Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1968/2021 09.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(060)-5535/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(060)-5535/2019 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddiaçı ASC «xxxx» Sığorta Şirkətinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 4243 (dörd min iki yüz qırx üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,80 (iyirmi beş manat səksən qəpik) manat iddiaçı ASC «xxxx» Sığorta Şirkətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi və ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 102 (bir yüz iki) manat Cavabdeh və 18 (on səkkiz) manat ASC «xxxx» Sığorta Şirkətindən alınaraq Dövlət xəzinədarlığı Agentliyinə (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(060)-5535/2019 saylı qətnaməsinin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC «xxxx» Sığorta Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 17.10.2018-ci il tarixdə, saat 18:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsinin kəsişməsində Cavabdeh ASC «xxxx» Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, «Mercedes Benz-190» minik markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə edərkən yalnış manevr etmiş, sol tərəfdən gələn “Kia Optima” markalı, 99FS126 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və toqquşmadan sonra “Kia Optima” markalı avtomobil idarəetməni itirərək işıqforun qırmızı işığında dayanan “VAZ-2106” markalı avtomaşına çırpılaraq yolun sağ tərəfində dayanmış “VAZ-21099” markalı avtomobilə dəymişdir. Nəticədə «Kia Optim» və «VAZ-2106» markalı avtomobillərə maddi zərər vurulmuşdur. Binəqədi RPİ-nin cinayət işinin başlamlmasının rədd edilməsi haqqında qərarına əsasən hadisə zamanı Cavabdeh avtomobili etibarnaməsi olmadan idarə etmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “VAZ-2106 “ minik markalı, 31-8B-910 dövlət nömrə nişanlı avtomobilə 330 mänat, “KİA Optima” markalı, **-FS-*** dövlət nömrə nişanlı avtomobilə 4600 manat məbləğində olmaqla, ümumilikdə 4930 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 3336/18 və 3337/18 saylı işlərə dair sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ASC “xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkənlər Ağaverdiyev Mehman Səməd oğlunun və X4 avtomobillərinə dəymiş zərərə görə 4930 manat məbləğində siğorta ödənişi həyata keçirilmişdir. Ona görə də, Cavabdeh 4930 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun iddiaçı ASC «xxxx» Sığorta Şirkətininnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 08 oktyabr 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 17.10.2018-ci il tarixdə, saat 18:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsinin kəsişməsində qohumunun Gürcüstan vətəndaşı olan X1 «Mercedes Benz-190» minik markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən hadisə baş vermişdir. Hadisə zamanı o, avtomobili idarə etməmiş, hadisə zamanı huşunu itirmiş və xəstəxanaya yerləşdirilmişdir. Xəstəxanada müalicə olunarkən ona qohumları şəxsiyyət vəsiqəsinin lazım olduğunu bildirmiş və nəticədə təqdim etmişdir. Bundan sonra ona heç bir məlumat verilməmiş, sonradan sığorta şirkətinin onu məhkəməyə verdiyini öyrənmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçı ASC «xxxx» Sığorta Şirkətinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 08.11.2018-ci il tarixli, İC AA 3336/18 saylı sığorta aktından görünür ki, sığortalı Mamed Dünyamalıyevə məxsus Cavabdeh tərəfindən idarə edilən **-CT-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı avtomaşın yol nəqliyyat hadisəsi törətmiş, baş vermiş hadisə sığorta hadisə kimi qiymətləndirilmiş, X5 məxsus **- FS-*** dövlət qeydiyyat nişanlı, “Kia Optima” markalı avtomobil maddi zərərə məruz qalmış, vurulmuş zərər 4600 manat məbləğində müəyyən edilmiş, 4600 manat sığorta ödənişi zərərçəkənə ödənilməklə, subroqasiya üzrə tələb sürülməli şəxs Cavabdeh tanınmışdır. 08.11.2018-ci il tarixli, İC AA 3337/18 saylı sığorta aktından görünür ki, sığortalı Mamed Dünyamalıyevə məxsus Cavabdeh tərəfindən idarə edilən **-CT-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı avtomaşın yol nəqliyyat hadisəsi törətmiş, baş vermiş hadisə sığorta hadisə kimi qiymətləndirilmiş, Ağaverdiyev Mehman Səməd oğluna məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2106” markalı avtomobil maddi zərərə məruz qalmış, vurulmuş zərər 330 manat məbləğində müəyyən edilmiş, 330 manat sığorta ödənişi zərərçəkənə ödənilməklə, subroqasiya üzrə tələb sürülməli şəxs Cavabdeh tanınmışdır. Ödəniş tapşırıqlarından görünür ki, ASC «xxxx» Sığorta Şirkəti X5 4600 manat və Ağaverdiyev Mehman Səməd oğluna 330 manat məbləğində sığorta ödənişi etmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqlənməsi barədə Binəqədi RPİ-nin DYPB-nin arayışından görünür ki, 17.10.2018-ci il tarixdə saat 18.00-da X3 məxsus olan, Cavabdeh tərəfindən idarə edilən «Mercedes» markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomaşın X7 tərəfindən idarə edilən «Kia Optima» markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və Ağaverdiyev Mehman Səməd oğlu tərəfindən idarə edilən “VAZ 2106” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Binəqədi RPİ-nin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 27 oktyabr 2018-ci il tarixli qərarından görünür ki, “Mercedes” markalı ** CT *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Binəqədi RPİ DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin Qərarın məzmunundan görünür ki, avtomobil Cavabdeh tərəfindən etibarnamə olmadan idarə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.08.2019-cu il tarixli 18474 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan 02.11.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1987-ci il buraxılışlı “VAZ 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 330 manat, 2013-cü il buraxılışlı “Kia Optima” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xəeci isə, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3913 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. “İcbari sığortalar haqqında” Qanunun 20.5-ci maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan normaların tələblərindən də göründüyü kimi zərərçəkmiş şəxs ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə və bu ödənişi təmin edən sığortaçı onu subroqasiya qaydasında mübahisələndirə bilər. Məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, 17.10.2018-ci il tarixdə saat 18.00-da Cavabdeh tərəfindən etibarnamə olmadan idarə edilən «Mercedes» markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomaşın X7 tərəfindən idarə edilən «Kia Optima» markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və Ağaverdiyev Mehman Səməd oğlu tərəfindən idarə edilən “VAZ 2106” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. «Kia Optima» markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 2106” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq sığortaçı tərəfindən X5 və Ağaverdiyev Mehman Səməd oğluna sığorta ödənişi ödənilmişdir. Həmin hüquqazidd hərəkət nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən ödənilmiş zərərin əvəzini tələb etmə hüququ subroqasiya qaydasında «ASC «xxxx» Sığorta Şirkətinə keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir və birinci instnsiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv olunub, iddianın həmin hissədə rədd edilməsi hallarını sübuta yetirə bilməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunub, iddianın rədd olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(060)-5535/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1968/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1968/2021
09.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver