Məhkəmə qərarları › İş №2(105)-1961/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1961/2023

13.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1961/2023 13.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin üçdə bir hissəsinə mülkiyyət hüququnun və yetkinlik yaşına çatmayan uşaqla birlikdə yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3273/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin üçdə bir hissəsinə mülkiyyət hüququnun və yetkinlik yaşına çatmayan uşaqla birlikdə yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin üçdə bir hissəsinə mülkiyyət hüququnun və yetkinlik yaşına çatmayan uşaqla birlikdə yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına mülkiyyət hüququ əsasında qeydə alınmış ünvan 1 ünvanda yerləşən evin üçdə bir hissəsinə onun mülkiyyət hüququnun və yetkinlik yaşına çatmayan uşağı X2 ilə birlikdə həmin evdə yaşayış sahəsindən istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə 13 sentyabr 2001-ci ildə Sumqayıt şəhər Nikah evində rəsmi nikah münasibətinə daxil olduqdan sonra həyat yoldaşı ilə birlikdə əvvəlcə bir neçə il Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən beş mərtəbəli binanın üç otaqlı bir mənzildə yaşamışdırlar, həmin mənzil faktiki olaraq mərhum qayınatası X1 məxsus olmuşdur. Orada yaşadıqları dövrdə onların iki uşaqları - Məhəmməd Muradzadə xx.xx.2002-ci ildə, Fatimə Muradzadə xx.xx.2003-cü ildə anadan olmuşdur. Bir müddət sonra 2004-cü ildə qayınatası onları Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən özünə məxsus olan həyət evinə köçürmüşdür. Həmin vaxtdan təxminən üç il keçdikdən sonra 2007-ci ildə qayınatası Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən iki mərtəbəli beş otaqdan ibarət olan hal-hazırda yaşadıqları 65 nömrəli həyət evini onlar üçün almışdır. Lakin həmin evin alqı-satqı müqaviləsini öz adına rəsmiləşdirmişdir. Həmin vaxtlar evin tikinti işləri, yalnız hörgüsü başa çatdırılsa da, yaşamaq üçün yararlı vəziyyətdə deyildi. Onlar, yəni o və həyat yoldaşı Cavabdeh2 birlikdə iki-üç il müddətində həmin evin bütün yarımçıq işlərini başa çatdırıb, yaşayış üçün yararlı vəziyyətə saldıqdan sonra uşaqları ilə birlikdə ora köçüb, həmin evdə yaşamağa başladılar. xx.xx.2008-ci ildə onların üçüncü uşaqları Osman Muradzadə anadan olmuşdur. Hal-hazırda yaşadıqları ev alqı-satqı yolu ilə alındığı vaxtdan etibarən onların həyat yoldaşının və onun eyni zamanda uşaqlarının faktiki istifadəsində olmasına baxmayaraq heç birinin həmin evə qeydiyyatları yoxdur. Ötən illər ərzində həyat yoldaşı onların faktiki surətdə yaşadıqları evə qeydiyyata düşmək məsələsini həll etməmiş, o, özü də belə bir təşəbbüsdə olmamışdır. Lakin bir neçə il bundan əvvəl qayınatası X3 vəfat etmişdir və məlum olduğu kimı qayınanası Cavabdeh1 yaşadıqları evi mülkiyyət hüququ əsasında öz adına keçirmişdir. Sumqayıt şəhər Corat Bələdiyyəsinin 19 dekabr 2022-ci il tarixli 186 nömrəli arayışından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 65 nömrəli ünvanda yerləşən evin ümumi sahəsi 254,74, yaşayış sahəsi 121,00 kv.m olub, ev beş otaqdan ibarət olmaqla iki mərtəbəlidir. Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfındən sorğuya verilmiş 23 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 65 nömrəli ünvanda 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 268,0, yaşayış sahəsi 121,0 kvm olan fərdi yaşayış evi üzərində 16 noyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda hüquq sahibidir. Yuxarıda qeyd etdiyi kimi Cavabdeh2 ilə nikaha daxil olduqdan bir müddət sonra onun valideyni - mərhum atası tərəfındən alınmış fərdi yaşayış evinə nəinki heç bir qeyd-şərt olmadan köçürülmüşdürlər, yuxarıda qeyd etdiyi kimi həmin evi iki-üç il müddətində, 2007- 2010-cu illərdə onların özlərinin – onun və həyat yoldaşının vəsaiti hesabına yaşayış üçün tam şəkildə yararlı vəziyyətə salındıqdan sonra həmin evə köçərək bu günə kimi uşaqları ilə birlikdə orada yaşayırlar. Belə ki, mübahisəli fərdi yaşayış evi mərhum qayınatası X3 tərəfindən alqı-satqı yolu ilə əldə edilərkən həmin ev yaşayış üçün yararlı vəziyyətdə olmamışdır. Evin yalnız hörgü işləri başa çatdırılsa da, üstü örtülməmiş, qapı-pəncərələri salınmamış, o cümlədən suvaq işləri və yaşayış üçün zəruri olan digər işlər görülməmişdir. Onu da qeyd etmək istəyir ki, Cavabdeh2 ilə nikaha daxil olduqdan bu günə kimi həkimlik fəaliyyəti ilə məşğul olur və mübahisəli evin əsaslı təmir işləri ilə məşğul olduqları iki-üç il müddətində əldə etdikləri bütün qazancı həmin evin əsaslı təmir işinə sərf edilmişdir. İş üzrə cavabdeh olan həyat yoldaşı Cavabdeh2 ilə ailə münasibətləri artıq korlanmış və onlar boşanma ərəfəsindədirlər. Cavabdehlər uzun illərdir uşaqları ilə birlikdə yaşadıqları və vaxtilə mərhum qayınatası tərəfindən yarımtikili vəziyyətdə alqı-satqı yolu ilə əldə edilmiş, sonra isə yarımçıq işləri həyat yoldaşı ilə birlikdə tərəflərindən tam şəkildə başa çatdırılmış evdən onları çıxarmaq niyyətindədirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, yetkinlik yaşına çatmayan uşağıyla birlikdə ünvan 1 ünvanda yerləşən evdə yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəni həll edərkən əsassız olaraq belə hesab hesab etmişdir ki, tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra əmələ gəldiyindən, mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, ona hüquqi qiymət verilməlidir. Halbuki, məhkəmənin belə nəticəyə gəlməsinin heç bir hüquqi əsası yoxdur. İlk öncə ona görə ki, həyat yoldaşı Cavabdeh2 ilə nikah münasibətinə daxil olduqdan sonra mərhum qayınatası onları mülkiyyət hüququ əsasında özünə məxsus olan evə köçürmüşdür. Düzdür, istər özünün iddia ərizəsində, istərsə də məhkəmədə vermiş olduğu izahatında göstərmişdir ki, hal-hazırda mübahisələndirilən ev mərhum qayınatası X3 tərəfindən 2007-2008-ci illərdə alqı-satqı yolu ilə əldə edildikdən sonra yaşayış üçün tam yararlı vəziyyətdə olmasa da, faktiki olaraq həyat yoldaşı və uşaqlarıyla birlikdə onların istifadəsinə verilmişdir. Həmin evin təmir işləri başa çatdırılana kimi onlar qayınatasıgillə birlikdə Corat qəsəbəsində yerləşən mülkiyyət hüququ əsasında onlara məxsus olan başqa bir evdə birgə yaşamışlar. Hal-hazırda mübahisələndirilən evdə onun həyat yoldaşıyla birlikdə əsaslı təmir-tikinti işlərinin aparılması qonşuların iştirakı ilə tərtib edilərək, iddia ərizəsinə əlavə edilmiş aktla da təsdiq olunur. Düzdür, məhkəmə işə mahiyyəti üzrə baxarkən onun təkidini nəzərə almadan, həmin şəxslərdən bir nəfərinin məhkəmə iclasına gəlməsinə baxmayaraq, həmin şəxsin şahid kimi dindirilməsini təmin etmədi və məhkəmə iclası başlayarkən şahidin zalda oturduğu məlum oldu. Halbuki, həmin vaxtı heç tərəflərin izahatı belə dinlənilməmişdi. Bundan əlavə, mübahisələndirilən məhkəmə qətnaməsinə əsasən Cavabdeh2 iddianı qəbul etməyərək məhkəmədə bildirmişdir ki, onunla ailə həyatı qurduqdan sonra 2007-ci ilə kimi Sumqayıt şəhəri, 10-cu mikrorayonda yaşamış, sonra isə 2013-2014-cü illərdə Corat qəsəbəsinə köçmüşlər. Mübahisəli evdə onlar heç bir təmir işləri aparmamışlar, ev yaşayış üçün təmirli vəziyyətdə olmuşdur. Cavabdeh mübahisəli evə nə vaxt köçməyini və 2013-2014-cü illərdə Corat qəsəbəsinə köçən vaxta kimi 6-7 il ərzində harada yaşamağı barədə öz izahatında heç bir aydınlıq gətirməmişdir. Bundan sonra Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad edərək göstərmişdir ki, həmin maddəyə əsasən gəlin və kürəkən ailə üzvü hesab edilmir və buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mübahisəli qətnamədə Cavabdeh1 da izahatında oğlu Cavabdeh2 həyat yoldaşı və uşaqları ilə birlikdə mübahisəli evə 2013-cü ildə köçməyini xüsusi olaraq qeyd etməyi zəruri hesab etmiş və məhz bundan sonra belə qənaətə gəlmişdir ki, tərəflər arasında mənzillə (əslində xüsusi mülkiyyətdə olan evlə) əlaqədar mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixdən sonra əmələ gəldiyindən, mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməli və mübahisə həmin Məcəllənin 30.4-cü maddəsinin müddəaları əsasında həll edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsasında qəbul etmişdir. Belə ki, qətnamədə göstərilmiş nəticələr birmənalı şəkildə işin hallarına uyğun deyildir. Buna görə də Azərbaycan Respublikasının MPM-nin 385.1, 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməklə, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini İddiaçı hazırda yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh1 ailə üzvü sırasına daxil olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununa və məhkəmə iclasında iddiaçı tərəfindən verilmiş ərizəyə əsasən, iddiaçı tərəfindən qətnamə yalnız yaşayış sahəsindən istifadə hüququnun tanınması hissəsində mübahisələndirilmiş, həmin hissədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh1 məxsus olması, iddiaçının Cavabdeh2 ilə xx.xx.2001-ci il tarixdən rəsmi nikah münasibətlərində olması, 2010-cu ildən mübahisəli mənzilə köçməsi işin mübahisəsiz halıdır. İşdən göründüyü kimi iddia tələbi mübahisələndirilən hissədə yaşayış sahəsindən istifadə hüququnun tanınması barədədir və iddiaçının istifadə hüququnun tanınmasını arzuladığı mənzil Cavabdeh1 mülkiyyətindədir. Tələbin qanuni əsasını da Mənzil Məcəllənin 30-cu maddəsi təşkil edir. MPM-nin 217.2. maddəsinin tələbinə əsasən tərəflər arasında hüquq münasibəti 2018-ci il tarixdən yarandığından hazırkı mübahisəyə də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Həmin qərara əsasən Mənzil Məcəlləsinin 30.1. maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qardaş, bacı, baba, nənə, nəvə, ögey ata və anadır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh1 münasibətdə Ailə Məcəlləsinin 15-ci fəslinə uyğun özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, iddia tələbi təmin edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvinə dair apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar