam fəaliyyət qabiliyyətli şəxslər tərəfindən bağlanmış, eləcə də müqavilə üzrə götürülmüş pul borcalana verilmiş, borcalan tərəfindən istifadə edilmişdir ki, müqavilə öhdəliyindən azad edilməsi üçün isə hər hansı bir əsas mövcud olmamışdır. Mərhumdan miras qalmış pul məbləğinin dəfn və yas mərasimlərinə xərclənməsi də müqavilə üzrə öhdəliyə xitam verilməsinə əsas verməməkdədir.

34. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2(060)-5593/2024 nömrəli qətnaməsi qismən, iddia tələbinin təmin edilməməsi hissəsində, buna müvafiq olaraq tutulmayan dövlət rüsumu hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ƏT E T D İ :

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2(060)-5593/2024 nömrəli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Cavabdeh 4381,22 manat, ödənilmiş 63,82 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 4445,44 (dörd min dörd yüz qırx beş manat, 44 qəpik) tutularaq, "xxxx" ASC-yə ödənilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar