Məhkəmə qərarları › İş №2(105)-1963/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1963/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1963/2023 26.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2(067)-1412/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 3400 manat pulun və ödənilmiş 54 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi 5-6 ildir ki, tanıyır. Tanışlığı onun qardaşı Mahir vasitəsilə olmuşdur. Belə ki, Mahirlə yoldaşlıq etmişdir. Bilmişdir ki, cavabdeh ünvan 1 ünvanında yerləşən ailəlilər üçün yataqxanada yaşayır. 2021-ci ilin avqust ayında Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən Heydər Əliyev parkının qarşısında təsadüfən cavabdehlə rastlaşmışdır. Söhbət əsnasında cavabdeh ona bildirmişdir ki, Xaçmaz şəhəri N.Nərimanov 68B ünvanda yerləşən yataqxanadakı bir otaqlı mənzili satmaq istəyir və xahiş etmişdir ki, müştəri tapmaqda ona köməklik etsin. Onun ərdə olan qızı Turanə ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Bir ata olaraq qızına ev almaqda köməklik etmək istəmiş, lakin münasib qiymətə ev tapa bilməmişdir. Cavabdehdən evi neçəyə satdığını soruşduqda bildirmişdir ki, 3600 manat pula satır. Ona demişdir ki, ola bilər həmin mənzili qızı Turanə üçün alsın və ondan bir neçə gün vaxt istəmişdir. Bundan sonra o qızı Turanə və əri Etibar ilə məsələ barədə danışmışdır. Onlar bildirmişlər ki, 3400 manat pula imkanları çatar. Bir neçə gündən sonra yenidən cavabdehlə görüşmüş və ona bildirmişdir ki, satdığı mənzili 3400 manat pula ala bilər. Cavabdeh onunla razılaşmış, 2021-ci ilin avqust ayının sonlarında tanışları Şahid2 və Şahid1 iştirakları ilə cavabdehə Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən Heydər Əliyev parkında 3400 manat pul vermişdir. Bu zaman cavabdeh ondan xahiş etmişdir ki, bu söhbətdən qardaşı Mahirin xəbəri olmasın, çünki o xəbər tutsa, pulları ondan alacaqdır. Pulu aldıqdan sonra cavabdeh bildirmişdir ki, satdığı mənzildə hazırda şəkilçi Akif adlı şəxs yaşayır, hər ay kirayə pulu olaraq Akif ona 50 manat ödəyir. Əgər qızı təcili həmin evə köçmək istəmirsə, qoy Akif mənzildə qalıb yaşasın və aylıq kirayə pulunu ondan özü alsın. O da razılaşmışdır. Akif həmin mənzildə bir neçə ay yaşasa da, qızı Turanə ondan kirayə haqqı almamışdır. Qızı Akifi mənzildən çıxarmış və orada təmir işləri görərək, ailəsi ilə birlikdə həmin mənzilə köçmək istəmişdir. Bu ərəfədə cavabdeh yenə də onunla rastlaşmış və xahiş etmişdir ki, əgər mənzil hazırda boşdursa müvəqqəti olaraq ora köçüb yaşasın və ayda 60 manat kirayə haqqı ödəyəcəkdir. O cavabdehi və qardaşı Mahiri tanıdığı üçün buna razılaşmış və onun yenidən mənzilə köçüb müvəqqəti yaşamasına icazə vermişdir. Cavabdeh ona kirayə haqqı verməmiş və ondan tələb etmişdir ki, mənzili boşaltsın ki, orada təmir işləri görüb, qızı Turanə ailəsi ilə birlikdə həmin mənzilə köçüb yaşasınlar. Cavabdeh mənzili boşaltmaqdan imtina etmiş və heç vaxt həmin mənzildən çıxmayacağını bildirmişdir. Cavabdehdən xahiş etmişdir ki, ondan aldığı 3400 manat pulu geri qaytarsın. Cavabdeh pulu qaytarmaqdan da imtina etmidir. Cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, evi satmaq istəmişdir. Onların söhbəti 2016-cı ildə olub. evi satıb 1-ci mərtəbədə otaq almaq istəmişdir. İddiaçı gəlib evə baxmış və ona 500 manat pul vermək istəyəndə demişdir ki, belə pul vermirlər, ya gedək notariusun yanında, ya da bir nəfər çağırsın onun yanında versin. İddiaçı demişdir ki, notariusa getməyə vaxtı yoxdur, notarius lazım deyil. Belə olan halda o qonşuluqda, 5-ci mərtəbədə yaşayan qonşunu çağırmış və onun yanında iddiaçı ona evin içərisində 500 manat pul vermişdir. İddianın təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, iddiaçı ilə həmkəndlidir. İddiaçı ona bildirmişdir ki, ev alır. Çoxdankı söhbətdir, ili tam xatırlamır. Amma dəqiq bilir ki, bu məsələ pandemiyadan öncə olub. İddiaçı Camid onun yanında qadına 3400 manat pul vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, yolda iddiaçı ilə rastlaşmış, iddiaçı ona demişdir ki, ev almışdır, 3400 manat pul verməlidir. Birlikdə “Xəzər”in qarşısına gəlmişlər və pulu cavabdehə vermişdir. İddiaçı ona 3400 manat pul verəcəyini demişdir, amma o pulu saymamışdır, pulun nə qədər olduğunu da bilməmişdir. İddiaçı pulu sayarkən onlar bir az aralıda olmuşlar. Bu söhbət 5 il, 6 il əvvəl olub, yadında qalmayıb və dəqiq vaxtını deyə bilmir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, cavabdeh ilə qonşudur. 2016-cı ildə ev söhbəti olanda cavabdeh onu çağırmış, pul da onun yanında verilib. Məhkəmə iclasından bir gün öncə iddiaçı onu çağırıb demişdir ki, ona pul verəcəkdir, desin ki, 3500 manat pulu cavabdehə vermişdir. O isə bununla razılaşmadı və məhkəmədə həqiqəti söyləyəcəyini demişdir. İddiaçı cavabdehə 2016-cı ildə 500 manat pul verib. Həmin pulu iddiaçı cavabdehin evində verib. İddiaçı cavabdehə pul verəndə o orada olmuşdur. Başqa heç kim olmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2(067)-1412/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir (hakim Sərxan Səmədzadə). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2(067)-1412/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə iş üzrə gəldiyi nəticəni qətnaməsində belə əsaslandırmışdır: “Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı və cavabdehin ifadələri arasında, həmçinin iddiaçının məhkəməyə dəvət etdiyi şahidlərlə cavabdehin dəvət etdiyi şahidin ifadələri arasında kəskin şəkildə ziddiyətlər üzrə çıxmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İdarəsi tərəfindən X1 adına Xaçmaz Su kanalı idarəsinə təqdim etmək üçün verilmiş arayışı məhkəmədə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, sözügedən arayışda X1 ünvan 3 ünvanında yaşaması və orada ona məxsus otağın olması heç də o demək deyil ki, həmin otaq cavabdehlə mübahisəli olan otaqdır. Bununla da, məhkəmə belə qənaətə gəlmişdir ki, idiaçının iddianın əsaslığını təmin edə biləcək heç bir mötəbər sübutu mövcud deyil. Məhkəmə iclasında iddiaçı tərəfindən dindirilmiş şahidlər Şahid1, Şahid2 ifadələrində göstərmişlər ki, həqiqətəndə onun cavabdehdən ev almaq barədə söhbətinin şahidi olmuşlar, evə görə cavabdehə 3400 manat pul verməyini təsdiq etmişlər. Lakin işə baxmış məhkəmə həmin şahid ifadələrinə ümumiyyətlə heç bir qiymət verməmiş, heç bir əsas olmadan qətnaməsində qeyd olunur ki, iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşə baxmış məhkəmə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərini pozmaqla işin həqiqi hallarının araşdırılması üçün tam şərait yaratmamış, işdə olan sübutlara obyektiv və qərəzsiz qiymət verməmiş, nəticə etibarı ilə iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, lakin bununla əlaqədar hər hansı sübut təqdim edilməmiş, eləcə də cavabdeh məhkəməyə teleqram və apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı və cavabdehin ifadələri arasında, həmçinin iddiaçının məhkəməyə dəvət etdiyi şahidlərlə cavabdehin dəvət etdiyi şahidin ifadələri arasında kəskin şəkildə ziddiyətlər üzə çıxmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi Xaçmaz rayon İcra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat idarəsi tərəfindən X1 adına Xaçmaz Su kanalı idarəsinə təqdim etmək üçün verilmiş arayış mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, sözügedən arayışda X1 ünvan 4 ünvanında yaşaması və orada ona məxsus otağın olması heç də o demək deyil ki, həmin otaq cavabdehlə mübahisəli olan otaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edildi ki, cavabdeh özü də birinci instansiya məhkəməsində izahat verərkən etiraf etmişdir ki, 5-ci mərtəbədə yaşayan qonşunu çağırmış və onun yanında iddiaçı ona evin içərisində 500 manat pul vermişdir. Eləcə də Şahid3 də öz ifadəsində bildirmişdir ki, iddiaçı onun qonşusu olan cavabdehə 2016-cı ildə 500 manat pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 500 manat pul alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 02 avqust 2023cü il tarixli, 2(067)-1412/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 500 (beş yüz) manat pul alınaraq İddiaçı verilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2(067)-1412/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar