Məhkəmə qərarları › İş №2(105)-1961/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1961/2021

02.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1961/2021 02.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(060)-791/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(060)-791/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh dəymiş 13.102 manat məbləğində faktiki ziyanın, 23.000 manat məbləğində əldən çıxmış faydanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ ilə ona məxsus olan “DAF FTXF 105 yük” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcını 10.01.2019-cu il tarixli müqavilə ilə "xxxx" MMC-yə icarəyə vermişdir. "xxxx" MMC 15.02.2019-cu il tarixli müqavilə ilə “DAF FTXF 105 yük” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcını ölkə daxili və xarici daşımaların aparılması məqsədi ilə Cavabdeh istifadəsinə vermiş və cavabdeh müvafiq olaraq avtomobilin təyinatına uyğun istifadəsini və mühafizəsini öz üzərinə götürmüşdür. Lakin **- XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh etinasız və məsuliyyətsiz davranışı və təyinatına uyğun olmayan yanacağın istifadəsi nəticəsində xeyli miqdarda ziyan dəymiş, nəqliyyat vasitəsinin müəyyən ehtiyat hissələri, xüsusən mühərrik sistemi istifadəyə yararsız vəziyyətə düşmüşdür. Belə ki, 121268 saylı, 13.11.2019-cu il tarixli Beynəlxalq Qaimədən (CMR) də müəyyən olunduğu kimi, Cavabdeh Rusiya Federasiyası ərazisində xidmətdə olarkən 29 dekabr 2019-cu il tarixdə istifadəsində olan **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində yaranan nasazlıq nəticəsində daşımanı davam etdirə bilmədiyini "xxxx" MMC-yə bildirmişdir. "xxxx" MMC tərəfindən dərhal həmin əraziyə göndərilən mütəxəssislər 01.01.2020-ci il tarixli aktla təsdiq etmişlər ki, nasazlığa səbəb avtomobilin istehsalçı zavod tərəfindən müəyyən olunmuş standartlara uyğun olmayan yanacaq vasitəsindən istifadə edilməsidir. Cavabdeh özü də hadisə yerində bu halı etiraf edərək yanacağı yolun kənarından naməlum şəxslərdən aldığını bildirmişdir. Sonradan nəqliyyat vasitəsində yaranan nasazlıqlardan məlum olmuşdur ki, həmin dizel yanacağı su ilə qatışdırılmışdır. Bu istifadə nəticəsində avtomobilin mühərriki tamamilə yararsız vəziyyətə düşmüş və 05.01.2020-ci il tarixli qüsur aktına görə nəqliyyat vasitəsinə 13.102 manat miqdarında maddi zərər dəymişdir. O, vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə müraciət etsə də, Cavabdeh zərəri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Bundan əlavə o, həmin nəqliyyat vasitəsini daim müxtəlif hüquqi və fiziki şəxslərə icarəyə verərək gəlir əldə edir. İcarəçi "xxxx" MMC ilə onun arasında olan 10.01.2020-ci il tarixli müqavilənin 3.1-ci bəndindən də göründüyü kimi, o, qeyd olunan avtomobildən icarə haqqı olaraq aylıq 3.000 manat qazanc əldə edir. Lakin nəqliyyat vasitəsinin istifadəyə yararsız olduğu 05.01.2020-ci il tarixdən nəqliyyat vasitəsi təmir olunduğu 25.08.2020-ci il tarixə qədər icarəçi ilə aralarındakı icarə müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilənin müddəti müvəqqəti dayandırıldığından, o, həmin müddət ərzində əldə edə biləcəyi faktiki gəlirdən məhrum olmuşdur. Avtomobilin yararsız vəziyyətə düşdüyü müddətdə cavabdehin bəhanəli ödəniş vədləri, faktiki maddi vəziyyəti, eləcə də ölkədə pandemiya səbəbindən xidmət sahələrinin fəaliyyətinin tam və ya qismən məhdudlaşdırılması həmin müddətdə avtomobili təmir etdirməyə imkan verməmişdir. Halbuki cavabdeh vurduğu ziyanı həmin müddətdə ödəsə idi, o da avtomobili təmir etdirib gəlirindən məhrum olmayacaqdı. Bu səbəbdən əldən çıxmış fayda kimi boşdayanma müddəti olan 7 ay 20 gün üçün cavabdehdən onun xeyrinə 23.000 manat tutulmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qeyri-obyektiv, əsassız və qanunsuz olduğundan, həmçinin maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarıldığından ləğv olunmalıdır. Belə ki, məhkəmə iddianı rədd edərkən iddianın iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyini, habelə iddiaçının subyektiv hüququnun ikinci elementinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun olmadığını əsas gətirmişdir. Lakin məhkəmənin gəldiyi bu nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normalarına görə işin həqiqi hallarına uyğun olmadığından tamamilə qanunsuz və əsassızdır. Belə ki, əmlakın mülkiyyətçisi odur, onun əmlakına birbaşa zərər vuran Cavabdehdir və mülkiyyətinə dəymiş zərərin həcmi mövcuddur. Məlumdur ki, mülkiyyət hüququ qanunla və digər normativ hüquqi aktlarla qorunmaqdadır. Bu əsasla da Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsində təsbit edilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, qanunvericilik normalarına uyğun olaraq zərərin əvəzini ödəmək vəzifəsi birbaşa olaraq nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməyə malik olan şəxsin üzərinə də qoyula bilər. Bu əsasla istisnasız olaraq Cavabdeh vurduğu zərər görə onun qarşısında mülki hüquqi məsuliyyət daşımaqdadır. Məhkəmə iddianın rədd olunması barədə qətnamə çıxararkən iki ayrı-ayrı ziddiyyətli mövqe sərgiləmişdir. Belə ki, ilkin olaraq iddianın iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyini bildirmişdir. Halbuki əmlaka birbaşa zərər vuran nəqliyyat vasitəsinin idarə edilməsi etibar edilən məhz Cavabdeh olmuşdur. Cavabdeh özü də izahatında avtomobilin onun idarəsi altında olan zaman sıradan çıxdığını etiraf etmişdir. Bundan əlavə, məhkəmə ikinci mövqeyində cavabdehin deyil, iddiaçının iş üzrə subyektiv hüququnun, ən önəmlisi ikinci element olaraq başqa şəxslərdən tələb etmək hüququnun olmamasını bildirmişdir. Məhkəmə, ümumiyyətlə, subyektiv hüququnun müəyyən olunma meyarını düzgün tövsif etməmişdir. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yəni Qərarda da göstərildiyi kimi birinci element - hüquqi ixtiyar mövcuddursa, artıq ikinci və üçüncü elementlər də mövcud hesab edilir. Məhkəmə isə iddiaçının ikinci elementə məxsus olmadığını ifadə edərək, həm subyektiv hüququn elementləri arasındakı əlaqəsini təkzib edir, həm də əslində bununla birinci elementin mövcudluğunu özü artıq təsdiq edir. Həmçinin onunla "xxxx" MMC arasında bağlanmış 10.01.2019-cu il tarixli, 12/19 saylı müqavilənin 5.2-ci bəndində göstərilmişdir ki, icarəyəverən icarəçi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən nəqliyyat vasitəsinə vurulmuş və onlar tərəfindən aradan qaldırılmamış ziyanı birbaşa həm icarəçidən, həm də onun səlahiyyətli nümayəndəsindən tələb edə bilər. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Həmçinin müvafiq texniki baxış aktı hadisə yerində avtomobil qiymətləndirilərək tərtib edilmişdir və cavabdehin “avtomobil Bakı şəhərindən çıxarkən yanacaq bakları tam doldurulur və həmin yanacaq yük avtomaşının gedib geri qayıtması üçün kifayət edir, yəni başqa yerdə yanacaq doldurulması zərurəti olmur” izahatı tamamilə absurd və gülüncdür. Yük avtomobilinin markasına da nəzər salan zaman aydın olur ki, kilometrlərlə məsafəni, yəni Rusiya Federasiyası ərazisinə gediş-gəliş üçün yanacaq çəninin yalnız bir dəfə doldurulması ilə qət etmək mümkünsüz bir şeydir. Bununla belə, çəndəki yanacağın səfər zamanı sürücü tərəfindən boşaldılaraq üçüncü şəxslərə haqq müqabilində verilərək gəlir əldə etməsi, sonradan çənin daha ucuz yanacaqla doldurulması halı da istisna edilmir. Məhkəmə iclası zamanı cavabdehin dəfələrlə “gedək çənə su dolduraq, baxaq nasazlıq yaradırmı” kimi izahatı də sonuncunun daha öncə bu praktikadan istifadə etdiyini sübuta yetirərək etirafedici hərəkətləri kimi qiymətləndirilməlidir. Həmçinin şirkət tərəfindən beynəlxalq daşımalar üzrə nəqliyyat vasitəsi yola düşməmişdən öncə ekspertizası həyata keçirilərək sonra hərəkətinə icazə verilir, yəni cavabdehin iddia etdiyi kimi avtomaşının öncədən hər hansı hissəsində qüsur olmamışdır. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X6 oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AD seriyalı, 425935 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DAF FTXF 105 yük” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan 10 yanvar 2019-cu il tarixli, 12/19 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı “DAF FTXF 105 yük” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" MMC-yə aylıq 3000 manat icarə haqqı ödənilməsi şərti ilə 10 yanvar 2019-cu il tarixdən 10 yanvar 2022-ci il tarixədək icarəyə vermişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2019-cu il tarixli müqavilədən görünür ki, sahibkar adlanan "xxxx" MMC beynəlxalq daşımanı təşkil etməyi, sürücü adlanan Cavabdeh isə “DAF FTXF 105 yük” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yük daşınmasını həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh verilmiş 15.02.2019-cu il tarixli, 20-19 saylı etibarnamədən görünür ki, Cavabdeh şirkətin maraqlarını istənilən ölkələrdə, orqan və təşkilatlarda təmsil etmək, yol nəqliyyat hadisəsi baş verən halda cəmiyyətin qanuni təmsilçisi olmaq və həmin etibarnamə əsasında öz hüquqlarını icra etmək səlahiyyətləri 06.02.2020-ci il tarixədək etibar edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin ustaları tərəfindən tərtib olunan 01.01.2020ci il tarixli nəqliyyat vasitəsinin texniki baxış aktından görünür ki, “DAF FTXF 105 yük” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı nəqliyyat vasitəsinə Rusiya Federasiyası ərazisində nəqliyyat vasitəsinin dayandığı yerdə texniki baxış keçirilmiş və aşkar edilmişdir ki, nəqliyyat vasitəsinin çəninə təyinata uyğun olmayan yanacaq doldurulmuşdur. Belə ki, çəndəki dizelin tərkibində ilkin baxışdan nəzərə çarpan miqdarda su mövcuddur. Dizel yanacağının korroziya aktivliyi mexaniki qarışıqların və suyun miqdarından asılı olduğundan su yanacaq verən aparatın detallarının sıradan çıxmasına, həmçinin avtomaşının mühərrik sisteminin yararsız hala düşməsinə səbəb olmuşdur. İlkin baxışa əsasən nəqliyyat vasitəsinin motor valı və bloku, raspredval, vkladışlar, yağ nasosu istismara yararlı vəziyyətdə deyil, təmirlərinə və ya əvəzləşdirilməsinə zərurət var. Təmirin müvafiq servis mərkəzlərində aparılması məqsədəmüvafiqdir, yerində təmir mümkün deyildir. İş materiallarında olan Ölkə hüdudlarından kənarda olduğu müddətdə təyinata uyğun olmayan yanacaq vasitəsi ilə doldurulması nəticəsində **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər barəsində 05.01.2020-ci il tarixli, 09 saylı aktdan görünür ki, nəqliyyat vasitəsinə bütövlükdə 13.102 manat məbləğində zərər dəymişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddianın iddiaya cavab verməli olmayan şəxsə qarşı verilməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni iddiaçının özünə məxsus olan nəqliyyat vasitəsini "xxxx" MMC-yə icarəyə verməsi və icarə müddətində nəqliyyat vasitəsinin istifadəyə yararsız vəziyyətə düşməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Belə ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 10.01.2019-cu il tarixli, 12/19 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinin 5.2-ci bəndinə görə icarəyəverən icarəçi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən nəqliyyat vasitəsinə vurulmuş və onlar tərəfindən aradan qaldırılmamış ziyanı birbaşa həm icarəçidən, həm də onun səlahiyyətli nümayəndəsindən tələb edə bilər. İşin mübahisə edilməyən hallarından görünür ki Cavabdeh "xxxx" MMC ilə bağlanmış 15 fevral 2019-cu il tarixli müqavilə əsasında sürücü kimi “DAF FTXF 105 yük” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, ona verilmiş 15.02.2019cu il tarixli, 20-19 saylı etibarnamə ilə nəzərdə tutulan səlahiyyətlər çərçivəsində "xxxx" MMC-ni təmsil etmişdir. Belə olan halda, İddiaçı Cavabdeh qarşı hazırki iddianı irəli sürmək hüququna malik olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli iddia tələbinə hüquqi qiymət verilməklə, yeni qətnamə çıxarılmalıdır. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı iddia tələblərini Cavabdeh tərəfindən ona məxsus “DAF FTXF 105 yük” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilərkən standartlara uyğun olmayan yanacaq vasitəsindən istifadə etməsi nəticəsində avtomobilin mühərrikinin tamamilə yararsız vəziyyətə düşməsi, nəqliyyat vasitəsinə 13.102 manat miqdarında maddi zərər dəyməsi ilə əsaslandırmış, həmçinin nəqliyyat vasitəsinin 7 ay 20 gün boşdayanma müddəti üçün əldən çıxmış fayda kimi 23000 manat tələb etmişdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X4 14.08.2021 saylı, 1000- 170/170-24/012856 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası X4 məlumat bazasına əsasən “DAF FTXF 105 yük” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı dartıcı 04.012020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunaraq “Samur” Gömrük Postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuş, 20.01.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunaraq “Samur” Gömrük Postundan keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmişdir. Qeyd olunan nəqliyyat vasitəsinin Cavabdeh tərəfindən idarə olunmaqla Azərbaycan Respublikasının ərazisini 29.12.2019-cu il tarixdən 26.08.2020-ci il tarixədək olan dövr ərzində tərk etməsi və geri qayıtması haqqında X4 məlumat bazasında əlavə məlumat yoxdur. Göründüyü kimi, iddiaçıya məxsus “DAF FTXF 105 yük” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Rusiya Federasiyası ərazisində Cavabdeh tərəfindən idarə edilərkən standartlara uyğun olmayan yanacaq vasitəsindən istifadə edilməsi nəticəsində avtomobilin mühərrikinin tamamilə yararsız vəziyyətə düşməsi öz təsdiqini tapmır. Belə ki, “DAF FTXF 105 yük” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mühərriki tamamilə yararsız vəziyyətə düşdüyü halda, idarə olunması da, mümkün deyildir. Halbuki Azərbaycan Respublikası X4 14.08.2021 saylı, 1000- 170/170-24/012856 saylı məktubuna əsasən “DAF FTXF 105 yük” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı dartıcı 04.012020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunaraq “Samur” Gömrük Postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuş, 20.01.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunaraq “Samur” Gömrük Postundan keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmişdir. İddiaçının istinad etdiyi "xxxx" MMC-nin ustaları tərəfindən nəqliyyat vasitəsinin texniki baxış aktı 01.01.2020-ci il tarixdə tərtib olunmuş və aktda nəqliyyat vasitəsinin motor valı və bloku, raspredval, vkladışlar, yağ nasosunun istismara yararlı vəziyyətdə olmadığı, təmirlərinə və ya əvəzləşdirilməsinə zərurət olduğu, təmirinin müvafiq servis mərkəzlərində aparılmasının məqsədəmüvafiqliyi və yerində təmirinin mümkün olmadığı qeyd edilmişdir. Ölkə hüdudlarından kənarda olduğu müddətdə təyinata uyğun olmayan yanacaq vasitəsi ilə doldurulması nəticəsində **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər barəsində akt isə 05.01.2020-ci il tarixdə tərtib edilmişdir. “DAF FTXF 105 yük” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı dartıcının Rusiya Federasiyası ərazisində təmir olunmasına dair isə iş materiallarında heç bir sübut yoxdur. Həmçinin İddiaçı iddia ərizəsində nəqliyyat vasitəsinin 25.08.2020-ci il tarixə qədər təmirdə olduğunu göstərmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsasız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(060)-791/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayəti verərkən İddiaçı ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar