Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-197/2024 10.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pulun reqres qaydada tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Akif oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3970/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. xx.xx.2019-cu il tarixli RGTK0263205A126 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən cavabdehə 36 ay müddətinə illik 30,29 faiz dərəcəsi ilə 8895,36 manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2019-cu il tarixli Z-RGTK0263205A126 zaminlik müqaviləsinin şərtlərinə görə Cavabdeh öhdəliklərinin yerinə yetirilməsinə görə İddiaçı qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür.
3. xx.xx.2019-cu il tarixli ödəniş qrafikindən görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 36 ay müddətində hər ay 379,04 manat, sonuncu ay isə 388,72 manat ödəniş etməli idi.
4. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 15/4334 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" ASC-nin Qubadlı filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK0263205A126 nömrəli 8895.36 manat məbləğində kredit üzrə zamin durmuş İddiaçı tərəfindən kredit üzrə 4750 manat məbləğində ödəniş edilmiş, xx.xx.2023-cü il tarixə kredit borcu bağlanmış və hazırda qeyd edilən kredit üzrə heç bir öhdəliyi yoxdur.
5. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 493 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" ASC-nin Qubadlı filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK0263205A126 nömrəli 8895.36 manat məbləğində kreditə zamin qismində dayanmış İddiaçı ******************** (416974*****7863) saylı kartından xx.xx.2022-ci il tarixində 1 dəfə ümumi olaraqda 750 manat məbləğində vəsait tutulmuşdur.
6. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1117/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7909,75 manat əsas, 2107,06 manat faiz borcu olmaqla, cəmi 10016 (on min on altı) manat 81 (səksən bir) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və İddiaçı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4/920 nömrəli notarial qaydada təsdiq olunmuş məktuba cavabdan görünür ki, Ədliyyə Nazirliyi Cəbrail Rayon İcra və Probasiya şöbəsinin 31 yanvar 2023-cü il tarixli, 145348/2022 nömrəli məktubuna əsasən, Tibb İdarəsinin zabiti tibb xidməti polkovnikleytenant İddiaçı pul təminatından aşağıda göstərilən tarixlərdə 4073.22 (dörd min yetmiş üç manat iyirmi iki qəpik) manat məbləğində tutulmalar edilmiş və müvafiq qaydada "xxxx" ASC-yə ödənilmişdir - 14 oktyabr 2022- 1000 (bir min) manat, 16 noyabr 2022- 1000 (bir min) manat,16 dekabr 2022- 1000 (bir min) manat, 19 yanvar 2023- 1000 (bir min) manat, 14 mart 2023- 703.22 (yeddi yüz üç manat iyirmi iki qəpik) manat.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 674 nömrəli arayışdan görünür ki, mayor Cavabdeh xx.xx.2022-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət edir, daimi və müvəqqəti xidmət yeri isə müvafiq olaraq Lənkəran rayonu, Liman qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 50 və Ağstafa rayonu, Qırılı kəndidir.
9. İddiaçı tərəfindən Cavabdeh ünvalanmış xəbərdarlıqdan görünür ki, mülki qanunvericiliyin tələbinə əsasən zamin duran şəxs borcu ödədikdə, ödəniş həcmində reqres qaydasında tələb hüququnun olduğu və iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi bildirilmiş, qeyd olunan borcu ödəmək və məhkəmə iclasında iştirak etmək barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbi”nə dair məhkəmədə iddia qaldırıb, Cavabdeh 7093.95 (yeddi min doxsan üç manat doxsan beş qəpik) manat pul və 94 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK0263205A126 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 30.29 faiz dərəcəsi ilə 8895.36 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında xx.xx.2019-cu il tarixli ZRGTK0263205A126 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borc ödənilmədiyindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1117/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək zamin qismində ondan və əsas borclu olan hazırki iş üzrə cavabdehdən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7909.75 manat əsas, 2107.06 manat faiz borcu olmaqla, cəmi 10016 (on min on altı) manat 81 (səksən bir) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bundan sonra cavabdeh borcu ödəmədiyindən zamin duran şəxs qismində onun əmək haqqından və aylıq müavinət pulundan tutulmalar olmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixli RGTK0263205A126 saylı kredit müqaviləsinə əsasən yaranmış borca görə ondan 4703.22 manat, 414.37 manat, 13.41 manat, 496.19 manat, 76.77 manat, 575 manat, 750 manat, 4.99 manat, 30 manat və 30 manat olmaqla ümumillikdə 7093.95 ( yeddi min doxsan üç manat doxsan beş qəpik) pul tutulmuşdur. Mülki qanunverciliyin tələbinə əsasən zamin duran şəxs borcu ödədikdə, ödəniş həcmində reqres qaydasında tələb hüququ vardır.
12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3970/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş 94 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Aynur Behbudova).
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 7093.95 (yeddi min doxsan üç manat doxsan beş qəpik) manat borcun onun tərəfindən banka ödənildiyini və bu səbəbdən həmin məbləği cavabdehdən tələb etdiyini bildirir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olmasına dair sübutlar yəni zamin olaraq müştərək qaydada icra sənədinin icrasını təmin edən tədbir olaraq iddiaçının əmək haqqından tutulmalar həyata keçirilmiş, tələbinin əsası olan 7093,95 manat məbləğin ödənilməsini təsdiq edən dəlillər iş materiallarında aşkar edilməmiş, işin araşdırılan hallarına əsasən öz təsdiqini tapmamışdır. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə yəni öhdəliyin icrasını qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında icra tədbiri olaraq tutulması artıq özlüyündə nəzərdə tutulmuş öhdəliyin vaxtında və lazımınca icrasını nəzərdə tutmayaraq tələbin əsaslı olmaması qənaətinə gəlməyə əsas verir.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1, 80, 81, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3970/2023 saylı qətnaməsi ilə razı olmadığına görə, həmin qətnamədən apellyasiya şikayəti verir. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən, maddi hüququ normalarının tələblərini kobud şəkildə pozalaraq, düzgün olmayan qətnamə qət etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, 126GTKR171500010 saylı xx.xx.2017-cü il tarixli və RGTK0263205A126 saylı, xx.xx.2019-cü il tarixli kredit müqavilələri üzrə o zamin olaraq, kreditor Cavabdeh Kapital Banka olan borcunun (1016,08 + 575 + 4750 +750 = 7091,08) 7091,08 məbləğini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə istinad edərək, həmin şəxsə qarşı reqres qaydasında pul tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməsinə baxmayaraq, məhkəmə əsassız olaraq iddia tələbini təmin etməməklə, ciddi qanun pozuntusuna yol vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
19. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.
20. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
21. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
26. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
27. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
28. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
29. Maddə 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
35. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
37. Maddə 385.1.1-385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
38. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3970/2023 nömrəli qətnaməsini tam mübahisələndirərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
42. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3970/2023 nömrəli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3970/2023 nömrəli qətnaməsi qismən – 4750 manat məbləğində pul tələbi hissəsində ləğv edilməli, həmin hissədə Cavabdeh 4750 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
44. Apellyasiya kollegiyası mübahisənin mahiyyətini şərh edərək bildirir ki, işin hallarına görə xx.xx.2019-cu il tarixdə "xxxx" ASC ilə Cavabdeh arasında 8895,36 manat məbləğdə kredit müqaviləsi rəsmiləşdirilmişdir. Kredit müqaviləsi üzrə zamin kimi İddiaçı çıxış etmiş və onunla zaminlik müqaviləsi rəsmiləşdirilmişdir. Müqavilələr üzrə öhdəliklər vaxtında icra edilmədiyi üçün Bank borcun tutulması barədə iddia ərizəsi ilə aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin 02 aprel 2021-ci il tarixli e-2(060)-1117/2021 nömrəli qətnaməsi ilə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7909,75 manat əsas, 2107,06 manat faiz borcu olmaqla, cəmi 10016 (on min on altı) manat 81 (səksən bir) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və İddiaçı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Hal-hazırda isə İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə görə 7093,95 manat borcun onun tərəfindən banka ödənildiyindən, həmin məbləği reqres qaydada cavabdehdən tələb edir.
45. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan birinci instansiyası məhkəməsi "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış ilə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə zamin durmuş İddiaçı tərəfindən kredit üzrə 4750 manat məbləğində ödəniş edilməsini təsdiq edən sübut olduğu halda, iddianı həmin hissədə təmin etməmişdir. Beləliklə, birinci instansiyası məhkəməsinin iddianın təmin edilməməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir.
46. Kollegiya həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
47. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
48. Apellyasiya şikayətinin “126GTKR171500010 saylı xx.xx.2017-cü il tarixli kredit müqaviləsi üzrə pulun tutulması”na dair dəlili ilə razılaşmayaraq kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində yalnız xx.xx.2019-cu il tarixli, RGTK0263205A126 saylı kredit müqaviləsinə əsasən ödənilmiş pulun reqres qaydasında cavabdehdən tutulmasını xahış etdiyindən, xx.xx.2017-cü il tarixli kredit müqaviləsi hazırkı iş üzrə baxış predmet olmadığından, həmin dəlil əsaslı ola bilməz.
49. Lakin kollegiya izah edir ki, iddiaçının xx.xx.2017-cü il tarixli kredit müqaviləsi üzrə reqres qaydada iddiaçı tərəfindən ödənilmiş pulun cavabdehdən tutulmasına dair iddia qaldırmaq hüququ saxlanılır.
50. Sadalananlara əsasən kollegiya yekunda qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 3970/2023 nömrəli qətnaməsi qismən – 4750 manat məbləğində pul tələbi hissəsində ləğv edilməli, həmin hissədə Cavabdeh 4750 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
51. Kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumun əvəzi 94 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3970/2023 nömrəli qətnaməsi qismən – 4750 manat məbləğində pul tələbi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh 4750 (dörd min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumun əvəzi 94 (doxsan dörd) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.