Məhkəmə qərarları › İş №2(105)-197/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-197/2023

13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-197/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı, vəkili Vəkil1, Cavabdeh, vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(067)-1564/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 92900 manat məbləğində pulun son qaytarma tarixini xx.xx.2018-ci il olduğunu nəzərə alaraq gecikdirmə müddəti üçün 9290 manatın ümumilikdə cəmi 102190 manat məbləğin, iddia üçün ödənilmiş 31 manat dövlət rüsumunun və mənəvi ziyanın əvəzi olaraq 6000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə Şahid vasitəsilə tanış olmuşdur. Belə ki, cavabdeh özünün daşınmaz əmlak alqı-satqısı, əmlak özəlləşdirilməsi işləri üzrə mütəxəssis, həm də təcrübəli əmlak meneceri olduğunu bildirmiş, o da cavabdehə inanaraq istifadə və sahibliyində olan obyektin ilkin sənədlərini göstərərək, məsləhət verməsini xahiş etmişdir. Cavabdeh isə sənədləri ondan götürmüş və son nəticədə özəl sənədin alınması məqsədilə iddiaçıdan 3 dəfəyə 5.750 manat almışdır. Bundan sonra cavabdeh xx.xx.2018 və xx.xx.2018-ci il tarixli şəxsi imzası ilə verdiyi qəbzlərdə təsdiq etdiyi kimi qaytarmaq şərti ilə ümumilikdə 92.900 manat pul almışdır. Bununla bağlı görüşləri və telefon danışıqları da olmuşdur. Lakin cavabdeh öhdəliyini pozaraq, müqavilədə nəzərdə tutulmuş müddətdə borcu qaytarmamış, bununla bağlı bir neçə dəfə ona müraciət edilsə də, nəticəsi olmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(067)-1564/2020 nömrəli qətnaməsi ilə (hakim A.B.Sadıqov) iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı X2 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(067)-1564/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(105)-763/2021 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafari sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abbasovdan və T.Q.Məmmədov ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(067)-1564/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X3 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(105)-763/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2022ci il tarixli, 2(102)-3734/2022 nömrəli qərarı ilə (hakim A.Q.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədovdan və Z.Ə.Əliyevdən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(105)-763/2021 nömrəli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. məhkəmə iddianı rədd edərkən xx.xx.2020-ci il tarixli ekspert rəyinə istinad etmişdir. İşin 5-ci vərəqəsində Cavabdeh ilə İddiaçı adlarından olan xx.xx.2018-ci il tarixli sənəddə Cavabdeh yazıları önündəki imza və 6-cı vərəqində Cavabdeh ilə Hacıyev Rafiq adlarından olan xx.xx.2018-ci il tarixli sənəddə Cavabdeh yazıları önündəki imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bununla belə qətnamədə həmin rəy digər sübutlarla yəni şahid ifadələri ilə habelə cavabdehin səs yazıları ilə birlikdə müqayisəli şəkildə araşdırılmamış və hüquqi cəhətdən qiymətləndirilməmişdir. Məhkəmə yalnız ekspert rəyinə istinad etməkdə haqlı sayıla bilməz, Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekpertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmənin dindirilmiş Şahid izahatına münasibət bildirməməsi, habelə cavabdehin səs yazısını dinləməkdən imtinanın səbəbi aydın deyildir. Səs yazısında cavabdeh ona borclu olmasını bir daha təsdiq etmişdir. Yuxarıda göstərildiyi kimi məhkəmə iddianı təmin etməmək üçün xx.xx.2020-ci tarixli ekspert rəyinə istinad etmişdir. Göstərilən ekspert rəyi ilə qətiyyən razı deyil. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin imza və xətt nümunələri götürülmüşdür, Əsalandırılmış ekspert rəyi üçün cavabdehin verdiyi xətt (yazı) nümunələrindən də istifadə edilməliydi. Bu halda obyektiv həqiqət üzə çıxa bilərdi. Sənəddəki imza müəyyən dərəcədə fərqlənsə də, hər iki imzanı cavabdeh Hacıyev İbrahim oğlu şəxsən etmişdir. Görünür gələcəkdə imzasının hüquqi nəticələrini başa düşdüyünə görə imzaları fərqləndirmişdir. xx.xx.2018-ci il tarixdə tərtib edilmiş sənəd cavabdeh tərəfindən imzalanarkən Şahid gəlib çıxmış və öz gözü ilə görmüşdür ki, sənədə cavabdeh imza etdi. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı, vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh, vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. Sonuncu dəfə təxminən 2020-ci ilin yanvar ayında Cavabdeh Rafiqə borcu olduğunu bildirmişdir. Lakin borcun hansı məbləğdə olmasını bilmir. Borc məbləği bir neçə dəfə onun yanında müzakirə olunub və Əşrəf Rafiqə bildirmişdir ki, borcu qaytaracaq. İddiaçı tələbinə təsdiq edən sübutlar qismində iddia ərizəsinə cavabdehin imzaladığı iddia olunan, kompüterdə tərtib olunmuş iki qəbz təqdim etmişdir. xx.xx.2018-ci il tarixli qəbzdə cavabdehin iddiaçıdan götürdüyü 67.500 manat və onun 1 ildən yuxarı gecikdirməsinə görə dəymiş 22.500 manat olmaqla, cəmi 90.000 manatı xx.xx.2018-ci il tarixdə qaytarmaq barədə öhdəlik və məsuliyyət götürdüyü qeyd olunmuşdur. xx.xx.2018-ci il tarixli qəbzdə cavabdehin xx.xx.2018-ci il tarixli qəbzdə yazılmış borcu qaytara bilmədiyindən sonradan aldığı pullarla birlikdə cəmi 92.900 manat borcu xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürdüyü qeyd olunmuşdur. Cavabdeh iddianı qəbul etmədiyi və təqdim olunan qəbzlərdəki imzaların ona məxsus olmadığını bildirdiyi üçün qəbzlərdəki imzanın cavabdehə məxsusluğunun yoxlanılması məqsədilə ekspertiza təyin edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 sentyabr 2020-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, mülki işin 5-ci vərəqində Cavabdeh ilə İddiaçı adlarından olan 4 may 2018-ci il tarixli sənəddə “Cavabdeh” yazıları önündəki imza və 6-cı vərəqində Cavabdeh ilə İddiaçı adlarından olan 11 sentyabr 2018-ci il tarixli sənəddə “Cavabdeh” yazıları önündəki imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi 25 sentyabr 2020-ci il tarixli ekspert rəyini əsas götürərək, gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 427, 442, 448.1, 739.1, 739.2, 740.1, 740.2, 777.1, 777.2, 777.4, 779, 1092-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 77.1, 88, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. İş materiallarından görünür ki, kassasiya instansiyası məhkəməsi mülki işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytararkən qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi 22 dekabr 2021-ci il tarixli sonuncu məhkəmə iclasında 1-ci və 2-ci vəsatəti təmin etməmiş, bununla bağlı mövqeyini ümumiyyətlə əsaslandırmamış, protokolda “Vəsatət təmin edilməsin” barədə qeyd etməklə kifayətlənmişdir. Halbuki məhkəmə tərəfindən ayrıca məhkəmə aktı qəbul edilmədən protokola qeyd edilməklə qəbul edilən qərardad da qərardadın bir növü olduğu üçün əsaslandırılmalı, həmin qərardadın elan olunması barədə məhkəmə iclasında iştirak edən, habelə məhkəmə iclas protokolları ilə tanış olan şəxslərə vəsatətin nəyə görə təmin edilmədiyi aydın olmalıdır. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi iddiaçının 3-cü vəsatətini ümumiyyətlə tərəflərlə müzakirə etməmiş, həmin vəsatət üzrə hər hansı qərardad qəbul etməmişdir. Halbuki eyni məzmunlu xahiş iddiaçının apellyasiya şikayətinin də dəlillərindən birini təşkil etmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Prossesual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan və işdə iştirak edən şəxslərin öz hüquqlarını məhkəmədə müdafiə etmələrinin təminatı qismində çıxış edən prosessual hüquqlardan biri də vəsatətlə məhkəməyə müraciət etmək hüququdur. Belə ki, MPM-in 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Məcəllənin 184.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Ədalətli məhkəmə hüququnun əsas elementlərindən biri olan dinlənilmək hüququ özündə həm də iş üzrə əsaslandırılmış məhkəmə aktı əldə etmək imkanını ehtiva edir. Nəzərə alınmalıdır ki, hər kəsin hüquq və vəzifələrinə dair mübahisələrin həll edildiyi mülki iş üzrə əsaslandırılmış məhkəmə aktı əldə etmək hüququ təkcə yekun məhkəmə aktlarına deyil, həm də tərəflərin vəsatətləri üzrə ayrıca məhkəmə aktı şəklində və ya məhkəmə iclas protokollarına yazılmaqla qəbul edilmiş məhkəmə qərardadlarına aiddir. Məhkəmələr tərəfindən işə baxılarkən işin obyektiv, tam, hərtərəfli və ədalətli həll olunması, eləcə də məhkəmə icraatının iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi vəzifəsini həyata keçirməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə işdə iştirak edən şəxslərin vəsatətləri hər bir halda onların təmin edilib-edilməməsinin mümkünlüyü baxımından araşdırılmalı və həll olunmalıdır. Bu baxımdan işdə iştirak edən şəxslərin işin həlli ilə bağlı verdiyi vəsatət (ərizə) məhkəmə tərəfindən qəbul edilibsə, məhkəmə həmin vəsatəti (ərizəni) tərəflərlə müzakirə edərək, onun təmin və ya rədd olunması barədə qərar qəbul etməli və bununla bağlı mövqeyini kifayət qədər əsaslandırmalıdır. Əgər məhkəmə həmin məsələnin yekun qərar qəbul edərkən müşavirə otağında həll edilməli olduğunu hesab edirsə, qətnamənin əsaslandırıcı hissəsində işdə iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilləri əsaslandırmalıdır (maddə 220). Baxılan iş üzrə iddiaçı və ya onun vəkili tərəfindən bir neçə ərizə (vəsatət) təqdim edilmişdir: 1) kompleks və ya təkrar məhkəmə ekspertizasının keçirilməsi (i.v. 152, 165, 167, iddiaçı bu vəsatətini işdə olan iki ekspert rəyi arasında ziddiyyətin olması ilə əsaslandırmışdır); 2) Şahid Şəkərli oğlunun yenidən dindirilməsi (i.v. 165, bu vəsatət qeyd olunan şahidin cavabdehin qəbzləri imzalamasını şəxsən görməsi ilə əsaslandırılmışdır); 3) cavabdehin iddiaçıya borcunun olmasını təsdiq edən səs yazısının işə əlavə olunması (i.v.165, iddiaçı apellyasiya şikayətində də bu sübutun birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmədiyini bildirmişdir). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4/1284 saylı 11 oktyabr 2021-ci il tarixli xətşünaslıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 5-ci vərəqində Cavabdeh və İddiaçı adlarından olan borcla bağlı sənədin sonundakı “xx.xx.2018” rəqəmləri – ehtimal ki Cavabdeh tərəfindən icra olunmuşdur. İddiaçının vəsatətləri nəzərə alınaraq apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.

1. Mülki iş materialının 5-6-cı səhifələrində sənədlərin sonunda edilən imza Cavabdeh iş materialının 25-29-cu səhifələrində olan sərbəst xətt nümunəsində göstərilən imzaları ilə eynilik təşkil edirmi? Həmin imzalar eyni şəxs tərəfindən icra edilmişdirmi?

2. Mülki iş materialının 5-ci səhifəsində olan “30 mart 2017-ci il tarixli” sözləri ilə başlayan sənədin sonunda əllə yazılmış “xx.xx.2018-ci il” rəqəmləri Cavabdeh sərbəst xətt nümunəsində göstərilən rəqəmləri ilə eynilik təşkil edirmi? Həmin rəqəmlər eyni şəxs tərəfindən icra edilmişdirmi? Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqində Cavabdeh ilə İddiaçı adlarından olan 4 may 2018-ci il tarixli borcla bağlı sənədin sonunda “Cavabdeh” yazıları önündəki imza və həmin imzadan aşağıdakı “xx.xx.2018” rəqəmləri -eyni şəxs Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 6-cı vərəqində Cavabdeh ilə İddiaçı adlarından olan 11 sentyabr 2018-ci il tarixli sənəddə “Cavabdeh” yazıları önündəki imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbələrə görə müəyyən etmək mümkün olmadı. Beləliklə ekspert rəyi ilə, 6-cı vərəqdə imzanın Cavabdeh tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmasa da, mülki işin 5-ci vərəqində Cavabdeh ilə İddiaçı adlarından olan 4 may 2018-ci il tarixli borcla bağlı sənədin sonunda “Cavabdeh” yazıları önündəki imza və həmin imzadan aşağıdakı “xx.xx.2018” rəqəmlərinin -eyni şəxs Cavabdeh tərəfindən icra olunduğu müəyyən olunmuşdur. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında cavabdehə pulu müxtəlif vaxtlarda verdiyini, yəni 1-ci dəfə 25.000, təxminən 15-20 gün sonra 15.000, 1520 gün sonra 8.000, bir neçə ay sonra 14.500, 1 ay sonra 14.500, 1 ay sonra 2.300, 15-20 gün sonra 2.000, 15-20 gün sonra 1.600 manat verdiyini bildirmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. İddiaçı ilə cavabdehi özü tanış etmişdir. Rafiq əvvəllər Əşrəfi tanımamışdır. İddiaçı ilə bir yerdə Xaçmaz Rayon İcra Hakimiyyətində işləmişlər. İddiaçı Ümumi şöbədə işləmiş, o özü isə texniki işçi olmuşdur. O İddiaçı otağında olmuş, Əşrəf də ora gəlmişdir. Vaxtı dəqiq xatırlamır, Əşrəf Rafiqə bildirmişdir ki, borcu qaytaracaq, Rafiq də borcun etirafı barədə sənədi imzalamaq üçün Əşrəfə vermiş və Əşrəf onun yanında imza etmişdir. Lakin borcun hansı məbləğdə olmasını bilmir. İddiaçının vəsatəti nəzərə alınaraq iddiaçı tərəfindən təqdim olunmuş səs yazısının əks olunduğu disk məhkəmə kollegiyasının iclasında dinlənilmişdir. Səs yazılarından məlum olur ki, tərəflər arasında pulla bağlı mübahisə vardır, cavabdeh isə iddiaçıya pulu qaytaracağını bildirir, səsin Cavabdeh məxsus olmasını və İddiaçı ilə aparılmasını məhkəmə kollegiyasının iclasında Cavabdeh təkzib etməmişdir. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixdə keçirilən iclasında iddiaçının vəkili ərizə təqdim etmiş və borc tələbinin 67500 (altmış yeddi min beş yüz) manat hissədə təmin olunmasını xahiş etmişdir, ərizəni iddiaçı və vəkili imzalamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (Maddə 385.) Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Maddə 386.1). Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.( Maddə 777.1.) Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. (Maddə 777.2.) Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. (Maddə 779.1) Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. (Maddə 882.1.) Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. (Maddə 882.2.) Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.( Maddə 1091.1.) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (Maddə 1091.2.) Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (Maddə 1092.1.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ...mülki prosessual qanunvericilikdə nəzərdə tutulan və işdə iştirak edən şəxslərin öz hüquqlarını məhkəmədə müdafiə etmələrinin təminatı qismində çıxış edən prosessual hüquqlardan biri də vəsatətlə məhkəməyə müraciət etmək hüququdur.... Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Vəsatət şifahi və ya yazılı ola bilər. Vəsatət işin məhkəmədə baxılmasına hazırlanması mərhələsindən məhkəmənin yekun aktı çıxarması üçün müşavirə otağına getməsinədək məhkəmə prosesinin istənilən mərhələsində verilə bilər. Vəsatətlərin verilmə və həll edilmə qaydaları MPM-in bir sıra maddələrində nəzərdə tutulmuşdur. Məcəllənin işdə iştirak edən şəxslərin vəsatətlərinin həllinin ümumi qaydasını müəyyən edən 184.4-cü maddəsinə uyğun olaraq, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Konstitusiya Məhkəməsinin Plenumu vəsatətlərin həlli ilə bağlı qanunvericinin mövqeyindən çıxış edərək qeyd edir ki, məhkəmələr tərəfindən işə baxılarkən işin obyektiv, tam, hərtərəfli və ədalətli həll olunması, eləcə də məhkəmə icraatının iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi vəzifəsini həyata keçirməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə işdə iştirak edən şəxslərin vəsatətləri hər bir halda onların təmin edilib-edilməməsinin mümkünlüyü baxımından araşdırılmalı və həll olunmalıdır. ...Məhkəmə aktlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, eləcə də verilmiş vəsatətlərin təmin və ya rədd edilməsinin səbəbləri və əsasları göstərilməli, gəlinən nəticə kifayət qədər əsaslandırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

NƏTİCƏ HİSSƏ

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 405 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(067)-1564/2020 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 67500 (altmış yeddi min beş yüz) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat, cəmi 67531 (altmış yeddi min beş yüz otuz bir) manat tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 390 manat pul Cavabdeh tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********), Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar