Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1963/2020 10.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X6 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-698/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-698/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlkin Xəlilov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-542/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-542/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün cavabdehdən xeyrinə tutulan alimentin hər ay 100 manat müəyyən edilmiş məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx xxxxxx 2012-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X11 və xx.xx.2016-cı il tarixdə X9 anadan olmuşlar. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-542/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olmuş uşaqları onun himayəsinə verilmiş, aliment tələbinə dair iddiası qismən təmin olunaraq, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi qət edilmişdir. Qətnamənin alimentə dair hissəsinin izah edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmiş və ərizəsi təmin edilməmişdir. Məhkəmə bir uşağa 50 manat, ümumilikdə 100 manat məbləğində aliment müəyyən etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddiasında qeyd etdikləri və qətnamədə qət edilənlərlə razı deyildir. Birinci instansiya məhkəməsi əsassız qətnamə qəbul edərək, onun hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında onun heç bir dəlilinə, gəlirinə, nə dərəcədə qazancı olmasına əhəmiyyət vermədən iddia təmin edilmişdir. Belə ki, o, fəhləlik edərək günə 10-11 manat pul qazanır, başqa heç bir yerdən qazancı yoxdur. Onun himayəsində xəstə, işləməyən valideynləri vardır, valideynlərinin heç biri təqaüd belə almır. Hələ ailə həyatı qurmayan bacısına da o baxır. Onun aylıq gəliri 300 manatdır, 300 manat pulu iddiaçıya ödəyərsə, özü və valideynlərinin nə ilə dolanacağı məlum deyildir. O, hər ay 300 manat pulu iddiaçıya ödəyə biləcək durumda deyildir. Qeyd edilənlərin heç biri məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı özü də yaxşı bilir ki, onun maddi vəziyyəti heç də ürək açan deyildir. O, övladlarına aliment ödəməli olduğunu başa düşür. Lakin himayəsində olan valideynləri və gəliri nəzərə alınmalıdır. O, övladlarına aliment ödəməkdən imtina etmir, lakin hazırda gəliri yox səviyyəsindədir, qətnamədə qeyd edilən aliment məbləğini ödəmək imkanı xaricindədir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hazırda 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 100 manat sabit pul məbləğində aliment tutulur. O, hər ay hər uşaq üçün 70 manat məbləğində aliment ödəyə bilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyində, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Bayramova (Şükürova) Səminə Yahyabala qızı arasında olan nikah xx.xx.2012-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsində bağlanılaraq 373 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından xx.xx.2013-cü il tarixdə X11 və xx.xx.2016-cı il tarixdə X9 anadan olmuşlar. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-542/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və sabit məbləğdə aliment tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2012-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X5 anası İddiaçı himayəsində saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X7 atası Cavabdeh alınaraq anası İddiaçı verilməsi, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit məbləğdə alimentin alınaraq İddiaçı verilməsi, alimentin tutulmasının xx xxxxxx 2019-cu il tarixdən hesablanması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər İƏDdə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 4985 saylı arayışından görünür ki, xx.xx.2013cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X2 Səminə Yahyabala qızının himayəsindədirlər. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-542/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Cavabdeh hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. İş materiallarına əlavə olunmuşAzərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Məşğulluq Ağentliyi 5 saylı X15 filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən Əmək və X10 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Məşğulluq altsistemində işaxtaran şəxs kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İş materiallarından görünür ki, tərəflər xx.xx.2012-ci il tarixdə nikahlarını bağlamışlar, birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X11 və xx.xx.2016-cı il tarixdə X9 anadan olmuşlar, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-542/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X5 anası İddiaçı himayəsində saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X7 atası Cavabdeh alınaraq anası İddiaçı verilməsi, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit məbləğdə alimentin alınaraq İddiaçı verilməsi, alimentin tutulmasının xx xxxxxx 2019-cu il tarixdən hesablanması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamə qəbul edildikdən təxminən 7 ay sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət edərək həmin qətnamə ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmasını tələb etmiş, birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin mənasına görə məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o vaxt dəyişə, başqa sözlə, artıra bilər ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Həmçinin Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsi ödəmələrin miqdarının artırılması üçün ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən halların dəyişməsini nəzərdə tutur. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2019-cu ildə yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-542/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit məbləğdə aliment tutulur və həmin qətnamə üzrə verilmiş icra sənədinə əsasən borclu Cavabdeh hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar İddiaçı xeyrinə ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat sabit pul məbləğində aliment tutulması hazırki şəraitdə uşaqların mənafeyinə uyğun sayıla bilməz. İşdən görünür ki, Cavabdeh rəsmi olaraq işləmir, onun hər hansı gəlirə malik olmasını təsdiq edən sənəd də iş materiallarında yoxdur. Birinci instansiya məhkəməsi uşaqların saxlanması üçün alimentin miqdarını 7 aydan sonra 3 dəfə artıraraq hər ay hər uşaq üçün 150 manat məbləğində müəyyən edərkən yuxarıda qeyd edilən hallarını və cavabdehin maddi vəziyyətində kifayət qədər əsaslı dəyişiklik olmamasını nəzərə almamışdır. Məhkəmə kollegiyası Cavabdeh maddi vəziyyətini, uşaqların saxlanılması vəzifəsinin hər iki valideynin üzərinə düşməsini və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün tutulacaq alimentin məbləğinin artırılaraq 100 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası alimentin məbləğini hər ay hər uşaq üçün 100 manat müəyyən edərkən onu da qeyd edir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə kollegiyası hazırki iş üzrə alimentin məbləğini qanunla müəyyən edilmiş minimumdan aşağı həddə müəyyən edərkən, həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 75.1-ci maddələrinin tələblərini əsas tutur. Belə ki, həmin maddələrə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu baxımdan hər bir uşağın yaşayış minimumunu təmin etmək hər iki valideynin üzərinə düşdüyündən, məhkəmə kollegiyası hesab edir ki, yaşayış minimumu üzrə məbləğin çatmayan hissəsini iddiaçı özü də təmin etməlidir. Həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə uşağın lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Göründüyü kimi, həm milli, həm də beynəlxalq qanunvericilik hər iki valideynin hüquqları ilə yanaşı, vəzifələrinin də bərabər olmasını müəyyən etmişdir. Bundan başqa, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Cavabdeh məhkəmə kollegiyası iclasında uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşağa görə 70 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər ay hər uşaq üçün cavabdehdən 70 manat sabit pul məbləğində alimentin tutulması uşaqların saxlanılması üçün yetərli deyildir və uşaqların əvvəlki təminatının səviyyəsini mümkün qədər maksimal saxlanmasına kifayət etməz. İşdən görünür ki, birinci instansiya məhkəməsi artırılmış məbləğdə alimentin tutulmasının nə vaxtdan hesablanmasını qətnamədə göstərməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 26-cı bəndinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-698/2020 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Xaçmaz Rayon Məhkəməsinin 2(067)-542/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 100 (bir yüz) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Gülnarə Tağızadə Şəmsəddin Abasov
Məhkəmə qərarları › İş №2(105)-1963/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1963/2020
10.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver